Modern.az

Cəbrayıl gülməcələri... (VIII)

Cəbrayıl gülməcələri... (VIII)

Ədəbi̇yyat

25 İyun 2011, 23:00

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif öncə Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını davam etdirir.

Molla Mirzəlinin transformator əhvalatı

Tarixdən bilirsiniz ki, SSRİ yaranan gündən hər yerdə Allahın inkarı üzrə kampaniya aparılırdı. Ötən əsrin ikinci yarısı ateizm kampaniyasının ən qızğın çağı idi. Bakıdan gələn partiya fəalları, alimlər, yazıçılar, şairlər oba-oba gəzib Allahın uydurma olduğundan danışır, camaatı “mövhümat və cəhalətdən” çıxarırdı.
Belə görüşlərin biri də Cəbrayılın Soltanlı kəndində olur. Bakıdan gələn bir partiya funksioneri üzünü Həzi kişinin həyətindəki qoz ağacının altına toplaşmış camaata tutub elmin vacibliyindən, SSRİ-nin uğurlarından, işıqlı gələcəkdən, bir sözlə, kommunizimin bal-qaymağından danışır. Sonra köhnə inqilabçılar kimi əlini qabağa uzadıb deyir:
- Camaat, belə bir işıqlı yolda bizə ən çox mane olan mollalardı! Onlar elmin düşmənləridi! Avam olmayın, onların dediyklərinə fikir verməyin!
Camaat narahatlıqla vurnuxub bir-birinə, sonra da dönüb kənarda bardaş qurub oturub çıxışçını səbrlə dinləyən Molla Mirzəliyə baxırlar.
Molla Mirzəli ilahiyyat öz yerində, dünyəvi elmlərdən də dərin biliyə malik adam idi. O, həm də hazırcavablığı ilə tanınırdı.
Çıxışçı sözünə davam eləyir:
- Ay camaat, bax, bu mollalar deyir ki, adamın canını Əzrayıl alır, düzdürmü?
- Düzdü, - hamı bir ağızdan dillənir.
- Yaxşı, - natiq deyir, - gündə dünyada neçə adam ölür?
Hamı çiynini çəkir.
- Hə, susursunuz? Deyim, bilin: gündə dünyada minlərlə, milyonlarla adam ölür.
Camaat “Allah rəhmət eləsin!” deyib salavat çevirir.
- İndi deyirsiz bütün bu qədər adamın canını Əzrayıl təkbaşına alır? Bəs demirsiniz ki, o, bunu necə çatdırır?! – natıq gətirdiyi arqumentin gücündən ləzzət alıb gülür.
Camaat yenə çaşqınlıq içində Molla Mirzəliyə baxır.
Molla Mirzəli yerindən durub aram-aram qabağa, partiya işçisinin yanına gəlir. Əl işarəsi ilə işıqçı Fərmanı yanına çağırır. Əlini Fərmanın çiyninə qoyub üzünü partiya işçisinə tutur:
- Qonaq, bu oğlan bizim kəndin işıqçısıdı. Bax, bu uşaq elə indicə gedib kəndin ortasındakı transformatorun “qulağını” bircə dəfə aşağı çəksə, butun kəndin işığı sönəcək. Razısanmı?
- Hə, - partiya işçısı başını tərpədir, - noolsun?
- O olsun ki, ay Allahsız, Allahın göndərdiyi Əzrayılın gücünə şübhə eləmə! Deyirsən yəni o boyda Əzrayıl bu Fərman köpəkoğlundan da fərasətsizdi?!
Camaat Molla Mirzəlinin sözlərinə o ki var gülür.
Qonaq pərt olub Bakıya qayıdır.

***

Leninin pomidoru, Marksın xiyarı

Cəbrayılda Həsən Cəbiyevin elə adını çəkmək yetər ki, həmsöhbətinin dodağı qaçsın. Həsən müəllim çox savadlı aqronom idi. Uzun müddət Aqrar Sənaye İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri işləyib.
Əli Rzayev Cəbrayıla birinci katıb təyin olunan ilin yayında üzümçülüyün, heyvandarlığın vəziyyətini öyrənmək üçün komissiya yaradır. Bostan-tərəvəzin vəziyyətini yoxlamağı Həsən Cəbiyevin rəhbərlik elədiyi dəstəyə tapşırır. Yoxlamanın nəticələri rayon müşavirəsində müzakirə olunacaqdı...
Yoxlamalar bitir, müşavirə çağırılır. 
Yayın istisi bir yandan, uzun və yorucu müzakirə də o biri yandan müşavirə iştirakçılarını tamam yorur.
Hər sahəni yoxlayan dəstənin rəhbəri vəziyyət üzrə hesabat verir, nəhayət söz çatır Həsən Cəbiyevə. Həsən müəllim suvarma suyunun azlığından, suyun səmərəli istifadəsinin vacibliyindən, bitkilərə aqrotexniki qulluğun incəliklərindən çox geniş danışmağa başlayır.
Katib görür ki, Həsən müəllim çox uzaqdan başladı, belə getsə burda gecələməli olacaqlar, ona görə də söhbəti yığcamlaşdırmaq üçün deyir:
- Yoldaş Cəbiyev, bostan-tərəvəz məhsullarının vəziyyətindən danışın.
Həsən Cəbiyev hər bir kolxoz üzrə vəziyyəti məruzə eləyir, amma yenə uzun-uzun cümlələrlə:
- Lenin adına kolxozun pomidor sahələrində aqrotexniki qulluğun yarıtmaz olduğu ucbatından...
Hövsələsi daralmış Əli Rzayev Həsən Cəbiyevin sözünü kəsir:
- Yoldaş Cəbiyev, iki cümlə ilə müşavirə iştirakçılarına deyin görək tarlalarda vəziyyət necədi? İkicə cümlə ilə ha, artıq yox!
Həsən Cəbiyev duruxur:
- Yoldaş katib, mən iki cümlə ilə iki həftəlik işi necə danışım?!
- Vaxt yoxdu, yoldaş Cəbiyev, - iki cümlə, vəssalam!
Həsən müəllim özünü toparlayıb birnəfəsə deyir:
- Yoldaşlar, kəsəsini deyirəm: Leninin pomidorları demək olar ki, cürüyüb, Marksın xiyarından isə danışmağa dəyməz, yaman gündədi...
Özüm müşavirə iştirakçısı olduğum üçün dəqiq deyirəm, iştirakçıların qəhqəhəsi azı 20 dəqiqə davam elədi.
Əli Rzayev Həsən Cəbiyevin dediklərinə siyasi don geydirilə biləcəyindən ehtiyatlanıb müşavirəni tez bağlamaq istəsə də, gülməyini saxlayıb sözünü deyə bilmirdi. 
Bu hadisədən sonra Cəbrayılda dükan-bazarda əzik pomidor satan olanda deyirdilər: “Qohum, deyəsən Leninin pomidorundandı, hə..?”  

***

Cəbrayıl müəllimlə Bəhmən müəllimin qonaqlıq əhvalatı

Əfəndilər kəndindən olan Cəbrayıl Hacıyevi rayonda tanımayan olmaz desəm, səhv eləmərəm. Çox bilikli və hörmətli dil-ədəbiyyat müəllimi olmaqla yanaşı, həm də rayonun ən baməzə adamlarındandı.
Cəbrayıl müəllim Şükürbəyli kənd orta məktəbin direktoru işləyən vaxtlar imiş. Bəhmən müəllim də həmin məktəbdə işləyirmiş. Bəhmən müəllim əslən qonşu kənddən imiş. O, hər dəfə Cəbrayil müəllimlə görüşəndə kəndlərinin səfalı yerlərindən, bağdan-bağatdan ağız dolusu danışırmış. Hər dəfə də Cəbrayıl müəllimi kəndlərinə dəvət eləyirmiş. Rəsmi münasibətlərin şəxsi münasibətlərə keçməsindən ehtiyatlanan Cəbrayıl müəllim də hər vəchlə boyun qaçırırmış...
Axirda “mərifətsizlik olar, kişi neçə dəfə təklif eləyib, getməsəm inciyər” deyib razılıq verir.
Bir bazar günü Bəhmən müəllim yaxşı bir süfrə açdırır. Müxtəlif təamlarla yanaşı, yekə bir xoruz da kəsdirib qızartdırıb süfrəyə qoyur. Ət yeməklərinə elə də meyilli olmayan Cəbrayıl müəllim yüngül yeməklərdən bir az yeyib doyub çəkilmək istəyir, amma Bəhmən müəllim ona xoruz qızartmasından zorla bir neçə tikə yedizdirir.
- Necədi, Cəbrayıl müəllim, xoruz qizartması ləzzət elədi? – Bəhmən müəllim kefikök soruşur.
- Hə, yaxşıdı, Allah süfrənizi bol eləsin.
Bu qonaqlıqdan sonra Bəhmən müəllim hər toyda, yasda yeməkdən söhbət düşən kimi deyərmiş:
- Əşi bu da yeməkdi?! O dəfə Cəbrayıl müəllimnən bizdə bir xoruz qizartması yedik, gəl görəsən! Xoruz deyirəm e, toğlu boyda idi. Əti də ki pilə kimi yumşaq! Pah atonnan, nə qədər yediiiik!
Bəhmən müəllim bu söhbəti əvvəllər Cəbrayıl müəllim olmayan məclislərdə danışırmış, sonra görür ki, camaat maraqla qulaq asır, başlayır Cəbrayıl müəllim olan məclislərdə də danışmağa. Hələ üstəlik, danışıb qurtarandan sonra Cəbrayıl müəllimi də şahid göstərirmiş:
- Mən ölüm, Cəbrayıl müəllim, elədimi?!
Cəbrayıl müəllim bir tərəfdən utanıb yüz dəfə özünü söyürmüş ki, niyə razılıq verdim ki, indi də başıma taqqıldatsın, başqa tərəfdən də bu söhbəti birdəfəlik kəsmək üçün plan cızırmış...
Günlərin bir günü Cəbrayıl müəllim həyat yoldaşına tapşırır ki, dörd-beş adamlıq süfrə açsın, qonaqları olacaq. Bərk-bərk də tapşırır ki, süfrədə dolma, toyuq qızartması, plov, dovğa, mütləq olsun, lülə və tikə-kababın da ətini özü hazırlayıb qoyub deyir ki, bunlara dəyməyin, gələndə özüm bişirəcəm. Alqərəz, bir bəy süfrəsi tədarük görülür. Elə axşama saxlamayıb özü gedir mağazaya, araqdan, konyakdan, pivədən, nə varsa, alib gətirib doldurur ZİL Moskva soyuducuna.
Tənəffüsdə Cəbrayıl müəllim Bəhmən müəllimin sinifinə gəlir, onu yana çəkir:
- Axşam qonaqlarım olacaq, bir balaca yubiley var, onu qeyd eləyəcəyik, ayrı yerə getmə, mütləq sən də gəl, yaxşı?
- Bu ki lap nuri-atəş oldu, Cəbrayıl müəllim, əlbəttə gələrəm, - Bəhmən müəllim sevincək cavab verir.
Dərs bitən kimi, Cəbrayıl müəllim Bəhmən müəllimin qolundan tutub aparır evlərinə və qonağın etirazına baxmayaraq, keçirdib onu süfrənin lap başında oturdur.
- Qonaqlar gələnəcən sən yavaş-yavaş müşqulat elə, mən də kababları hazırlayım, - deyən Cəbrayıl müəllim şişləri həyətdə hazırlanmış manqala düzüb qayıdır.
– Araq süzüm, konyak?
- Cəbrayıl müəllim, bəlkə qonaqları gözləyək?
Əşi narahat olma, onlar rayondan gələcəklər, yemək boldu, biz başlayaq, onlar gələndə süfrəni təzələyərik, - deyıb Cəbrayıl müəllim qədəhlərə araq süzüb Bəhmən müəllimin sağlığına içir.
Bəhmən müəllim də içir. Cəbrayıl müəllimın yoldaşı yeməkləri isti-isti gətirib süfrəyə düzür, Cəbrayıl müəllimlə Bəhmən müəllim də aşırırlar. Cəbrayıl müəllim ara-sıra çıxıb kabablara baş çəkir, bişənləri gətirib Bəhmən müəllimin qabağına yığır. Yemək boşqabları bir-bir boşalır, araq şüşəsi də dibinə enir.
- Bəsdi, Cərayıl müəllim, vallah partlayacam, day yer yoxdu.
Yox, sən mənim canım, bu tikələri də ye, süfrəni yığışdıraq, - Cəbrayıl müəllim tikələri Bəhmən müəllimin boşqabına yığır, özü də keçib oturur onun lap yanında ki, qabda tikə qalmasın.
Bəhmən müəllim o qədər yeyir ki, day əllərini ağzına da apara bilmir.
Yaxşı, gəl bir az tənəffüs eləyək, ayrandan-dovğadan içək, sonra yenə qayıdıb oturarıq, - Cəbrayıl müəllim Bəhmən müəllimin qolundan tutub həyətə aparır, parçda soyuq su gətirib onun üz-ğözünə çiləyir, sərin dovğa gətizdirib içirdir, sufrədə qalan tikələri qaba yığıb gətirir həyətə və Bəhmən müəllimin ağzına dürtür.
- Əşi nağayrırsan, vallah yer yoxdu, catlayacam indi, - Cəbrayıl müəllim tikələri Bəhmən müəllimin ağzına yaxınlaşdırdıqca, o, əli ilə belə deyib geri itələyir.
- Yox, yeməlisən! Bax bu səkkiz yağlı tikəni də yeyəcəksən! – Cəbrayıl müəllim acıqla deyir, - yeməsən, özündən küs!!!
Bəhmən müəllim duruxur:
- Cəbrayıl müəllim, nə olub, vallah başa düşmürəm, niyə hirslənirsən?
- Necə yəni niyə hislənirəm?! Bəyəm bilmirsən?! Nə var ə, ayda-ildə bir dəfə qonaq çağırmışdın məni, 4-illik qartımış bir xoruz kəsdirmişdin, diş də batmırdı, yeri gəldi-gəlmədi gündə yüz yol deyirsən. Bax bu da sənin o xoruz qonaqlığının əvəzi! İndi dur get!
O vaxtdan Bəhmən müəllim xoruz qonaqlığı söhbətinə son qoydu.

***

Cəbrayıl müəllimin xəstələnməsi

Söz Cəbrayıl müəllimdən düşmüşkən,  elə bu qısa əhvalatı da danşım. Qçqınlıq hamı kimi Cəbrayıl müəllimi də bərk sıxır. Bir neçə il qabaq Cəbrayıl müəllim bərk xəstələnir. Yaşı 80-i haqladığından sağ qalan tay-tuşları, müəllim yoldaşları tez özlərini Cəbrayıl müəllimgilə çatdırırlar ki, vaxtında halallaşsınlar, kişi dünyadan köçər, ruhu önündə xəcalətli qalarlar.
Dostları ona ürək-dirək verir, tezliklə sağalıb ayağa duracağını deyirlər. Cəbrayıl müəllim də hər deyilənə “dünya bekara dünyadı” deyib əlini yelləyirmiş.
Əsası 1875-ci ildə qoyulmuş və təhsil səviyyəsinə görə “Qarabağın Akademiyası” adlandırılan Cəbrayıl şəhər orta məktəbin uzun illər direktoru olmuş İslam Məmmədov ağrıdan ah-uf eləyən dostu Cəbrayıl müəllimə atmaca atır:
- Həə, dostum, öz aramızdi, deyəsən dünyadan köçmək istəmirsən ha?! Üz-gözündən qorxu yağır!?
Cəbrayıl müəllim birtəhər mütəkkəyə dirsəklənib başını qaldırır:
- Rəhmətliyin nəvəsi, sən də söz danışırsan. Əlbəttə qorxuram. Toya çağırmırlar, bayrama cağırmırlar. Oğlumgilə getmirəm, qızımgilə getmirəm ki, bezəndə qayıdım gəlim evimə. Ən pisi türmədi, ordan da qayıtmağa ümid var. Amma mən gedəcəyim yerdən qayıdan olub???
Dostları Cəbrayıl müəllimin sözünə o qədər gülür ki, Cəbrayıl müəllim özü də ağrılarını unudub onlara qoşulub gülür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür