Modern.az

Vətəndaşı girov saxladığı deyilən “COCO” mağazası onun 45 manatını GERİ QAYTARIR

Vətəndaşı girov saxladığı deyilən “COCO” mağazası onun 45 manatını GERİ QAYTARIR

21 Dekabr 2017, 16:05

Bakıdakı  məşhur geyim dükanı olan “Coco” dan şikayətçi olan vətəndaş Leyli Qəzibəyova Azad İstehlakçılar Birliyinin rəhbəri Eyub Hüseynova məktubla müraciət edib.  O qeyd edib ki, dekabrın 12-də Xaqani küçəsi-21 ünvanda yerləşən “COCO” dükanına  gedib və xoşagəlməz halla qarşılaşıb:


“Övladımın  4 yaşı var və o da  mənim yanımda idi.  Uşaq çox sıxlıq olan dükanda manikenə toxundu, nəticədə maniken aşdı və pencəyin yaxasında olan dəmir broşka harasa toxunub bəzəklərdən ikisi qopdu. Ancaq broşka qətiyyən qırılmadı. İşçilər məni günahlandırdı və hər ikimizi dükandan buraxmayacaqlarını bildirdilər.

Qopmuş düymələr üçün 45 AZN pul tələb etdilər. Hansı ki, bu kiçik plastmas (və ya şüşə) düyməcikləri istənilən yapışqanla bir dəqiqəyə asanlıqla yapışdırmaq olardı”.

Vətəndaş əslində dükanda “həbs” edildiyini idda edib:

“Mən məcbur olub 45 AZN ödədim, bu saat təxminən 15:00 idi. Mənə ödədiyim məbləğ müqabilində kassa çeki verilmədi, broşkanı selofana qoyub mənə verdilər. Evdə atam bunu bildikdə broşkanı götürüb dükana getdi,broşkanın qiymət sənədini və düşən plastmasın qiymət sənədini tələb etsə də, heç bir sənəd göstərilməyib. Atam müdirdən broşkanın düşən bəzəyinin yapışdırılıb qaytarılmasını təklif edib. Və 45 AZN-i tələb etsə də, hələ ki, ödənilməyib.

Xahiş edirəm mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz, broşka qaytarılsın, ödədiyim 45 AZN mənə verilsin”.

Modern.az məsələ ilə bağlı mağazanın rəhbəri Tural Xankişiyevlə əlaqə saxlayıb. Mağaza rəsmisi saytımıza deyib ki, müştəri Leyli Qazıbəyovaya dəfələrlə şüşəli vitrinli mağazada uşağına diqqət etməsi barədə xəbərdarlıq edilib:

“Xanım buna cavab olaraq bildirdi ki, “uşağıma siz baxmalısınız”. Sonda uşaq manikeni yerə çırpdı və xanım qırılan broşka üçün 45 AZN ödəyərək getdi. Axşam xanımın ailə üzvü gəldi. Həmin şəxs mağazanın işçisinə nalayiq sözlər deməyə və onu videoya çəkərək, videodan nalayiq yerlər üçün istifadə edəcəyini söylədi. Üstəlik Azad İstehlakçılar Birliyinin sədrinin onun dostu olduğunu qeyd etdi və şikayət edəcəyini bildirdi”.


T.Xankişiyev AİB sədrini məlumatı araşdırmadan ictimailəşdirdiyinə görə qınayıb:

“Sədr araşdırma aparılmadan bir insanın mülkünə, şəxsiyyətinə edilən zərər və təhqirə göz yumaraq, bunu ictimailəşdirib. Deməli 45 manat bir insanın şərf və ləyaqətini təhqir etmək üçün kifayət məbləğ imiş”.

Mağaza rəhbəri müştəriyə müraciət edib:

“Hörmətli Leyli Qazıbəyova və onun ailəsi, mağazaya yaxınlaşaraq 45 manatı götürə bilərlər. Üstəlik, nalayiq sözlərinə və böhtana görə də əlavə olaraq 45 manat verə bilərik”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı