Modern.az

Tatar cıdırında iflasa uğrayan “Qarabağ kəməndi”

Tatar cıdırında iflasa uğrayan “Qarabağ kəməndi”

27 İyun 2011, 23:49

Kazanda Rusiyanın uğursuz vasitəçilyi regionda siyasi maraqlar uğrunda səngiməyən  müharibənin bariz nümunəsidir


Nəticəsiz Kazan görüşü gündəmə bir sıra suallar gətirib. Əslində bu görüşün faydasız olacağı əvvəlcədən aydın idi. Görüş ərəfəsində istər Azərbaycan, istərsə də Ermənistanın ictimai-siyasi qüvvələri, politoloqları öz rəylərində birmənalı olaraq Kazanda hansısa əsas prinsiplərin müəyyən ediləcəyinə böyük şübhə ilə yanaşrdılar.

Kazan görüşündə yeganə olaraq ABŞ, Fransa, Rusiya prezidentləri, ATƏT, AŞPA nikbinlik nümayiş etdirirdi. Hətta onların görüşün perspektivləri ilə bağlı verdikləri açıqlamalarında  yüngül şantaj elementləri də hiss edilirdi.

Kazanda iflasa uğrayan Medvedev

Görüşün nəticələrini isti-isti təhlil etmək tez olsa da, bir sıra məqamları demək olar: Kazan görüşü göstərdi ki, Cənubi Qafqaz regionunda böyük güclərin maraqları hələ tam razılaşdırılmayıb. Qərbin Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ümidləri Kazana bağlanmamışdı. Rusiya prezidentinin vasitəçilyi ilə 2009-cu ilin payızından başlanmış 9 yüksək səviyyəli görüşün iflasa uğraması əslində Moskvanın Qafqazdakı münaqişələrdə arbitir rolunda çıxış etməsində ciddi şübhələr yaratdı. Medvedev üçün isə bu Moskvanın “sülh göyərçini” imicinə zərbə vurdu. Çünki rəsmi Moskva Medvedevin timsalında keçirdiyi bu görüşlərdə Cənubi Qafqaz münaqişələrinin “açarı”nın onda olduğunu nümayiş etdirir və bununla da bölgədə “payı bölüşdürəcək əsas quvvə” kimi çıxış edirdi. Deyilən bütün gözəl sözlərə və nikbin notlara rəğmən Rusiyanın egidası altında keçirilən dalbadal üç görüşün - Sankt-Peterburq, Soçi, Kazan görüşlərinin - iflası ABŞ və Avropa üçün əlverişli situasiya yaradır. Nəticəsiz görüşlərdə bir mesaj aydındır: Rusiya bölgədə digər gücləri nəzərə almadan təkbaşına “idarəçi” rolunda çıxış edə bilmir. SSRİ-nin “əbədi təsir zonaları” kimi baxılan Cənubi Qafqazda yeni təsir rıçaqlarının meydanda olması təkzibedilməz amilə çevrilib.

“Ağ qarğa”ya çevrilən Ermənistan və sülh istəyən biganə Qərb

Kazan görüşündə Ermənistan üçün təhlükəli olan məqamlar da var: danışıqlar prosesini bitib tükənməyən ambisiyalarının girovuna çevirməklə İrəvan getdikcə “ağ qarğa”ya çevrilir. Rusiyanın himayəsinə sığınıb onun siyasi göstərişləri ilə hərəkət edən Ermənistanın məqsədi aydındır: tarixən ermənilər Moskvaya siyasi varlıqlarını qorumaq üçün “xilaskar” kimi baxıblar. Erməni siyasi dairələri Qərb ölkələrindəki demokratik üsul-idarədən öz mənafelərinin təmin edilməsi üçün istifadə ediblər. Erməni xalqının siyasi təhlükəsizliyi ilə bağlı təminat isə daim Moskvadan istənilib. Bu barədə illüziyalara qapılmağın əhəmiyyəti belə yoxdur. Elə eks-prezidnet Ter-Petrosyanın “Moskovski novosti” qəzetinə müsahibəsində də bu amil ciddi şəkildə vurğulanır. Petrosyan erməni xalqının dövlət və dövlətçilik ənənələrinin yaranması üçün Rusiyanın fövqəladə rol oynadığını  açıqlayıb. Lakin çağdaş dünyada geopolitik güclərin yeni “maraqlar xəritəsi” “erməni kartı” üçün yaxşı heç nə vəd etmir.  

Rusiyanın Dağlıq Qarabağ münaqişəsində “erməni kartından” istifadə limiti getdikcə tükənir.  Çünki Rusiyanın tanınmayan separatçı rejimlərdən “xortdan” düzəldərək bunu siyasi alət kimi istifadə etməsi ilə bağlı illərlə apardığı siyasət bu gün üçün artıq əhəmiyyətini itirmək üzrədir. Helsinki Yekun Aktının prinsiplərini saya almayan Moskvanın bu mövqeyi dünya birliyi tərəfindən asan həzm edilmir. “Sərhədlərin dəyişdiriməsi” taktikasını siyasi şantaja çevirən Moskva  iki yol ayrıcında qalıb: Rusiyanın daxilində ictimai rəy getdikcə liberal islahatların aparılmasını vacib edən faktora çevrilir; “Jandarm” rolu Kreml üçün elan etdiyi “modernləşmə” və “liberal cəmiyyətin təntənəsi” (bu Medvedevin tez-tez iqtibas gətridyi tezislərdir) vədləri ilə uzlaşmır.
2008-ci ildə Gürcüstan müharibəsi zamanı Cənubi Osetiya və Abxaziyanın müstəqillyinin Rusiya tərəfindən tez-tələsik tanınması Kreml üçün indi “kal armuda” dönüb: bu addımın düz-əməlli izahını verə bilməyən Moskva Çeçenistanla bağlı anoloji müqayisələrə kəskin və ağrılı reaksiya verir.    
Odur ki, Medvedevin Dağlıq Qarabağla bağlı sülh missioneri kimi fəaliyyəti onun Qərbə bir mesajıdır.

Digər tərəfdən Rusiya Ankara ilə enerji sazişlərinə ümid edirsə, o zaman Türkiyənin bölgədəki maraqlarını da mütləq nəzərə almağa məcburdur. “Cənub axını” kimi layihənin müvəffəqiyyəti həm də siyasi güzəştlərdən keçir. Moskva bunu yaxşı bilir. Bölgədə həlledici ölkə olan Azərbaycanın Türkiyə ilə münasibətləri təkcə diplomatik sənədlər üzərində qurulmayıb. Burada eyni köklü xalqların həmrəyliyi və “iki dövlət –bir millət” tezisi möhkəm yer tutub. Odur ki, Moskva əgər Türkiyə ilə əlaqələrinin inkişafında maraqlıdırsa, o zaman Ankaranın bölgədəki maraqları təmin etməldir. Ankara isə Azərbaycanın yanındadır.

Maraqlı bir detal isə Qərbin Qarabağ münqişəsində hiss edilən qəribə biganəliyidir. Kazan görüşü ərəfəsində bütün “zərbə qüvvəsini” Azərbaycana yönəldərək guya hər şeyin yalnız Bakıdan asılı olduğu görüntüsünü  yaradan beynəlxalq güclər nədənsə əsas fiquru –Ermənistanı arxa planda saxlayır. Halbuki, Azərbaycanın torpaqlarının 20 faizdən çöxu məhz Ermənistan tərəfindən işğal edilib. Bunu İrəvan heç inkar da etmir, həyasızcasına  işğal altında saxladığı rayonları “təhlükəsizlik qurşağı” adlandırır. Kazan görüşündə Azərbaycanın öz torpaqlarının taleyini müəyyənləşdirmək istəyini “danışıqları pozmaq” kimi qələmə vermək artıq şantajdan başqa bir şey deyil.

Kazan görüşü Azərbaycan üçün hansı məqamları üzə çıxartdı?

İlk olaraq onu demək olar ki, Azərbaycanın “Rusiyanın qucağına yuvarlanması” barədə son zamanlar eşildilən rəylərə rəğmən, prezident İlham Əliyevin münaqişənin tənzimlənməsində rəsmi Bakının maraqlarını ardıcıl müdafiə etməsi onun danışıqlarda müstəqil mövqeyini saxladığını nümayiş etdirdi. Enerji ehtiyatlarının verdiyi bu mövqe prezidentə hələki 90-cı illərin “balans siyasətini” saxlamağa imkan verir.  

Azərbaycanın Kazan görüşünü pozması barədə erməni tərəfinin iddası təəccüblüdür. Erməni xarici işlər naziri E.Nalbandyan idda edir ki, guya, “Kazanda artıq razılaşdırılmış prinsiplərə yeni təklifələr irəli sürməklə Bakı danışıqları pozub”.
Maraqlıdır, bu hansı “razılaşdırılmış prinsiplərdir”? Axı hamı bu prinsiplərin Kazan görüşündə razılaşdırılacağına ümid edirdi. Odur ki, əgər hətta “yeni təkliflər” iddiası varsa da belə, rəsmi Bakı bununla bağlı hüququ özündə saxlayırdı.

İkincisi, “Dovil bəyanatı”nın ritorikasından istifadəyə cəhd edən ermənilər özlərini Kazanda “sülh tərəfdarı” kimi göstərməklə Azərbaycanı həmsədr ölkələrin qarşısında “müqəssir” imici ilə tanıda biləcəklərinə ümid bəsləyirdilər. “Dovil bəyanatı”nda əks olunan “əsas prinsiplər üzərində işi başa çatdırmaq” çağırışı isə sadəcə Rusiya və ABŞ-ın özəl maraqlarından irəli gələn bir çağırışdır. Bəyanatın özü isə birtərəfli və yarımçıqdır. Orada deyilənlərdən savayı, Azərbaycanın əlində BMT-nin 4 qətnaməsi və 1992-ci ildə Ermənistnın da imza atdıqı Helsinki Yekun Aktı var.

Prinsip aydındır: vasitəçilər dolayısı yolla başa salmağa çalışırlar ki, Qarabağda məğlub olan Bakı müharibənin qanunlarına uyğun olaraq qalibə güzəştə getməlidir. Odur ki, son aylarda Qərb tərəfindən hakimiyyətin ciddi şəkildə tənqid olunması dünya ictimaiyyətinə guya Azərbaycanın Qarabağla bağlı tələblərində haqsız olmasını nümayiş etdirmək niyyətidir. Təsadüfi deyil ki, əsas vurğunu “Dağlıq Qarabağ erməniləri avtoritar rejimdə necə yaşayacaq?” tezisi üzərində saxlamaqla Bakının “xortdan” obarzında təqdimatına cəhd edilir. Ermənistanda son prosesləri izləyəndə bunu açıq görmək olur: dünya gücləri İrəvanda erməni hakimiyyəti və müxalifəti arasında başlanan dialoqun fonunda Azərbaycanda sərbəst toplaşma azadlığı sahəsindəki son prosesləri asanlıqla müqayisə edirlər. Sərkisyan Kazan görüşünə müxalifətlə bir masa arxasında oturmaqla böyük kozır apardı. Təsüdüfi deyil ki, AŞPA-da çıxış edərkən Sərkisyan Qarabağ məsələsində ölkəsinin siyasi qüvvələrinin vahid mövqeyi ilə çıxış etdiyini vurğuladı. Azərbaycan isə Kazana siyasi quvvələrlə ciddi problemlərlə getməli oldu. Odur ki, Qarabağ danışıqlarında rəsmi Bakının mövqeyinin güclənməsi üçün daxili siyasi dialoqun vacibliyi artıb. Mərhum prezident Heydər Əliyev bu baxımdan ölkə siyasi qüvvələrinin bu məsələdə mövqeyini yaxşı koordinasiya edə bilirdi. Hələ 2001-ci ildə Ki-Uest danışıqları zamanı H.Əliyev ölkədaxili müxalifətin hakimiyyətlə birlikdə olan vahid mövqeyini müvəffəqiyyətlə beynəlxalq aləmə nümayiş etdirə bildi.

Son Kazan görüşü göstərdi ki, Azərbaycan beynəlxalq güclərin ciddi təzyiqləri ilə üzləşib. Azərbaycanla bağlı hansısa bir plan üzərində iş gedir: Kazan görüşü bunu bir daha nümayiş etdirdi. Əgər Azərbaycanın Dağlıq Qarabağla bağlı BMT-nin qətnamələrini xatırlatması “böyük fürsət” adlandıran görüşü iflasa uğradırsa, o zaman bizə proses barədə ciddi düşünmək qalır.

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu