Modern.az

Azərbaycanla Ukrayna gənclər və idman sahəsində əməkdaşlığa dair niyyət protokolu imzaladılar

Azərbaycanla Ukrayna gənclər və idman sahəsində əməkdaşlığa dair niyyət protokolu imzaladılar

2 Noyabr 2017, 15:30

Kiyevdə Azərbaycan və Ukrayna arasında gənclər və idman sahələrində əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Modern.az saytı Azərtac-a xəbər verir ki, niyyət protokolunu Ukrayna Ali Radasının ailə məsələləri, gənclər siyasəti, idman və turizm komitəsinin sədri Artur Palatnıy və Azərbaycan Respublikası Milli Məclisinin gənclər və idman komitəsinin sədri Fuad Muradov imzalayıblar.

Azərbaycan və Ukrayna parlamentləri arasında səmimi, dost münasibətlərin uğurla davam etdiyini vurğulayan A.Palatnıy bildirib: “Qarşılıqlı təcrübə mübadiləsi davam etdirilməlidir. Azərbaycana gəlib ölkənizdə görülən işlərlə maraqlanmaq istəyirik. Hər iki parlament gənclər və idman sahələrində əldə edilmiş təcrübəyə aid informasiya mübadiləsini həyata keçirmək üçün səylərini artırmalıdırlar”.

Həmkarını Azərbaycana dəvət edən F.Muradov ölkələrimiz arasında gənclər və idman sahələrində həll ediləcək bir sıra məsələlərin olduğunu vurğulayıb. Komitə sədri qeyd edib: “Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti dövlətimizin başçısı İlham Əliyevdir. Məhz bu baxımdan Azərbaycanda idmana çox böyük diqqət göstərilir. Hər iki ölkə gənclər və idman sahələrində problemlərin həlli istiqamətində ikitərəfli əməkdaşlığın inkişafı üçün qarşılıqlı fəaliyyət göstərməlidirlər”.

Azərbaycanın Uşaq-Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti, deputat Rauf Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda güclü Olimpiya hərəkatının formalaşdığını vurğulayıb: “Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idman infrastrukturu tamamilə yenidən qurulub, müasirləşdirilib”.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, hər iki ölkənin parlamentləri əməkdaşlığın dərinləşməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Azərbaycan-Ukrayna əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir. Bu münasibətlərdə hüquq əməkdaşlıq da xüsusi yer tutur. İki ölkə arasında imzalanmış dövlətlərarası müqavilələr çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər