Modern.az

Deputatların Qarabağla bağlı təklifi var...

Deputatların Qarabağla bağlı təklifi var...

Parlament

13 İyun 2011, 13:44

Parlamentin ötən iclasında millət vəkili Məlahət İbrahimqızı Bakıda Qarabağ mövzusunda reklam lövhələrinin yerləşdirilməsini təklif etmişdi.

”Çox təəssüf ki, Bakı şəhərinin heç bir yerində Qarabağ işğalını əks etdirən bir reklam şiti yoxdur. Əgər olsaydı, bu həm də gənclər arasında vətənpərvərlik hissinin və tərbiyəsinin artırılmasında da çox müsbət təsir göstərərdi. Şəhərdə hər cürə reklam şitlərinə rast gəlmək olar. Bəziləri heç xalqimizin mentalitetinə də uyğun deyil. Hesab edirəm ki, şəhərin bütün giriş qapılarında - yollarında, turistlərin və əhalinin çox toplaşdığı yerlərdə Qarabağla bağlı, işğal altında olan rayonlarla bağlı müxtəlif reklam şitləri yerləşdirilməlidir. Bakıda Heydər Əliyev Fondunun sosial reklamlarından başqa, hər cür lazımsız reklamlar var”.
Deputat  deyib ki, “Qarabağla bağlı reklam şitləri bütün rayonlarda, eyni zamanda ölkəmizin də bütün giriş qapılarında olmalıdır”.

Modern.az məsələyə digər millət vəkillinin də fikrini öyrənməyə çalışıb.

Deputat Elman Məmmədov 11 illik millət vəkili fəaliyyəti ərzində Milli Məclisdə bunla bağlı dəfələrlə məsələ qaldırdığını, mətbuatda çıxış etdiyini bildirib.
Deputat müharibə vəziyyəti olan Azərbaycanda paytaxt Bakıdan başlamış bölgələrə qədər heç bir yerdə hərbi vətənpərlik mövzusunda reklam şitlərinə rast gəlinmədiyini vurğulayıb: “Bakının küçələrində biri corabını, digəri özünü, ya da heyvan şəkli qoyub reklam etdirir. Yəni bu sahədə vəziyyət bərbaddır. İstəyərdim ki, hərbi vətənpərvərlik tərbiyəsinin təbliğinə, güclənməsinə kömək olaraq biz reklam gücündən də sərfəli istifadə edək. Hərbi vətənpərvərlik mövzusunda reklamlarımız Azərbaycanın hər yerində olmalıdır. Bunu etmək bizim borcumuzdur”.

Milli Məclisin digər deputatı Flora Qasımova da Məlahət İbrahimqızının təklifinə müsbət yanaşdığını və onun fikirləri ilə razılaşdığını qeyd edib: “Respublikanın beşdə bir hissəsi işğal altındadır, amma heç harda bilinmir ki, belə bir hal var. Çox vaxt xaricilərdən inciyirik ki, onların heç nədən xəbərləri yoxdur. Görün Azərabycana xarici ölkələrdən nə qədər insan gəlir. Onlar gəlib, Bakıdan qayıdırlar. Bəs nə bilirlər? Biz onlara nə öyrədirik? Bizim dərdimizdən, Qarabağ hadisələrindən xəbərləri olurmu? Ona görə mən Məlahət xanımın təklifini müdafiə edirəm və tərəfdarıyam”.

Millət vəkili Fəzail İbrahimli da hesab edir ki, işğal olunmuş rayonlarla bağlı reklam şitlərinin olması heç nəyə mane olmaz, əksinə ideoloji müharibədə bir əyani vəsait kimi kömək edə bilər:
“Biz Ermənistanla müharibədəyik.  Baxmayarq ki, atəşkəsdir, amma hər gün insan ölür, ona görə də ideoloji müharibədə bütün ifadələrdən istifadə etmək olar. O cümlədən Azərabycan torpaqlarının işğalı ilə bağlı reklam şitlərinin şəhərin ən görkəmli yerlərində, dəniz qırağında və s. yerlərdə olması bizim ümumi işimizə köməkdir”.
F.İbrahimlinin fikrincə, reklam lövhələrində işğal olunmuş yerlərin gün, saat ilə göstərilməsi ordan ən azı 2-3 dəfə keçən insanların yaddaşına hopar: “Xüsusən həmin reklamların Azərbaycan, rus, ingilis dillərində verilməsi xaricdən Azərbaycanın görməli, gözəl guşələrini gəzməyə gələn əcnəbi turistlər üçün də maraqlı olardı”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır