Əmlak Məsələləri Dövlət Komitəsində kollegiya iclası keçirilib. Komitənin mətbuat xidmətinin məlumatına görə, kollegiya iclasında müzakirə olunan məsələlərdən biri “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Prezident fərmanının icrası ilə bağlı olub.
İclasda komitənin fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin təşkili ilə bağlı artıq müvafiq hazırlıq işlərinin həyata keçirildiyi bildirilib. Bu məqsədlə komitədə müvafiq komissiya da yaradılıb. Elektron xidmətlərin tətbiqi ilə bağlı müasir informasiya-texnologiya sistemlərinin tətbiqi, tələblərin formalaşdırılması, proqram təminatının hazırlanması ilə bağlı təkliflər hazırlanıb.
Kollegiya iclasında “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasına uyğun olaraq 2011-ci ilin I yarısında görülən işlər barədə də məlumat verilib.
Qeyd edilib ki, proqramın qəbulu və icrası nəticəsində dövlət əmlakının qeydiyyatı və uçotu sistemi təkmilləşdirilib, dövlət əmlakından təyinatdan kənar və səmərəsiz istifadə halları minimuma endirilib, dövlət müəssisələrinin yaradılması və fəaliyyətinin tənzimlənməsi sahəsində siyasət tarazlaşdırıb.
Kollegiya iclasında Prezidentin «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə» sərəncamının icrası istiqamətində ötən dövr ərzində həyata keçirilən tədbirlər müzakirə edilib. Bildirilib ki, Milli Strategiyanın icrası ilə bağlı komitə tərəfindən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın kadastrının və ünvan reyestrinin aparılmasının təkmilləşdirilməsi, fəaliyyət proseslərində qanunçuluğun, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin olunması, şəffaflığın daha da artırılması sahəsində 2011-ci ilin I yarısında müvafiq tədbirlər görülüb.
Qeyd edilib ki, vətəndaş müraciətlərinə baxılmasının sürətləndirilməsi, operativ sənəd mübadiləsinin təşkili, sənədlərlə işin keyfiyyətinin, sürətinin və icra fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmaqla Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sistemi (ASDİS) qurulub və artıq 2011-ci ilin yanvar ayından istifadəyə verilib.
2011-ci ilin I yarısında komitənin rəsmi internet səhifəsi vasitəsi ilə vətəndaşlardan 70-ə yaxın müraciət daxil olub və cavablandırılıb. Komitənin 193 nömrəli qaynar xəttinə cari ilin I yarısında 300-ə yaxın müraciət daxil olub. Daxil olmuş müraciətlərin əksəriyyəti sorğu xarakterli olub.
Əmlak Məsələləri Dövlət Komitəsində işləyən dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranış qaydaları ilə əlaqədar müvafiq işlər görülüb.
İclasda bildirilib ki, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, ondan təyinatı üzrə səmərəli istifadə edilməsi, daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsi, dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrindən istifadə vəziyyətinin araşdırılması, dövlət müəssisələrinin özəlləşdirmədən sonrakı fəaliyyətinin monitorinqinin aparılması, müəssisələrdən hesabatların və inventarizasiya aktlarının alınması və təhlili istiqamətində işlər həyata keçirilib.
İclasın sonunda komitə sədri Kərəm Həsənov tərəfindən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması, bu sahədə şəffaflıqın və səmərəliliyin daha da artırılması məqsədi ilə komitədə elektron xidmətlərin tətbiqinin reallaşdırılması və bu sahədə görülən işlərin daha da sürətləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Eyni zamanda fəaliyyət proseslərində şəffaflığın və səmərəliliyin daha da artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinin daim diqqət mərkəzində saxlanılması və bu sahədə nəzarətin daha da gücləndirilməsinin vacibliyi qeyd edilib. Kollegiya iclasında komitəyə daxil olan vətəndaş meraciətlərinin mahiyyəti üzrə araşdırılaraq qanunvericilik əsasında vaxtında cavablandırılması və bu sahədə ləngimələrin aradan qaldırılması tapşırıqları verilib.
Həmçinin ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, informasiya işinin nəzarətdə saxlanılması, ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.
Modern.az