Modern.az

Cəbrayıl gülməcələri (VII)

Cəbrayıl gülməcələri (VII)

18 İyun 2011, 22:53

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı  Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını davam etdirir.

Dolma qaldı Konqoda

Keçən əsrin 70-ci illərində Zahid Kazımov Cəbrayıl rayon kənd təsərrüfatı idarəsində aqronom işləyirmış. Ali təhsilliydi, əla tar çalmağı vardı, yeyib-içməyi də xoşlayan adam idi, amma siyasətdən zəhləsi gedərdi deyə, dünyada baş verən siyasi proseslərlə maraqlanmazdı. Yaşı 35-i keçsə də, Komunist Partiyasının üzvü deyildi. O vaxt Kommunist Partiyasına inansan da, inanmasan da, gərək ona qısılaydın, yoxsa vəzifədə qabağa getmək müşkül məsələ idi.


Yoldaşların təkidi ilə Zahid Kazımov partiya sıralarına qəbul olmaq üçün ilk təşkilata ərizə verir. Təşkilatın yığıncağına bir neçə saat qalmış Zahid müəllim müzakirə zamanı kommunistlərin siyası suallarından qorxduğu üçün bir neçə sualbazla ayrılıqda söhbət eləyıb onu çətinə salmamalarını xahiş eləyir. Hamı ilə bitəhər dil dil tapır, amma sual azarkeşi Əjdər Məmmədovda ilişir.


- Əjdər, qağa, mən ölüm, yığıncaqda nə sual verirsən ver, amma beynəlxalq vəziyyətə aid olmasın, - Zahid Kazımov Əjdər həkimə boğaz çəkir.


- Zahid, olmaz, canın haqqı bir şey boyun olmasan, dəm-dolaşıq suallarla səni divara qınayacam.


- Bu mən ölüm, - Zahid Kazımov əlini üzünə vurub söz verir, - sual vermə, nə desən, mən hazır!


- Yaxşı, - Əjdər Məmmədov yanındakı pariyadaşlarlarına göz vurur, - Bir qazan sarımsaqlı-qatıqlı yarpaq dolması, yanında da tut arağı, özü də Ayı bulağının üstündə. Bir-iki dost tanışı da götürəcəm. Razısan?


- Oldu, danışdıq! – Zahid Kazımov dərindən nəfəs alıb arxayınlaşır.


İlk təşkilatın yığıncağı olur. Zahid Kazımovun partiyaya qəbuluna dair ərizəsi oxunur.
Sual-cavab başlanır. Kənd təsərrüfatına, iqtisadiyyata aid suallara Zahid Kazımov asanlıqla cavab verir. Kommunist Partiyasının məramı haqda da sual çətin olmur, əvvəldən əzbərlədiyi cümlələr Z. Kazımovun karına gəlir. İşlər yağ kimi gedir, yığıncaq iştirakçıları onun partiyaya keçmək məsələsində əngəl gömürlər. Birdən sədr dillənir:


- Xahiş eləyirəm yoldaş Kazımova siyasətdən də suallar verəsiniz.


Heç kim dinmir. Sədr adətən sualı sual dalınca yağdıranların indı kirimişcə dürmalarına təəccüblənir. Əjdər Məmmədova baxıb onu sual verməyə dəvət eləyir. Əjdər həkim boyun qaçırmaq istəsə də, alınmır. Sədr təkid eləyir.


Burda bir haşiyə çıxıb deyək ki, o vaxt Konqoda vətəndaş müharibəsi gedirdi. Qan su yerinə axırdı. SSRİ-nin səyinə baxmayaraq, müharibə alovunu söndürmək olmurdu. Mərkəzi və yerlı mətbuat da bu haqda hər gün yazı verirdi. Əjdər Məmmədov bunun ən asan sual olduğunu duşunub deyir:


- Yoldaş Kazımov, Konqoda vəziyyət neçədi?


- Yaxşıdı, şükr Allaha, yavaş-yavaş düzəlir, - Zahid Kazımov qanlı-qanlı Əjdər Məmmədova baxıb cavab verir.


Cavab, məlum məsələdi ki, oturanları qane etmır, amma Zahid Kazımov öz üzərində işləyib siyasi biliyini artıracağına söz verəndən sonra partiya sıralarına qəbul üçün onun namızədliyi təsdiq olunur.


İclas bitən kimi Əjdər həkim Zahid Kazımovu  yanlayır:


- Zahid, biz hazır, gedək dolmamızı ver.


Zahid Kazımov hirsini zorla boğub:


- Ay hay! Dolma! Dolma qaldı Konqoda!!! – deyib əlini yelləyib gedir.


Elə o vaxtdan da Cəbrayılda bir adam o birindən bir xahiş eləyəndən sonra soruşar: “Hə, nə deyirsən? Dolma yeyək, ya qalsın Konqoya?”


***


51! Allah rəhmət eləsin!

Bir gün Niyazqullar kəndində yas düşür. Yay vaxtı imiş deyə ağsaqqallar, ağbircəklər yaylağa gediblərmiş. Tinli-Qovşudlu kənd cavanları məsləhətləşirlər ki, ahıllar yaylaqdan gəlincə gec olar, gedib ayaqüstü də olsa başsağlığı verib gəlsinlər, el yaylaqdan dönəndə yığışıb sanlı-sanballı gedərlər.


Cavanlar gün ərzində saman toplayıb kip bağlamaqda kolxoza kömək elədiklərindən, həm də yayın cırhacırında iki kilometrlik yolu piyada gəldiklərindən bərk yorulurlar. Ayaqlarını sürüyə-sürüyə özlərini birtəhər yas mağarına çatdırırlar. Oturub ehsan yeyib lap ağırlaşırlar. Gözlərini qərəmət yuxusu basır. Əli oğlu Savalan yaşca aralarında böyük olan Fərzalı oğlu Adışirini dümsükləyir ki, duraq, yoxsa hamımızı yuxu aparar, biabır olarıq. Adışirin başını tərpədib ora-bura boylanıb fatihə vermək üçün molla axtarır. Yas yiyəsi tez yaxınlaşıb uzrxahlıq eləyir: “Siz Allah bağışlayın, Molla Abbas özünü yaxşı hiss eləmədi, getdi evə, birazdan gələcək. Tələsirsinizsə, elə özünüz fatihə verin”.


Cavanlar duruxub bir-birilərinə baxırlar, çünki heç biri fatihənin sözlərini bilmirmiş. Adışırin Savalanın qulağına pıçıldayır: “Mən saymışam, fatihənin uzunluğu 51-i sayana qədərdi, uşaqlara de, dilimizin altında aramla 51-i sayaq, sonra salavat çevirib duraq”. 


Belə də eləyirlər. Cavanlar əllərini qoşalayıb sifətlərinin qabağına tutur, dodaqlarını tərpədirlər. Adışırin ürəyində 51-i sayıb qutarır, gözucu yoldaşlarına baxır. Görür ki, yoldaşları elə gözlərini əllərinə zilləyib durublar, eləcə dodaqları tərpənir. Təzədən ürəyində 45, 46, 47… sayıb 51-ə çatır, amma görür ki, uşaqlar yenə heykəl kimi donub qalıblar. Acıqla bərkdən deyır: 


- Əlli bir!!!


Cavanlar bir adam kimi tez salavat çevirib “Allah rəhmət eləsin!” deyıb qalxırlar.


Məlum məsələdi ki, bu söhbət iki günə bütün Cəbrayıla yayılır. İndinin özündə də dalğın, diqqətsiz, gözü yol çəkən adamı xəyaldan ayırmaq üçün deyirlər: “Ay uşaq, 51!”


***


Soğanverdi kişinin orden əhvalatı

Tarixçilərin dediyinə görə, Cəbrayılın Mərcanlı tayfası ən qədim türk tayfalarındandı. Bunu da deyirlər ki, mərcanlılar Şah İsmayıl Xətainin qoşunlarında yaxşı vəzifələr tutublarmış. Mərcanlılar erməni-rus işğalına qədər Cəbrayılda bir neçə kənddə yaşayırdılar – Böyük Mərcanlı, Yuxarı Mərcanlı, Cocuq Mərcanlı. Bu kəndlərdə mənşəyini bilmədiyim xeyli adam adı var. Dınış, Dıbız, Qıçı... – belə adlardandı. Bunları ona görə deyirəm ki, adla bağlı öz başıma gələn bir əhvalata giriş verəm.


Cocuq Mərcanlı kəndində Soğanverdi Həziyev adında çox zəhmətkeş bir kişi vardı. Elə zəhməti sayəsində də böyük hörmət sahibiydi. Soğanverdi kişi uzun müddət pambıq briqadiri işləmişdi.


Bir gün yolum Cocuq Mərcanlıdan düşdü. Soğanverdi kişini pambıq məntəqəsində təzə yığılmış pambığı çevirib qurudan gördüm.


- Ağsaqqal, - dedim, - day yaşlaşmısan, qoy belə ağır işləri cavanlar görsün.


- Hə, Səfiyar müəllim, qabaqkı kimi heyim qalmayıb, gərək yavaş-yavaş yabanı təhvil verəm cavanlara. Amma bilmirəm mən özüm nə ilə məşğul olum.


Ötəndən-keçəndən bir xeyli söhbət elədik. Dedik, güldük.. Birdən Soğanverdi kişi dedi:


- Ay müəllim, bax 40 ildən çoxdu canımı kolxozun yolunda qoymuşam. Özünüz də bilirsiniz necə işləmişəm. Çi fayda - əməyimə bir çürük qoz qədər də qiymət verilməyib.


- Niyə elə deyirsən, Soğanverdi kişi, toyda-düyündə, toplantıda, iclasda həmişə başda oturmusan, adın ad, hörmətin hörmət olub.


- Yox e, onlar öz yerində, - Soğanverdi kişi səsini alçaldıb mənə lap yaxınlaşdı, - deyirəm döşümə taxmağa bir medaldan-zaddan olsaydı dünya dağılardı?!


- Oldu, baş üstə, sənədləri hazırlayıb təqdim eləyərəm Bakıya, inşallah yaxşı olar.


Soğanverdi kişinin sənədlərini o vaxt SSRİ-nin ən yüksək mükafatlarından birinə - “Qırmızı Əmək Bayrağı” ordeninə təqdim üçün hazırladım. Əlavə eləyim ki, mükafatlandırma prosesi elə də asan iş deyildi, çünki sənədlər bir neçə mərhələdən keçməli idi - əvvəl Bakıda, sonra da Moskvada çoxlu kabinetlərdə baxılıb möhürlənməli idi.


Soğanverdi kişinin və bir neçə başqa qabaqcil zəhmətkeşin sənədlərini götürüb Bakıya – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə (KP MK) yollandım. Sənədlərə əvvəlcə Kənd Təsərrüfatı şöbəsinin birinci müavini Surxay Tağızadə baxdı. Sənədləri bir-bir gözdən keçirdi. Soğanverdi kişinin sənədinə baxanda duruxub dayandı:


- Nə?!! Soğanverdi??? Səfiyar müəllim, deyəsən bu adamın adı səhv yazılıb.


- Yox, Surxay müəllim, Həziyev Soğanverdidi, düz yazılıb.


- Mən ölüm Soğanverdidi?, - Surxay müəllim cavabımı gözləməyib uğunub getdi. Elə gülə-gülə də telefonla kiməsə zəng elədi:


- Elman müəllim, “verdi” sözü ilə bitən hansı adam adlarını bilirsən?


Telefonun o başından adlar sadalandıqca, Surxay Tağızadə “yox, Allahverdi deyil”, “yox, Tanriverdi də deyil”, “yox, İmamverdi də deyil”, “əşi yox e, Xalıqverdi də deyil” deyirdi.


- Yaxşı, özünü yorma, - Surxay müəllim dedi, - heç ağlına da girməz, - Soğanverdi!

...


Canım üçün elədi, yoxlatmışam, səhv-zad yoxdu, - So-ğan-ver-di!


Yenə bir xeyli gülüşdülər.


Surxay Tağızadə Soğanverdi kişinin sənədlərini qaytarıb dedi:


- Səfiyar müəllim, incimə, bu sənədləri qaytaracam, belə adı olan adama orden versək, bizi top-tüfəngə tutarlar. Televiziya ilə necə elan eləyək?


- Surxay müəllim, indi bu yazıq neyləsin ki, dədəsi ona belə ad qoyub, - mən sənədləri yenidən Surxay müəllimə tərəf itələdim, - əslində kişinin adı Subhanverdidi, camaat Subhanverdi deyə bilmədiyindən, Soğanverdi deyiblər, - bunu da mən söhbəti yumaşaltmaq üçün düzüb-qoşdum.


- Hə, düzdü, raziyam, - Surxay müəllim dedi, - onun günahı yoxdu, amma bilirsiz, mən qəbul eləsəm də, sənədləri Moskvaya Gindis (Gindis Yefim Aramoviç) aparacaq, çətin ki, o qəbul eləsin.


- Siz narahat olmayın, Yefim Aramoviçlə dil taparam, - deyib Surxay Tağızadənin razılığını aldım.


İndi qalırdi Gindis.


Sənədləri təşkilat partiya işi şöbəsinin inspektoru Yefim Gindis diqqətlə yoxladı. Gözlənildiyi kimi Soğanverdi kişinin sənədlərini kənara qoydu:


- Bu nədi? Soğanverdi də ad olar? (O, azərbaycanca təmiz bilirdi)


- Yefim Aramoviç, ada fikir verməyin, bu kişi 40 ildi kolxozda qan-tər tökür, gecəsi-gündüzü yoxdu, göstəriciləri də əladı! Xahiş eləyirəm onun sənədlərini qəbul eləyin.


- Yox, yox, mümkün deyil! Belə ad olmaz! Ayıbdı!


- Yefim Aramoviç, indi atasının qoyduğu uğursuz bir ada görə belə bir zəhmətkeş adamı mükafatlandırmamağımızı rayonda yaxşı qarşılamayacaqlar, - mən təbiətən sakit adam olsam da, bir qədər əsəbi cavb verdim.


- Yox, gəlin söhbəti uzatmayaq, - Gindisin də səsində acıq hiss elədim, - mən qəbul eləsəm də, Moskva qəbul eləməyəcək.


- Moskva qəbul eləməyəcək?! – Soğanverdi kişinin qabar atmış əlləri gözümün qabağına gəldi, özümü saxlaya bilmədim, - niyə qəbul eləmir?! Moskvada Soğanverdinin nə demək olduğunu kim bilir?! Lukverdi olsaydi, başqa məsələ!


Bunu eşitcək Gindis uğunub getdi. “Lukverdi lap qiyamətdi!” deyib yenə əlini bir-birinə vurub qəşş elədi...
Və Soğanverdi kişinin sənədlərini özünə tərəf çəkib qovluğa qoydu.


İki həftə sonra Gindis rayona zəng eləyib sənədlərin qəbul olunduğunu dedi. Soğanverdi Həziyev “Qırmızı Əmək Bayrağı” ordeni ilə beləcə təltif olundu.


İndi Cəbrayılda valideynlər uşaqlarına naqolay ad qoyan kimi tanış-biliş etiraz eləyib deyir: “A kişi, ayrı ad qoyun, birdən sabah orden alası oldu”.


Soğanverdi kişinin əhvalatından sonra Cəbrayılda mənşəyi məlum olmayan ad qoyanların sayı kəskin azaldı.


Hə, onu da deyim ki, həm Surxay Tağızadə, həm də Gindis hər dəfə Cəbrayıla zəng eləyəndə mütləq Soğanverdi kişidən hal-əhval tuturdular.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər