Modern.az

Fizuli Məmmədov prezident seçkilərində iştirakını TƏKZİB ETDİ: “Qanun buna yol vermir”

Fizuli Məmmədov prezident seçkilərində iştirakını TƏKZİB ETDİ: “Qanun buna yol vermir”

31 Oktyabr 2017, 11:14

“Cənablar, mənim hörmət etdiyim sevimli jurnalistlər, anti-Məmmədov isterikasını dayandırın!”.

Bu sözləri Modern.az-a açıqlamasında Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, ictimai xadim Fizuli Məmmədov 2018-ci il prezident seçkilərində namizədliyinin irəli sürülməsilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

F.Məmmədovun Modern.az vasitəslə jurnalistlərə müraciət edib:

“Şənbə günü “Facebook” sosial şəbəkə istifadəçilərindən biri 15 nəfər Azərbaycan siyasətçilərinin şəkillərindən ibarət görüntünü öz səhifəsində dərc edərək, “Prezident seçkiləri-2018. Siz kimə səs verərsiz?” sualını ünvanlayıb

Sosial şəbəkə istifadəçisinin Azərbaycan prezidenti postuna namizəd qismində göstərdiyi bu 15 nəfər Azərbaycan siyasətçilərinin fotoşəkilləri arasına mənim də şəklim salınıb. Növbəti gün isə bəzi saytlarda dərc edilən məqalədə məlumat yayılıb ki, "Frenk Elkaponi adı ilə tanınan məşhur biznesmen Füzuli Məmmədov 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək istəyindədir".

Çox təəssüflər olsun ki, materialı dərc etməzdən qabaq bu barədə fikrimi bilmək üçün həmin sayt mənimlə əlaqə saxlamayıb. Mən jurnalistlərin suallarına cavab verməyə həmişə hazıram. Əgər  başqa şəhərlərdən zəng etmək siz jurnalistlərə baha başa gəlirsə, onda “Facebook”dakı şəxsi səhifəm vasitəsi ilə mənimlə əlaqə saxlaya bilərsiniz”.

İş adamı qəti şəkildə yazılanların həqiqətə uyğun olmadığını bildirib:

“2018-ci ildə Azərbaycanda keçiriləcək prezidenti seçkilərində mənim iştirak etmək planlarım haqqında sizin yazdıqlarınız həqiqətə uyğun deyil, tamamilə cəfəngiyatdır.  Bu, sadəcə hüquqi nonsensdir.

Hörmətli jurnalistlər! Yəqin ki, hər biriniz ali təhsillisiniz və öz ölkənizin qanunlarına yaxşı bələdsiniz. Azərbaycan Konstitusiyasının 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə namizəd qismində yalnız 10 ildən artıq Azərbaycan vətəndaşlığı olan və  Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan  vətəndaşlar öz namizədliklərini irəli sürə bilər.

Mən sizin diqqətinizi belə bir məqama yönəltmək istərdim: təəssüf ki, mən Azərbaycan Respublikasının vətəndaşı deyiləm və son 30 ildə orada yaşamıram. Bundan başqa, mən ikili - Rusiya və İtaliya vətəndaşıyam. Deməli, sırf hüquqi baxımdan, mən 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edə bilmərəm”.

 

F.Məmmədov bu kimi məsələlərlə diaspor nümayəndələrini Azərbaycandan uzaqlaşdırmamağa çağırıb:

“Rica edirəm, bundan sonra mənim adımla yanaşı "narkotik" ifadəsini işlətməyin! Sizin istinad etdiyiniz bu iş 17 il bundan əvvəl olub, o vaxt mənə qarşı sürülən bütün ittihamlar aradan götürülüb, təxribatçılar isə müxtəlif maddələrlə cəzalara məhkum olunaraq, azadlıqdan məhrum ediliblər. Ona görə də, hörmətli jurnalistlər, mənim haqqımda gerçəkliklə heç bir əlaqəsi olmayan qeyri-dəqiq məlumatlar, hər cür cəfəngiyatlar yazmağı tərgidin! Özünüzün anti-Məmmədov isterikasını dayandırın! Əziz həmvətənlər, öz xalqınızı sevin! Vətənə yardım edən ölkə diasporunun tanınmış nümayəndələrinə qara yaxmayın, onları itəliyərək, doğma Azərbaycandan uzaqlaşdırmayın!”

 

        

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir