Modern.az

“Xəzər”in aparıcısı Anar Nəcəfli: “Digər telekanallar "Xəbərlər"in formatını bizə uyğunlaşdırmağa çalışırlar”

“Xəzər”in aparıcısı Anar Nəcəfli: “Digər telekanallar "Xəbərlər"in formatını bizə uyğunlaşdırmağa çalışırlar”

28 İyun 2011, 14:28

“İnsanlar quru, standart tərzdə təqdim edilən xəbərləri dinləməkdən bezmişdilər”


Modern.az
saytı telekanalların tanınmış aparacıları ilə silsilə müsahibələrini davam etdirir. Bu dəfə “Xəzər” televiziyasının xəbərlər proqramının əsas buraxılışının aparıcısı Anar Nəcəfli ilə söhbəti təqdim edirik.

- Jurnalistika sahəsində necə müddətdir ki çalışırsınız?

- 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Təhsil aldığım illər ərzində bir sıra qəzetlərlə əməkdaşlıq etmişəm. Bir müddət “Günaydın” qəzetində işləmişəm.  Universiteti bitirəndən sonra hərbi xidmətə getdim. Qayıdandan sonra bir müddət işsiz qaldım. 2004-cü ildə ANS televiziyasında “İç xəbər” proqramı ilə jurnalistlik fəaliyyətim başladı. Müxbir, daha sonra aparıcı oldum. ANS-dən sonra “Bürc FM”də işlədim. Burada iki saatdan bir efirə çıxan xəbərləri oxuyurdum. 2007-ci ilin oktyabr ayında “Xəzər” televiziyasında xəbərlərin gündüz buraxılışlarını təqdim edirdim. Daha sonra xəbərlərin əsas buraxılışında fəaliyyətə başladım. İndiyə qədər...

- Jurnalistikaya təsadüfi gəlmisiniz, yoxsa öz seçiminiz olub?

- Əslində bu sahəyə uşaq vaxtından marağım olub. Məktəb vaxtı şənliklərdə aparıcılıq etmək mənə tapşırılırdı. Jurnalistikaya marağım olsa da, bir müddət sonra hüquqla maraqlandım, sonra  tibb sahəsinə həvəs göstərdim. Amma sonda jurnalistika üzərində dayandım. Test imtahanının nəticələrinə görə, jurnalistikanın pullu fakültəsinə daxil oldum və bitirdim. Seçimimdən peşiman deyiləm.

- Azərbaycan jurnalistikasının vəziyyətini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan jurnalistikasını qonşu respublikalarla - Rusiya, Türkiyə, hətta Gürcüstanla müqayisə etsək, bir az geri qaldığımızı müşahidə etmək olur. Ümid edirəm ki, inkişaf edərək biz onları keçəcəyik. Maddi baxımdan da müəyyən dərəcədə çətinliklər var və bu sahədə də geri qalırıq. Azərbaycanda jurnalistika peşəsində çalışanları orta təbəyə aid etmək olar, amma xarici ölkələrdə bu vəziyyət tamam fərqlidir. İstər Türkiyədə, Rusiyada,  istərsə də Gürcüstanda. Ancaq jurnalistlərin azadlığına gəlincə, bu sahədə düşünürəm ki, jurnalistər istədiklərini deyə və yaza bilərlər, yəni düşüncələrində sərbəstdirlər.    

- Qeyd etdiniz ki, bir müddət ANS televiziyasında çalışmısınız. ANS-i tərk etməyinizə səbəb nə oldu?

- Maddi vəziyyət. Təbii ki, hər hansı iş yeri dəyişiləndə onun maddi tərəfi düşünülür.

- Bəs “Xəzər” TV-yə necə gəldiniz?

- ANS-də çalışdığım vaxt bir iş yoldaşım mənə dedi ki, ““Xəzər” TV aparıcı axtarır. İşləmək istəyən olsa de”. Dedim ki, “mən istəyirəm”. Gəldim “Xəzər”ə... Rəhbərliklə görüşdük.  Dedilər “problem yoxdu, gəl işə başla”.  

- TV sahəsini izləyənlərin bir qisminin fikirincə, Azərbaycanda xəbər sahəsinə yenilik gətirmisiniz. Bəziləri də bununla razılaşmayaraq Türkiyə aparıcılarını təkrarladığınız fikrindədirlər...

- Belə fikirlərin olmasını normal sayıram. Mənim bu fikirlərə münasibətim də normaldır. İlk əvvəl bu stili xəbər jurnalistikasına gətirəndə çoxlarının  tənqidini eşitdik. Amma indi dəyişiklik göz önündədir. Son zamanlar digər telekanallar da xəbərlər proqramının formatını dəyişərək bizə uyğunlaşdırmağa çalışırlar. “Xəzər” televiziyası yeni fəaliyyətə başlayanda efir məkanında öz sözünü demiş xəbər kanalları və proqramları var idi. Bu televiziyaların, eləcədə xəbərlərin arasına girib rəqabət aparmaq çox çətin idi. Odur ki, nəsə yenilik etmək lazım idi. İnsanlar quru, standart tərzdə təqdim edilən xəbərləri dinləməkdən bezmişdi. Demək olar ki, bütün kanallar  eyni xəbərlər verirdi. Bu isə  xəbər auditoriyasını xeyli azaltmışdı. Bizim yeni stildə təqdim etdiymiz xəbərlər efir məkanına daxil olduqdan sonra xəbərlərə baxanların sayı və xəbərlərin reytinqi də artdı. İndi uşaqdan tutmuş qocaya, hətta serial həvəskarları olan evdar xanımlar da xəbərlərə baxır. Bunun şahidi oluruq, dostlar, tanışlar da deyir, sosial şəbəkələrdən də məlumatlar gəlir.   

Fərqliliyi yaradan səbəblərdən biri “Xəzər” televiziyasının aparıcılara sərbəstlik verməsi idi. Yəni xəbər aparıcısı jestlərlə, mimikalarla xəbəri təqdim etmək imkanı qazandı. Mən də bu sərbəstlikdən yararlanıram. Düzdür, bəzən deyirlər türk kanallarına oxşayır. Bu tip xəbər buraxılışlarına türk kanalları ilə yanaşı, Avropa kanallarında, Rusiya kanallarında da rast gəlmək olur.  

Bu sərbəstlik sahəsində “Xəzər” televiziyası bir sıra yeniliklərə imza atdı. Biz xarici ölkə televiziyalarında tez-tez rastlaşdığımız xəbər studiyasının kənarda qurulması təcrübəsindən də yararlandıq. Yadıma gəlir, 2-3 il əvvəl  Bakıya ilk qar yağanda xəbərlərin canlı yayımı küçədən başlamışdı. Qar yağmasını göstərmək üçün. Bundan əlavə, 20 yanvar hüzn günündə Şəhidlər xiyabanından iki dəfə canlı efirimiz oldu.  

- Canlı efirin məsuliyyəti bir başqadır. Efir vaxtı çətin məqamlarla rastlaşanda vəziyyətdən necə çıxırsınız? Ümumiyyətlə, çox olurmu belə vəziyyətlər?

- Təbii ki, canlı efir zamanı texniki problemlərə zaman-zaman rastlaşırıq. Bəzən efirdə səhvlərim olur. Çalışıram ki, bu səhvlərin üstündən elə keçim ki, bizi izləyən insanlar bunu hiss etməsinlər. Məsələn, hər hansı sözü səhv deyəndə bunun üzərindən gülərək keçirəm ki, tamaşacı bu səhvə çox fikir verməsin. Yəni bu gülüşlə tamaşaçılara hiss etdirməyə çalışıram ki, çaşdığımın fərqindəyəm. Bəzən səhvlərimi düzəldirəm, bəzən də düzəltmədən üzərindən keçirəm.  Bu zaman çalışıram ki, tamaşaçı mənim çaşmağıma yox, xəbərə fikir versim. Xəbərləri o tərzdə çatdırtmağa önəm verirəm ki, insanlar artıq təsəvvür etsin o xəbərdə nə baş verir.

Hər hansı yeni iş qurulanda çatışmayan cəhətlər olur. Bizdə də televiziya yeni açılan vaxt texniki problemlər tez-tez olurdu. Hətta bir dəfə efir zamanı işıqlar sönmüşdü, həmin anda da mən xəbərləri oxumağa davam edirdim. İlk efirə çıxdığım vaxt çox həyəcanlı idim, düşünəndə ki, minlərlə göz sənə baxır, ümumiyyətlə özünü itirirsən, bilmirsən nə danışırsan. Müəyyən vaxt keçdikdən sonra artıq bunlar barədə düşünmürsən. Yalnız oxuyacağın xəbəri necə təqdim edəcəyin barədə düşünürsən.

- Xəbər aparıcısı olmağın üstünlükləri varmı, nələrdir?

- Üstünlüyü ondadır ki, insanlar səni daha çox tanıyır. Bunu ətrafdakı insanların münasibətlərdən də görmək olur.

- Bir neçə sualımız da şəxsi həyatla bağlıdır. Həyat yoldaşınız  nə işlə məşğuldur?

- Həyat yoldaşımla eyni universitetdə, eyni fakültədə oxumuşuq. Məndən iki yaş kiçikdir. Hazırda evdar xanımdır. Jurnalistika sahəsində çalışmaq fikri yoxdur. Bir övladımız var.  

- Siz qoymursunuz işləməyə?

- Bu həm mənim, həm də onun öz şəxsi fikridir. Evdə övladımızın böyüməsi və tərbiyəsi ilə məşguldur.

- Son zamanlar jurnalistlər üçün media digər vəzifəyə keçmək üçün tramplin kimi istifadə olunur. Siz də jurnalistikaya  keçid kimi baxırsınız?

- Hələlik keçid kimi baxmıram. Hələ fəaliyyət göstərirəm və davam edirəm. Təbii ki, belə bir təklif gəlsə, onu dəyərləndirərəm.

- Hər zaman xəbər aparıcısı olmaq fikrindəsiniz, yoxsa tamaşaçılar sizi başqa layihələrdə də görə bilər?

- Düzü, sərbəst layihələr, xüsusilə də sosial istiqamətli layihələr haqqında düşünürəm. Belə bir fikrim var. İnşallah yaxın müddət ərzində reallaşacaq. 

- Ailənizdə başqa jurnalist varmı?

- Ailədə 3 bacı,  bir qardaşıq. Mən sonuncuyam. Mən də başqa jurnalist olan yoxdur. Atam-anam Ucar rayonunda yaşayır. Atam sürücü, anam isə evdar xanımdır.

- Ailənizə vaxt ayıra bilirsiniz?

- Sözün açığı o qədər də boş vaxtım olmur. Mənim iş qrafikim bir qədər fərqlidir. 12-də və ya 1-də işə gəlirəm. Gecə xəbərlər bitəndən sonra işdən çıxıram. Bu adətən gecə saat 22-dən sonra olur. Evə gedib çatanda artıq gec olur. Ancaq iş-ev, başqa işlə məşğul olamağa vaxt qalmır.

Təbii ki, boş vaxtım olanda daha çox ailəmə həsr edirəm, çalışıram övladımla, ailəmlə harasa gedim, təmiz hava qəbul edək. Çünki onlar mənsiz heç yerə getmək istəmirlər. Boş vaxt tapan kimi onlarla keçirməyə çalışıram.





Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu