Modern.az

Yeni il ərəfəsində dollara tələbat artacaq

Yeni il ərəfəsində dollara tələbat artacaq

7 Noyabr 2017, 12:50

İlin sonunda Azərbaycanda dollara tələbat artacaq. Bu barədə Modern.az-a iqtisadçı Natiq Cəfərli məlumat verib.

 

Onun sözlərinə görə, bu artım manatın məzənnəsinə hansısa şəkildə təsir etməyəcək:

 

“Cari ilin oktyabr ayında keçirilən hərraclarda sentyabra nisbətən dolların həcmində 100 milyona yaxın artım müşahidə olunur. Tələbatın artım tempi yüksəlməkdədir.

 

Ənənəvi olaraq, ilin sonunda, büdcə xərcləmələri də artır. II rübün sonu və IV rüb ən çox büdcə xərcləmələri olan aylar kimi tarixə keçir. Ən azından son 15 ildə situasiya bu şəkildə təkrarlanıb. Eyni zamanda, ilin sonunda manat dövriyyəsinin artması müşahidə olunur. Manat dövriyyəsinin artması özü də dollara tələbatın yüksəlməsinə səbəb olan amillərdəndir. Amma indiki halda tədiyyə balansında müsbət saldonun həcmi artır. Çünki neft qiymətləri ən müxtəlif səbəblərdən, əsasən də Səudiyyə Ərəbistanında baş verən hadisələrdən sonra böyük sıçrayışla artıb”.

 

N.Cəfərli bildirib ki, neftin indiki qiymətləri ölkə iqtisadiyyatı üçün olduqca əlverişlidir:

 

“Neftin qiymətinin yüksəlməsi, təqribən 63-64 dollar civarında olması Azərbaycan hökumətinə və Mərkəzi Banka rahat nəfəs almağa imkan verir. Düşünmürəm ki, neftin belə yüksək rəqəmləri fonunda manatın məzənnəsilə bağlı hər hansı dəyişiklik baş versin. Əgər siyasi səbəblərdən bahalaşan neft qiymətlərində bir müddət sonra yenidən ucuzlaşma olacaqsa, o zaman müəyyən addımların atılması gözləniləndir. Amma hələlik indiki məzənnə rejimi hökuməti, Mərkəzi Bankı və biznesi qane edəcək şəkildədir. Görünən odur ki, Mərkəzi Bank məzənnənin bu şəkildə qalıcı olmasının tərəfdarıdır. Nə onu ucuzlaşdırmağa, nə də bahalaşdırmağa cəhd göstərir.

 

Ona görə də manatın dollar qarşısında 1.70 dəhlizi dəyişməz olaraq qalır. Bu həm də məzənnənin iqtisadi qanunlarla deyil, inzibati müdaxilələrlə reallaşdığının sübutdur. Çünki manatın məzənnəsi kənar heç bir iqtisadi prosesə reaksiya vermir. Ona görə də ilin sonuna doğru kəskin məzənnə dəyişikliyini gözləmirəm. Hər halda növbəti ayda açıqlanacaq rəqəmlər də sübut edəcək ki, dollara tələbatın ən yüksək səviyyədə olduğu ay məhz dekabr olacaq. Dekabrda dollara tələbat kəskin artacaq. Amma hələlik Mərkəzi Bankın ehtiyatları var. Həm də Dövlət Neft Fondundan 7,5 milyard manat əlavə vəsait ayrılıb. Hələ ki, onun 5 milyardı xərclənib və 2, 5 milyard manatı ehtiyatdadır.

 

Ona görə də kəskin dəyişiklik gözlənilmir. Amma hər şeyi neftə bağlamaq da doğru deyil. Çünki neft qiymətləri kəskin artdığı kimi, günün birində kəskin də enə bilər. Neft qiymətləri növbəti ilin əvvəlində 45-50 dollar dəhlizinə qayıtsa, o zaman Mərkəzi Bank artıq manatla bağlı daha ciddi qərarlar qəbul edə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir