Modern.az

Azərbaycan gürcüləri: Qaxda gəzib, gördüklərimiz... (REPORTAJ)

Azərbaycan gürcüləri: Qaxda gəzib, gördüklərimiz... (REPORTAJ)

Reportaj

17 İyun 2011, 18:04

Gürcüstan dövlət nişanlı maşınlar, Gürcüstan nömrəsi və Gürcüstanda təhsil alan tələbələr...


Azərbaycanlılarla dədə-baba vaxtından mehriban yaşamışıq, qız alıb, qız vermişik, xeyirimiz, şərimiz bir olub. Bizim də, azərbaycanlıların da işsizlikdən başqa problemimiz yoxdur.

Bu sözləri bizimlə söhbətində Qaxda yaşayan gürcülərdən biri – Ota Kulaşvili bildirdi. Zarafatından qalmayan Kötüklü kəndinin sakini O.Kulaşvili əlavə etdi ki, “problemi pul yaradır, nə bizdə, nə də azərbaycanlılarda pul var, buna görə də  problemsiz yaşayırıq”.

Qaxda yaşayan gürcülərin yaşam tərzini, problemlərini öyrənmək üçün Qaxın gürcülər yaşayan bir neçə kəndində olduq. Qax rayonunun əhalisinin 12 faizini, yəni 7500 nəfərini gürcülər təşkil edir.  Onlar rayonun əsasən şəhər, Qax İngiloy, Əlibəyli, İngiloy Kötüklü, Alatəmir, Meşəbaş, Qaxbaş, və Qarameşə kəndlərində məskunlaşıblar. Gürcü dilində təhsil alır və öz aralarında gürcücə danışırlar. 

Rayon ərazisində təlim gürcü dilində olan 6 məktəb, 1 bölmə, 6 məktəbəqədər tərbiyə müəssisəsi, həmçinin 6 səhiyyə müəssisəsi, 14 mədəniyyət müəssisəsi, 6 kilsə, Qax İngiloy kəndində Gürcü-Mədəniyyət Mərkəzi, şəhərdə Mose Canaşvilinin ev muzeyi, Əlibəyli kəndində Dövlət Dram Teatrı, İosif Stalinin 2 heykəli, gürcü yazıçısı İlya Çavçavadzenin büstü və 1990-cı ildə Gürcüstanda baş vermiş 9 aprel faciəsinə qoyulmuş abidə var.

“Çaxırsız yaşaya bilmərik”

Yolumuzu gürcülərin kompakt yaşadığı 25 evdən ibarət Kötüklü kəndindən salırıq. İlk yaxınlaşdığımız həyətdə ev sahibi qonşularına qonaqlıq verirdi. Bizi də süfrəyə dəvət edən ev sahibləri və qonaqlarla  xeyli söhbətləşdik. Məlum oldu ki, 2 maşın ot “pres”i gətiriblər və özlərinin məhsulu olan çaxırı yenicə kəsib qızartdıqları donuz ətiylə yedikdən sonra həmin maşını boşaldacaqlar. Ev sahibi Quram Dukaşvili zarafatından qalmır:
“Çaxırsız yaşaya bilmərik. Yaxşı, pis günümüzü bu çaxırla başa vururuq. Çaxır bizə güc verir, dərdi-sərimizi aparır. Həm də çaxır içəndən sonra var-yox haqda fkirləşmirik”.

Qaxda yaşayan digər gürcülər kimi, bu ailənin də Gürcüstanla əlaqəsi var. Qızları orda ali təhsil alır. Qeyd edək ki, ümumiyyətlə, Azərbaycanda yaşayan gürcüləri Gürcüstana bağlayan əsas bağ orada təhsil alan övladlarının olmasıdır. Tələbələrə tez-tez Azərbaycandan bağlamalar göndərir, arada da gedib baş çəkirlər.

Quram Dukaşvili işsizlikdən şikayət etsə də, onun həyat yoldaşı Nanuli Dukaşvili deyir ki, işləmək, pul qazanmaq istəyən üçün kifayət qədər iş var: “Düzdür, diplomum evdə yatıb qalıb. Amma bu o demək deyil ki, mən pul qazana bilmirəm. Bu böyüklükdə həyət mənə baxır. Oğlum Bakıda hərbi xidmətdədir, qızım isə Tiflisdə oxuyur. Təkbaşına həm donuzlara baxıram, həm toyuq-cücə saxlayıram, həm bazarda satmaq üçün pomodor-xiyar becərirəm. Yoldaşım da traktor sürür.

Öyrəndik ki, Qaxın kəndlərində icra nümayəndəlikləri, bələdiyyələr və digər qurumlardakı dövlət işlərini çıxmaq şərtilə işləmək üçün fabrik-zavod yoxdur. Amma buna baxmayaraq, pul qazanmaq üçün kifayət qədər iş var. Gürcülər maldarlıqla, donuzçuluqla məşğul olurlar. Həmçinin meyvə-tərəvəz, arpa, qarğıdalı yetişdirib bazarlara çıxarır, toyuq-cücə saxlayırlar. Bundan başqa, üzümdən şərab da çəkib həm özləri istifadə edir, həm də satışa çıxarırılar. Təkcə Quram Dukaşvilinin həyətində ümumilikdə 3 tona yaxın çaxır tutan üç quyu var. Buğda da əkib becərirlər. Amma əkdikləri buğdadan ancaq özləri üçün un üyüdürlər. Kənd sakini Ota Kulaşvili deyir ki, pay torpaqlarında buğda əkib bazara çıxarmaq istəyərdilər, amma bunun üçün pulları yoxdur: “İstərdik ki, hökumət bizə pul və texnika ayırsın”.

Gürcülərin kəndlərində qız qaçırmaq dəbdədir

Gürcülər arasında azərbaycanlılara qız verib-qız alanlar da az deyil. Üz tutduğumuz digər kənd - Alatəmirdə nə az, nə də çox, düz 5 azərbaycanlı gəlin var. Kənd sakini Nodar Kulaçvili deyir ki, azərbaycanlılardan qız aldıqları kimi, onlara qız da verirlər: “Mənim qızım azərbaycanlıya ərə gedib. Qardaşımın yoldaşı da azərbaycanlıdır. Bir-birlərini sevib seçiblərsə, biz kimik ki, nəysə deyək”. 

Qeyd edək ki, gürcülərin yaşadığl kəndlərdə qız qaçırmaq dəbdədir. Özü də toy təbiət qoynunda 3 gün 3 gecə davam edir.

Bakının Maştağa kəndindən gürcü Andrey Zurabaşviliylə qoşulub Alatəmirə gələn 73 yaşlı Zəkiyyə nənə 43 il əvvəl bura gəlməsindən peşiman deyil. Gürcülərdən razılıq edən Zəkiyyə nənə gürcülərin azərbaycanlı gəlinlərə çox yaxşı baxdıqlarını dedi: “Düzdür, əvvəl gələndə bir az çətinliklərim oldu. Az da olsa, adət-ənənə baxımından fərqlər var. Məsələn, gürcülər yasda da, toyda da spirtli içki qəbul edirlər. Əvvəllər bu, mənə qəribə gəlirdi, amma indi artıq alışmışam və hətta mən də onlara qoşuluram”.

Alatəmirə 4 aydır ki, Şəkidən gəlin köçən Gülzar xanım da gürcüləri ağız dolusu təriflədi: “İnsani xüsusiyyətləri çoxdur, azərbaycanlılardan görmədiyim yaxşılığı onlardan görürəm. Şəkidə mənimlə ailə qurmaq istəyənlərin heç biri oğlumu qəbul etmədilər, amma Yura 15 yaşlı oğlumu da qəbul etdi. Atamla ov yoldaşıdır, bizə gəib atamla ova gedəndə məni görüb bəyənib”.

Gürcülərin mehribanlığından, insani xüsusiyyətlərindən danışan Gülzar xanım bircə “əmma”nın olduğunu dedi: “Amma bir az tənbəldilər. Buna görə də çox kasıbdırlar. Evlərinə-eşiklərinə baxmırlar. 1 saat iş görürlər, 8-9 saat oturub yeyib-içib şənlənirlər. Mən bu evə gəlin köçəndən sonra Yuranı məcbur edib mağaza açdırdım, donuz aldırdım. Deyirəm bu kasıb gürcü balasını dirçəldim”. 
Elə bu anda Yura da bizə qoşulur. Gülzar xanım şəkililiyindən qalmayıb yoldaşının yaxınlaşdığını görən kimi bizə “göz vurub” yenidən “bəy tərifi”nə  başlayır: “İnanın, Azərbaycanda axtarsanız, belə yaxşı kişi tapmazsınız”.

“Heç bir əskiyimiz yoxdur”

Söhbətləşdiyimiz kənd sakinləri Azərbaycanın digər kəndlərində olduğu kimi, işsizlikdən başqa problemlərinin olmadığını dedilər. Alatəmir kənd sakini Nura Poladaşvilinin isə şikayəti başqadır. Deyir ki, torpaq bölgüsü zamanı ona düşən torpağın hamısı çatmayıb: “Bu kənddə hamı hər şeydən razıdır, hamını danışdırın, heç kim şikayət etməyəcək, çünki heç bir əskiyimiz yoxdur. Amma bircə mənəm ki, torpaq bölgüsündən narazıyam. Bunun üçün Bakıya belə yazmışam, amma Qaxda torpaq şöbəsində oturanlar işimin düzəlməsi üçün kömək etmirlər”.

Mağazada satıcı işləyən Gena dayı da hər şeydən razılıq etsə də, nisyə dəftərlərini qarşımıza tökərək camaatdan nisyələrini ala bilmədiyini dedi. Deyir ki, banklardan kredit götürmək məsələsi dəbə minəndən bəri camaatdan pul almaq çətinləşib: “Kreditə pul götürürlər, aydan aya da aldıqları təqaüdlə ancaq onu ödəyirlər”. Gena dayının sözlərinə görə, onun pullu vaxtları fındıq “sezonu”na düşür. Daha doğrusu, fındıq yığımı başlayanda hamı nisyələrini qaytarmağa başlayır.

Tarix boyu azərbaycanlılarla qardaş kimi yaşadıqlarını deyən, yaşı 90-nı haqlayan Georgi Baçalaşvilinin sözlərinə görə, mavi yanacaq,  içməli su, işıq baxımından heç bir çətinlikləri yoxdur, hamısını dövlət təmin edib. Altəmirdəki ailələrin əksəriyətinin pulu fındıqçılıq və qozçuluqdan çıxdığını deyən Georgi Baçalaşvili əkin üçün suları və texnikaları olsa, əkinçilikdən də yaxşı pul qazana biləcəklərini vurğuladı. 

“Çox istərdik Allaha dua etmək üçün yerimiz olsun

Alatəmirin ən böyük problemi isə buradakı Sameba kilsəsidir. Əsrlərlə yaşı olan bu kilsənin bərpaya ehtiyacı olsa da, sakinlər deyirlər ki, irəli düşüb bir şey edən yoxdur. Sakinlər bizim vasitəmizlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edərək onlara yardım etməsini xahiş etdilər: “Çox istəyirik ki, bu kilsəni təmir etsinlər və bizim də keşişimiz olsun, dərdlərimizi ona danışaq, Allaha dua etmək üçün yerimiz olsun”.

Qax-İngiloyda müəllim artıqlığı

Yolumuzu Qax-İngiloy kəndindən də saldıq. Amma Qax-İngiloyda kənddən əsər-əlamət yox idi. Qax şəhərinə bitişik olan bu kənd Bakının mərkəzi küçələrini xatırladırdı. Kənddəki məktəb isə müsair tələblərə cavab verirdi. Tədris gürcü dilində olan Qax-İngiloy kənd orta məktəbində 189 şagirdə 47 müəllim dərs keçir. Məktəb direktoru Natella Otaraşvilinin sözlərinə görə, 1998-ci ildə bu məktəbdə 204, 2005-ci ildə 283, 2009-cu ildə isə 199 şagird oxuyub. Məktəbə gələn uşaqların sayının azalmasına gəlincə, direktor bildirdi ki, bu, sakinlərin iş dalınca paytaxta, digər ölkələrə getməsi ilə əlaqədardır: “Bir qisim gürcü isə ali təhsil almaq üşün Gürcüstana gedərkən elə ordaca ailə qurub qalır. Amma məktəb şagirdlərinin azalmasının əsas səbəbi gənc ailələrin 1, uzağı 2 uşağa üstünlük verməsidir. Azalma yalnız gürcü məktəblərində deyil, ümumilikdə Qaxdakı bütün orta məktəblərdə müşahidə olunur”.

2009-2010-cu tədris ilində sözügedən məktəbin 30 məzunundan 15-i Gürcüstan ali məktəblərinə sənəd verib və 11-i qəbul olub. Hətta Qax-İngiloy kənd məktəbinin yetirmələri sırasında Saakaşvili təqaüdü alanlar da var. Direktor deyir ki, hər il orta hesabla 10 nəfər məzun  ali məkətblərə qəbul olur. Onların təxminən yarısı Gürcüstanda qalır. 

Gürcüstan ali məktəblərində təhsil alan tələbələrin bir qisminin Azərbaycana qayıtmamasının müəllim çatışmazlığına gətirib çıxara biləcəyinə gəlincə, direktor dedi ki, əksinə Qax-İngiloyda  müəllim artıqlığı var.

Azərbaycan dilini azərbaycanlılardan sonra ən yaxşi bilən millət

N.Otaraşvili deyir ki, Sovet dövründə olduğu kimi, indi də yerli gürcülərin Azərbaycan ali məktəblərinə qəbulu üçün güzəştlər olsaydı, yaxşı olardı. Həmsöhbət olduğumuz şagirdlərin əksəriyyəti də Azərbaycanda təhsil almaq istədiklərini bildirdilər. Amma Azərbaycan ədəbi dilini yaxşı bilmədiklərinə görə, bu dildə təhsil almalarının mümkünsüz olduğunu dedilər.

9-cu sinif şagirdi Nestani Otaraşvili tərcüməçi olub çoxlu pul qazanmaq fikrindədir. Düşünür ki, ingilis dilini bilsə, yaxşı pul qazanacaq. Özü də ən böyük arzusu Gürcüstanda deyil, Azərbaycanda təhsil almaqdır: “Amma Azərbaycan dilini mükəmməl bilmirəm”.

Nona Poladaşvili isə Gürcüstanda təhsil alacağını, amma qayıdıb Azərbaycanda işləmək, yaşamaq istədiyini dedi: “Mənim vətənim Azərbaycandır və sevdiklərim  burdadır”.

1-3-cü sinif şagirdləri ilə də həmsöhbət olduq. Amma onlar Azərbaycan dilində nə danışır, nə də başa düşürdülər. Müəllimləri bunu uşaqların orta məktəbdə və evdə gürcü dilində danışmaları ilə izah etdi: “Amma böyüyüb cəmiyyət içinə çıxandan sonra Azərbaycan dilində də danışa bilirlər”.  

Qeyd edək ki, Qaxda azsaylı xalqlar arasında keçirilən müsabiqə zamanı bəlli olub ki, Azərbaycan dilini ən yaxşı bilən gürcülərdir. 

Gürcüstana məxsus ev və mobil nömrələr burda yaxşı işləyir

Onu da deyək ki, Gürcüstandakı azərbaycanlılar yaşayan bölgələrdən fərqli olaraq, Azərbaycanın gürcülər yaşayan hissəsində bələdiyyə sədrlərinin, icra nümayəndələrinin, mədəniyyət evlərinin, teatr, kitabxanaların, məktəblərin direktorlarının hamısı gürcülərdir. Polis sistemində də çalışan xeyli sayda gürcü var.  Səhiyyə sahəsində 23 həkim, 133 orta tibb işçisi, 35 nəfər kiçik tibb işçisi çalışır. Bütün kəndlərdə səhiyyə müəssisəsi var. Rayonun cəmi 2 kənd xəstəxanası var ki, onlardan biri də gürcülərin kompakt yaşadığı Əlibəyli kəndində yerləşir. Əlibəyli kəndi gürcülərin yaşadığı ən böyük və Gürcüstana ən yaxın olan kənddir. Əlibəyli kəndində diqqətimizi ilk çəkən küçədə tez-tez Gürcüstan dövlət nişanlı maşınlarla rastlaşmamız oldu. Öyrəndik ki, bunlar Azərbaycanda yaşayan gürcülərə məxsus maşınlardır. Sadəcə, “rastamoşka” maşının qiymətinə başa gəldiyindən, sakinlər maşınları Gürcüstanda yaşayan qohumlarının adına alaraq ayda bir dəfə sərhədi keçərək problemi həll edirlər. Ən maraqlısı isə Gürcüstanla təxminən 10 km məsafədə yerləşən Əlibəyli kəndində Gürcüstana məxsus ev və mobil telefon nömrələrinin işləməsidir. Sakinlər sərbəst şəkildə Gürcüstan nömrəsi olan şəhər və mobil telefonları ilə qohumları, tanışları ilə danışa bilirlər. 

“Deputatimizdan razıyıq”

Əlibəyli kənd inzibati dairəsi üzrə icra başçısının nümayəndəsi Surami Emiraşvili deyir ki, kənddə 530 ailə, 824 nəfər yaşayır: “Əvvəllər burada yaşayanların sayı 2200 nəfər olub. İndi isə əksəriyyəti ya Bakıya, ya da Gürcüstana köçüblər. Kənd əhalisinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Torpaq bölgüsü zamanı da sakinlərin hamısına pay torpaqları verilib”.

Qeyd edək ki, 1996-cı ildə torpaq islahatı zamanı Əlibəyli kəndində 542 ailəyə 1146 hektar, Alatəmir kəndində 243 ailəyə 162, İngiloy Kötüklü kəndində 210 ailəyə 341, Qax İngiloy kəndində 1362 ailədən 855 nəfərinə 460, Qaxbaş kəndində 1222 ailədən 582 nəfərinə 525 hektar torpaq sahəsi verilib və onlar mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin olunublar. Pay torpaqlarının əkini üçün dövlət tərəfindən kəndlilərə hər il 80 manat yardım edilir.

Surami Emiraşvilinin dediyinə görə, kəndin 70 fazində su evlərə çəkilib. Sakinlərin qalanı isə suyu bulaqdan götürür. Emiraşvili deyir ki, artezian olsa, digər ailələrin də evlərinə su çəkilə bilər. Qax rayonunun deputatı Azər Kərimlidən razılığını bildirən icra başçısının nümayəndəsi onun artezian üçün söz verdiyini bildirdi: “Deputatımız ildə 2 dəfə gəlib bizim problemlərlə maraqlanır. Köməkçisi də problemlərimizlə həmişə maraqlanır. Eşitdiyimizə görə, başqa azərbaycanlılar və gürcülər yaşayan kəndlərə artezian çəkdirib, bizə də söz verib”.

S.Emiraşvilinin sözlərinə görə, Əlibəylinin qazlaşmasına dövlət proqramına əsasən, bul ildən başlanacaq. Yanacaq kimi işlətməyə isə ailələrə dövlət hesabına odun verilir. 

Kənd sakinləri ilə də söhbətləşdik, sakinlərdən 2-si daşqın zamanı evlərinin zərər çəkdiyini və hələ də bunun üçün normal kompensasiya ala bilmədiklərini dedilər. Qax rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, daşqından zərər çəkənlərin hamısına kompensasiya verilib.  

Azərbaycan və Gürcüstan Təhsil nazirliklərindən şikayət

Əlibəyli kəndindəki Şota Rustaveli adına orta məktəbdə də olduq. Məktəbin direktoru Andro Sanaşvili məktəb binasının 1933-cü ildə tikildiyini bildirdi: “Ən böyük problemimiz bina problemidir. Bakıdan gəlib məktəblə maraqlanıblar və Nazirlər Kabinetinin qərarını almışıq ki, bu ilin sonuna qədər yeni məktəb binasının tikintisinə başlanılacaq”.

Andro Sanaşvili deyir ki, ikinci ən böyük problemləri dərsliklərlə bağlıdır: “Beş ildir yeni dərslik almamışıq. Azərbaycan tərəfi dərslik üçün Gürcüstana pul göndərsə də, Gürcüstan Təhsil Nazirliyindən bizə kitab göndərmirlər. Azərbaycanda bütün orta məktəblər dərsliklərlə pulsuz təmin edilsə də, Gürcüstan Təhsil Nazirliyinin günahı ucbatından bizim uşaqlar bundan istifadə edə bilmir. Kimlərin tanışı varsa, Gürcüstandan dərslikləri gedib pulla alır”.

Amma direktor dərsliklə bağlı problemi həll etmək baxımından yalnız Gürcüstan hökumətində  deyil, Azərbaycan Təhsil Nazirliyində də günah görür: “Şagirdləri Azərbaycan tarixi, coğrafiyası, insan və cəmiyyət, həmçinin Konstitusiya dərsliyi ilə Gürcüstan tərəfi deyil, Azərbaycan Təhsil Nazirliyi təmin etməlidir. Amma indiyədək yuxarı siniflərdə bu adda dərsliklərimiz olmayıb. Bu dərsləri uşaqlara yazdırmaqla öyrədirik. Təsəvvür edin, fənnin adı var, amma dərsliyi yoxdur. Elə həmişə deyirlər ki, kitabın üzərində işləyirlər”.

Gürcüstanda 500 min azərbaycanlı, Azərbaycanda 70 dəfə az gürcü var

Bu məktəbdə hazırda 243 şagird təhsil alır. Son 3-4 ildə 22 şagird tələbə adını qazanıb. A.Sanaşvili deyir ki, Gürcüstan ali məktəblərinə qəbul olmaq üçün azərbaycanlılar 1 il gürcü dilində hazırlıq kursu oxuduqları kimi, gürcülərə də Azərbaycanda bu şərait yaradılsa, yaxşı olar: “Düzdür, başa düşürük ki, Gürcüstanda azərbaycanlıların sayı 500 min, Azərbaycanda gürcülərin sayı isə bundan təxminən 70 dəfə az – 7500 nəfərdir. Amma güzəşt olsa, gürcülər  Gürcüstanda deyil, öz vətənlərində təhsil alarlar”.

Direktor deyir ki, bul il məktəbi 28 nəfər bitirir, 12 nəfər isə 1-ci sinifə gələcək: “İndi cavanlar ya kənddən şəhərə, ya da başqa ölkələrə gedirlər. Həm də gənc ailələr az uşağa üstünlük verirlər. Bu il ümumiyyətlə Qaxdakı bütün məkltblərdə şagirdlərin sayı mindən çox azalıb”.

Əlibəyli kəndində Əlibəyli Gürcü Dram Teatrında da olduq. Teatrın direktoru Zita Xəlilova 36 ştat yerinin olduğunu dedi. Hər il isə orta hesabla 3 tamaşa səhnələşdirirlər. Öz binaları olmadığından kəndin mədəniyyət evinin binasında məskunlaşıblar. Dövlət proqramına əsasən, 2012-ci ildə yeni teatr binasının tikilməsi nəzərdə tutulur.

Əlibəylidə restavrasiya edilərək insanların xidmətinə verilən üçüncü əsrə aid Müqəddəs Nino adına kilsədə də olduq. Papa Basil kilsənin bərpasına kömək etdikləri üçün Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirdi.

 

"Çaxırı içəndən sonra var-yox haqqında düşünmürük"

"

Azərbaycanda ali təhsil almaq istəyən gürcü məktəbliləri...

 

Gürcülərin maştağalı gəlini.

 

"Kredit dəbə minəndən sonra nisyələri yığa bilmirəm"

 

Nisyə dəftəri...

 

Şəkili qızı: "Azərbaycanda axtarsanız, Yuradan yaxşı kişi tapmazsınız"

 

Müqəddəs Nino kilsəsi təmirdən sonra.

 

İşsizlərin əsas məşğuliyəti.

 

Sovet dövrünün xiffətini çəkən Georgi Baçalaşvili.

 

Deputat Azər Kərimlinin vurdurduğu artezian.

 

Gürcülər donuzçuluğa üstünlük verirlər.

 

 Qaxda banan ağacı...

 

Bir tonluq çaxır quyusu.


 Stalinin Qaxdakı heykəli.

 

Qoyunçuluqdan da gəlir əldə edənlər var.

 

Kilsə zəngi çalınır.

 

 Qax-İngiloyun təmirli məktəbi.

 

...və Əlibəylidəki təmirsiz məktəb.


Lalə MUSAQIZI
Bakı-Qax-Bakı
 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər