Modern.az

“Davudun oğlu Məsudun qülləsi”: Qız qalasının sirli tarixi...

“Davudun oğlu Məsudun qülləsi”: Qız qalasının sirli tarixi...

Ölkə

28 İyun 2011, 12:04

Əcnəbilər tərəfindən yenidən təmir olunan bu qədim qalada işləmək üçün yerli bərpaçı tapılmayıb  


Odlar yurdu Azərbaycanın qədimliyini, tarixinin və memarlığının unikallığını əks etdirən abidələrin sayı kifayət qədərdir. Amma bir çox tikililər haqqında ətraflı və dolğun məlumatlar kifayət qədər deyil. Bəzi mütəxəssislər hesab edir ki, bu məlumatsızlıq qədim qaynaqların azlığı və ya onların birtərəfli araşdırılmasının nəticəsidir.

Modern.az saytının qədim memarlıq abidələrinin tarixi haqqında yazısında bu dəfə qədim, tarixi haqqında müxtəlif fikirlər səsləndirilən bir qaladan söhbət acılacaq. O qala ki, onun haqqında  1500 nəfərin  iştirak etdiyi film də çəkilib. Öncə qızından imtina edən, daha sonra ona vurulan atanın təklifi və bu təklifə dözməyərək atasının onun üçün tikdiyi qaladan atan bir qızın hekayəsindən bəhs edir bu film. Yəqin ki, artıq məlumdur ki, söhbət sirli Qız qalasından gedir. Bu film Qız qalası barədə olan əfsanə haqqında çəkilib. Ancaq bu qala haqqında səslənən fikirlərdən sadəcə biridir.

“Davudun oğlu Məsudun qülləsi”

Qız qalası Azərbaycan özünəməxsus yeri olan abidələr sırasındadır. Bu qalanın nə vaxt və hansı məqsədlər üçün tikilməsi haqqında müxtəlif fikirlər, müxtəlif versiyalar mövcuddur. Bəzi alimlər hesab edir ki, qala hərbi və müdafiə məqsədilə inşa olunub. Və Azərbaycanın şimal sərhədlərindən - Dərbənd qalasından başlanan bütöv bir hərbi-müdafiə tikililəri kompleksinin bir hissəsidir. Bu sadəcə səslənən versiyalardan biridir. Bir qrup axreoloqların fikrinə görə isə qalanın aşağı hisəsinin yaşı 2600-dür. Neolit və ya erkən Tunc dövrünə aid edilən Qız qalası təkcə müdafiə baxımdan deyil, görünüş baxımından da olduqca maraqlıdır və qeyri-adidir.

Qız qalasının rəsədxana məqsədilə tikilməsi və istifadə edilməsi də qala haqqında səslənən fikirlərdəndir...  

"İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru, tarix elmləri doktoru Vəfa Quliyeva deyir: “Əlbəttə, yazılı qaynaqların kifayət qədər olmaması Azərbaycan tarixinin bütün sahələrini və dövrlərini eyni səviyyədə tədqiq etməyə, qaranlıq məsələləri işıqlandırmağa imkan vermir. Belə ki, indiyədək Bakının tarixinin bəzi məsələləri üzrə hələ də vahid fikir yoxdur. Çünki Bakı və İçərişəhərin tarixini subyektiv baxımdan izah edən və müəyyən siyasi məqsədlər güdən tendensiyalar uzun müddət öz mövqeyini saxlamış və təəssüf ki, indi də saxlamaqdadır”.

Qala divarları üzərindəki bir kitabə də var və kitabənin üzərində ərəb dilində bu sözlər yazılılıb:  "Davudun oğlu Məsudun qülləsi".
Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu düşünür. Lakin tarixdən də məlumdur ki, bu tip lakonik məzmunlu kitabələrdə adətən memarların adları qeyd olunur. Burdan belə nəticəyə gəlmək olur ki,  "Davudun oğlu Məsud" Qız qalasını inşa edən memardır. Bu kitabənin yazı üslubu və xəttini XII əsr yazısına yaxın olduğunu düşünən mütəxəsislər Qız qalasının məhz XII əsrdə tikildiyi fikrini səsləndirirlər.

İcərişəhərin qədim qala divarlarının Cənub-şərq hissəsində, dənizkənarı bulvarın yaxınlığında yerləşən tarixi abidənin divarlarının hündürlüyü 30, qalınlığı 5 metrdir.  İki hissədən ibarət olan Qız qalasının əsas hissəsi silindr formasında, digər hissəsi isə dəniz tərəfə uzanmış uzunsov dayaq divar şəklindədir. Bu cür formaya əsasən müdafiə tikililərində, istehkamlarda rast gəlmək mümkündür. Qalanın silindr formalı hissəsi içəridən günbəzlərlə 8 mərtəbəyə bölünüb. Mütəxəssislərin fikrincə, Qız qalasının yuxarı hissəsi onun keyfiyyətli müdafiə istehkamı olduğu ehtimalını bir qədər zəiflədir. Son araşdırmalar göstərir ki, Qız qalasının yuxarı hissəsi əvvəllər  tamamilə başqa formaya malik olub və qalanın o vaxtkı vəziyyəti keyfiyyətli müdafiə qurmağa imkan verib.  Qalanın yuxarı hissəsi XlX əsrdə aparılan təmir nəticəsində indiki şəklini alıb. 

Orjinal quruluşa malik olan 8 mərtəbəli bu müdafiə qurğusunun divarları aşağı mərtəbələrdə 5, yuxarı mərtəbələrdə isə 4 metr qalınlığındadır. Qalanı 200-300 döyüşçü müdafiə etmək imkanına malikdir. Nəzərə alsaq ki, Azərbaycan daim hücumlara məruz qalan ölkə olub, onda bu qalanın əhəmiyyəti daha da artır. Bu sirli qala deyilənlərə görə 2 dövrə tikilib başa çatıb. Qalanın hündürlüyü 29,5 m, diametri isə 16,5 metrdir, hər 8 mərtəbə daş yuvacıqlarla əhatə olununub. 

Əcnəbi ustaların bərpa etdyi milli qala

Müxtəlif dövrlərdə təmir olunan Qız qalası müyyən dəyişikliklərə də məruz qalıb. Hazırda isə bu qalanı tarixi görkəminə qaytarmaq üçün xarici mütəxəsislər işə cəlb olunub. Görüləcək işlər barədə daha ətraflı məlumat əldə etmək üçün bərpa ilə məşğul olan “Erich Pumer” firmasının Azərbaycandakı nümayəndəliyinin müdir müavini Çingiz Neymanzadə ilə söhbətləşdik. Ç.Neymanzadə də maraqlı məqamlara toxundu. 
“Qız qalasının hörgüsü, divarları homegen deyil, belə bir baxış var ki, Qız qalası müxtəlif əsrlərdə - aşağı hissəsi öncə, yuxarı hissəsi müəyyən illərdən sonra tikilib. Bunun belə olub-olmadığını dəqiq deyə bilmərəm, ancaq dəqiq bilirəm ki, Qız qalasının səthi  müəyyən dövrlərdə müəyyən daşlarla əvəz olunub. Bu o deməkdir ki, qalanın səthi homogen deyil, səthin üstündə müyyən keyfiyyətli daşlar var. Onların hamısını daha ətraflı və dəqiq öyrənmək üçün daim tətqiqatlar, elmi işlər aparılacaq”.

Bir sıra alimlər isə qalanın müxtəlif vaxtlarda tikilməsini belə izah edir. “Qalanın aşağı daşları yuxarıya nisbətən köhnədir”.

Qalanın işıqlanma sistemi də özünəməxsusdur, belə ki, qalaya işıq enli dəliklərdən düşür. Qalanın daxilində 21 metr dərinliyində quyu yerləşir. Quyunun hansı məqsədlərlə istifadə olunduğu da sirli məqamlardandır. Yaşının dəqiq bilinmədiyi qala ətrafında indiyə kimi dəqiq bir fikir yoxdur. Bəzi mütəxəsislər hesab edir ki, bu qalanın yaşı Bakının yaşından çoxdur - təxminən 2400-2500 illik tarixi özündə əks etdirir. Qalanın adının niyə məhz Qız qalası adlanması da maraqlıdır. Çünki qala müdafiə, sığınacaq  məqsədilə inşa olunub, səslənən fikirlər daha çox bu istiqamətdədir. Bəs necə olub ki, bu müdafiə qurğusu “Qız qalası” adlanıb?!

Qız qalasının müxtəlif dövrlərdə təmir olunduğunu deyən Ç.Neymanzadə bunun sayını dəqiq bilmədiyini söylədi. Ancaq bununla belə o qeyd etdi ki, qalada XIX əsrin ortalarında, XX əsrin başlanğıcında müəyyən təmir işlərinin aparıldığı məlumdur. Sonuncu dəfə qala 1960-cı ildə restavrasiya olunub.

Hazırda təmir işlərinin aparıldığı tikilinin qarşısında Qız qalasının müxtəlif görüntülərini özündə əks etdirən stend hazırlanıb.
“Bu şəkillər sübüt edir ki, qalanın təmirə nə qədər ehtiyacı var. Bu şəkillərə baxan, bu sahədə professianal olmayan insan da asanlıqla anlaya bilər ki, qala təmir olunmalıdır”- deyən Çingiz Neymanzadə əlavə etdi ki, belə bir addımın atılması müsbət haldır. 

Uzun müddət sovet dövründə yaşayan Azərbaycan xalqının bir sıra tarixi abidələri, eləcə də Qız qalası qismən təmir olunub. Amma bu dövrdə aparılan təmir işləri Qız qalasının saxlanmasına xidmət etməyib. O dövrün rus generalları başqa sahələrdə olduğu kimi bu qaladan da öz məqsədləri üçün istifadə etməyə çalışıb.  Xatırladaq ki, qalada ötən əsrin 50-60-cı illərdə aparılan təmir işləri nisbətən qalanın saxlanmasına xidmət etsə də, görülən işlər lazımı səviyyədə olmayıb.

Hazırda qalada yamaq kimi görünən daşlar elə əvvəlki illərdə aparılan yetərsiz təmir işlərinin nəticəsidir. Zədələnmiş, dağılmış daşlar çıxarılaraq əvəzində yeni daşlarla-yamaqlarla əvəz olunur. Divarın əski daşlarının dərinliyi çox böyükdur,  50-60, bəzi daşlar 70 sm. Qalanın bu şəkildə təmir olunmasının digər mənfi cəhətindən biri də ondan ibarətdir ki, dərin daşlar çıxarılaraq ancaq üst tərəfdən “yamamaqla” yaranan boşluq ört bastır edilib, daşların arxasında isə böyük boşluqlar qalıb, bu boşluqlar da öz növbəsində daha dərin və şiddətli dağıntılara səbəb ola bilir. 

Rusların başdansovdu apardığı təmir

Çingiz Neymanzadə deyir ki, rus dövründən fərqli olaraq hazırda aparılan təmir işləri qalanın tarixi görkəminin qaytarılmasına xidmət edir. Belə ki, Qız qalasını mümkün qədər heç bir dəyişiklik edilmədən divarlarına müəyyən möhkəmlik veriləcək ki, bu da öz növbəsində tikilini gələcək illərdə dağıntıdan xilas edəcək. Bərpa işləri  YUNESKO-nun və müasir  bərpa muzey konservasiyasının tələblərinə uyğun həyata keciriləcək. Azərbaycanın sirli, qeyri-adi qalasının təmir işlərini həyata kecirmək üçün isə Avstryanın məşhur “Erich Pummer” firması “İçərişəhər” idarəsinin rəhbərliyi tərəfindən dəvət olunub.  “Pummer” Avropada 400-dən artıq tarixi abidənin bərpasını müəvəffəqiyyətlə həyata keçirib.
“Ötən il biz İçərişəhərdə Məhəmməd Məscidinin də bərpasını həyata keçirdik, ona diqqətlə baxsanız, görə bilərsiniz ki,  bütün tarixi izlər saxlanılıb. Məsələn 1918-ci ildə İçərişəhərdə ermənilər azərbaycanlıları qətlə yetirib və erməni güllərinin izi minarənin üstündə saxlanılıb. Fasad tərəfdən zədələnən ancaq içəri tərəfi möhkəm qalan daşlar müəyyən xüsusi məhlullarla, materiallarla bərkidilərək saxlanılıb” deyən Ç.Neymanzadə bu dəfə Qız qalasında həyata keçirilən muzey konservansiyası işlərininin fərqlənəcəyini qeyd etdi. 

Rus imperiyası dövründə sadəcə bir obyekt kimi qəbul edilən Qız qalasına bir sıra məqsədəuyğun əlavələr edilib.
“Mən xarici firmanın nümayəndəsi olsam da, eyni zamanda Azərbaycanın vətəndaşıyam. Qız qalasının müzey konservasıyasını həyata keçirmək mənim ücün çox şərəfli işdir”-deyə Ç.Neymanzadə Azərbaycan xalqının gələcək illərdə Qız qalasının bərpası ilə fəxr edəcəyini söylədi. 

Zaman-zaman insanlar düşünür ki, tarixi adidələrin bərpası onların əzəli görünüşlərinin itməsi ilə nəticələnə bilər. Bu təbiidir... Çünki hər hansı bir tikilini uzun müddət eyni vəziyyətdə görürsən, sonra müəyyən dəyişikliklər aparılır və sən bunu aydın şəkildə hiss edirsən. Ancaq bu zaman abidələrin tarixinə diqqət yetirmək lazım gəlir, belə ki, bizim öyrəşdiyimiz görünüş qədim görünüş olmaya bilər. 

Qız qalasının hazırki kənar görünüşünün xəstə bir insanın və ya obyektin görünüşünü xatırlatdığını deyən həmsöhbətimiz qeyd etdi ki, qalanın görünüşündə təmir işləri başa çatdıqdan sonra minimal dərəcədə dəyişiklik hiss olunacaq. Təbii ki, müzey konservasiyası işləri zamanı çalışılacaq ki, bu tarixi abidədə dəyişiklik minimal dərəcədə olsun. Bunun üçün müxtəlifv axtarışlar aparılır. Qız qalası ilə bitişik və insanların bir bütöv kimi qəbul etdiyi əski şəhər divarlarının sınaq sahəsi üzərində 2009-cu ildə müəyyən işlər aparılıb. Həmin hissəsnin bərpa olunduğunu əvvəlcədən bilməsən, təmir edildiyini anlamaq çətindir. Və həmin sınaq sahəsi bir nümunə kimi qəbul olunub, Qız qalasının da təmiri bu sahədə aparılan işlərə uyğun həyata keciriləcək. Beləki bütün tarixi izlər, daşın yorğunluğu, bəzi zədələnən daşlar olduğu kimi qalacaq. Çünki, müxtəlif daşların zədələnməsi qədimliyə əyani sübütdür.
Çingiz Neymanzadə deyir ki, qala divarlarında elə daşlar var idi ki, heç 10% -i də qalmayıb, baxanda insana elə təəssürat bağışlayırdı ki, əllə həmin daşları rahatlıqla götürmək olar. Bu növ daşlar yenidən bərpa ediləcək,  çünki o daşların qalması daha çox zərərlidir, belə ki, bu daşlar tədricən dağılacaq, eyni zamanda  bu dağıntı inkişaf edərək ətrafdakı daşlara da keçə bilər. 

Qız qalasının muzey konservasiyasının ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. Ancaq bunun  üçün havaların əlverişli keçməsi vacib şərtdir. Eyni zamanda bu sahədə əlavə bir problem də var. Məsələ ondan ibarətdir ki,  qalanın üzərində çox sayda quş yuvaları var və hazırda təmir işlərinə start verildiyindən, bu quşlar məhv ola bilər. Bu məsələ “İçərişəhər” sakinlərini, eləcə də təmir işlərini həyata keçirən şəxsləri narahat edir.

“Avroviziya”da Qız qalasını göstərə bilərikmi?

Digər tərəfdən Azərbaycanın gələn il  “Avroviziya” kimi mötəbər yarışmaya ev sahibliyi etməsi də bu sahədə işlərin sürətlənməsini tələb edir. Çingiz Neymanzadə də bu fikrdədir.  ““Avroviziya” ilə bağlı gələn ilin may ayında tədbir keciriləcək. “İçərişəhər”in rəhbərliyi istəyir ki, tarixi Qız qalası öz görkəmini xarici qonaqlara nümayiş etdirə bilsin”.

Qız qalasının tarixi görkəminə qaytarılması ücün 2,5 milyon manat vəsait ayrılıb. Hazırda muzey konservasiyası işləri tarixi abidənin çöl tərəfində aparılır. Gələcəkdə isə qalanın daxilində də bu növ təmir işləri aparılacaq. Bunun üçün “İçərişəhər”in işcilərindən 4 nəfər xarici mütəxəsislərdən bərpa işlərinin sirlərini, texnologiyalarını addım-addım öyrənir. Qız qalasının daxilində aparılacaq işləri məhz xarici mütəxəsislərin yardımı ilə yerli işcilər həyata kecirəcək. Belə ki, hazırda Qız qalasının muzey konservasiyası işlərini Avstryanın “Erich Pummer” firması həyata kecirir. 2008-ci ildə Almaniyanın məşhur “Remmers” firmasinın mütəxəsisləri Qız qalasından analizlər üçün lazımlı nümunələr götürümüşdü. Bu analizlər “Remmers” firmasının laboratoriyasında hər tərəfli tədqiq olunaraq nəticələr əsasında materialar hazırlanıb işlənib. Qız qalasından sonuncu nümunələri isə “Erich Pummer” ay yarım əvvəl götürüb. Burda təssüfləndirici məqam ondan ibarətdir ki, Qız qalasının muzey konservasiyasına yerli mütəxəsislər cəlb olunmayıb.
“Çox təəssüf ki, Azərbaycanda hazırda bu səviyyədə bərpacılar yoxdur” fikirlərini  Ç.Neymanzadə təəssüf hissi ilə deyir.  

1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlayan qədim Azərbaycan qalası  2000-ci ildə YUNESKO-nun qorunmalı tarixi abidələr siyahısına daxil edilib. Gələn il Azərbaycanda təşkil olunacaq “Avroviziya” müsabiqəsi ölkəmiz üçün böyük fürsətdir ki, öz tarixini və bu tarixin qədimliyini sübüt edən nümunələri bütün dünyaya nümayiş etdirsin. Bu yarışmanın bizim dünyada təbliğimizə müsbət təsir edəcəyinə hər birimiz böyük ümid bəsləyirik.

 

 

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər