Modern.az

Ağzınızı təsadüfi həkimə etibar etməyin! - Stomatoloqlardan HƏYƏCAN TƏBİLİ  

Ağzınızı təsadüfi həkimə etibar etməyin! - Stomatoloqlardan HƏYƏCAN TƏBİLİ  

Hadisə

14 Dekabr 2017, 16:19

Deyir “qonşun pisdir köç qurtar, dişin ağrıyır çək qurtar”. Biz azərbaycanlılar da elə ancaq dişimiz ağrıyandan ağrıyana stomatoloqa müraciət edirik. Amma unuduruq ki, mədə-bağırsaq sisteminin sağlamlığı dişlərin sağlamlığı ilə bilavasitə bağlıdır. Həkimlər hər qida tikəsini ən azı 20 dəfə çeynəməyi tövsiyə edirlər. Qida ağız boşluğunda pis çeynəndikdə mədə-bağırsaq sistemi həddindən artıq yüklənir ki, bu da müxtəlif pozulmalara səbəb olur.

Həkimlərin gəldiyi qənaətə görə, hətta 1 dişin əskikliyi çeynəmə prosesini pozur.
Ağız boşluğunda olan mikroblar qan axını ilə müxtəlif orqan və sistemlərə düşərək burada iltihabın yaranmasına səbəb ola blər.

Bundan əlavə kariyesli dişlər, xəstə damaqlar orqanizmdə xroniki infeksiya mənbəyidir. Bu isə immun sisteminə böyük zərbə vurur, immun sistemini zəiflədir.
Amerika və İngiltərə alimlərinin araşdırmalarına görə, ürəyin sağlamlığı ilə dişlərin sağlamlığı arasında sıx əlaqə var. Alimlər bir neçə il ərzində müxtəlif ürək xəstəliklərdən əziyyət çəkən insanların məlumatlarını analiz edirdilər. Bəlli olub ki, ürək-damar sistemi xəstəliklərdən əziyyət çəkən insanların bir çox hissəsində həmçinin diş və damaq xəstəlikləri mövcuddur.

Biz azərbaycanlılar isə əsasən dişimiz ağrıyanda həkimə gedirik. Ölkədə fəaliyyət göstərən stomatoloji klinika və kabinetlərdəki vəziyyət barədə birmənalı yüksək fikir qöyləmək olmaz.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərova Modern.az-ın sorğusuna cavab olaraq, 2017-ci ildə şikayət əsasında keçirilmiş bir yoxlama zamanı lisenziya olmadan qanunsuz özəl tibb fəaliyyəti ilə məşğul olma faktı aşkar edildiyini bildirib.

Qanunsuz, lisenziyasız, sanitar qaydalara riayət edilmədiyi halları bilsək də, bəzən məcbur olanda yaşadığımız yerə ən yaxın diş kabinetlərinə gedirik. Müxtəlif yoluxucu xəstəliklərin tüğyan etdiyi diş kabinetlərində diş qoydumaqdan da çəkinmirik... Təbii ki hamı öz cibinə uyğun-kimisi adi diş, kimisi keramika, kimisi də implanta müraciət edir.

 

İmplant nədir...

 

Hər nə qədər bahalı sayılsa da, ölkəmizdə implant dişlərə maraq artmaqdadır. implant çəkilmiş dişlərin yerinə dişin funksiyasını yerinə yetirməsi üçün çənə sümüyünə yerləşdirilən süni diş köküdür. Bu dişlər estetik olaraq heç bir problem yaratmır. İmplantlar əksər hallarda titan elementindən hazırlanır. Bəzi növ implantlar da var ki onlar titan və zirkon elementlərinin qarışığından hazırlanır.

 

Maraqlıdır, hər yaşda və hər xəstəyə implant qoyula bilərmi? İmplant xərçəng xəstəliyi yaradırmı?

Modern.az suallara aydınlıq gətirməsi üçün mütəxəssislərə müraciət edib.

 

İmplantoloq, üz-çənə xəstəlikləri və cərrahiyyəsi uzmanı Ülviyyə Məmmədova Modern.az-a deyib ki, implantlar keyfiyyətinə görə fərqlənir:

 

Mincə manata bir diş

 “Məhz keyfiyyət göstəricilərinə görə də qiymətləri 500-1000 manat aralığında dəyişir. Biz əsasən, İsveçrə, Almaniya, İsrail istehsalı olan implantlardan istifadə edirik. 1000 manatlıq implantlar İsveçrə istehsalıdır, keyfiyyətlidir, titan və zirkon elementlərinin qarışığından hazırlanır. Ona görə də daha tez sağalma müşahidə olunur. 500 manatlıq implantlar yalnız titan tərkiblidir. Biri var BMW sürürsən, biri də var velosiped. Təbii ki, fərqlənməlidir. İmplantlar yaxşı qulluq olunduğu halda ömürlükdür. Yaxşı baxılmadığı halda itirilməsi mümkündür. Ümumilikdə implantlar uzunömürlüdür və sümük toxumasında hər hansı bir problem yaratmır. İmplantın ömrü bir çox faktorlardan asılıdır. İlkin olaraq, implant sistemi yaxşı bilən təcrübəli cərrahlar tərəfindən qoyulmalıdır. Həmçinin, keyfiyyətli implant markası istifadə edilməlidir. Satışda çox implant markaları var bunlar keyfiyyətinə görə bir birindən fərqlənir. Eyni zamanda, pasiyent implanta təbii dişlər kimi baxmalı və implant üzərinə qoyulan diş fırçalanmalı, pasiyent ildə iki dəfə panorama rentgeni ilə müayinə edilməlidir”.

 

Hər xəstəyə implant qoyula bilərmi?

 

Ü.Məmmədova deyib ki, dental implantların yerləşdirilməsi üçün çənə sümüklərinin quruluşu çox önəmlidir:

“Çünki implantlar müəyyən bir uzunluğa və genişliyə malikdir. İmplantın çənəyə yerləşdirilməsi üçün çənə sümüyünün müəyyən bir genişlikdə və uzunluqda olması lazımdır.

 

Buna sümüyün keyfiyyəti də daxildir. Bəzi hallarda sümük zəif və ya yetərsiz olur. Belə hallarda öncə implant qoyulacaq yerə sümük köçürmə əməliyyatı aparılır. Sağaldıqdan sonra implant yerləşdirilir. Ümumilikdə 18 yaşından 90 yaşına qədər hər xəstəyə implant qoyula bilər. Əsasən sümüyün inkişafının tamamlanmasını gözləmək lazımdır.

 

 

Qeyd edim ki, olmayan hər diş üçün ayrı-ayrı implanta ehtiyac yoxdur. İmplant yerləşdirilən yerə görə 2 və ya 4 dişi əvəz edə bilər. Tam dişsiz üst çənəyə 8, alt çənəyə minimum 6, maksimum 8 implant tövsiyə edilir”.

İmplant zamanı ağrı hiss edilirmi?

Əməliyyatın ağrılı olmasına gəlincə, həkim ağrı hiss edilmədiyini bildirib:

“Lazımlı keyləşdirici iynələrlə keyləşdirilmə aparılarsa, ağrı hiss edilmir. İmplant əməliyyatları yerli keyləşdirmə ilə həyata keçirilir. Bəzi hallarda sedasya və ya ümumi narkoz altında da edilə bilər. Tək bir implantın yerləşdirilməsi diş çəkimindən daha rahat və 15 dəqiqə sürən bir prosesdir. Əməliyyatdan sonra hiss edilən ağrı sadəcə əməliyyat günü olur və ağrı kəsici dərmanlarla keçir. Bəzən heç ağrıkəsici dərmana belə ehtiyac olmur. Əməliyyatdan sonra xəstələrə bir-iki gün ev istirahəti məsləhət görülür. Amma bir və ya iki ədəd implant qoyulduğu zaman heç bir istirahətə ehtiyac yoxdur. Əməliyyat yerində şişlik və göyərmə ola bilər. Bu da 1 həftə içində öz özlüyünə keçir”.

“Sovet qaydaları “təkmilləşdirilərək” tətbiq edilir”

 


Respublika ərazisində fəaliyyət göstərən stomatoloji klinikaların vəziyyətinə gəlincə, tanınmış həkim-stomotoloq Zəlimxan Məmmədli Modern.az-a deyib ki, bu sahədə vəziyyət çox bərbaddır:

“Azərbaycan səhiyyə sistemində islahatlardan danışmaq absurddur. Guya ölkədə pulsuz səhiyyə var, amma yoxdur.  Dövlət təminatlı səhiyyə xidmətləri var, amma yoxdur. Bir sözlə adı var, özü yoxdur. Bütün bunlar isə belə neqativ halların yaranmasına gətirib çıxarır. Bakı mərkəzdir, ölkənin paytaxtıdır. Əgər paytaxtın ortasında diş kabinetləri qanunsuz fəaliyyət göstərirsə, qanunsuzluq küçənin ortasında, hamının görə biləcəyi bir şəraitdə baş verirsə, demək hüquq sistemində boşluqlar var. Yəni qanunlar o qədərmi ayaqlar altına düşdü ki, insan günün günorta çağı qanunları pozsun? ! Qanunda olan boşluqlar bu cür neqativ halların yaranmasına gətirib çıxara bilər. Mən hətta 90-cı illərdə məhdud ixtisas yönümlü mütəxəssislərin lisenziyalaşdırılmasını təklif etmişdim. Yenə də o fikrimdə qalıram ki, biz dövlətin büdcəsini daha çox istəməliyik. Hər bir stomatoloq da hansı klinikada işləməsindən asılı olmayaraq, lisenziyalaşaraq, dövlət büdcəsinə vergi ödəməlidir. Hazırda bizdə bu sistem yoxdur. Köhnə, sovetlər birliyinin qaydaları bir az da “təkmilləşərək” anormal şəkildə tətbiq edilir”.

 

Ucuz aşın şorbası olmur...

 

Stomatoloq qeyd edib ki, vətəndaş ilk növbədə sağlamlığını etibar etdiyi obyekti düzgün müəyyənləşdirməlidir:

“Ucuzluq arxasınca gedənlər keyfiyyəti görə bilməyəcəklər. Ümumiyyətlə, dünya səhiyyəsində stomatoloji xidmət ucuz xidmət sayılmır. Bizə yaxın olan Türkiyədə,  Şərqi Avaropada stomatoloji xidmət kifayət qədər bahalıdır. Burada istifadə edilən materialların, alətlərin qiyməti nəzərə alınır. Məsələn, deyirlər lazer plombdur. Lazer plombun kifayət qədər bahalı növləri var. Amma lazer dəyişiləndir. Plomb özü isə başqa bir materialdan hazırlanır. Ona görə vətəndaşın seçimi azaddır. O azad olaraq, öz canını etibar etdiyi həkimi düz seçməlidir. Vətəndaş keyfiyyətli xidmətin, professional həkimin arxasınca getməlidir, ucuz işin yox. Bu isə onun öz əlindədir. Dövlət, səhiyyə buna müdaxilə etmək imkanına malik deyil. Baxır pasiyent nə istəyir, adi plastmas diş, keramika, yaxud implant”.

 

Həkim əməyi implant qiymətini artırır

Z.Məmmədlinin sözlərinə görə, ölkəmizdə implantologiya sahəsində çalışan mütəxəssislər kifayət qədərdir:

“Ölkədə İsveçrə, Almaniya, İsrail, İtaliya və s. ölkələrin implantlarından geniş istifadə olunur. Ən ucuz implantlar isə Koreya istehsalı olanlardır. Bunun özü də seçimdir. Bir alman mütəxəssisi ilə mənim dialoqum oldu. Vətəndaş həkimdən soruşub ki, “niyə digər implantı da 500 dollara etmirsən?”.  Həkim vətəndaşa cavab verib ki, “mənim beynimin, zehniyyətimin, yaşayacağım stressin, əməyimin qiyməti 1000 dollardır”. Yəni həkimin özünə, öz əməyinə qiyməti, xüsusilə implantoloji sahədə olduqca vacibdir. İmplantın əksəriyyətinin tərkibi titandan ibarətdir. Amma bir firmanın istehsalı olan implantın digərindən texnoloji cəhətdən üstünlükləri var. Azərbaycanın implant bazarına dünyanın müxtəlif firmaları daxil ola bilib. Həkim elə çalışmalıdır ki, qiymətləri təklif edəndə, pasiyent ona güvənsin. Ağlında “bəlkə yalandan deyir” fikri yaranmasın. Eyni zamanda, vətəndaş ağzını təsadüfi bir həkimə etibar etməməlidir. Tanıdığı, güvəndiyi həkimə getməlidir. İşi mütəxəssisə etibar edəndə heç bir problem meydana çıxmır. Keyfiyyətinə görə təklif olunan implantlar var. Məsələn, 150 dollara da, 1000 dollara da implant dişlər var. Bu artıq firmaların özlərinin kommersiya sirridir. Amma eyni zamanda, klinik təcrübələrdə bahalı implantların üstünlükləri təsdiqlənib”.

 

Ölüm saçan diş kabinetləri

 

Diş kabinetlərində ölüm saçan xəstəliklərin yayılmasına gəlincə, Z.Məmmədli  bunları deyib:

“Stomatoloji mizan olmayanda, hər şey kommersiyalaşanda, sterilizasiya, pasterilizasiya işləri yerinə yetirilməyəndə hepatitə yoluxma riski artır. Məsələn, mən özüm 35 ilin həkimiyəm. Risk faktoru kimi özümün yoluxa biləcəyimi əsas götürürəm. Yəni xəstəlik daşıyıcıları mənim pasiyentim ola bilər. Əgər qaydalara əməl etməsəm, özüm də yoluxa bilərəm. Odur ki, sırf stomatoloji kabinetlər yox, iynə, cərrahi, ginekoloji kabinetlər, o cümlədən bərbərxanalar da hepatitə yoluxma riskini artırır. Ola bilər ki, bərbərxanaya gedən hepatitli şəxsin başında kiçik sızanaq olar. Daraqla o sızanaq deşilər və nəticə etibarilə qanla təmas yarandığı üçün xəstəlik digərinə keçər. Təbii ki, bunlar ehtimaldır. Bu baxımdan hepatit qanla keçən xəstəliklər. Maddi təfəkkürdə olanlar, qeyri-professionallar bazara girib bu xəstəliyin yayılma məntəqələri ola bilər. Qanun ideal da olar, hətta Qurani-Kərimdən də götürülə bilər. Amma sistem onun işləməsinə şərait yaratmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi