Modern.az

Pənah Hüseyn “Yeni Musavat” qəzetini məhkəməyə verir

Pənah Hüseyn “Yeni Musavat” qəzetini məhkəməyə verir

14 İyun 2011, 15:07

Sabiq baş prokuror Əli Ömərovun “Yeni Müsavat” qəzetinə 4 iyun qiyamı ilə bağlı verdiyi müsahibə AXC hakimiyyətinin baş naziri Pənah Hüseynin etirazına səbəb olub. Modern.az  “Yeni müsavat”a istinadən bildirir ki, eks-deputat Əli Ömərovun 4 iyunla bağlı qəzetə müsahibəsindən ciddi şəkildə etiraz etmək niyyətindədir.

Qəzetə müsahibəsində sabiq baş prokuror  4 iyun Gəncə qiyamı zamanı Elçibəy hakimiyyətinin qiyamı yatırmaq üçün guya şəhərə ordu yeridərək dinc əhalini öldürmək qərarı verdiyini iddia edib.

Müsahibə ilə tanış olan P.Hüseyn redaksiya ilə əlaqə saxlayaraq bu məsələyə dair Əli Ömərovu debata çağırıb: “Ya o, debatda dediklərini sübut etsin, ya da edə bilmirsə, təkzib versin. Polemikaya gəlmirsə, mən onu məhkəməyə verəcəyəm. Təbii olaraq bu zaman “Yeni Müsavat” qəzeti və yazının müəllifi də məhkəməyə verilməlidir”.

Bundan sonra qəzet Ə.Ömərovla əlaqə saxlayıb debata razı olub-olmadığını soruşub. Keçmiş baş prokuror dediklərinin üstündə dayandığını bildirib: “Debata nə ehtiyac var ki? Mən hüquqi baxımdan öz fikirlərimi demişəm və bildiklərimi söyləmişəm, üstündə də dururam. Pənah bəy məhkəməyə verirsə, versin, mən arxivləri qaldırıb onun həmin ifadəni birbaşa televiziya vasitəsi ilə dediyini sübut edəcəm”.
Bir qədər sonra isə Ə.Ömərov redaksiya ilə əlaqə saxlayaraq debatdan qaçmadığını, sadəcə buna ehtiyac görmədiyini dedi: “Əgər lazım gələrsə, müsahibəm bitəndən sonra debata da gələ bilərəm. Eyni zamanda məhkəmədən də çəkinmirəm”.

P.Hüseyn cavabında bildirib ki, Əli Ömərov verdiyi müsahibədə yalan danışıb. “O, Elçibəy hakimiyyətinə böhtan atıb və şəxsən mənim haqqımda böhtan xarakterli, həqiqətə uyğun olmayan ifadələr yayıb. Hesab edirəm ki, həmin hadisələr haqqında materiallar, həqiqət, hüquqi sənədlər, dəlillər açıq-aşkar ortada olduqdan sonra guya, o vaxt hökumətin Gəncə əhalisinə qarşı, Gəncəni dağıtmaq məqsədi ilə əməliyyat hazırladığını iddia etmək vicdansızlıqdır. Kim bilə-bilə, hadisələrin mahiyyətini bildiyi halda qəsdən bu şəkildə iddia edirsə, o adam yalançı və şərəfsizdir. Bu barədə məsələyə aydınlıq gətirməsi üçün mənim polemika təklifimdən qaçmaq qarşı tərəfin yalançılığını etiraf etməsidir. Buna baxmayaraq, mən həmin məsələ ilə bağlı məhkəməyə müraciət edəcəm. Məhkəmə qaydasında bu müsahibədəki böhtan xarakterli, yalan məlumatların, o cümlədən konkret mənim haqqımda deyilən məlumatların həqiqətə uyğun olmadığını, eyni zamanda Əli Ömərovun bu məsələlərdə yalançı olduğunu sübut edəcəm”-deyə keçmiş baş nazir vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır