Modern.az

Jurnalist İmdad Əlizadənin atasını vuran sürücünün məhkəməsi olacaq  

Jurnalist İmdad Əlizadənin atasını vuran sürücünün məhkəməsi olacaq   

2 Noyabr 2017, 12:13

Keçən il fevralın 14-də Bakıda - “Koroğlu” metrostansiyasının yaxınlığında avtomobil qəzasına düşən və daha sonra bir neçə ay komada qalan mərhum yazıçı-publisist Əli Əliyevi vuran sürücü hələ də azadlıqdadır.

 Bu barədə Əli Əliyevin oğlu, tanınmış jurnalist İmdad Əlizadə  Modern.az-a məlumat verib:

“Hazırda açılmış cinayət işi əvvəlki kimi Nərimanov rayonu Polis İdarəsində araşdırılır. İstintaq artıq yekunlaşıb və materiallarla tanış olmuşam. Yaxın günlərdə cinayət işi baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndəriləcək. Lakin  sürücü hələ də azadlıqdadır.

Bundan başqa, mən mülki iddia da qaldırmışam. Tələbimiz isə atamın müalicəsi üçün xərclənən  160 min manatdan artıq vəsaitin günahkar Seymur Qarayevdən tutularaq, bizə ödənilməsidir. Nərimanov rayon Polis İdarəsi məni həm zərərçəkmiş şəxsin hüquqi varisi, həm də mülki iddiaçı kimi tanıyıb”.

İ. Əlizadə qeyd edib ki, istintaq prosesinin uzanma səbəbi cinayət işi üzrə ekspertiza rəylərinin alınması ilə bağlıdır:

“Ötən ilin təxminən iyun ayında Seymur Qarayevi barəsində həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə aparmışdılar. Amma həmin dövrdə Nərimanov rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçməmişdi. Digər tərəfdən, əvvəl bu cinayət işi zərərçəkmiş şəxsin ağır xəsarət alması ilə bağlı idi. Atam dünyasını dəyişəndən sonra həmin maddə zərərçəkmiş şəxsin dünyasını dəyişməsi maddəsi ilə əvəz olundu.   Həbs qətimkan tədbiri ilə bağlı bir dəfə  məhkəmə qərarı olduğuna görə, atam dünyasını dəyişəndən sonra onu yenidən eyni təqdimatla məhkəməyə aparmaq mümkün olmadı. Qanunvericilik də buna imkan vermir. Bu səbəbdən sürücü hələ ki həbs olunmayıb.

İstintaqın uzanma səbəbi isə cinayət işi üzrə ekpertiza rəylərinin alınması ilə bağlıdır. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və həmçinin bir neçə başqa yerlərdən rəylər alınıb. Amma artıq  istintaq bitib və  sənədlərlə tanış olub imzalamışam. Yekun qərarı Nərimanov rayon Məhkəməsi verəcək”.

Qeyd edək ki, Əli Əliyev Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna - həmkəndlisinin hüzr mərasiminə gedərkən yolu keçəndə minik avtomobili tərəfindən vurulub. Qəzadan sonra müəyyən müddət komada qalan, Bakıdakı 1 saylı xəstəxananın reanimasiya şöbəsində saxlanılan və daha sonra Mərkəzi Klinik Xəstəxana və digər özəl klinikalarda müalicə edilən Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir