Modern.az

Mətbuat Şurasından Dövlət Departamentinə sərt CAVAB

Mətbuat Şurasından Dövlət Departamentinə sərt CAVAB

Aktual

3 Noyabr 2017, 13:20

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Jurnalistlərə Qarşı Cəzasızlığa Son Qoymaq Uğrunda Beynəlxalq Gün münasibətilə bəyanat yayıb.

 

Həmin bəyanatda deyilib ki, dünya boyu jurnalistlər bütün cəmiyyətlərdə insanların həyatına təsir göstərən məsələləri işıqlandırmaq naminə şəxsi risklərə gedirlər.

 

Bir sıra ölkələrdən nümunələr gətirən Nauert Azərbaycan, Rusiya, Türkiyə, İraq, və Suriyanı sadalayıb.

 

“Azərbaycanda 10 jurnalistdən 9-a edilən fiziki hücum cəzasız qalır”-Nauert bildirib.

 

O  qeyd edib ki, müstəqil jurnalistlərin səyləri dünya boyu demokratiyanı dəstəkləməkdən əlavə, Amerika daxilində də demokratiyanın sağlam funksiya göstərməsinə vasitəçilik edir.

 

"Rusiyada jurnalistlərin qətli istiqamətində cavabdehliyə doğru proqres baş vermir. Türkiyədə jurnalistlərə və müstəqil media institutlarına hücumların müəllifləri minimum cəzalar alırlar. Bu cəzasızlıq müstəqil medianın hədəf alınmasında ədliyyə qanadından istifadə fonunda baş verir” - Dövlət Departamentinin sözçüsü bildirib.

 

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Modern.az-a açıqlamasında Dövlət Departamentinin  sözçüsünün fikirlərinə münasibət bildirib.

 

“ABŞ-da baş verənlər çox təhlükəlidir”

 

“Mənə elə gəlir ki, xanımın açıqlaması mövcud dünyada ABŞ-a olan neqativ rəyin dəyişdirilməsinə hesablanmış açıqlamadır. Bildiyiniz kimi, hazırda dünya mediası üçün bir nömrəli problemlərdən biri  ABŞ-ın hazırkı siyasi kursudur. İstər Trampın seçki kampaniyası, istərsə də ondan sonrakı dövrdə mediaya qarşı yönəltdikləri proqram hər kəsə məlumdur.

 

Onların mediaya qarşı neqativ davranışı bütün dünyada ciddi narahatlıq yaradır. Beynəlxalq media ekspertləri vurğulayırdılar ki, dünyanın hər hansı bir ölkəsində media ilə bağlı insidentlər yerli medianın problemidir. Amma ABŞ-da baş verənlər çox təhlükəlidir. Çünki ABŞ dünyanın super dövlətidir və burda mediaya qarşı sərgilənən münasibət sabah dünyanın başqa ölkələrinə başqa diktatura rejimləri üçün örnək ola bilər”.

 

Çox ciddi problemlər var

 

Müşfiq Ələsgərli bildirib ki, bunlar boş təbliğatdan başqa bir şey deyil.

 

“Bu baxımdan dünyanın aparıcı media təşkilatları Trampın və ABŞ-ın media siyasətini kəskin şəkildə pisləyirlər. Belə bir vaxtda ABŞ Dövlət Departamentinin dünyadakı ölkələrə diqqət yetirməsi və Azərbaycanın da adını çəkməsi ən azı gülünc doğurur.

 

Çünki dünyanın gözü ABŞ-da və orada baş verən hadisələrdədir. Son vaxtlar Tramp kampaniyasına üzv olmuş adamların korrupsiyada ittiham olunaraq həbs olunması və digər hadisələr bu məsələ haqqında düşünməyə əsas verir. Bu ölkədə media azadlığı haqqında deyilənlər yalnız boş təbliğatdan başqa bir şey deyil. Çox ciddi şəkildə problemlər mövcuddur”

 

Dünyada media ilə bağlı problemlərin kökünü kəsmək istəyirlərsə....

 

M. Ələsgərlinin sözlərinə görə, Amerika islahatlara öncə, özündən  başlasa, yaxşı olar.

 

“Hətta beynəlxalq təşkilatların siyahısında son 8 il ərzində ABŞ-ın 9 jurnalistinin qətlə yetirilməsi haqqında faktlar var ki, həmin faktlar açıqlanıb. 2015-ci ildə 2 ABŞ jurnalisti irqi mənsubiyyətinə görə öldürülüb.

 

Bu cür halların fonunda ABŞ-ın hansısa qurumlarının belə açıqlamalar verməsi ən azı özlərinin obyektivliyinə qarşı inamı azaldır. Müraciət edərdim ki, əgər həqiqətən səmimi şəkildə dünyada media azadlığının təmin olunmasında maraqlıdırlarsa, öncə islahatlara özlərindən başlamalı sonra isə dünya ölkələrinə irad bildirə bildirməlidirlər.

 

Hər bir ölkədə media ilə bağlı problemlər mövcuddur. Bu istisna deyil. Amma bütün problemlərin kökü örnək olaraq ABŞ-dan götürülür. Ona görə də dünyada media ilə bağlı problemlərin kökünü kəsmək istəyirlərsə, öncə özlərində olan tendensiyanın qarşısını alsınlar”

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir