Modern.az

Kazanda “yanan” Qarabağ: Azərbaycana müharibəni qadağan etmək istəyirlər

Kazanda “yanan” Qarabağ:  Azərbaycana müharibəni qadağan etmək istəyirlər

Ölkə

13 İyun 2011, 17:36

Rusiya Azərbaycanın Qarabağ uğurunda başlaya biləcəyi müharibəni Qərb üçün şantaj alətinə çevirə bilib


Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü (25 iyun) ərəfəsində Rusiyanın və Qərbin hərbi alyansı-NATO-nuın ölkəmizə qarşı bir sıra addımaları Bakını “sülhə məcburetmə” taktikasını xatırladır. Bir müddət öncə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Ermənistana qarşı müharibə olacağı təqdirdə KTMT-nin kənarda qalmayacağı barədə dedikləri ciddi rezonans doğurmuşdu. Bunun ardınca “Rosoboroneksport”un icraçı direktoru Dimidyakın açıqladığı Rusiyanın müttəfiqlərinə silahı daxili qiymətlərlə satmaq göstərişi situasiyanı tamamlayır.

Rusiya Azərbaycanın hərbi gücünün artmasından narahatdır və buna qarşı alternativ layihələr üzərində düşünür. Lakin Qərbin Azərbaycana silah satışını əngəlləməsi cəhdləri ilə bağlı informasiyalar mənzərənin rənglərini tündləşdirir. Məlumatlara görə, Azərbaycanın sürətlə silahlanması NATO daxil olmaqla, bir sıra Avropa Birliyi (AB) ölkələrinin ciddi narahatlığı ilə qarşılanıb. Eyni zamanda qeyd olunur ki, bu ilin aprel ayından ABŞ və Avropa ölkələri Azərbaycana silah və hərbi texnika satan Türkiyə, Ukrayna, Çexiya, Bolqarıstan, Polşa, Rumıniya və Slovakiya kimi dövlətlərə siyasi, hərbi və iqtisadi təsirlər göstərməyə başlayıb.

Türkiyənin hökumət nümayəndəsi adını açıqlamamaq şərti ilə bildirib ki, AB üzvü ölkələrin Ankaradakı səfirləri və hərbi attaşeləri hər görüşdə bu məsələni qaldırır, hətta digər metodlardan istifadə edərək təzyiq göstərməyə çalışırlar. Eyni zamanda oxşar formada təzyiqlərin Türkiyə ilə yanaşı, Ukrayna, İsrail və digər silah istehsalçısı olan ölkələrə də edildiyi haqda məlumatlar verilir.

Azərbaycanın silahı kimə mane olur?

Nə baş verir? Hər şeydən aydın göründüyü kimi Azərbaycanın silahları kiməsə həddən artıq mane olur.  Dağlıq Qarabağla bağlı münaqişənin həlli ilə bağlı Minsk Qrupuna rəhbərlik edən ölkələrin prezidentlərinin “Dovil” bəyanatında da əsas vurğu hərbi ritorikadan əl çəkmək üzərinə düşür. Bu bəyanatın ümumi tonundan aydın olur ki, tərəflər Azərbaycanı münaqişə ilə bağlı yaranmış status-kvo ilə barışmağa məcbur etmək istəyirlər. Bununla da beynəlxalq güclər rəsmi Bakını ərazi bütövlüyünü təmin etmək üçün BMT tərəfindən təsbit edilmiş “ölkənin müharibə aparmaq huququnu”  bir tərəfə tullamaq üçün razı salmağa çalışırlar. Odur ki, “Dovil” bəyanatı daha çox  münaqişə tərəflərinin maraqlarını bölgədə maraqları olan supergüclərin balans siyasətinə qurban verməklə “qamçı və kökə” siyasətini yürütməyə xidmət edir.

Bu siyasi teatrə Rusiyanın Ermənistanın tərəfində olduğunu ilk fürsətdəcə göstərir. Azərbaycan məhz bu baxımdan beynəlxaq güclərin təzyiqi qarşısında tək qalıb. Çünki Ermənistanın fantastik “Miatsum” planı üzərində “ölənə qədər” vuruşacağı barədə mif sadəcə Moskvanın əlinə oynayan kozırdan başqa bir şey deyil. Kreml bu münaqişənin sərhədini necə “çəkirsə”, ermənilər onunla razı olmağa məhkumdurlar. Məhz bu baxımdan indi razılaşdırılması tələb olunan başabəla “prinsiplər” münaqişənin həlli üçün Azərbaycana xeyirli olmayan bir idarəedici alətə çevrilir.

Qərb sadəcə, Azərbaycandan “müharibə” sözünü işlətməməyi istəyir. Çünki bu müharibənin sonucları onun üçün fəsad törədə biləcək. Son 17  ildə Qərb bu münaqişə sayəsində Cənubi Qafqazda təsir rıçaqlarını saxlayaraq özünün geopolitik maraqlarını təmin edə bilib. Odur ki, yeni müharibə olacağı təqdirdə bölgədə hansı mənzərənin yaranacağı heç kimə bəlli deyil. Çünki Azərbaycan Gürcüstanla müqayisəyə belə gəlmir. 2008-ci ildə Tiflis Abxaziyaya daxil olarkən Rusiya ilə müharibədə ABŞ-ın müəyyən dəstəyini almışdı. Mühüm olan budur ki, Vaşinqton hesab edirdi ki, Rusiyanın Gürcüstana dolayısı ilə təsir etmə imkanı məhduddur: nə Osetiya, nə də Abxaziya təklikdə gürcülərin qabağında dayana bilər. Rusiya isə açıq hərbi dəstək verə bilməz. Lakin Kreml açıq təcavuzə getməklə hər zaman “va-bank”a hazır olduğunu nümayiş etdirdi.
Qarabağ isə əlahiddə məsələdir. Çünki burada Qarabağ, üstəgəl Ermənistan Rusiyanın hərbi dəstəyi ilə hərbi əməliyyatlara gedə bilər ki, bu da son nəticədə Qərbin regionda müəyyən qədər oturuşmuş maraqlarına ciddi zərbə vura bilər. Ən azından, Azərbaycan və Ermənistan arasında müharibə baş verərsə, Rusiya kölgədə qala bilər, sonradan isə “sülh vasitəçisi” kimi ortaya atılaraq  Qərbi “arxa planda rəqs etməyə” vadar edə bilər.

Rusiya Qarabağ müharibəsini Qərb üçün şantaj alətinə çevirib

Faktik olaraq Rusiya Azərbaycanın Qarabağ uğrunda başlaya biləcəyi müharibəni Qərb üçün şantaj alətinə çevirə bilib. Qərb bundan qorxur. Rusiya da bunu yaxşı anlayır. Odur ki, Moskva “baza prinsipləri” adı altında Qərbi məcbur edir ki, iki tərəf arasında sülhə məhz onların əli nail olsun. Bu zaman ölkədaxili ictimi rəyin nəzərində Azərbaycanın xeyrinə olmayan istənilən sülh variantının günahkarı ABŞ və Qərb olacaq. Odur ki, Qərb də ehtiyatlı davranır: Dağlıq Qarabağla bağlı danışıqlarda Rusiyanı önə çıxarmaqla sülh sazişində onun da məsuliyyət payını nümayiş etdirir. Təsadüfi deyil ki, ötən il Soçi görüşündən sonra ABŞ Dövlət Departamentinin rəsmisi jurnalistlərin Moskvanın danışıqlarda təşəbbüsü ələ götürməsi ilə bağlı narahatlığına  “Rusiya bölgəyə Vaşinqtondan daha yaxındır” cavabını vermişdi. Beləliklə “lənətə gəlmiş” dairə qapanır.  

Ermənistanla məsələ aydındır. Rusiyasız onların nə “böyük müharibə” aparmağa, nə də Azərbaycan ərazilərini işğal altında saxlamağa gücləri var. Bəs Azərbaycan nə etməlidir? Azərbaycan çox düzgün olaraq BMT-nin qətnamələrini daim yada salmaqla münaqişəyə baxışda müşahidə olunan əlahiddə yanaşma tezisini dağıdır. Bundan başqa, rəsmi Bakı Minsk Qrupunun fəaliyyətini daim tənqid altında saxlamaqla həmsdərlərin problemlə bağlı məsuliyyəti birgə daşıdığını dolayısı ilə vurğulayır. 

Kazan görüşü “Qordi düyünü”nü kəsə bilərmi?

Son zamanlar Azərbaycana qarşı müşahidə edilən təzyiqlər məhz Bakını güzəştlərə vadar etməkdir. “Baza prinsipləri” adı altında çərçivə sazişinin imzalanması üçün vaxtın yetişdiyini deyən həmsədrlərin nikbinliyi üçün əsas çox azdır. Çünki Bakı bu sənədi imzalasa belə, onun yerinə yetirilməsi üçün şərait yoxdur. Əgər söhbət sülhməramlı quvvələrin işğal olunmuş rayonlarda yerləşdirilməsindən gedirsə, bu zaman Rusiyanın kənarda qalaçağını yalnız sadəlövhlər düşünə bilər. Moskva heç bir halda nəzarətdə saxladığı 200 kilometrlik İranla sərhəddi bir göz qırpmında “tanımadığı” dəbilqəlilərə verməyəcək. Çünki işğal altında olan sərhəd xətti həm də strateji olaraq geopolitik maraqların toqquşduğu nöqtədir. Söhbət İrandan gedir. Tehran hazırda ermənilərin nəzarət etdiyi rayonlara heç bir halda avropalı sülhməramlının gəlməsini arzulamır. İranın “bölgə problemlərini bölgə dövlətləri həll etməlidir” bəyanatı və Qarabağ problminin həlli üçün vasitəçilyini təklif etməsi bu qorxunun əlamətidir. İranla 200 kilometrlik sərhəddə ABŞ qoşunları Tehran üçün qorxulu röyadır.     

Dağlıq Qarabağda yaşamış azərbaycanlıların geriyə qayıtması ilə bağlı razılıq barədə deyilənlər isə son dərəcə dumanlı təsir bağışlayır. Bunun nə mexanizmi, nə də planı bəllidir. İkincisi, Qarabağın statusunun guya azərbaycanlılar ora qayıtdıqdan sonra müəyyənləşəcəyi barədə verilən vədlər də inandırıcı deyil. Həmsədrlər faktik olaraq rəsmi Bakı qarşısında öz vətəndaşlarını yerbəyer etmək  minnəti qoyurlar. Referendum məsələsindən isə danışmağa dəyməz.

Bütün bunlar  isə heç bir halda Bakının üstünlük verdiyi siyasi prioritetlərinin başlıca tezisi sayla bilməz.  Odur ki, Kazan görüşü barədə nikbin notlar yalnız Qərbin “siyasi pianosunda” şən əhval yarada bilər. Azərbaycanlı politoloqlar da bu görüşdən ciddi bir nəticə gözləmirlər.

Məsələn, prezidentin Dağlıq Qarabağ üzrə keçmiş xüsusi nümayəndəsi, politoloq Qabil Hüseynlinin fikirncə, ölkəmizə qarşı hazırkı “silah embarqosu” və hədələr Rusiyanın və NATO-nun Azərbaycana təzyiqi kimi qiymətləndirilməlidir.

“Rus generallarının Azərbaycanı təhdid edən bəyanatları Rusiyanın mövqeyidir. Qərbin mövqeyi isə daha çox diplomatikdir və sonda Ermənistanı müdafiə etməyə gətirib çıxaracaq.  Burada söhbət Azərbaycanın müharibə edib-etməməyindən getmir. Bakı BMT-nin qətnamələrinə uyğun ərazi bütövlüyünü təmin etmək istəyir. Qərbin mövqeyi belədir ki, guya müharibəyə qarşı çıxırlar. İkincisi, bunlar  ölkənin neftini apardılar, indi də qazını aparırlar. Amma problemin həllinə imkan vermirlər. Odur ki, bütün bunlar Kazan görüşü ərəfəsində düşünülmüş təzyiqdir. Uzun illər fəaliyyətsiz görünən Minsk Qrupu Kazan görüşündə münaqişənin həlli üçün baza prinsiplərinin nədən ibarət olması barədə bəyannaməyə imza atdırmağa çalışırlar. Azərbyacan buna getməyəcək”-deyə politoloq vurğulayıb.

Kazan görüşünün “Qordi düyünü”nə çarə olması barədə deyilənlər isə təsəllidir. Burada heç bir tərəfin inkar etmədiyi mühüm faktor da həlledici söz sahibidir: İctimai rəy! Hər iki ölkənin vətəndaşlarının isə münaqişə ilə bağlı mövqeyi göz önündədir. Hər halda, Qərb hakimiyyətləri gözəl bilirlər ki, azərbaycanlılar öz torpaqlarından kiməsə pay vermək fikrində deyillər.   “Xalqları sülhə hazırlayın” mesajı isə məhz bu qorxunun ortaya qoyduğu bir çağırışdır.

Xaqani SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir