Modern.az

Bakıda “Qız Qalası” Festivalı başladı

Bakıda “Qız Qalası” Festivalı başladı

Təhsil

29 İyun 2011, 14:53

Bu gün Kiçik Karvansarada  Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının təşkilatçılığı ilə İçəri Şəhərdə keçirilən “Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalının açılış mərasimi olub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, festival Azərbaycanın ən qədim abidələrindən biri olan Qız Qalasının daha geniş tanınması və populyarlaşdırılması məqsədini daşımaqla yanaşı, mədəniyyətlərarası dialoqa da öz layiqli töfhəsini verəcək. O, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Müasir İncəsənət Muzeyinin  icraçı direktoru Ceyhun Ağakişibəyli festival  iştirakçılarını salamlayıb, Heydər Əliyev Fondunun son illərdə incəsənətə və mədəniyyətə göstərdiyi qayğı və diqqəti qeyd edib. Bildirib ki, rəssamlar  tərəfindən bəzədilmiş Qız Qalası maketləri Müasir İncəsənət Muzeyində nümayiş ediləcək.

“Qız Qalası” İncəsənət Qalereyasının müdiri Emin Məmmədov da öz növbəsində rəssamları salamlayıb və onlara Festivalda uğurlar arzulayıb.

Açılışda ictimaiyyət nümayəndələri, ziyalılar və Mexiko Müasir İncəsənət Muzeyinin direktoru iştirak edib.

Bu gün 20 ölkəni təmsil edən rəssamlar Qız Qalasının qarşısındakı meydanda saat 14:00-dan başlayaraq Qız Qalası maketlərini və çərpələnglərin bəzənilməsinə başlayacaqlar.

Qeyd edək ki, 2010-cu ilin 26-29 may tarixlərində Birinci “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilib. Bu il yeni yaradılan maketlərlə yanaşı keçənilki maketlər də nümayiş etdiriləcək.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü