Modern.az

Vüqar Bayramov: “Azərbaycanın “Nabucco”nun tikintisinə vəsait ayırması istisnadır”

Vüqar Bayramov: “Azərbaycanın “Nabucco”nun tikintisinə vəsait ayırması istisnadır”

Qarabağ

28 İyun 2011, 15:12

“Türkmənistan və İraq “Nabucco”nun birinci mərhələsinə qoşulmayacaq”

Xəbər verdiyimiz kimi iyunun 22-dən 26-dək Bürüseldə 22-ci Beynəlxalq Krans Montana Forumu təşkil edilib. Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva  Forumun fəxri qonaqları  olublar. Beynəlxalq tədbirdə prezident İlham Əliyevə Prix de la Foundation mükafatı, Mehriban Əliyevaya isə "Forumun Qızıl Medalı" təqdim olunub. Məlumat üçün bildirək ki, Krans Montana Forumu 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə Krans Montana Fondu tərəfindən yaradılan bir beynəlxalq təşkilatdır. Qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan edib.

Yeri gəlmişkən Azərbaycandan forumda nazirlər, diplomatlar olmaqla 11 rəsmi nümayəndə, millət vəkili Qüdrət Həsənquliyev və Azərbaycan vətəndaş cəmiyyəti institutunun 2 sədri-  İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov, “Konstitusiya” Araşdırmalar Fonundun prezidenti Əliməmməd Nuriyev iştirak ediblər.

Tədbirə məruzəçi kimi dəvət edilən İSİM sədri Vüqar Bayramov forumun qlobal arena üçün əhəmiyyətli tədbir olduğunu bildirib: “Tədbirdə aparıcı beynəlxalq qurumlarının rəhbərləri və eləcə də müxtəlif ölkələrdən olan rəsmilər və iş adamları iştirak edirdi. Azərbaycan prezidentinə Prix de la Foundation mükafatının təqdim edilməsi kifayət qədər əhəmiyyətli hadisədir. Bu mükafatı alanların sayıhasında Türkiyənin baş naziri Rəcəb Ərdoğan və Gürcüstan prezidenti Mixail Şarkaşvili kimi şəxslərin adları var”.

Azərbaycanın enerji və sənaye naziri Natiq Əliyev, “Nabucco” kəmərinin milli kordinatoru Peter Potçev, Avropa Birliyinin Enerji Departamentinin direktoru Heinz Hilbrext və enerji məsələləri üzrə səfir Anita Orbanın məruzəçi olduğu paneldə çıxış etdiyini deyən V.Bayramov bu zaman layihənin əhəmiyyəti, onun reallaşdırılmasındakı problemlər, Azərbaycanın və eləcə də digər potensial iştirakçı ölkələrin layihə ilə bağlı mövqeyi, eləcə də digər məsələlərə toxunulduğunu söyləyib:
“Hazırda Avropada mavi qaza tələbatın artmasına baxmayaraq, daxili istehsalda azalmalar müşahidə edilməkdədir.  2010-cu ildə Avropanın qaza olan tələbatı 500 milyard kub metr təşkil edirsə, bu rəqəm 2020-ci ildə 620 milyard kub metrə qədər yüksələcək. 10 il əvvəl 110 milyard kubmetr qaz istehsal edən Böyük Britaniya 10 ildən sonra cəmi 10 milyard kub metr qaz hasil edə biləcək”.

Layihənin potensial iştirakçıları ilə bağlı məlumat verən V.Bayramov deyib ki, İraqın qaz ehtiyatları 4,2 trilyon kub metr, illik istehsalı isə cəmi 3 milyard kub metr təşkil edir: “2,2 trilyon kub metr qaz ehtiyatına malik olan Azərbaycanın qaz istehsalı 29 milyard kub metr, 9,0 triliyon kub metr qaz ehtiyatına malik Türkmənistanın isə illik istehsalı 42 milyard kub metrdir. Proseslər göstərir ki,  “Nabucco”  layihəsinin birinci mərhələsində Türkmənistan və İraqın layihəyə qoşulması mümkün deyil. Çünki İraqın istehsal həcmi kifayət qədər aşağıdır və mövcud infrastruktur onun layihəyə qısa müddətdə qoşulmasına imkan vermir. Turkmənistana gəlincə,  Xəzərin statusu həll edilmədiyindən və rəsmi Aşqabadda bu məsələ ilə bağlı tam siyasi iradə olmadığından  onun da layihənin birinci mərhələsinə qoşulması real görünmür. Belə halda  Azərbaycan birinci mərhələdə “Nabucco” kəmərinə ildə ən azı 21 milyard kub metr qaz təhvil verməlidir”.

İSİM  rəhbəri Azərbaycanın “Nabucco” kəmərinin tikintisinin maliyyələşdirilməsində iştirakının istisna edildiyini söyləyir: “Azərbaycan “Nabucco” layihəsinə istehsalçı ölkə kimi qoşulmaq niyyətindədir. Bu zaman isə ölkə üçün kommersiya şərtləri və xüsusən də qazı hansı qiymətə satmaq çox önəmlidir”.

Qeyd edək ki, mərasimdə həmçinin 2011-ci ilin əvvəlindən Şimali Afrika ölkələrini bürüyən inqiblar, bu hadisələrdə yeni nəslin rolu, siyasi alternativsizlik və hökumətin pis idarəedilməsindən yaranan problemlər müzakirə edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir