Modern.az

“Şahmatda uğur ciddi proseslərdən keçir” - Komitə sədri çempionları TƏBRİK ETDİ  

“Şahmatda uğur ciddi proseslərdən keçir” - Komitə sədri çempionları TƏBRİK ETDİ   

Aktual

7 Noyabr 2017, 17:44

Şahmat üzrə Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub. Kişi idmançılarımız bu nailiyyəti Yunanıstanın Krit adasında başa çatan nüfuzlu yarış zamanı əldə ediblər.

Sonuncu turda Azərbaycan yığması Ukrayna ilə (2:2) heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib (3:1). Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan olunub. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.


Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, deputat Fuad Muradov Modern.az-a açıqlamasında çempionlarımızı təbrik edib.

 “Öncə, Avropa çempionu olmaları münasibətilə yığmamızı təbrik edirəm. Şahmat elə bir sahədir ki, orada uğur əldə etmək çox ciddi proseslərdən keçməklə başa gəlir. Xüsusən, bu gün şahmat dünyasında rəqabət də çox böyükdür.  Ənənəvi ölkələr var ki, onlar daim belə yarışlarda iştirak edirlər. Buna baxmayaraq, Azərbaycan yığmasını tanıyıram və komandamızın üzvlərilə dəfələrlə görüşlər keçirmişəm. Hər biri qabiliyyətli insandır. Onları ürəkdən təbrik edirəm.
Təbii ki, bu uğur, ölkə başçısının idmana olan yanaşmasının nəticəsisir. Bizim ölkədə Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevdir. Bu o deməkdir ki, ölkənin ən üst səviyyəsində idmana yüksək yanaşma mövcuddur.
Məsələnin ikinci tərəfi, son illər ərzində beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi heç də  statistik məlumatı artırmaq deyildi. Biz beynəlxalq tədbirləri Azərbaycana gətirməklə yeni idman mühiti yaratmağa çalışırıq. Bütün bu tədbirlər beynəlxalq təcrübədən keçirilib və çox böyük təcrübə əldə edilib. Könüllülərdən tutmuş peşəkar idmançıya qədər hər kəsin təcrübəsi artırılır. Bunlar dövlətin uğurlu siyasətinin nəticəsidir”.

Komitə sədrinin sözlərinə görə, idman sahəsində atılan addımlar böyük “yol xəritəsi”nin əsas istiqamətlərindən biridir:

“Bunlar dövlətimizin məqsədyönlü siyasətinin nəticəsidir. Milli Məclisdə Gənclər və idman komitəsinin və Prezident Administrasiyasında yeni Gənclər və idman şöbəsinin yaranması, eləcə də Gənclər və İdman Nazirliyinin fəaliyyət göstərməsi böyük bir “yol xəritəsi”nin əsas istiqamətlərindən biridir. Ona görə də bütün bu işləri təbii sayıram. Hətta bizim yaralı yerimiz olan futbolda da bu gün nailiyyətlər əldə etməyə çalışırıq. Təbii ki,“Qarabağ”ımız  bizi sevindirir. Bu yaxınlarda voleybol sahəsində yığmamız yüksək səviyyədə təmsil olundu. Həmçinin, ənənəvi idman növündən başqa qış idman növü istiqamətində də böyük işlər görülür.

İdman vaxt tələb edən sahədir. Burada yüksək nəticələri 3 ya da 5 ilə gözləmək doğru deyil. Buna baxmayaraq, Azərbaycan son 10 il ərzində həyata keçirilən bütün sahələrdə olduğu kimi, idmanda da uğurlar əldə edib. Amma idmanın bir üstünlüyü var ki, burada nəticə dərhal görünür. Başqa sahələrdə yarışlar olmasa da, idman sahəsində yarışlar zamanı qalib olub bayrağı zirvələrə qaldırmaq mümkündür. Ona görə də idman sahəsində qələbələr çox tez hiss olunur.
Hazırda Milli Məclisdə büdcə müzakirələri gedir. Demək olar ki, idman sahəsində heç bir azalma müşahidə olunmur. Bu o deməkdir ki, biz bu siyasətimizi gələcəkdə də davam etdirəcəyik. Həmçinin, birinci vitse-prezident Mehriban Əliyevanın idman və gənclər sahəsinə göstərdiyi diqqət də göz önündədir. Bu istiqamətdə həyata keçirilən işlər cəmiyyətdə müsbət qarşılanır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir