Modern.az

Cəbrayıl gülməcələri... (VI)

Cəbrayıl gülməcələri... (VI)

11 İyun 2011, 17:24

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı ağsaqqal Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif öncə Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını davam etdirir.

Qorxulu dərs


Quycaq kəndindən olan Fərhad Kərimov Cəbrayılda tanınmış adamlardan olub. Müxtəlif yüksək vəzifələrdə işləyib, Cəbrayıl camaatının böyük hörmətini qazanıb.
İkinci Dünya müharibəsindən sonraki dövr imiş. Fərhad Kərimov Cəbrayıl rayon İcra Komitəsinin (o vaxtkı “İspolkom”un) sədri işləyirmiş. O, hər gün işə müharibədən qənimət (trofey) qalmış “Villis” (Willys MB) markalı maşınla gedirmiş. Sürücüsü Rəhman ordudan təzəcə qayıdıbmış. Bu əhvalatı da elə Rəhmanın dilindən danışaq:
“Əsgərlikdən təzə gəlmişdim. Cavanlıq eşqi başımda idi. Sibirdə xidmət eləmişdim. Həm də idmanla məşğul olurdum. Ona görə də, hava bir balaca isti olan kimi maşının pəncərələrini açıb küləklənməyi xoşlayırdım. Fərhad müəlliminsə kuləkdən zəhləsi gedirdi. Pəncərəni bir balaca açıq görən kimi bağlatdırırdı. Hər dəfə də mənə irad tuturdu ki, pəncərəni açmayım.
Bir dəfə yenə həmişəki kimi Fərhad müəllimi işə aparırdım. Kişi gəlib maşına oturdu. Qaşqabaqlı görünürdü, ona görə də elə salamlaşıb susdum. Maşını işə salıb idarəyə tərəf sürdüm.
- Sür qəbristanlığa! – Fərhad müəllim acıqla dedi.
- Baş üstə! – deyib maşını qəbristanlıq yoluna burdum.
Ürəyimdə fikirləşdim ki, yəqin rəhmətə getmiş hansısa qohumunun ildönümüdü, baş çəkməyə gedir. Maşını qəbristanlıqdan bir az aralıda saxladım.
-Yaxına sür!
Yaxına sürdüm.
- Maşından düş!
Narahatlıqla Fərhad müəllimə baxıb maşından düşdüm.
- Odey, o qəbirin yanına get! – barmağını qəbristanlığın ikinci sirasındakı hundür başdaşılı təzə qəbirə tuşladı.
Mən yavaş-yavaş qəbirə yaxınlaşdım. Tez-tez geri boylanırdım. Qorxurdum ki, birdən məni arxadan tapança ilə vurar. Hər dəfə geri boylananda Fərhad müəllim əli ilə “get, get” işarəsi verirdi.
Qəbirə çatıb dayandım. Dizlərim əsirdi.
- Başdaşına tərəf əyil! – kişi vahiməli səslə əmr elədi.
Ehmal-ehmal başdaşına tərəf əyildim. Yəqin eləmişdim ki, məni öldürmək istəyir, ona görə də başdaşına tərəf əyilə-əyilə xilas planı haqda düşünürdüm. Cəld başdaşının arxasına keçib gizlənmək, ordan da arxadakı başdaşının dalına tullanıb qaçmaq qərarına gəldim. Elə yerimdən sıçramağa hazırlaşırdım ki, Fərhad müəllimin səsini eşitdim:
- Soruş gör o adam nədən ölub?
Key kimi durub Fərhad müəllimin üzünə baxdım.
- Soruş! Soruş!
Üzümü başdaşına tutub dedim:
- Ay adam, nədən ölmüsən?
Bunu deyib yenə Fərhad müəllimə tərəf baxdım.
- Hə, nə cavab verdi?
Çiyinlərimi çəkdim.
- İndi bura gəl!- əli ilə məni çağırdı.
Gəlib onun qarşısında dayandım.
- Ay oğul, təkcə o qəbirdəki adam yox ha, bax bütün bu qəbristanlıqdakı ölülər dirilib danışa bilsəydilər, deyərdilər ki, biz hamımız soyuqdan ölmüşük. Onların arasında istidən ölən bircə adam da tapa bilməzsən. Bildin?!!
- Bəli, elədi, Fərhad müəllim, - udquna-udquna cavab verdim.
- Başa düşdünsə, gəl otur maşına. Və bir də pəncərəni açıq qoyma!
… Həmin gün aldığım o qorxulu dərsdən sonra yayın cırhacırında da maşının pəncərələrini açmağa qorxuram.


Bəs bu kimin inəyının başıdı?!


Keçən əsrin 50-ci illərində Cəbrayılın rayon mərkəzinə yaxın kəndlərin birində (kəndin adını yazmıram, camaatı bir az ciğaldı, söz-bez olar) Şirəlı adlı məşhur inək oğrusu varmış.
Bir gün Şirəli qonşu kənddən bir inək oğurlayıb kəsir, başını, dərisini də həyətindəki saman tayasının altında gizlədir.
İnək yiyəsi əlbəəl Şirəlidən şübhələnir, rayon mərkəzinə gedib milisə xəbər verir. Bir dəstə milis atlanıb Şirəlini tutmaq üçün onların kəndinə gəlirlər.
Şirəlinin milisdə bir uzaq qohumu varmış. Necə olursa, bu söhbəti eşidir, Şirəlini duyuq salır ki, bəs ehtiyatlı olsun, milislər gəlir. 
Şirəli vəziyyətin qəliz olduğunu görüb götürür öz inəklərindən birini kəsir. O, elə təzəcə inəyin dərisini soyub qurtarıbmış ki, milislər başının üstünü kəsdirir. Onlar özləri ilə şikayətçini də gətiribmişlər.
- Bu kəsdiyin inək kimin inəyidi, ə? – milislərdən biri qəzəblə Şirəlinin üstünə qəşqırır.
- Nəçənnik, - Şirəli heç nə olmayıbmış kimi təmkinini pozmadan deyir, - Həzrət Abbas haqqı öz sarı inəyimdi, əlim aşağıdı deyə kəsdim satım pul eləyəm.
Budey, bu da sarı inəyimin başı! - Şirəli milisləri lap arxayın salmaq üçün inəyin başını qucağına alıb ağlamsınır.
Şirəlı milislərin ona inanmadığını görüb qucağındakı inək başını onlardan birinin qucağına dürtür, özü də əyilib bir yana büküb atdığı dərini açıb onlara göstərir:
- İnanmırsız, bax bu da dərisi!
Çaş-baş qalmış milislər üzlərini şikayətçıyə tuturlar:
- Kişi, bu sənın inəyinin başı ilə dərisidi?
- Hə, qadan maa, baş da, dəri də, ət də mənim inəyiminkidi, - şikayətçi cavab verir.
- Ə, yalan danışma! Bu mənim öz inəyimin başıynan dərisidi. Mənim inəyimi kənddə hamı tanıyır, istəyirsən bütün kəndi töküm bura, soruş.
- Yox, Hacı Qaraman haqqı bu mənim inəyimdi! – şikayətçi israr eləyir.
Söhbət uzanır, Şirəli nə illah eləyir ki, kəsdiyi inək özünün sarı inəyidi, əməl yemir, şikayətçi də and-aman eləyib elə dediyini deyir.
Axirda Şirəlı nə təhər özündən çıxırsa, sarı inəyin başını qaldırıb şikayətçinin qabağında yerə çırpır:
- İndi deyirsən bu sənin inəyindi, hə?!
- Hə! Mənim inəyimdi!
- Onda bura gəl, - Şirəli şikayətçinin qolundan tutub saman tayasına tərəf çəkib aparır. Milislər də onların dalınca gəlir. – Yaxşı, a qurumsaq, o sənin inəyindisə…- Şirəli əyilib saman tayasının altında gizlətdiyi inək başını çıxardıb onun ayaqları altına atır, - bəs bu kimin inəyinin başıdı?!
Rayon məhkəməsi Şirəlini oğru kimi, şikayətçini isə böhtançı kimi içəri basır. Böhtançıya oğrudan çox iş kəsirlər…
O vaxtdan Cəbrayılda itiyini axtaran adama deyərlər: “Əvvəl saman tayasına bax, sonra kimisə günahlandır” .


Karlı arvad


Kamil Vəliyev Cəbrayılda tanınmış fizika müəllimidi. O, yəqin ki, rayonda ən hövsələli adamdı. İndi bilmirəm, amma cavanlıqda heç kim onun hirsləndiyini görməyib. Kamil müəllimin fiziklərə xas yaxşı yumoru da var. Bu xasiyyətinə görə şagirdləri onun xətrini şox istəyir, həm də onu hirsləndirmək üçün məqam axtarardılar.
1980-cı ildə Kamil müəllim 10-culara radioaktivlik bölməsindən dərs deyirmiş. Mariya və onun əri Pyer Kürilərin məşhur kəşflərindən danışırmış:
- Kürilər ailəsi çox ağıllı olub! – deyib dərsə giriş verir, - o qədər ağıllı və məşhur olublar ki, hətta onların kurəkəni - qızları İrenin əri Frederik də öz familiyasını dəyişib Küri qoyub…
Şagirdlərdən biri bu məqamda atmaca atır:
- Elə kişinin boyuna boz ip tutum ki, arvadın familiyasını götürüb.
Uşaqlar pıqqıldaşmağa başlayır. Kamil müəllim heç tərzini pozmadan:
- Yerindən danışma! Sən belə şeyləri başa düşməzsən. Elə karlı arvad mənim olsaydı, familiyamı deyirsən, lap adımı da dəyişərdim!
İndinin özündə də cəbrayıllılar varlı nəsildən evlənən oğlana sataşıb deyirlər: “Öz familayanda qaldın, yoxsa dəyişib Küri elədin?”


Solmuş şamama


Cəbrayılda əzəldən yaxşı bir adət var – valideynlər boğazlarından kəsmək olsa belə, oğlan uşaqlarından qabaq qızlarına ali təhsil verərlər və qız institutu bitirməmiş onu ərə verməzlər. Ayrı bir yaxşı qayda da odur ki, oğlanla qız bir-birini görüb danişmasalar, evlənməzlər. Düzdü, bu qaydaları pozanlar da olur, amma o ayri söhbətin mövzusudu...
Soltanlı kəndindən olan Haci Mirzə oğlu Abbasın oğlu Vahid üç il imiş ki, ali məktəbi bitirib rayona qayıdıb həkim işləyirmiş. Vahid Şükürbəyli Maşallah kişinin qızı Fəridəni bərk istəyirmiş. (Vahidin qardaşı Əjdər həkimin dediyinə görə, “bərk istəyirmiş” bekara sözdü, Məcnun Vahidin yanında yalan imiş).
Oğlanla qız görüşüb danışıb vədləşiblərmiş. Məqam düşən kimi Vahid atasını dümsükləyirmiş ki, dursun elçi getsin. Fəridə ali məktəbdə oxuyurmuş və insitutu bitirməyinə hələ bir il qalibmış. Abbas kişi də elin adətini bildiyindən, “bu gün gedərəm”, “sabah gedərəm” deyıb Vahidin ağzını bururmuş, yəni söhbəti uzadırmış. Axırda Abbas kişi görür ki, yox, Vahid əl çəkmir, Bəndiyalı oğlu Fərman müəllimi və bir neçə ağsaqqalı götürüb gedirlər Şükürbəyliyə, Maşallah kişinin qızına elçiliyə.
Elçilər dağdan-arandan söhbət eləyib söhbəti hərləyib gətirirlər əsas məsələyə. Maşallah kişi elçiləri diqqətlə dinləyib deyir:
- Abbas kişi, oğlunu yaxşi tanıyırıq, ağıllı-kamallı uşaqdi, nəsil-kökünüzə də bələdik, buna söhbət yox, amma elin adəti var, gərək qız institutu bitirsin, sonra toylarını eləyək. Bir də, ay Abbas kişi, Vahidə de, tələsməsin, söz var, deyərlər “gərək şamama yetişə, sonra dərəsən”.
Tay bu sözdən sonra elçilər söz çevirməyib sağollaşıb qayıdırlar Soltanliya.
Vahid elçilər yola düşəndən həyəti o baş-bu baş ölçür, onları səbirsizliklə gözləyirmiş. Həyəcandan boğazından bir qurtum su da keçmir.
Abbas kişi elçi yoldaşlarına minnətdarlıq eləyib yolsa salır, özü də qayidib gəlib oturur həyətindəki tut ağacının altinda. Uşaqlar bir stəkan çay gətirirlər. Abbas kişi çayı içə-içə fikirləşir ki, xəbəri Vahidə necə desin, uşağı küsdurməsin. Vahid də xəbəri birbaşa soruşmağa utandığından atasının yan-yörəsində var-gəl eləyir.
- Vahid, bala, bir az da gözləməli olacaqsan, - Abbas kişi mülayim səslə deyir.
- Nə?! –Vahid ilanvurmuş kimi dik atılır.
- Hə, lap az qalıb, - Abbas kişi səsinə mümkün qədər şirinlik qatıb Vahidi sakitləşdirmək istəyir.
– Maşallah kişi dedi sənə çatdırım ki, “gərək şamama yetişə, sonra dərəsən”.
Vahid belə gözlənilməz xəbərdən yanıb-yaxılır, qəhərini boğa-boğa hirslə deyir: 
- Şamama yetişsin?! Ay dədə, niyə qayıdıb demədin ki, bəs burdakı şamama yetişib qırılıb tağdan düşüb?!!
Vahid həkimin təkidinə baxmayaraq, Fəridə ali məktəbi bitirdi, sonra onlar evləndilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub