Modern.az

Bayraq günündə Kəlbəcərin bir addımlığına get, amma bayrağını dalğalandıra bilmə - Reportaj

Bayraq günündə Kəlbəcərin bir addımlığına get, amma bayrağını dalğalandıra bilmə - Reportaj

9 Noyabr 2017, 18:51

Noyabrın 8-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi, “ASAN xidmət” və Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Tərtərdə Dövlət Bayrağı Gününə həsr olunan “Bayraq yürüşü” keçirdi.

 

Yürüşdə Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, Qarabağ müharibəsi veteranları, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edirdilər. Yürüş iştirakçıları əvvəlcə Tərtər rayonunun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoydular.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək, Azərbaycan dövlətinin və istiqlalımızın müqəddəs rəmzlərindən olan bayrağın milli kimliyimizin simvolu olduğunu vurğuladı. O, hər bir azərbaycanlının qürur mənbəyi olan dövlət bayrağının tarixindən söz açıb və Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini diqqətə çatdırdı. Natiq əminliklə vurğuladı ki, bayrağımızın işğal altındakı ərazilərimizdə dalğalanacağı gün uzaqda deyil və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olacağıq.

 

 

 

Millət vəkili Aydın Mirzəzadə cəbhə bölgəsində yerləşən rayonda “bayraq yürüşü”nün əhəmiyyətini yüksək qiymətləndirdi: “Belə tədbirlərin keçirilməsi insanları daima yüksək əhval-ruhiyyədə saxlayır. Böyüməkdə olan uşaqlar milli atributlarımızın mənasını dərk edirlər. Bir dövlətin bayrağının dalğalanması onun müstəqillik atributlarından biridir. Bayraq günümüz mübarək”.

 

Tədbirə qatılanlar arasında olan Modern.az-ın əməkdaşı öz təəssüratlarını oxucularla bölüşür:

 

Beləliklə, Bakıdan Tərtərə doğru uzun bir yol qət etməli idik və etdik də. Bayraq günündə xəyallarımız da üçrəngli idi.

 

Tərtərə daxil olanda böyük canlanma müşahidə olunurdu. Hər tərəfdə üçrəngli bayrağımız dalğalanırdı. Uşaqdan böyüyə kimi hamının üzündə bir təbəssüm vardı. Hər kəs əlində tutduğu bayrağın özəlliyini dərk edirdi.

 

Dediyimiz kimi, Qarabağ müharibəsi veteranları da yürüşə qatılmışdı. Onların üzündə yenidən silaha sarılıb düşmənlə döyüşə getmək əzmi vardı. Ayrı-ayrılıqda keçmiş döyüşçülərin üzündə sanki belə bir ifadə yer almışdı. Biz dünən də Qarabağ uğrunda döyüşdük, qorxmadıq. Bu gün də döyüşmək istəyirik. Qorxmuruq. Təki, vətən sağ olsun!

 

 

Yürüşə qoşulanlar arasında əlil arabasında hərəkət edən keçmiş döyüşçü Niyazi Qurbanov da vardı. Onu elə döyüş dostları əhatəyə almışdılar. Əlil arabasında olsa da, nə məsafənin uzunluğu, nə də havanın soyuqluğu onu yürüşə qoşulmaqdan geri çəkindirməmişdi. 1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Niyazi Qurbanov bu gün də illər əvvəlki əhval-ruhiyyəsində idi:

“Bayraq bayramımızı qeyd edirik. Gün gələcək torpaqlarımız işğaldan azad olunacaq və bu bayramları doğma torpaqlarımızda qeyd edəcəyik. Yaşasın Azərbaycan!”

Keçmiş döyüşçü deyir ki, bizim ön cəbhədə belə yürüşlər keçirməyimiz düşmənə göz dağıdır və əzmkarlığımız onların canına həmişə vəlvələ salıb.

 

 

 

Dünənki yürüşdə aprel döyüşləri zamanı qəhrəmancasına döyüşən polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Orucov da qatılmışdı. Şəhidimizin oğlu üçrəngli bayrağımızın anlamını elə mənalı ifadə edir ki!... Söz tapmaqda acizik..

“Evimizdə bizə  vətən və bayraq anlaşıyışı hər zaman aşılanıb. Təsəvvür edin, atam bu bayraq uğrunda şəhid olub. Ona görə də bu hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm.Tərtərdəki “bayraq yürüşü”nə qatılmaqla, həm də düşmənlə daha yaxın məsafədəyik. İşğal altında qalan torpaqlar şəhid övladlarını daha çox özünə çəkir. Cəbhə bölgəsində dalğalandırdığımız üçrəngli bayrağımız düşmənə göz dağıdır”.

 

 

Tərtərdəki yürüşümüzü başa vurub rayonun Şıxarx qəsəbəsinə yollanırıq. Yol boyu Tərtər çöllərində bol pambıq tarlaları diqqətimizi çəkir. Bəyaz pambıq tarlaları ağ qızılımızın bu il bərəkətli olacağını göstərir. Günortadan bir az keçdikdən sonra hər tərəfini duman bürüyən Tərtərə narın-narın yağış yağmağa başlayır.

 

Amma ön cəbhənin insanları daha ümidli görünürlər. Doğma torpaqlarını ayırıb araya hasar çəkən düşməni dəf edib sakit yaşamaq ümidləridir bu ümidlər. Rayona və bir neçə kəndə gedən istiqamətdə insanların rahatlığını daha yaxşı təmin etmək məqsədi ilə səliqəli yollar salınıb. Cəbhə bölgəsi olmasına baxmayaraq,  Tərtərə ilk dəfə gələn adam heç bu rayonun ön xəttə yerləşdiyini hiss etməz.

Artıq Şıxarx qəsəbəsinə çatırıq. “Marağa 150” abidəsi ilə bizi tanış edirlər.

Bu o abidədir ki, Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə elə onların özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən məqsədli şəkildə dağıdılıb. Onsuz da, ermənilər işğalçılıq siyasətlərini məqsədli şəkildə həyata keçiriblər.

 

Şıxarx qəsəbəsində yeni salınmış yolun bizi hara aparacağını bilməsək də, getmək istəyirdik ki.... “Dayanın getməyin ora”.

Əraziyə nəzarət edən hərbçilər o yola tərəf getməyimizə əngəl oldular. Heç demə, əngəl olduqları yol Kəlbəcərə getmək üçün çəkilib. Yəni biz o yolla üzü Kəlbəcərə tərəf gedə bilərik. Amma, bu, mümkün deyil.

 

 

Önündə dayandığım yol çox sözlər deyirdi. Biz bu yolla bir anlıq Kəlbəcərə getdik, o torpaqlara baş çəkdik. Dilqəmlə Şahbazın qara taleyini xəbər aldıq. Ala bilmədiyimiz xəbər bizə sillə kimi toxundu və qurduğumuz xəyallarımızdan ayılmalı olduq.

 

Kaş ki, həyatın amansız qanunları olmaya... Üzərində dayandığımız yerlə Kəlbəcər araskındakı məsafə elə yaxındır ki!.. Keç, burdan o tərəflərə... Qalx, Kəlbəcər dağlarına, en, bulaqlarından su iç. Sonra da evinə get, çırağını yandır...

 

 Ehh, yaxın məsafələr elə uzaq görünür ki! Bakıdan uzaq məsafəni qət edib Tərtərə gəl, burdan Kəlbəcərin bir addımlığına həsrətlə bax...

 

Biz ümidlə baxırıq o torpaqlara. Sadəcə, ümidləri gözündə qalan düşmənlərimiz olacaq. Üçrəngli bayrağımız elə o torpaqlarda dalğalanacaq. Bayraq günümüz mübarək!

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir