Modern.az

Bakıda Xəlqilik Bayramı keçirilib

Bakıda Xəlqilik Bayramı keçirilib

13 İyun 2011, 16:36

İyun ayının 13-də (13 Şölə 33-cü il) Mütləqə İnam Ocağının İnam Evində ənənəvi Xəlqilik Bayramı keçirilib. Bu haqda İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib.

Hər il düzənlənən bayramda Ocaqçılar, tanınmış aydınlar – Asif Ata tərəfdarları iştirak ediblər.

İnam Evinin həyətində qalanmış tonqal başında bayrama uğurlamasında Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh xalqın mahiyyəti haqqında söz deyib, Ocağın xalqlaşma işini yüksək dəyərləndirib.

Sonra tədbir İnam Evində davam etdirilib.

Ocaq Yükümlüsü İşıqlı Atalı Ocağın son dönəmdə gördüyü işlər haqqında danışıb: “Mütləqə İnam Dünyabaxışının ömürləşmə mərhələsini yaşayırıq. Atanın istədiyi səviyyədə xalq ola bilmək imkanımız var”.  

Bayramda «Əzəlilik, Əbədilik, Sonsuzluq, Kamillik daşıyan, Camaatın Camaatdan yüksək Mənasını daşıyan Xalq» anlamını necə başa düşməli və ona necə çatmalı?“ və “Ocağın Xalqyaratma quruculuğu – İdeyadan gerçəkliyə” mövzularında fikirlər dinlənilib.

Bayramda qeyd olunub ki, bu gün qloballaşmanın istəyi xalqların gələcəklərini əllərindən almaq və onları güclülərin bəxş etdiyi “gələcəy”in içində əritməkdir. Belə bir “gələcək” bizi də gözləməkdədir.
Eləcə də xalqların sabahlarda var olmaları üçün onların müstəqil şəkildə öz ruhaniyyatlarını yaratmalarının qaçılmazlığı vurğulanıb.

Tədbirdə Azərbaycanın aydınları – filologiya elmləri doktoru Elməddin Əlibəyzadə, yazıçı-publisist Əlisahib Əroğul, folklorşünas-alim Elxan Məmmədli, alim-yazıçı Baba Əhmədli, Şahsuvar Haşımov, şair Qəşəm İlqar, Maşallah Məftun, jurnalist Xoşqədəm Cəbrayıloğlu, şairələr Şirinxanım Şadiman, Mənsurə Qaçayqızı, rəssam Elnur Rəsulov və başqaları çıxış ediblər.

Tədbir boyunca tanınmış xanəndə, əməkdar artist Şahin Babayevin ifasında muğam parçaları və Aşıq Elvinin ifasında saz havaları səsləndirilib.  

Dünən yurdumuzun müxtəlif bölgələrində - Ocaqçıların evlərində Xəlqilik Bayramının gəlişi münasibətilə tonqallar çatılıb.

Qeyd edək ki, Mütləqə İnam Ocağı ulusa böyük önəm verir ulusal dəyərlərin qorunması üçün döyüşür. Xəlqilik Bayramı milli dəyərlərin qorunması, gələcəyə çatdırılması istəyi daşıyır.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər