Modern.az

Ukraynada azərbaycanlı rəssamın sərgisi keçirilib

Ukraynada azərbaycanlı rəssamın sərgisi keçirilib

23 Dekabr 2017, 20:29

Ukraynanın paytaxtı Kiyev şəhərində Şokolad Evində azərbaycanlı rəssam Rasim Seyidovun sərgisinin açılış mərasimi keçirilib. Modern.az “Report”a istinadən xəbər verir ki, Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin, Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti, Dünya Diasporlar Assambleyasının həmsədri Rövşən Tağıyev tədbirdə çıxış edərək bildirib ki, rəssamın əsərləri Ukrayna muzeylərinin ekspozisiyalarına, Azərbaycanda, Rusiyada, ABŞ-da, Böyük Britaniyada və digər ölkələrdə şəxsi kolleksiyalara daxil edilib.

 

Azərbaycanlı rəssamın sərgilərinin həmişə böyük maraqla qarşılandığını deyən R.Tağıyev bildirib ki, soydaşımızın yaradıcılığı Azərbaycan və Ukrayna xalqları arasında möhkəm dostluq körpüsüdür.

 

Sərgidə çıxış edənlər bildiriblər ki, rəssamın parlaq, özünəməxsus rəsmləri insanın daxili aləmi ilə Şərq və Qərb arasında sərhədlərin silindiyi qloballaşmış dünyada xarici məkanın vəhdətini ifadə edir.

 

Azərbaycanın Şəki şəhərində doğulan R.Seyidov 17 yaşında Ukraynanın Krivoy Roq şəhərində rəssamlıq məktəbinə daxil olub, məktəbi bitirdikdən sonra Kiyevə gəlib. Ukrayna Milli Rəssamlar İttifaqının üzvü olan Rasim Seyidovun Kiyevdə dəfələrlə fərdi sərgisi təşkil olunub.

 

Sərgiyə gələnlər arasında Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, Ukrayna yaradıcı elitasının təmsilçiləri olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir