Modern.az

“Sülh Platforması” Azərbaycan və Ermənistanın dini liderlərindən kömək istədi

“Sülh Platforması” Azərbaycan və Ermənistanın dini liderlərindən kömək istədi

31 Oktyabr 2017, 10:12

“Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın I Qurultayının İştirakçıları 
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Alahşükür Paşazadəyə və bütün ermənilərin katalikosu II Qareginə müraciət edib. Modern.az həmin müraciətin mətnini təqdim edir.


“Hörmətli II Qaregin və Şeyx həzrətləri!
 

Sizin mənəvi və ruhani idarəçiliyiniz altında olan iki xalq 30 ilə yaxındır ki, qarşılıqlı nifrət və düşmənçilik hissləri içərisində yaşamaqdadır. Sizə məlumdur ki, bu düşmənçiliyin əsası aşılanan kimi dərin və dayanıqlı deyildir. Hətta müəyyən qüvələr müəyyən bir dövr ərzində bu münaqişəyə milli və dini don geyindirməyə çalışsalar da məhz Sizin birgə fəaliyyətiniz nəticəsində bu mənfur əməllərin qarşısı alınmış və bir daha təkrarlanmamışdır. Eyni zamanda  Sizin qarşılıqlı əməkdaşlığınızın nəticəsidir ki, bir çox hərbi əsirlər azadlığa buraxılaraq öz vətənlərinə qayıtmışdır. Ümidverici bir haldır ki, 2010-cu ildə Sizin qarşılıqlı əməkdaşlığınız nəticəsində Bakıda yerləşən Müqəddəs Maarifləndirici  Qriqori kilsəsində ayin keçirilmişdir.

 

Bu və buna bənzər hallar bir daha onu göstərir ki, Erməni və Azərbaycan xalqları arasında sülhü bərqərar etmək mümkündür. Məhz bu səbəbdən də Sizin hər iki xalq üzərində olan mənəvi nüfuzunuz qarşı tərəfləri daim sülhə dəvət etməli və bütün sülhquruculuğu təşəbbüslərinə dəstək olmalıdır.


Son dövrlərdə xüsusilə gərginləşən hərbi vəziyyət iki qonşu xalqın barışmasına və  ədalətli sülh içində yaşamasına olan bütün ümidləri məhv etməli idi. Lakin bu insanların arasında ümidini itirməyən və sülhə inanan vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, mövcud çətinliklərə  baxmayaraq, sülh təşəbbüsü ilə çıxış etdilər. 6 dekabr 2016-ci ildə bu insanlar Ermənistan-Azərbaycan Sülh Platformasının əsasını qoydular. Yarandığı gündən hər iki xalqın vətəndaş cəmiyyəti üzvlərini, ictimai siyasi xadimlərini, mətbuat nümayəndələrini sülh quruculuğu işinə cəlb edərək hər iki cəmiyyətdə bu ideyaları çətinliklə də olsa təşviq edir, yaranan təpkilərə baxmayaraq, öz işlərində inamla irəliləyirlər. Bütün bu fəaliyyət Ermənistan-Azərbaycan Sülh Platforması olaraq bizim daha səmərəli nəticələr naminə effektiv institutlaşmağımıza imkan verir.


30 Oktyabr 2017-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirdi. Qurultayda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis edilib və onun idarə heyəti, digər seçkili orqanları formalaşıb. 

 

Hörmətli II Qaregin və Şeyxhəzrətləri!

 

Qurultay iştirakçıları adından Sizə müraciət edərək, bu müqəddəs işimizə xeyir-dua verməyinizi, və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması, insanların öz yurd-yuvalarına qayıtması, 25 ildən artıq davam edən düşmənçiliyə son qoyulması üçün sülh təşəbbüslərimizə dəstək verməyinizi xahiş edirik”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir