Modern.az

Politoloq: “Azərbaycan analoqu olmayan müharibəyə hazırlaşır”

Politoloq: “Azərbaycan analoqu olmayan müharibəyə hazırlaşır”

Qarabağ

14 İyun 2011, 14:02

Bu gün “Mübariz Əhmədoğlu ilə Qarabağ saatı” layihəsi çərçivəsində novbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edib.

Politoloq bildirib ki, Kazan görüşünə hazırlıq dövründə Ermənistanda psixoloji vəziyyət münaqişənin tənzimlənməsi üçün baza prinsiplərini əks etdirən sənədin imzalanmasına şərait yaradır. Onun sözlərinə görə, Ermənistanda fəaliyyət göstərən siyasi qüvvələr danışıqların aparılmasına etiraz etmirlər: “Müxalifət, hətta “Daşnak” partiyası ciddi etiraz bildirmir, terrorçu ASALA təşkilatının Ermənistan nümayəndəliyi də susub. Erməni diasporundan heç kim Daağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aid olan Dovil bəyanatına və ya Kazan görüşünə dair bir açıqlama verməyib. Kəskin etiraz edənlər isə 2-3 keçmiş hərbçilərdir. Müxalifət mitinqinin tarixinin Kazan görüşündən sonraya salınması onu deməyə əsas yaradır ki, həmin qüvvələr Kazan görüşündən əvvəl heç bir gərginlik yaratmaq niyyətində deyil. Baş verənlərə erməni hiyləgərliyi prizmasından yanaşmaq mümkündür. Amma bunu, yəni erməni hiyləgərliyini az ehtimal edirik. Münaqişənin tənzimlənməsinin yubanmasından ən çox əziyyət çəkənlər ermənilərdir. Sadəcə, susmaqla düşünürlər ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsini həll edəcək. Belə vəziyyətdə beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməsi erməni xalqına töhfə kimi dəyərləndirilə bilər. Çünki Dağlıq Qarabağ münaqişəsinin başlanğıcındakı Ermənistan və dünya erməniləri indiki Ermənistan və dünya ermənilərindən kəskin fərqlənirdi”.

SİTM sədri qeyd edib ki, Kazan görüşünün müsbət sonluqla başa çatması hər iki tərəf üçün faydalı olacaq. Bununla yanaşı ekspert hesab edir ki, Azərbaycan Kazan görüşündə baza prinsipləri üzrə sənədin imzalanmasına da, imzalanmamasına da hazırdır: “Ermənistan bacarırsa, Kazan görüşündə baza prinsiplərinə dair çərçivə sazişini imzalamasın. Kazanda Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə imkan verən sənədi imzalamayan Ermənistan rəhbərliyi öz vətəndaşlarına Zəngəzurda yeni layihələr reallaşdırmamağı, evlər tikməməyi, bir sözlə, Zəngəzuru boşaltmağı məsləhət görsün”.

M.Əhmədoğlunun fikrincə, Kazan görüşünün nəticsiz başa çatacağı təqdirdə Azərbaycan qarşısına Dağlıq Qarabağin yox, Ermənistanın taleyini müəyyən etmək məqsədi qoymalıdır. Azərbaycanın bütün siyasi, diplomatik, iqtisadi və hərbi resursları buna yönəlməlidir: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki mühüm dövrü Azərbaycanın qarşısına yeni təhdidlər qoyur. Münaqişəni həll etmək üçün Rusiyanın həqiqi dəstəyinə ehtiyacı olan Azərbaycan eyni zamanda NABUCCO layihəsinə də dəstək verməlidir. Azərbaycandan NABUCCO layihəsinə dili ilə dəstək istəyən Avropa bütün bədəni ilə Ermənistana yardım edir. Ermənistan Azərbaycandan Avropaya gedən kəmərləri partladacağını dəfələrlə bəyzn etsə də, avropalılar bu ölkəni dəstəkləməkdə davam edirlər. Avropa siyasətçilərindən heç birisi Ermənistandan soruşmur ki, niyə Azərbaycandan Rusiya və İrana tərəf çıxan neft-qaz kəmərlərinə hədə gələ bilmədiyin halda, Azərbaycandan Avropaya çıxan neft-qaz kəmərlərini partlatmaqla hədələyirsən? Avropa Birliyinin Ermənistandan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Supsa energetik kəmərlərinin təhlükəsizliyinə rəsmi təminat almasının vaxtı çoxdan çatıb. Əgər Avropa Birliyi Ermənistandan belə təhlükəsizlik təminatı ala bilmirsə, Ermənistanı NABUCCO-nun əleyhinə olan dövlətlərlə ikibaşlı, üçbaşlı oyunlardan uzaqlaşdıra bilmirsə, Avropanın Azərbaycandan  qaz istəməsi Azərbaycana əlavə risk yaratması deməkdir”.

Politoloq sonda deyib ki, Ermənistan situasiyanı düzgün qiymətləndirməsə, ciddi təhlükə ilə üz-üzə qalacaq: “Azərbaycan regionda analoqu olmayan müharibəyə hazırlaşır: ilin sonlarınadək bütün cəbhəyanı bölgələrin yüksəksürətli internet və informasiya kommunikasiya texnologiyaları vasitələri ilə təmin olunması prosesi başa çatacaq; güclü rabitə əlaqələndirmə qovşağının tikilməsi planlaşdırılır; ilin sonunadək Azərbaycanda 60 ədəd pilotsuz təyyarə istehsal edilib, Müdafiə Nazirliyinin balansına veriləcək. Lap yaxın gələcəkdə Azərbaycanın rabitə peykinin də fəzaya buraxılmasını nəzərə alsaq, ermənilər tamamilə yeni tipli müharibə ilə rastlaşa bilərlər. Ermənistan vətəndaşları öz övladlarını ön xətdən çəkib Ermənistana aparsalar, daha faydalı olar. Eləcə də Ermənistan vətəndaşlarının bundan sonra Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsi də onlar üçün böyük fəlakət vəd edir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı