Modern.az

ANS-in aparıcısı Afət Telmanqızı: "...bu xəbərləri efirdən oxumaqdan bezmişəm"

ANS-in aparıcısı Afət Telmanqızı: "...bu xəbərləri efirdən oxumaqdan bezmişəm"

Media

26 İyun 2011, 12:34

ANS televiziyasının tanınmış aparıcısı Afət Telmanqızı ANSpress-ə müsahibəsində iş və ailə həyatından danışıb. Modern.az həmin müsahibəni təqdim edir..

- Afət Telmanqızı neçə ildir ANS-çidir?

-10 ildir, 2001-ci ilin sentyabrından ANS-dəyəm. Bu il yubileyimdir.

- ANS Afət Telmanqızı üçün nədir?

- ANS mənim üçün bir yuvadır, bir ailədir. Mən ANS-i kimlərə görə isə çox istəmirəm, ANS olduğu üçün çox istəyirəm. Afət Telmanqızı harada olursa olsun, ANS-in yerini heç nə verə bilməz!

- ANS-ə gəlişiniz necə oldu?

- Universiteti bitirdikdən sonra mətbuatda jurnalist fəaliyyətinə başladım. Təxminən 5 il qəzetdə işlədim. Orada işlədiyim müddətdə rəfiqələrimdən biri mənə xəbər verdi ki, ANS ÇM radiosunda elan veriblər, vakant yerlərə işçi axtarırlar. Dedi ki, “bəlkə sən də özünü sınayasan?” Özümü sınamaq istədim və sənədlərimi verdim. Üstündən bir neçə gün keçdikdən sonra, “Xəbərçi” proqramının o vaxtkı aparıcısı Rüstəm Əbülfətoğlu mənə zəng vurub dedi ki, “sizi ANS-də gözləyirik”.
İşim olmasına baxmayaraq, ANS-dən müsbət cavab aldığıma görə çox sevindim. Gəldim, televiziya jurnalistikası qəzet jurnalistikasından fərqli olduğundan məni yoxlamaq üçün material işləməyimi tapşırdılar.
İlk materialıma Mir Şahin müəllim (ANS Şirkətlər Qrupunun vitse prezidenti Mirşahin Ağayev-red.) baxdı və bəyəndi. Dedi ki, bu materialın redaktəyə ehtiyacı yoxdur. Və işə götürüldüm. ANS-in praktikasına görə, burada işə götürülənlər bir müddət təcrübə keçməlidirlər. Məni isə birbaşa redaktor assitenti kimi təsdiqlədilər. İlkin olaraq “İç xəbər”də işlədim. Bir müddət sonra Orxan Fikrətoğlunun “Xəbərdar” verilişində həm müxbir, həm də prodüsser kimi çalışdım. Bu verilişdə işləyə-işləyə “Xəbərçi”də işləməyə başladım. Eyni vaxtda hər iki verilişə materiallar verirdim.

- İlk çəkiliş hansı təəssüratlarla yadınızda qalıb?

- İlk çəkilişim kriminal hadisəsi olduğundan heç də yaxşı təəssüratla xatırlamıram. Sözsüz ki, televiziya işini öyrənmək üçün praktika keçməli idim. İlk çəkilişə Qənirə Ataşova ilə çıxdım. Qənirə Ataşova o vaxt “İç xəbər”in kriminal xəbərlərini hazırlayırdı. “Qanlı göl” deyilən ərazidə bir uşaq batmışdı. Qənirə ilə gedib o uşağın evini tapdıq, çəkdik. Oradakı ağlaşma mənə çox pis təsir etmişdi. Qəzetdə işlədiyim dövrdə mənim sahəm siyasi və sosial mövzular olduğundan heç vaxt kriminal mövzuda xəbər hazırlamamışdım, ilk dəfə idi elə səhnə ilə qarşılaşırdım.

- İlk efirinizi necə xatırlayırsınız?

- İlk efirim ekspromt olub. Efirə 10 dəqiqə qalmış Vahid müəllim (ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev-red.) dedi ki, “sən efirə çıxırsan”. Tələm-tələsik hazırlaşıb efirə çıxdım. Elə bir problemim olmadı. Səhv eləmirəmsə, 2005-ci il idi, artıq 4 il idi ANS-də işləyirdim.

- “24 noyabr 2006-cı il” və Afət Telmanqızı. O günü necə yaşadınız?

- Həmin gün biz ANS-in yubileyinə hazırlaşırdıq. Düzü ağlımıza da gətirmirdik belə olacağını. ANS-in bayramı münasibətilə toplanmışdıq, ürək sözləri deyildi, təbriklər səsləndi. Belə bir təhlükənin gözlənildiyini hiss etmədik. Vahid müəllim, Seyfulla müəllim, Mir Şahin müəllim, Mais müəllim bu barədə bizə heç nə demədilər. Hətta bizə yubiley münasibətilə hədiyyələr də verdilər.
Toplantıdan dərhal sonra 12:00 xəbərlərinə hazırlaşırdım. Qəfildən agentliklərin birində bu məlumatla rastlaşdım: “MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli ANS-in efirə çıxmasına qadağa qoyub. Telekanalın lisenziya müddəti uzaldılmır”. Düzü inanmadım...
Efirə çıxmaq üçün hazırlığıma davam etdim. Uşaqlar hamısı bir-birinə qarışdı, hər kəs həyəcan içində idi. Məlumatın düzgün olub-olmadığını bilmirdik. Efirə çıxdığım anda mənə qulaqcıqla bildirdilər ki, ANS-in efiri bağlandı, sən bunu elan etməlisən.
Milli Televiziya Radio Şurasının göndərdiyi məktubu oxumalı idim... Məni ağlamaq tutmuşdu, bütün bədənim əsirdi. Bu titrəyiş səsimi də titrədirdi. Tamaşaçılar bunu hiss etmişdilər. Amma güclə özümü ələ almağa çalışdım. İstəmirdim tamaşaçılar göz yaşlarımı görsün. Özümü o an ancaq vəzifəmi yerinə yetirməyə, xəbəri oxumağa köklədim. Var gücümü toplayıb, bunu etdim... Şüşənin arxasından uşaqların “Ay Allah” qışqırtısını eşitdim. Dəhşət idi, çox pis olmuşduq...
Bu hadisədən sonra öz işimizə davam etdik, yəni məlumat toplamaqla məşğul olduq. Yeri gəlmişkən, bu hadisədən sonra ANS PRESS portalının yaradılması ideyası gerçəkləşdi. Mən deyərdim ki, ANS PRESS ANS-in bağlandığı ərəfədə doğulmuş bir agentlikdir. ANS açılana qədər fəaliyyətimizi bu portalda davam etdirdik. O arada ANS-in əməkdaşlarına çox yerlərdən iş təklifləri gəldi. Amma hamı bu iş təkliflərinin üstündən xətt çəkdi. Çünki ANS olan yerdə başqa təklifdən söhbət gedə bilməzdi.

- Və ANS efirə yenə də Afət Telmanqızının efirdə olduğu vaxtda qayıtdı...

- Rəhbərlik belə qərar aldı ki, əgər ANS mən efirdə olduğum vaxtda bağlanıbsa, elə açıldığı anda da efirdə mən olum. Sözün düzü mən özüm də bunda maraqlı idim. İstəməzdim ki, mən efirdə olduğum müddətdə ANS bağlansın. Ona görə də ANS-in açılması şad xəbərini tamaşaçıya özüm çatdırmaq istəyirdim.

- Daha hansı şad xəbəri tamaşaçıya çatdırmağı çox istəyərsiniz?

- Heç olmasa, rayonlarımızdan birinin işğaldan azad olunması xəbərini özüm çatdırardım. Qarabağla bağlı hər şeydə həssasam. Mənə ən pis təsir edən, işğal olunmuş torpaqlarda qalan qəbirlərimizdir. Ən yaralı yerim budur. İşğal olunmuş rayonlarda dağıdılmış qəbirləri görəndə, sanki həmin an ölürəm. Düzdür, işğal altında qalan torpaqlarımızın hər bir qarışı, hər bir daşı mənə əzizdir. Ancaq bunun subyektiv səbəbi də var. Doğmalarımın çoxunun, atamın, əmilərimin, əmim qızının qəbri orada qalıb. Mən məcburi köçkün deyiləm, Bakıda doğulmuşam, Bakıda böyümüşəm, təhsilimi burada almışam. Amma köküm erməni işğalı atında olan Zəngilan rayonundandır. Efirdə dağıdılmış qəbirləri görəndə gecələr narahat yatıram. Bəzən yuxumda o yerlərə gedib qəbirlərin dağıdılmadığını görürəm. Həmin gün özümü yaxşı hiss edirəm. Bilsəm ki, ömrümə bir gün qalıb, yenə də gedib atamın qəbrini görmək istəyirəm. Atamın məzarını ziyarət etsəm, cavan ölsəm də elə bilərəm 100 il yaşadım. Bayramlarda, ya da narahatlıq keçirəndə ürəklərini doğmalarının məzarı başında boşaldanlar qəlbən rahatlıq tapırlar. Mənimsə əlim atamın məzarına çatmır...
Şükür Allaha, anam var, yaxşı yoldaşım, qızım var. Amma atanın yeri başqadır. Ata nisgili çəkəndə toxtaxlıq tapmaq üçün məzarına gedib onunla danışmaq istəyirəm.Atamı çox tez itirmişəm, 8-ci sinifdə oxuyanda. Yeganə təsəllim odur ki, nə vaxtsa o qəbri ziyarət edəcəm.

- Xəbərçi olaraq hansı xəbəri tamaşaçıya çatdırmaqdan bezmisiniz? Hansı xəbərləri oxumaq istəməzdiniz?

- İstəməzdim nəinki mən, heç bir aparıcımız bizim gündəlik baş xəbərimiz olan “Ermənistanın Azərbaycana təcavüzü davam edir” məlumatını tamaşaçıya çatdırsın. Atəşkəsin pozulması, əsgərlərimizin şəhid olması xəbərlərindən bezmişəm. Bu xəbərləri oxumaq nədir, heç eşitmək belə istəmirəm.

- “Nəzər Nöqtəsi”ndə nəzərlərinizin müsahibinizlə toqquşmadığı anlar olur?

- Vallah, deyərdim ki, bizim nəzərlərimizin toqquşması və ya toqquşmaması problem deyil. Təki gəlsinlər. Bizim ən böyük problemimiz həmin o müsahibləri studiyaya gətirməkdir. “Nəzər Nöqtəsi” verilişinin bir problemi qonağın efirə gəlməyi ilə bağlıdır. Elə qonaqlarımız olur, bir həftə əvvəldən danışırıq, razılığını alırıq. Söz verirlər, amma efirə çıxacağı həftə onların heç birini tapmırıq.
Qonaq problemi olmasa, “Nəzər Nöqtəsi” çox maraqlı verilişdir. Amma biz müsahiblərimizi öz yerlərindən, kreslolarından güclə qoparıb gətiririk. Bəziləri hətta çəkilişin onların kabinetlərində aparılmasını istəyir. Bir təhər izah edirik ki, verilişin formatına görə siz bizim studiyaya gəlməlisiniz. Rəhbərlik də bilir ki, qonaqlarımız çox nazla gəlirlər. Onların nazı ilə oynamağa məcburuq, başqa yolumuz yoxdur. Hər veriliş öncəsi gözümüz saatda qalır. Baxın, saat 15:30-dur, mən hələ qonağımdan “hə” cavabını ala bilməmişəm. Əvvəllər bizim verilişə nazirlər çıxırdı. İndi isə biz naziri çağırırıq, nazir də öz müavininin müavininin müavinini göndərir. Vallah bilmirəm niyə qaçırlar?

- Bilməmiş olmazsınız, sizcə nəyə görə gəlmək istəmirlər?

-Bunun müxtəlif səbəbləri var. Çox güman ki, tamaşaçı qarşısında hesabat verməkdən çəkinirlər. Verəcəyimiz suallardan çəkinən məmurlar da az deyil. Biz heç kimin şəxsi həyatına qarışmırıq onlara ancaq və ancaq tutduqları vəzifələr ilə, işləri ilə bağlı suallar veririk. Jurnalist olaraq informasiya almaq hüququmüz var. Təbii ki, qarşı tərəf deyə bilər ki, vətəndaş olaraq informasiya verməmək hüququm var. Amma bizim dəvət etdiklərimiz ictimai şəxslərdir onlar belə deməməlidirlər. Toxunduğumuz mövzu ilə bağlı ən azından aidiyyatı məsul şəxslər bizim suallarımızı cavablandırmalıdırlar. Məmurlar yaddan çıxarmamalıdırlar ki, o kresloya özləri üçün oturmayıblar, xalqa xidmət göstərmək üçün o vəzifədədirlər.

- “Nəzər Nöqtəsi”nin studiyasında daha çox kimi görmək istərdiniz?

- Hamıya məlumdur ki, ölkəmizdə hal-hazırda korrupsiyaya qarşı mübarizə gedir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyi bu günlər ərzində hansı işləri gördüklərindən danışmalıdırlar. Hər şey şəffaf olmalıdır, ölkə prezidentinin verdiyi tapşırıqlara necə əməl olunması barədə danışmalıdırlar.

- İndiyədək çox mövzular işləmisiniz. Hansı mövzular sizə daha yaxındır?

- Həmişə eksklüziv xəbərlərə can atmışam. Toxunulmayan mövzular mənə maraqlıdır. Amma analıq məzuniyyətindən qayıdandan sonra jurnalist kimi maraq dairəm daha da genişlənib. “Hesabat” verilişi üçün “Dayə”, “Övladlığa uşaq götürmə”, “Uşaqların ana bətnində məhv edilməsi” və bu kimi mövzular işləməyə başladım. Ana olmayanda bu mövzular mənə yaxın deyildi.

- İki il öncə ailə həyatı qurdunuz. ANS-in tanınmış aparıcısı həyat yoldaşı ilə necə tanış oldu?

- Həyat yoldaşım məni efirdə görüb bəyənib.

- Qismətinizdən razısınız?

- Çox razıyam. Həyat yoldaşım qarşıma çıxanda düşündüm ki, əsl mən istəyən adamdır. Dünyagörüşü, savadı, mədəniyyəti ilə diqqətimi özunə cəlb etdi. Ona görə də razılıq verdim. Ürəyimcə olmasaydı, bəlkə hələ də subay idim.

- Jurnalist xanım, həyat yoldaşı və ana. Bu üç vəzifənin hansının öhdəsindən gəlməkdə çətinlik çəkirsiniz?

- Hər üçünün öhdəsindən eyni dərəcədə gəlmək deməzdim ki, asandır. Boynuma alıram ki, çətindir. Çətin olsa da, işlərimi paralel şəkildə aparmağı bacarıram. Amma deyəsən ana kimi özümü doğrultmuram. Qızım 10-cu ayına yeni keçib. Hələ indi-indi dərk edir, işə gələndə arxamca ağlayır, evə qayıdanda üstümə atılır. Uşaq mənə olan ehtiyacını özü hiss etdirir. Bu şeyləri görəndə hərdən çox pis oluram.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır