Modern.az

Eldar Namazov “Sülh Platforması”nın işini şərh etdi: “Müsbət təşəbbüsdür”  

Eldar Namazov “Sülh Platforması”nın işini şərh etdi: “Müsbət təşəbbüsdür”   

10 Noyabr 2017, 15:16

İllərdir Qarabağ münaqişəsinin həlli istiqamətində müxtəlif ideyalar ortaya atılıb. Bəzi ideyalar müxtəlif sahələrdə təmsil olunan vətəndaşların iştirakı ilə təşkilatlar formasında gerçəkləışdirilib. Amma bu fəaliyyətlər münaqişənin həllini gerçək faktora çevirə bilməyib.

2016-cı ilin dekabrında yaradılan “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” da münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlib.

Münaqişənin həllinə təsir baxımından, platformanın əhəmiyyəti siyasi ekspertlər tərəfindən necə qiymətləndirilir?
           

Deportasiya Qurbanları Cəmiyyəti idarə heyətinin sədri, politoloq Eldar Namazov Modern.az-a açıqlamasında deyib ki, ideya olaraq platformanı yüksək qiymətləndirir.

“İdeyanın özü müsbətdir”


“Həm  Qarabağla bağlı gedən proseslər, həm rəsmi danışıqlar, həm də vətəndaş cəmiyyəti arasında “Xalq diplomatiyası” kimi məsələlərdə gərək Azərbaycanın bir-birini tamamlayan bir neçə strategiyası olsun. Adətən, buna “pan-maksimum” və “pan-minimum” deyirlər. Yəni maksimum rəyi əldə etməyə çalışsaq da, kompromislər yolu ilə hansı qırmızı xəttə qədər güzəşt gedə bilərik... Bu mənada həm rəsmilər, həm də ictimaiyyət nümayəndələri Qarabağla bağlı danışıqlarda “məhəlli plan”ı dəstəkləyirlər. Düşünürəm ki, “məhəlli plan” Azərbaycan üçün məqbuldur, amma bu maksikompromisin maksimum dərəcəsidir. Yəni “məhəlli plan”dan bir addım o yana Qarabağın müstəqilliyindən söhbət  gedir. Ona görə də bu, yanaşma əlavə bir təşəbbüsdür. “Qarabağ probleminin həllini nə cür görmək istəyirsiz” kimi suallara “Azərbaycanın tərkibində Dağlıq Qarabağda yaşayan erməni icmasına muxtariyyət verilə bilər” cavabı. Göründüyü kimi, bu ideyanın özü müsbətdir”.

“Dövlətin səylərindən asılı olacaq”

Eldar Namazov “Sülh Platforması”nın münaqişənin həllinə birbaşa təsirinin olmasından da bəhs edib.


“Bütün hallarda belə konfliklərin həlli ilk növbədə dövlətin səylərindən asılı olacaq. Özümüz-özümüzü aldatmayaq. Ona görə ki, bu, çox ciddi konfliktdir. Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərində yerləşib. Təcavüz edən ölkənin arxasında dayanan qüvvələr də mövcuddur. Bu baxımdan konfliktin həllində dövlətin bütün potensialı, ordusu , diplomatiyası ilə yanaşı, cəmiyyət də bu prosesə səfərbər olmalıdır. Bütövlükdə dövlətin gücü hesabına bu problemi həll edə bilərik. O ki qaldı “”Xalq diplomatiyası”na, bunlar yardımçı rolunu oynaya bilərlər. Yardımçı rol dedikdə heç də bu platformanı kiçiltmək istəmirəm. Bu öz-özlüyündə də önəmlidir. Ən azı təbliğat baxımından dünya bilməlidir ki, bununla Azərbaycan tərəfi sülh yolu ilə problemin həllinə çalışır. İctimai qurumların belə təşəbbüs irəli sürmələri Azərbaycanın milli maraqları baxımından çox böyük köməkçi ola bilər. Həm Cənubi Qafqaz, həm Amerika, həm də Rusiyada belə təşəbbüsləri irəli sürüb, müəyyən işlər görmək mümkündür”.

Siyasi ekspertin sözlərinə görə, Ermənistanda “Sülh Paltforması”na qoşulmaq o qədər də asan deyil.

“Onlar üçün çox təhlükəlidir”

“Ermənistanda yaşayan tanınmış ictimai xadimləri bu prosesə daxil etmək mümkün olmayıb. Rusiyada və Ukraynada yaşayan ermənilərin iştirakı önəmli olsa da, həlledici məqam deyil. Həlledici məqam odur ki, burada Ermənistan vətəndaşı olan və Ermənistanda yaşayan ictimai xadimlər prosesə dəstək versinlər. Təbii, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməsi ideyasını dəstəkləmək Ermənistanda yaşayan hansısa ictimai xadimlər üçün çox təhlükəlidir. Onlara qarşı hansısa repressiyaların atılmasını görmüşük.. Onlarla adam Qarabağ konflikti zamanı Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmədiklərinə  görə, daşnaklar onları məhv ediblər. “Məhəlli plan”a isə Ermənistanda az da olsa dəstək var. Ancaq Azərbaycanın tərkibində muxtariyyət verilməsi ideyasının tərəfdarları səslərini çıxartmağa cürət etmirlər”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı