Modern.az

Akademik zəkanın işığında

Akademik zəkanın işığında

Aktual

17 Noyabr 2017, 14:26

Günay ƏHMƏDOVA,
onkoloq, tibb üzrə fəlsəfə doktoru


Tale bizi çox insanlarla qarşılaşdırır, fərqli mühitlərdə sınaqdan keçirir, həyat üçün yetişdirir. Doğuluşdan malik olduğumuz istedad ya münbit zəminə düşərək parlayır, üzə çıxır, ya da şoran torpaqda bəhrə verməyən toxumlar kimi məhv olub gedir. Bu gün mütəxəssis kimi, insanlığın ən bəlalı xəstəliklərindən olan onkoloji şişlərin müayinə və müalicəsi, cərrahiyyəsi yoluyla insanlara şəfa verə bilirəmsə, bunun üçün taleyimin qarşılaşdırdığı böyük alimlərə, yetirməsi olduğum Əhliman Əmiraslanovun akademik zəkasının işığına borcluyam. 

 

İLK TANIŞLIQ

 

Azərbaycanın və ümumən türk dünyasının görkəmli elm xadimi, tibb elmləri doktoru, akademik Əhliman Əmiraslanovu ilk dəfə həyatda canlı olaraq başqa bir böyük alimin – Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, Türkiyənin Bilkənd Universitetinin rəhbəri, dünya şöhrətli pediatr İhsan Doğramacının 1999-cu ildə Bakıda – Heydər Əliyev Sarayında keçirilən 85 illik yubileyində görmüşəm.

Amma bir alim və həkim kimi fəaliyyəti, o cümlədən I kursun ilk günlərindən Tibb Universitetinin auditoriyalarında müəllimlərdən eşitdiklərim Əhliman müəllimi mənə çoxdan tanıtmışdı. Kitablarda qoyulan elmi məsələlərə fundamental yanaşmaları, dərin fəhmi, məşğul olduğu onkologiya sahəsi üzrə bütün dünyada əsərlərinə istinad və etiraf edilən alim nüfuzu onun bir şəxsiyyət kimi böyüklüyünü dərk etməyimə kömək göstərirdi. Bu mənada, bəhs etdiyim yubiley tədbirində onun şəxsində sanki canlı bir əfsanə görürdüm.      

REKTORUMUZ QAYĞIKEŞ VƏ YENİLİKÇİ İDİ

 

O zaman Azərbaycan Dövlət Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin I kursunda təhsil alırdım. Eyni tədris ilində ali məktəbə qəbul olunmuş digər gənclər kimi tələbəlik həyatına yenicə başlamışdım. Bizim tələbəlik illərimiz akademik Əhliman Əmiraslanovun bu ali təhsil müəssisəsinə rəhbərlik etdiyi dövrə təsadüf edirdi. Bu elə bir dövr idi ki, hər bir Azərbaycan vətəndaşından müstəqil dövlətimiz naminə çoxşaxəli fəaliyyət tələb olunurdu. Əhliman müəllim də fədakarlıqla çalışır, görkəmli elm xadimi və məşhur cərrah, gözəl pedaqoq və bacarıqlı təşkilatçı olmaqla yanaşı həm də ictimai-siyasi arenada sanballı sözünü deyir, dövlətimizə can-başla xidmət edirdi. Müstəqilliyimizin ayrı-ayrı illərində akademikin çoxsaylı xidmətlərinin parlaq izləri var.

Elm ümumiləşdirmələri sevir. Mən də xalqımızın yetirdiyi dəyərli şəxsiyyətlər arasında sayılıb-seçilən Ə.Əmiraslanovun həyat və fəaliyyətində şəxsən şahid olduğum örnəkləri, onun xalqımız və dövlətimiz üçün etdiklərini bir neçə istiqamət üzrə ümumiləşdirməyə çalışacağam. Bu xidmətlərin nəcib izlərini müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq ilk növbədə təhsil aldığım universitetdə, Əhliman Əmiraslanovun rektorluq fəaliyyəti dövründə şəxsən müşahidə etmişəm. O zaman xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin siyasi qətiyyəti, liderlik əzmi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu, sosial-iqtisadi inkişaf prosesləri uğurla davam edirdi. Bu istiqamətdə ildən-ilə böyük nailiyyətlər əldə olunsa da, müstəqilliyə gedən yolda bütün respublikanı sarmış olan ağır böhranın izləri hələ də qalırdı. O dövrdə ali təhsil müəssisələrində də vəziyyət ürəkaçan deyildi. Təhsil infrastrukturu zamanla sıradan çıxmışdı, maddi-texniki şərait minimal səviyyədən də aşağı düşmüşdü və bütün bunların yenilənməsindən ötrü hələ kifayət qədər maddi imkanlar yox idi.

Əhliman Əmiraslanovun bir rektor kimi tələbələrə qayğısını, ölkəmizin tibb təhsili ənənələrinə həssas münasibətini və rəhbər qətiyyətini hələ universitet həyatının ilk günlərindən maraqlı bir faktla müşahidə etmişdim. Təbii ki, bütün ali təhsil müəssisələrində olduğu kimi, ATU-da da sosial vəziyyətləri aşağı olan, mənzil kirayələməyə imkanı çatmayan tələbələr var idi.  Bölgələrdən gələn, ailəsindən zəif maddi dəstək alan yoldaşlarımız yaşayış yeri ilə bağlı ağır vəziyyətə düşərək çətinlik çəkirdilər. Tələbə yataqxanasından kənarda qalmaq onları ortaq sosial mühitdən uzaqlaşdırar, təlim-tərbiyə prosesində əngəllər yaradardı. Çünki, xüsusilə tibb təhsili sahəsində ortaq peşəkar mühitin olması çox vacibdir. Əhliman müəllim yəqin ki, bütün bunları bilirdi və nəzərə almışdı.

Rektorumuzun tələbələrə qayğısı ancaq tədris prosesi ilə məhdudlaşmırdı, o həm də gənclərin sosial durumuna həssaslıqla yanaşırdı. Xalqımızın böyük çətinliklərlə qarşılaşdığı, ölkəmizin maddi imkanlarının aşağı olduğu o dövrdə Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin yataqxanalarını lazımi səviyyədə qoruyub saxlaya bilmişdi. 90-cı illərin sonlarında bu universitetin tələbə yataqxanalarını ənənəvi səliqə-sahmanında görmək, tələbələrin öz məişət həyatları, dərsdən sonrakı bilik mübadilələri ilə burada yaratdıqları təhsil mühitinə şahid olmaq hamımızı sevindirirdi. Bu, Tibb Universiteti rektorunun ən çıxılmaz vəziyyətlərdə belə gələcəyin həkimlərinə atalıq qayğısının, əsl ziyalılıq örnəyinin, yerinə yetirdiyi vəzifə qarşısında tarixi məsuliyyət hissinin təzahürü idi.
 

ATU-da 4 KLİNİKA YARANDI

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursunu əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində Azərbaycanın sosial-iqtisadi qüdrəti yüksəldikcə, ölkəmizin genişlənən imkanları təhsil həyatında da özünü hiss etdirdikcə, dövlətimiz gənclərə qayğısını artırdıqca rektor olaraq Əhliman Əmiraslanovun tələbə problemlərinə həssas münasibəti, dövlətin dəstəyindən məqsədyönlü şəkildə istifadə əzmi Azərbaycan Tibb Universiteti üçün yeni nailiyyətlər yaratdı.

Xatırladım ki, uzun illər ərzində bu universitetin tələbələri üçün ən böyük problem kafedraların bir-birindən uzaq məsafədə yerləşməsi idi. Müxtəlif dövrlərdə ATU-da təhsil almış, təhsil həyatını yaxından-uzaqdan müşahidə etmiş şəxslərə sovet və postsovet dövrünün ilk illərindəki vəziyyət yaxşı tanışdır. Kafedralar paytaxtın müxtəlif səmtlərindəki xəstəxanalarda yerləşdiyindən cədvəldə pərakəndəlik yaranırdı. Tibb Universitetinin tələbələri eyni gündə bir dərsi tutaq ki, Nəsimi rayonundakı Musa Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasının binasında keçirdilərsə, ikinci dərs üçün uzun məsafə qət edərək, özlərini məsələn, Əhmədlidəki başqa bir xəstəxanaya çatdırmalı olurdular. Bu, tələbə üçün vaxt kimi qiymətli bir dəyərin yollarda boşuna itirilməsi, əlavə yorğunluq, stress və üstəlik xərc demək idi. Ən mühümü isə, xəstəxanalarda tələbələrə praktik qabiliyyətlərə yiyələnməkdən ötrü heç də həmişə lazımi şərait yaradılmırdı. Tibb təhsili sahəsində sovetlərdən qalma şərait belə idi... Həkimlik isə nəzəri biliklərlə yanaşı, həm də praktik bacarıqlara, pasiyentlərlə gündəlik ünsiyyətə əsaslanan, bir sözlə, müayinə və müalicə proseslərinin kənar müşahidəçisi yox, fəal iştirakçısı olmağı tələb edən mürəkkəb sənətdir. Ona görə də, müasir dövrün çağırışlarına uyğun kadr hazırlığı üçün Tibb Universitetinin öz klinikalarının olması çox vacib idi.

Qeyd edim ki, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra universitet üçün 11 mərtəbəli möhtəşəm tədris binasının və stomatoloji klinikanın yaradılması mümkün olmuşdu. Ölkənin maddi sıxıntılarına rəğmən Ulu öndərin gələcəyin həkimlərinə bəxş etdiyi bu yüksək maddi və mənəvi töhfədə Tibb Universitetinin rektoru Əhliman Əmiraslanova olan inam və etimadın, görkəmli alimin şəxsi nüfuzunun, təşəbbüskarlığının da müəyyən rolu vardı. Qısa müddət sonra bu amillər başqa nailiyyətlərə zəmin oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə ATU-nun malik olduğu klinikaların sayı 4-ə çatdı. Əsas tədris binasının əhatəsində maddi-texniki imkanlarına görə dünyanın ən nüfuzlu tibb müəssisələri ilə rəqabətə girə biləcək onkoloji, tədris-terapevtik və cərrahi klinikalar yaradıldı.

Bu 4 klinika hazırda nəinki Azərbaycanda, ümumən regionda ən müasir tədris müəssisələri kimi tanınır. Bütün bunlar təhsil həyatının ilk günlərindən praktik fəaliyyət mühitinə daxil olmaq imkanı qazanan tələbə-həkimlər üçün böyük bir imkandır.

ATU BEYNƏLXALQ ARENAYA ÇIXDI
 

Ə.Əmiraslanovun rektorluq fəaliyyəti dövründə Azərbaycan Tibb Universitetinin həyatına gətirdiyi nailiyyətlər sadaladığımız faktlarla məhdudlaşmır. Akademikin fədakar əməyi, dünya miqyasında qazandığı böyük nüfuzu və beynəlxalq əlaqələri sayəsində 1996-cı ildə MDB ölkələrinin bir sıra ali məktəbləri (Rusiya və Ukrayna istisna olmaqla) sırasında yalnız Azərbaycan Tibb Universiteti Londonda çapdan çıxan Amerika və Avropa Təhsil Birliyinin Beynəlxalq reyestrinə daxil edilmişdir. ATU 1998-ci ildə Qara Dəniz Hövzəsiətrafı Ölkələrin Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilmişdir. Bütün bunlar Azərbaycan tibb təhsilinin beynəlxalq aləmdə geniş nüfuz qazanmasına və diplomların qarşılıqlı tanınmasına əhəmiyyətli dərəcədə zəmin yaradan mühüm amillərdir.

Çağdaş dövrün meyllərinə yaxşı bələd olan Əhliman müəllim universitetdə təhsilin məzmununu da dəyişmişdir. Kafedraların bazaları genişləndirilməklə yanaşı, tədris otaqları və laboratoriyalar müasir avadanlıqlarla təchiz edilmişdir. Hazırda bütün fakültələrdə dərslər təhsildə Bolonya prosesinin kredit sistemi ilə aparılır. ATU-da təşkil edilmiş metodika və innovasiya şöbəsi bu sahədə geniş fəaliyyət göstərir. Universitetin Elmi-Tədqiqat Mərkəzində və kafedraların nəzdindəki problem elmi-tədqiqat laboratoriyalarında aparılan tədqiqatların keyfiyyətinin yaxşılaşdırılması, əldə olunan elmi nəticələrin səhiyyə praktikasına tətbiqi də uğurla həyata keçirilir.

 


REZİDENTURA SİSTEMİNİ DƏ O YARATDI

Vurğulamaq istəyirəm ki, Azərbaycan Tibb Universitetində rezidentura sisteminin yaradılması da birbaşa akademik Əhliman Əmiraslanovun adı ilə bağlıdır. Təxminən Türkiyənin tibb sistemindəki uzmanlıq səviyyəsinə bərabər olan rezidentura sistemi ölkəmizdə həkim kadrların qabaqcıl xarici təcrübəyə uyğun hazırlanmasına, onların daha yüksək peşəkarlıq qazanmasına, həmçinin elmi-tədqiqat işlərinə fəal şəkildə cəlb edilməsinə böyük köməklik göstərir. Bu sistemin yetişdirdiyi hər bir peşəkar həkim minlərlə Azərbaycan vətəndaşının sağlamlığı deməkdir.

Konkret ixtisas sahəsində peşəkarlıq və yüksək idarəçilik məharəti bir-birindən fərqli qabiliyyətlərdir. Öz ixtisasının bilicisi olan yaxşı bir mütəxəssisin  bəzən idarəçilikdə o qədər də uğur qazanmadığını görmüşük. Yaxud, yüksək menecerlik qabiliyyətinə malik olan birinin mütəxəssis kimi kifayət qədər peşəkar olmadığı hallarla da qarşılaşırıq.  Əhliman Əmiraslanov isə o nadir şəxsiyyətlərdəndir ki, ömür tarixçəsində alimliyi də, həkimliyi də, ustadlığı da, rektorluq fəaliyyəti dövründə ortaya qoyduğu təşkilatçılıq və idarəçilik nümunələri də bir-birini uğurla tamamlayır.

ELMİ ZİRVƏLƏRƏ DOĞRU
 

O, lap cavan yaşlarında alimlik adını qazanıb. Namizədlik dissertasiyasını  “Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası” (1977), doktorluq dissertasiyasını “Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları” (1984) mövzularına həsr edib. Elmi əsərlərini dünyanın tanınmış elm mərkəzlərindən olan SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində müdafiə edib. Və uzun illər çalışdığı həmin mərkəzdə kiçik elmi işçidən professor məqamınadək yüksəlib.

Elmi axtarışlarını yorulmadan davam etdirən Əhliman müəllim 1985-ci ildə “Sümük sarkomaları” adlı orijinal monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının N.N.Petrov adına mükafatına və diplomuna, 1986-cı ildə isə “Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların kliniki təcrübədə tətbiqi”nə dair silsilə əsərlərinə görə SSRİ Dövlət Mükafatına layiq görülüb. Bu, o dövrdə bütün Sovetlər İttifaqında elm sahəsində verilən ən yüksək mükafat idi.

Böyük bir coğrafi arealda çox az sayda elm adamına nəsib olan bütün bu nailiyyətlər, sadəcə bir Azərbaycan aliminin yox, ümumən Azərbaycan xalqının baş ucalığı, qürurudur. Bir incə məqamı da xatırladım ki, hansısa onkoloji xəstəliyin müayinə və müalicəsi üçün Moskvadakı, eləcə də dünyanın digər böyük şəhərlərindəki elmi-tibb müəssisələrinə üz tutan vətəndaşlarımız bəzən ən adlı-sanlı, peşəkar mütəxəssislərin qınağı ilə üzləşirlər: Xaricdəki mütəxəssislər Azərbaycanda bu sahənin akademik Əhliman Əmiraslanov kimi bilicisinin olduğunu pasiyentlərin yadına salaraq söyləməyi özlərinə borc bilirlər ki, onların səriştəsi bu böyük alimin peşəkarlığından qətiyyən üstün deyil. Bu obyektivlik real həqiqətlərə söykənir.

Akademik Əhliman Əmiraslanov 470-dən çox elmi əsərin, 19 monoqrafiyanın, 29 dərslik, dərs vəsaiti və tədris-metodik vəsaitin, 16 ixtira və səmərələşdirici təklifin, 20 metodik tövsiyənin, onlarca elmi-kütləvi məqalənin müəllifidir. 200-dən çox elmi əsəri xarici mətbuatda dərc olunub. Bu böyüklükdə elm xadimini tanıdığım, ondan dərs aldığım, yetirməsi olduğum üçün fəxr duyuram!
 

DEPUTAT-ALİMİN XİDMƏTLƏRİ

Nəhəng alim, fenomenal qabiliyyətə malik cərrah, qayğıkeş həkim, bacarıqlı təşkilatçı, gözəl müəllim Əhliman Əmiraslanovun qanunvericilik fəaliyyəti ayrıca bir söhbətin mövzusudur. Görkəmli elm xadimi 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuş, dövlət müstəqilliyimizin bərpa edildiyi o çətin və keşməkeşli dövrdə ölkənin səhiyyə sistemində zəruri olan islahatlarla bağlı faydalı təşəbbüslər irəli sürmüşdü. 2010-cu ildən Əhliman müəllim müstəqil Azərbaycanın Milli Məclisində xalqımızı ləyaqətlə təmsil edir. O, parlamentin Səhiyyə Komitəsinin sədri kimi ölkəmizdə tibb fəaliyyətinə, səhiyyə sahəsinin tənzimlənməsinə dair mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında mühüm rol oynayır. Azərbaycan səhiyyəsində ardıcıl islahatların aparılması üçün zamanın çağırışlarından doğan dəyərli təşəbbüslər irəli sürür. Bu sahədə kəmiyyət və keyfiyyət standartlarının beynəlxalq meyarlara uyğunlaşdırılması üçün hüquqi bazanın zənginləşdirilməsinə çalışır. Uzun illər boyu dərin zəkası və şəfalı əlləri sayəsində minlərlə insanı həyata qaytaran Əhliman Əmiraslanov əhalinin sağlamlığına xidmət edən nəcib missiyasını indi həm də qanunvericilik müstəvisində həyata keçirir.

 

USTADDAN DƏRS ALDIQ

 

Tədqiqat apardığım sahə ilə bağlı xarici ədəbiyyata xüsusi marağım var. Onkologiyanın ayrı-ayrı problemlərinə dair dünyanın müxtəlif ölkələrində, fərqli dillərdə nəşr olunmuş kitab və məqalələrə tez-tez müraciət etməli oluram. İndiyədək sümük iliyinə dair elə bir müasir tədqiqat əsəri rastıma çıxmayıb ki, orada akademik Ə.Əmiraslanovun əsərlərinə istinad edilməsin! Beynəlxalq miqyasda elm aləmində bu məqama yüksəlmək Azərbaycan xalqına və dövlətinə, azərbaycançılığa ən gözəl xidmətdir.   

Təbabət elmində, əgər belə demək mümkünsə, hələ yolun başlanğıcında olan mənim kimi gənclərdən ötrü isə o, sözün əsl mənasında böyük USTADdır. Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiridir. Onun elmi rəhbərliyi altında indiyə qədər 12 tibb elmləri doktoru, 43 nəfər tibb üzrə fəlsəfə doktoru yetişmişdir.

ATU-da təhsil aldığımız illərdə belə bir qayda vardı ki, ixtisas bölgüsündə əlaçı tələbələrə sərbəstlik verilirdi. Təvazökarlıqdan uzaq da olsa qeyd edim ki, mən də həmin əlaçılardan biri idim. İxtisas bölgüsündən əvvəl Əhliman müəllimlə görüşümüz oldu. Peşəsinin mahir bilicisindən, onkologiya sahəsində böyük nüfuz sahibindən aldığım dəyərli məsləhətlər və motivasiya məni də onkologiya istiqamətini seçməyə həvəsləndirdi.

2006-2008-ci illərdə ATU-nun Onkologiya kafedrasında klinik ordinaturada, 2008-2012-ci illərdə müsabiqə yolu ilə aspiranturada təhsil aldığım müddətdə akademik Əhliman Əmiraslanovun rəhbərliyi ilə müstəqil şəkildə cərrahi əməliyyatlarda iştirak etdim, sərbəst həkim kimi fəaliyyət göstərməyə başladım. Məhz Ə.Əmiraslanovun rəhbərliyi ilə 2013-cü ildə “Sümük şişlərində angiogenez ilə metabolizmin biokimyəvi markerləri arasında əlaqənin öyrənilməsi” mövzusunda yazdığım dissertasiyanı uğurla müdafiə edərək “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsini aldım. Bu illərdə Əhliman müəllim kimi insandan əxz etdiyim ali həkimlik keyfiyyətləri indi mənim həyat amalımdır. Onun bir onkoloq kimi peşəkar təcrübəsindən aldığım dərslər isə bu gün mənim həkimlik və elmi fəaliyyətimin uğurlarını şərtləndirən əsas amillərdəndir. Həyat yollarında belə bir işıqlı şəxsiyyətlə rastlaşmaq, ondan öyrənmək, nurundan bəhrələnmək, yaşadığı mükəmməl ömrün müsbət təsirlərini öz həyatında hiss etmək və onun dayandığı zirvəyə can atmaq Tanrının böyük bir lütfüdür. Buna görə hər zaman taleyimə minnətdar olacağam.

 

Azərbaycan övladı olan akademik Əhliman Əmiraslanov dünya tibb elminin nüfuzlu nümayəndələrindəndir. O, cavan cərrahlar üçün USTAD, tələbələr üçün BÖYÜK ALİM, seçiciləri üçün QAYĞIKEŞ DEPUTAT, vətənimiz üçün sözün böyük mənasında ƏSL VƏTƏNDAŞdır. Onun akademik zəkasının işığında yetişib formalaşan yüzlərlə yetirməsindən biri olaraq həkimlik fəaliyyətimdə İNSAN amilini hər zaman uca tutmaq əzmindəyəm. Əhliman Əmiraslanov ömrünün hər məqamında kamilliyə can atan, həyatını ülvi məqsədlərə həsr edən, dövlətinə və xalqına sədaqətlə xidmət edərək baş ucalığı gətirən, elmin onkologiya sahəsinə unikal töhfələr verən, əməlləri ilə adını tarixə yazan nadir ŞƏXSİYYƏTDİR.     

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır