Geridə qoymaq üzrə olduğumuz 2017-ci il dünyada bir çox hadisələrlə yadda qalıb. Modern.az dünyada baş verən əsas hadisələr barədə
ABŞ prezidenti Donald Trampın inauqurasiyası
Donald Trampın 2017-ci ilin yanvarında baş tutan inaqurasiya mərasimi ilin əsas hadisələrindən sayılır. Seçkilərdəki qələbə çoxları üçün gözlənilməz oldu və seçkilər başa çatdıqdan sonra bir neçə ay ölkədə mitinqlər keçirildi.
Fransada prezident seçkiləri
Mayın 7-də “İrəli” hərəkatının lideri, 39 yaşlı Emmanuel Makron Fransa prezidenti seçildi. “Milli Hərəkat” partiyasından olan Marin Le Peni xeyli qabaqlayan Makron terrorla mübarizə, əmək haqlarının artımı, vergilərin azaldılması və s. vədlər versə də, seçkilərdən sonra nüfuzu xeyli azalıb.
Kataloniyanın İspaniyadan ayrılmaq barədə referendumu
“Brexit”-dən sonra Avropadakı daha bir region müstəqillik sevdasına düşmüşdü. Kataloniya muxtariyyəti oktyabrın 1-də İspaniyadan ayrılmaq üçün referendum keçirdi və 90% seçici müstəqilliyə “hə” dedi. Madrid referendumu qanunsuz adlandırdı və onun nəticələrini tanımaqdan imtina etdi.
Şimali Koreyanın nüvə sınaqları
Şimali Koreyanın nüvə texnologiyaları əldə edərək müasir nüvə silahı hazırlaması və ardıcıl keçirdiyi sınaqlar dünya birliyini qorxuya saldı. 50-120 kiloton trotil ekvivalentində olan bu bombalar Xirosima şəhərində atılan bombadan 8 dəfə güclü olub. Sınaqlar 5,7-6,4 bal gücündə zəlzələlərə səbəb olmuşdu.
2018-ci il Olimpiadası və dopinq qalmaqalı
Dekabrın əvvəllərində Ümumdünya Olimpiya Komitəsi rusiyalı idmançıların və onların 2018-ci il Olimpiadasına qatılma perspektivlərini müzakirə edib. Beynəlxalq komitə Rusiyanın dövlət səviyyəsində dopinq proqramı hazırladığı qənaətinə gələrək, Moskvanı yerli idmançıları öz bayraqları və himnləri ilə iştirak etməyə icazə verməyib.
Sankt-Peterburq terroru
Aprelin 3-də Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda metroda baş verən partlayış 16 nəfərin ölümü, 87 nəfərin yaralanması ilə nəticələnib. 300 qram trotil ekvivalentində olan partlayıcı qurğunu qırğız mənşəli Özbəkistan vətəndaşı törədib.
Nyu-York terroru
Oktyabrın 31-də Manhettendə 29 yaşlı Özbəkistan vətəndaşı Seyfulla Saipov icarəyə götürdüyü yük maşınını insanların üzərinə sürmüşdü. İŞİD naminə terror etdiyini deyən Saipov 9 nəfərin ölümünə, 25 nəfərin yaralanmasına yol açmışdı.
Las-Veqasda qətliam
Oktyabrın 1-də Las-Veqasın Mandalay Bay kazinosu önündə 59 nəfərin ölümü, 500 nəfərin yaralanması ilə nəticələnən qətliam törədildi. Hadisəni psixi problemlərdən əziyyət çəkən 64 yaşlı Stiven Peddok törətmişdi. Hadisədən sonra cinayətkar intihar edərək həyatına son vermişdi.
İranda zəlzələ
Noyabrın 12-də İranda dağıdıcı zəlzələ baş vermişdi. İran-İraq sərhədində 7,6 bal gücündə baş verən zəlzələdə 500-ə qədər insan həlak olmuş, 7 mindən artıq insan isə xəsarət almışdı.
ABŞ-ın Qüdsü İsrailin paytaxtı tanıması
Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü ABŞ-ın paytaxtı elan edən qərarını ictimaiyyət önündə açıqladı. Bu hadisə Fələstin və əksər müsəlman ölkələrində kütləvi etirazlar və polislə toqquşmaya səbəb oldu. Ötən gün BMT Baş Assambleyası 125 əleyhinə, 9 lehinə və 35 ölkə bitərəf olmaqla Qüdsü İsrailin paytaxtı tanımaqdan imtina etdi.