Modern.az

Bakıdakı hərbi paraddan FOTOSESSİYA

Bakıdakı hərbi paraddan FOTOSESSİYA

26 İyun 2011, 22:38

26 iyun Azərbaycan Silahlı Qüvvələr günü ilə bağlı Bakının Azadlıq meydanında keçirilən hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 6 min nəfərlik şəxsi heyəti, 400-dək hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-dək silah, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqları iştirak edib.

Əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin zabit bölükləri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursantları mətin addımlarla tribunanın önündən keçiblər.

Ardınca Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlıları, Silahlı Qüvvələrin dəniz piyadaları, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları da nizami addımlarla tribunanın önündən keçiblər. 

Daha sonra hərbi texnika keçid edib. Üzərində Azərbaycanın istehsalı olan pulemyotlar quraşdırılmış yüksək sürət və manevr qabiliyyətinə malik motosikletlər, onların arxasınca “Tütək” raket kompleksləri, “Qırğı” tank əleyhinə raket kompleksləri quraşdırılmış “Əqrəb” markalı xüsusi zirehli avtomobillər, Daxili Qoşunların “SOFA”, Dövlət Sərhəd Xidmətinin “Kobra” zirehli maşınları, xüsusi təyinatlı bölmələrin “Land Rover” və “Mercedes” maşınları, Daxili Qoşunların “Cardom” tipli minaatanları tirubanın önündən hərəkət ediblər. 

Ölkəmizdə istehsal olunan “Qaranquş” və “Şahin” pilotsuz uçuş aparatlarının nümayişi hərbi parada tamaşa edənlərdə daha böyük maraq doğurub. Bu aparatlar düşmənin taktiki dərinliklərində kəşfiyyat aparılması üçün istifadə edilən ən müasir və səmərəli texnikadır. Həmin aparatlar ən geniş ərazilərdə mühüm obyektlərin kəşfiyyatını aparmağa imkan verir.
Müxtəlif çaplı, müasir tipli yedəkli artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, haubitsalar, qoşqular, zireh sistemləri bir-birinin ardınca meydandan keçiblər. “Dolu-1” 20,4 kilometr, “Leysan” 45, “Şimşək” 150, “Qasırğa” isə 70 və 90 kilometrlik məsafələrə reaktiv mərmi atmaqla hədəflərə dəqiq zərbə vurmaq imkanına malikdir. 

Sonra zenit-raket kompleksləri keçib. Bunlar “Kaman” zenit-raket kompleksi (maksimal vurma qabiliyyəti 35 kilometr), yüksək hündürlükdə uçan sürətli təyyarələri, qanadlı raketləri vurmaq üçün təyin edilmiş “Qalxan” zenit-raket kompleksi (hədəfi məhvetmə imkanları üfiqi və şaquli məsafələrə müvafiq olaraq 255 və 40 kilometr), “Favorit” zenit-raket sistemi (saniyədə 2800 metr sürətlə uçan 6 müxtəlif hədəfə qarşı atəş əməliyyatı aparır və 27 min metrədək hündürlükdə hədəfləri məhv edir), “ARI-1T” mobil avtonom zenit-raket kompleksi (12 kilometr məsafədə və 7 kilometr hündürlükdə hədəfi məhv etmək imkanına malikdir) olub.

Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Matador” və “Marauder” zirehli döyüş maşınları da tribuna önündən keçib. Yüksək manevr imkanına malik olan bu maşınlar tank əleyhinə minaların təsirinə davamlılığı ilə seçilirlər və iriçaplı müasir silahlarla komplektləşdirilib.

Müxtəlif markalı özüyeriyən artilleriya qurğuları, piyadaların döyüş maşınları, modernləşdirilmiş “T-72” tankları, özüyeriyən “Nərgiz” topları (xüsusi mərmilərdən istifadə edilməklə 47,5 kilometr dərinlikdə olan hərbi təyinatlı strateji obyektlərə zərbələr endirir), tam kompyuterləşdirilmiş “T-72” tankları – “Aslanlar” paradda hərbi keçid ediblər.

Xəzər dənizinin sahilində, paradın keçirildiyi Azadlıq meydanının yaxınlığında Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinə məxsus 28 gəmi, kater və qayıq, Dövlət Sərhəd Xidmətinin 4 sərhəd-gözətçi gəmisi, Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən gəmisi və 3 xilasetmə kateri hərbi reyddə sıralanıb.

Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin və vertolyotlarının uçuşu hərbi paraddakı xüsusi əhval-ruhiyyəni daha da gücləndirib. Hərbi paradda 22 döyüş və 8 təlim-məşq təyyarəsi, həmçinin 35 döyüş vertolyotu iştirak edib.
Hərbi Hava Qüvvələrinin uçuş nümayişini Mi-8 tipli vertolyotun Azərbaycanın dövlət bayrağını aparması açıb. Uçuş nümayişini Mi-17-1V və Mi-8 vertolyotlarının dəstəsi davam etdirib.

Mi-8 və Mi-17-1V, Mi-24, Mi-171, Mi-172, KA-32 vertolyotları, MİQ-29 qırıcı-bombardmançı, SU-25 hücumçu, L-39 təlim-məşq təyyarələrinin pilotları da məharətlərini göstəriblər.

Azərbaycanın milli şahinlərinin idarə etdikləri SU-25 tipli təyyarə dördlüyü səmada rəngli tüstü ilə Azərbaycan bayrağının üzərindəki üç rəngin təsvirini yaradıb. 

Hərbi paraddan fotosessiya...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?