Modern.az

Şura sabah Qarabağla bağlı müzakirələr aparacaq

Şura sabah Qarabağla bağlı müzakirələr aparacaq

Təhsil

29 İyun 2011, 15:20

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.

Bu gün mədəniyyətə dair təşəbbüslər  istiqaməti üzrə maliyyələşdirilmiş layihələrin icra vəziyyəti müzakirə edilib.

Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov qeyd edib ki, bütövlükdə mədəniyyətimizin inkişafına yönəlmiş bu layihələr milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə, qədim adət-ənənələrimizin dirçəldilməsinə və insanlarımız arasında yeni mədəni münasibətlərin formalaşmasına xidmət edir. O, layihələrin icrasında qazanılmış nəticələri təhlil edərək onların müsbət cəhətlərini vurğuladı, yol verilmiş nöqsanlara toxunub.

 Layihələrin icrasına nəzarəti həyata keçirmiş Şura əməkdaşı E.Bağırlının verdiyi məlumatda bildirilib ki, 2011-ci ilin birinci yarısında mədəniyyət məsələlərilə bağlı 16 layihəyə 90.000 manat vəsait ayrılıb, onların icrasında iştirak etmiş 41 nəfər əməkhaqqı alıb.  Milli-mənəvi dəyərlərin dirçəldilməsinə dəstək olaraq 7 layihə, maddi-mədəni irsin təbliğinə 4 layihə, mədəniyyətə aid saytların yaradılmasına 4 layihə, mədəniyyət və onun tanıdılması ilə bağlı 6 layihə həyata keçirilib. Layihələr ölkənin 15 şəhər və rayonunu əhatə edib.

Sabah isə Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərərçəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində maliyyələşdirilən layihələrin icra vəziyyəti müzakirə ediləcək.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır