Modern.az

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin üç kitabı...

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin üç kitabı...

14 İyun 2011, 15:29

Son iki həftə ərzində Azərbaycanın regional siyasətdə yeri, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz dövlətlərinin tarixinə, siyasəti, təhlükəsizliyi, geosiyasəti və millətlərinə həsr olunmuş ABŞ, Fransa və Türkiyədə 3 yeni kitab işıq üzü görüb.  

Birinci kitab. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü və maddi dəstəyi ilə Türkiyədə nəşr olunan “Cənubi Qafqaz: Ərazi bütövlüyü, geosiyasi mübarizələr və enerji” adlı kitab Cənubi Qafqaz dövlətlərinin müstəqilliklərinin bərpasının 20 illiyinə həsr olunmuş və Cənubi Qafqaz dövlətlərinin siyasi, təhlükəsizlik və enerji əlaqələri araşdırılaraq  gələcəkdə ehtimal olunan inkişaf ssenariləri oxuculara təqdim edir. Kitabda Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Nazim Cəfərsoy, SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev, uzun illər Türkiyənin Avrasiya Strateji Araşdırmalar Mərkəzində çalışmış Kamil Ağacan, İstanbul Kadir Has Universitetinin dosenti Mitat Çelikpala, Bilkent Universitetinin müəllimi Necdət Pamir, Abant İzzet Baysal Üniversitetinin Beynəlxalq Əlaqələr bölməsinin rəhbəri Kamer Kasım, QafqazSAM-ın rəhbəri Araz Aslanlı, TÜRKSAM-ın rəhbəri Sinan Oğan, Kırıkkale Üniversitetinin müəllimi Şenol Kantarcı və Kadir Has Üniversitetinin Rektoru Mustafa Aydın kimi beynəlxalq münasibətlər üzrə tanınmış  mütəxəssislərin məqalələri yer alıb.

İkinci kitab - Fransanın məşhur “L’Harmattan” nəşriyyatının “Diplomatiya və strategiya” kolleksiyasında nəşr edilmiş Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasının müəllimi Fazil Zeynalovun “Dağlıq Qarabağ münaqişəsi, ədalətli sülh, yoxsa qaçılmaz müharibə: tarixi, geosiyasi və hüquqi baxış” adlı kitabdır. Qeyd edək ki, bu kitab Fransa Respublikasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv araşdırmaya söykənən ilk nəşrdir.

Müəllif kitabda Dağlıq Qarabağın tarixi ta qədimdən (antik) qədim alban tarixşünaslığının əsas mənbələri, orta əsr ərəb mənbələri, XİX-XX əsr rus şərqşünaslığının aparıcı simalarının, görkəmli Azərbaycan tarixçilərinin əsərləri əsasında ətraflı araşdırıb. Qafqaz Albaniyasının əyalətlərindən biri olan “Arsaxın” (Qarabağ) etno-siyasi cəhətdən Azərbaycanın ayrılmaz hissəsi olduğu və onun erməniləşdirilməsinin obyektiv səbəblərə söykənmədiyi konkret dəlillərlə isbat edilir. Müəllif nüfuzlu mənbələrə istinadən göstərir ki, “Arsaxın” yerli əhalisini Qafqaz albanları təşkil edib. Sonradan ermənilərin lehinə dəyişmiş etnik balans isə, XIX əsrin əvvəllərində rus imperiyasının regional dayaqlarının möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyi köçürmə siyasəti nəticəsində formalaşıb. Bu siyasətin nəticəsində uzun müddət qarşılıqlı anlaşma mühitində yaşayan azərbaycanlılar və ermənilər arasında etnik nifaq alovlanıb. 1905 və 1918-ci illərdə bu xalqlar arasında yaranan münaqişələrin kökündə də məhz bu amillər dayanır.

Münaqişə tərəflərinin arqumentləri müəllif tərəfindən müqayisəli şəkildə geniş təhlil edilib və onların hüquqi və tarixi aspektlərinə aydınlıq gətirilib. 1919-cu ilin avqustun 15-də Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq şərtlərini qəbul etməsi və 1921-ci il iyulun 5-də Dağlıq Qarabağa Azərbaycan SSR-nin tərkibində muxtariyyət statusunun verilməsi kontekstləri geniş tədqiq edilib. Müəllif 1991-ci ildən sonra baş verən prosesləri siyasi və hüquqi müstəvidə araşdırıb, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərarası xarakterini, Dağlıq Qarabağ ermənilərinin separatçılıq hərəkatının təbiətini təhlil edib. Kitab ingilis və rus dillərinə tərcümə olunur.

Üçüncü - STRATFOR Özəl Elmi Korporasiyasının Cənubi Qafqaz dövlətlərinin tarixinə, siyasətinə, təhlükəsizliyinə, geosiyasətinə və millətlərinə həsr olunmuş “Millətlərin ağır sınaqları: Qafqazın Geosiyasəti” adlı kitabdır. Kitabın müəllifləri STRATFOR-un vitse-prezidenti Pitr Zeyxan (Peter Zeihan) və Avrasiya məsələləri üzrə eksperti Loren Qudriçdir (Lauren Goodrich). Kitabda tarix boyu Qafqazın imperiyalar və yerli millətlər arasında bir savaş meydanı olduğu göstərilir və qeyd olunur ki, bu kimi geosiyasi durumlarda yerli millətlər imperiyalarla və qonşu dövlətlərlə daim balans axtarışında olublar. 21-ci əsrdə imperiyalar dövlətlərə, yerli millətlər isə azad olaraq respublikalara çevrildilər. Amma buna baxmayaraq, Qafqaz yenə də keçmiş imperiyaların varislərinin və xarici “oyunçularının” maraq dairəsində önəmli yer tutur. Kitabda Qafqazın necə  mürəkkəb bir regiona çevrilməsinin tarixçəsi, rus, türk və İran imperiyalarının yüksəliş və çökməsinin regiona,  keçmişdə baş verən hadisələrin bugünkü gerçəkliklərə təsiri öz əksini tapıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı