Modern.az

“Zəngilansız illər, bizim yol yoldaşımız, sirdaşımız oldu” - MÜSAHİBƏ

“Zəngilansız illər, bizim yol yoldaşımız, sirdaşımız oldu” - MÜSAHİBƏ

Müsahibə

28 Oktyabr 2017, 16:31

Sabah Zəngilanın işğalının 24-cü ilidir.  

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun  İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru əslən zəngilanlı olan Təranə Şükürlü Modern.az-ın əməkdaşına Zəngilanla bağlı danışıb.

 

Müsahibəni təqdim edirik:

 

- Zəngilanın işğalından 24 il ötür. Zəngilansız illər necə keçir?

 

-  İllər tez keçir. Hər keçən ildə Zəngilan haqqında düşüncələrim də böyüdü. İllər düşüncələrimizi, həsrətimizi  dəyişə bilmədi. Sadəcə zaman dəyişdi. Axı, ötüb keçən Zəngilansız illər,  bizim həm də yol yoldaşımız, sirdaşımız oldu.

 

- Bu illər ərzində doğulanların xəyalında Zəngilan necə canlanır?

 

- Zəngilan gəncləri arasında dostluq əlaqələri var. Zəngilan onu görən, onda yaşayan gənclərin yaddaşından silinməyib. Həmçinin, rayon gəncləri  sosial şəbəkələrdə -  Zəngilana aid qruplarda, səhifələrdə birləşə bilirlər. İnsan öz taleyi ilə doğulur. Bu illər ərzində doğulan uşaqların  xəyalında  bir Zəngilan var. Onlar həmin Zəngilana xəyallarında kiçicik deyil, geniş bir yer ayırıblar. Bu yerdə sevincləri, arzuları sığışıb. Ən əsası da burda ailənin təsiri  güclüdür. Gərək ailə öz övladına doğulduğu torpağın adət-ənənəsini aşılasın.

 

 - Zəngilanı necə xatırlayırsınız?

 

 - Zəngilanı bütün ruhumla, intuisiyamla xatırlayıram. Mənim üçün xatirələr bir günün sərhədinə sığmır.

 

 - İllər ümidinizi üzdümü?

 

- Ümid elə bir hissdir ki, sən ondan qaça bilməzsən. Arzular ölmədikcə ümidlər də ölə bilməz. İyirmi dörd ildə  arzularımızın ünvanı dəyişməyib. Bu arzuların baş tutacağı, reallaşacağı səhərlər məncə, uzaq deyil. Qələbəyə az qalıb.

 

- İmkanınız olsa Zəngilanda gedəcəyiniz ilk yer hara olar?

 

- İlk gedəcəyim yer evimiz, məhəlləmiz olar. Orda uşaqlıq illərimi qoyub gəlmişəm. Düzdür, qoyub gəldiklərimizin sırası da dəyişib.

 

Sonra nənə-babalarımın evlərinə gedərdim. Biz köçkün düşdükdən sonra onlar Bakıda dünyasını dəyişdi. Amma Vənətli kəndində babamın məzarı var. O məzarı  ziyarətə gedərdim...

 

- Zəngilandan çıxdığınız günü necə xatırlayırsınız?

 

- Xatirələrimin  içində çoxlu ağrılar, yandırılmış, dağıdılmış evlər, duman,  bir də ölçüsü, həcmi bilinməyən nisgillər var...Bu an düşüncəmi daha çox məşğul edən mövzu Zəngilandır, o həminki günlərdir. Həmin günlərin öz rəngi var.

O gün ağır günlər idi. Zəngilan mühasirədə idi. Əhalini xəbərdar etmişdilər ki, hamı Mincivan qəsəbəsinə toplaşsın. Ümid, pənah  Araz çayına idi. Yenə geri qayıdacağımıza ümidli idik. Sonuncu gecə Mincivanda qaldıq. Elektrik də   yox idi. Qaranlıq gecədən sonra soyuq Araz çayının sahilləri ürəklərimizi isidə bilmədi. Araz çayı... Yağışlı hava.. Həyacan... Geri də isə tənha Zəngilan...

 

- Hamıya öz doğulduğu bölgə doğmadır. Sizin fikrinizcə Zəngilanı digər bölgələrdən fərqləndirən nədir?

 

- Mənim üçün Zəngilan doğma olduğu üçün elə fərqlidir. Yay fəsli gələndə o yerlər üçün daha çox darıxıram.

Zəngilanın təbii, coğrafi şəraitinə görə fərqli idi. Rayonun ərazisindən çoxlu çay axırdı -Həkəri, Bəsitçay, Oxçuçay, Sobuçay, Dərəçay.  Rayonda Avropada birinci olan Çinar meşəsi- Bəsitçay qoruğu var idi.  Zəngilan tarixi- mədəniyyət, memarlıq abidələrinə görə də fərqli məkan idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir