Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə bu ilin əvvəlində elan etdiyi 1-ci müsabiqəsinin vaxtını uzadıb. Bu barədə Modern.az-ın sorğusuna əsasən Fondun ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Aygün Əliyeva bildirib.
“2011-ci il üçün 1-ci müsabiqənin nəticələrinin hələ açıqlanmsının səbəbi müsabiqənin vaxtının uzadılması ilə əlaqədardır. Müsabiqə hələ davam edir. Nəticələrin nə vaxt açıqlanacağı hələ məlum deyil. Müsabiqəyə indiyə qədər nə qədər layihənin təqdim olunduğu isə nəticələr açıqlananda bilinəcək” - deyə A.Əliyeva əlavə edib.
Modern.az bildirir ki, Fondun rəsmi saytında nəticələrin yaxın bir neçə gün ərzində açıqlanması ilə bağlı verilmiş elan artıq iki aydan çoxdur ki, ordadır.
Qeyd edək ki, Fondun aprel ayında açıqladığı müraciətində deyilir ki, 2011-ci ilin 1-ci müsabiqəsinə 184 layihə daxil olub və bunlardan 155 layihə texniki ekspertizadan keçərək elmi ekspertiza mərhələsinə buraxılıb.
“Layihələrin sayının çox olması, konkret layihələrin bir neçə ekspertə göndərilməsi və bəzi layihələrin xarici ekspertlər tərəfindən qiymətləndirilməsi kimi faktorlar, həmçinin mart ayının xeyli hissəsinin bayram və istirahət günləri olması səbəbindən müsabiqənin nəticələrinin əvvəl planlaşdırıldığı kimi 4 aprel tarixində deyil, aprel ayının 3-cü ongünlüyündə açıqlanması qərara alınıb”-deyə açıqlamada bildirilir
Qeyd edək ki, Fond layihə qəbulu üçün beş istiqamət müəyyən edilib. Humanitar və ictimai elmlər üzrə 25, Fizika-riyaziyyat üzrə 55, Yer haqqında elmlər üzrə 17, Biologiya. Tibb və aqrar elmlər üzrə 31, Kimya elmləri üzrə isə 27 layihə texniki ekspertizadan keçib.
Aytən ƏLİYEVA