Modern.az

Cəbrayıl gülməcələri (IX)

Cəbrayıl gülməcələri (IX)

Ədəbi̇yyat

5 İyul 2011, 10:51

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif öncə Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını davam etdirir.


Sahib müəllimin mənzilini səhv salması

Sahib Bayramov tək Cəbrayılda yox, bütün Azərbaycanda taninmış riyaziyyatçı idi. SSRİ vaxtında Moskvada çıxan məşhur jurnallarda verilən açılmayan inteqralları, ən qəliz triqonometrik tənlilkləri, başsındırmaları həll etməklə ziyalıların böyük hörmətini qazanmışdı. Çox həlimxasiyyət adam idi. Həmişə də beynində riyazi məsələlər araşdırdığından fikri bir az dağınıq olardı. Sahib müəllim Cəbrayılın mərkəzində 16 mənzilli binada prokuror Rasim Məmmədovla qapıbir qonşu idi.

Gunlərin bir günü Sahib müəllim məktəbdən evə gəlirmiş. Adəti üzrə, yenə başında hansısa qəliz məsələni çözürmüş deyə, gəlib öz evi əvəzinə Rasim Məmmədovgilin qapısını açıb evə girir, birbaşa qonaq otağına keçir. (Evlər standart layihəli, qapıların rəngi eyni olduğundan, belə hadisələrin ehtimalı böyük olur).

- Ay qız, Həvəzə, bir stəkan pürrəngi çay gətir, - Sahib müəllim mətbəxdə olduğu güman elədiyi həyat yoldaşına müraciətlə deyir.
Rasim müəllimin həyat yoldaşı tez bir stəkan çay və mürəbbə gətirib Sahib müəllimin qabağına qoyur.
- Xoş gəlmisiniz, müəllimə, bizim uşaqlar evdə yoxdu? -Sahib müəllim Rasim Məmmədovun xanımının onlara qonaq gəldiyini zənn eləyib deyir.

- Sağ olun, Sahib qardaş, sizin uşaqlar qonşuya çıxmış olarlar, indi gələrlər, narahat olmayın, çayınızı için, - Rasim müəllimin yoldaşı Sahib müəllimin fikirli olduğunu başa düşüb onu fikirdən ayirmamaq üçün deyir.
Sahib müəllim çay içib durub divanda oturur... və birdən gözü divarda Rasim Məmmədovun çərçivəyə salınmış iri şəklinə sataşır. İstəyir desin “bu niyə burdadı?”, birdən hər şey ona aydın olur. Çayı yarımçıq qoyub tez durub otaqdan çıxmaq istəyir, amma qapıda Rasim müəllimlə üzləşir.
- Rasim, neçə vaxtdı Sahib müəllimgillə qonşuyuq, bir dəfə əməlli-başlı oturub çay da içməmisiniz, - Rasim Məmmədovun xanımı Sahib müəllimi vəziyyətdən çıxarır, - Sahib müəllimgili mən çaya dəvət eləmişəm, indi Həvəzə bacı da gələcək.
Çay məclisi əməlli-başlı yeyib-içmək məclisinə çevrilir. Axırda Sahıb müəllim söhbəti özü açıb danışır, xeyli gülürlər.
Səhəri gün isə artıq butun Cəbrayıl bu məzəli əhvaıatı danışıb ləzzətlə gülürdü.     

***

Çert, pert, qara dananı ver, get!

70-ci illərdə Həşim oğlu Yəhya (Hüseynov) Cəbrayıl rayon kənd təsərrüfatı idarəsinin plan-maliyyə şöbəsinin rəisi işləyib. Bir dəfə Yəhya müəllim ailə üzvlərinin təkidi ilə oğlu Həşimin on, ya on beş yaşını təmtəraqla qeyd eləməyi planlaşdırırmış. Çox ölçür-biçir, görür tədbirə xeyli pul lazımdı. Ən çox pulaparan da ət olacaq. Qonaqların çox, ətin xeyli baha olduğunu, bir də tədbirə bir neçə ay qaldığını nəzərə alıb düşünür ki, bir dana alıb versin qohumlarından birinə, tədbirə yaxın dana ətə-qana gələndə götürüb gəlib kəsdirsin, məclisi yola versin. Çox fikirləşir, dananı saxlamağa elə bir munasıb qohum tapa bilmir. Axırda qərara gəlir ki, dananı kolxozlardan birinə versin. Məsələni yaxın dostu Köçəri Babayevlə danışıb razılaşdırır, bir qara dana alıb aparıb quyur dostunun başçııq elədiyi təsərrüfata…

Bu ara Kamal Ağayev Cəbrayıl rayon partiya komitəsinin birinci katibi təyin olunur və təyinatından bir neçə həftə sonra kolxozlarda vəziyyətin araşdırılması üçün müşavirə çağırır. Müşavirədə məlum olur ki, kolxozlarda uğurlarla yanaşı, çatişmazlıqlar da var. Əsas çatışmazlıqlar maliyyə planlaşdırması sahəsindədi.

- Bu sahəyə kim cavbdehdi? – Kamal Ağayev soruşur, - niyə bəzi kolxozlarda vəziyyət tələb olunan səviyyədə deyil?

Yəhya Hüseynov çətinliklərin obyektiv və subyektiv səbəblərini izah eləyir, amma katib razı qalmır.

- Sizinki odur ki, - Kamal Ağayev əli ilə mühasiblərin o zamanlar işlətdiyi “şotka”ya çəkən kimi hərəkətlər eləyir, - çert, pert, qara dananı ver, get!

Yəhya müəllim katibin onun Köçəri Babayevə saxlanc verdiyi qara danaya işarə elədiyini fikirləşib dinmir.
Qanı tamam qaralmış Yəhya Hüseynov fasilədə otaqlardan birinə çəkilib özünü danlayır ki, niyə belə elədim və bir danaya görə özümə söz gətirtdim.

Təsadüfən Köçəri Babayev də həmin otağa girir, Yəhya müəllimi qanıqara görür:

- Yəhya, nə olub, qanın niyə qaradı?

- Sən də yaman dostsan, - Yəhya müəllim acıqla deyir, - bir qotur dana vermişdim sənə, yüz dəfə də demişdim o dana nə üçündü, əlbəəl gedib katibin ovcuna qoymusan.

- Ay sənin məzən olsun, Köçəri Babayev qəhqəhə çəkib gülür, - səncə, mən elə iş tutaram?! - Katib o sözləri deyəndə dalağım sancdı ki, sən elə belə də düşünəcəksən. Mən katibə heç nə deməmişəm, arxayın ol.

Yəhya Hüseynovun narahatçılığı bir az səngiyir. (Onu deyim ki, elə müşavirə gününün sabahı dananı gətirib kəsdirir ki, artıq söz-söhbət olmasın).

Bir müddət sonra, Köçəri Babayev bu əhvalatı Kamal Ağayevə danışır, hər ikisi o ki var gülürlər. Və söhbət rayona yayılır.
Həmin hadısədən sonra Cəbrayılda bir adam o birinin işindən narazı olanda deyir: “Səninki odur ki, çert, pert, qara dananı ver, get!”     


***

Çətin toy gecəsi

(Bu yazını yazmazdan qabaq “danışım, danışmayım?” deyib xeyli fikirləşdim. Sonra dedim, olmuş əhvalatdı, danışım, qalsın. Əhvalatı eyib sayanlardan üzr istəyirəm)

Cəbrayılın aran kəndlərinin birində Mirzəcan adlı fağır bir oğlan vardı. (Var idi deyəndə, həmin oğlan indi də durur. Maşallah, nəvələri-nəticələri də var. Amma, təəssüf ki, həmin kənd indi yağı əlindədədi. Pərdəli söhbət olsun deyə, kəndin adını bilərəkdən çəkmirəm).
Mirzəcanın evlənmək vaxtı çoxdan keçmişdi, amma o, bu haqda heç düşünmürdü də. Fikri-zikri özündən kiçik bacı-qardaşlarına gün-güzəran qurmaq idi. Tay-tuşları onu tez-tez məzəmmət eləyib “naz-qoz eləmə, day bu payızdan o yanası yoxdu, səni çidarlamalıyıq!” deyib onun razılığını almaq üçün çox çalışırlar, axır ki yola gətirirlər. Ona bir neçə qız nişanə verirlər. Mirzəcan üzəbənd (Qarabağda xarici gözəlliyi xasiyyətdən, şirin dildən üstün tutanları belə adlandırırıq) adam olduğundan, göstərilən qızların ən göyçəyini seçir. Qızın da adını yazmıram, amma onu deyim ki, o qız çox gözəl olduğundan, məktəbi bitirəndən bəri qapılarına gələn saysız-hesabsız elçini burnusallaq yola salmışdı deyə, artıq ərgən cavanlar elçi gedib əliboş qayıtmaqdan qorxduqları üçün onların qapısını döyməyə ürək eləmirdilər. O baxımdan da qızın yaşı xeyli ötmüşdü. Qızın da yaşı keçdi, hər şeyi nuzullayır, yəni ona heç kimi bəyəndirmək olmur. Hə, bir vacib məqamı da qeyd eləyim: o qızın tayfasına el arasında “ufucular” tayfası deyirdilər. Niyə “ufucu”? Çünki, o tayfadan kimin əlini mismar azacıq cızdısa, hay-küy salıb cumardı birbaşa rayon mərkəzinə, cərrah Bəkir Əhmədovun yanına.

Mirzəcanın elçiliyinin çətinliklərindən –dostlarının qıza min-bir dil tökməsindən, neçə-neçə ağsaqqalı-ağbirçəyi qızın, bakılılar demiş, “həri”sini almaq üçün göndərmələrindən danışıb vaxt almaq istəmirəm. Keçək əhvalata.

Nəhayət, qız razılaşır və toy olur. Toy axşamı dostları “düt” deyincə gillədirlər, kefləri yüzbiri vurur. Söz qoyurlar ki, Mirzəcan “məsələni” həll etməmiş yemək stolundan durmasınlar.

Gecəyarısı olur, dostları dizləri tir-tir əsən Mirzəcanı qızın yanına yola salırlar. Yarım saat keçir… Bir də görürlər Mirzəcan deyinə-deyinə gəlir.

- Nə oldu, can-ciyər, - dostları onu sorğu-suala tuturlar, - hər şey qaydasındadı?

- Əşi nə olacaq, ona əl vurmalıdı?!! Budey, - Mirzəcan cırmaq-cırmaq olmuş sifətini göstərir, - görün üzümü nə günə qoyub!

- Ə, yaxşı, kiri!!! Bizi biabır eləmə! – dostları onu sakitləşdirir, - bu iş belə olur də!

Mirzəcan naəlac qalıb bir də cəhd eləyir, amma yenə yarım saat keçməmiş dilinin altında kimisə möhkəm söyə-söyə geri qayıdanda dostları onu əməlli-başlı danlamağa başlayır:

- Yekə kişisən ə, qanacağın-mərifətin olsun! İki yüz kip samanı birnəfəsə qaldırıb QAZ-53-ə yükləyirsən, uf demirsən, indi bu balaça işi görməyə gücün çatmayacaq?!!- dostlarından biri ona bərk təpinir.

- Bax, Mirzəcan, Hacı Qaraman haqqı, elə indicə gedib məsələnı çürütməsən, ömür olalı səni dindirməyəcəm!!! - o biri dostu deyir.
- Uşaqlar..., bəlkə sabaha qalsın? – Mirzəcan zorla eşıdiləcək səslə mızıldanır.

- Nə?! Sabaha qalsın??? Başına at təpib sənin??? Camaatın adəti var! Bu gün olmalıdı, vəssalam!!! Onca dəqiqə vaxt veririk, gedib məsələni həll eləməsən, səni burda şivir-ala kəsəcəyik! – içib keflənmiş dostları Mirzəcanı sürüyüb gəlin otağının qapısına qolazlayırlar.
- Sizin adətinizə… - Mirzəcan durub ağlamsınmış halda otağa girib qapını çırpır.

Bir saata yaxın vaxt keçir… Birdən gəlin otağının qapısı açılır. Mirzəcan qaça-qaça gəlib artıq mürgüləməyə başlamış dostlarının yanında dayanır. Hamı bir nəfər kimi ayağa durub Mirzəcanın cırmaqdan didim-didim olmuş və qan şoralayan, amma gülümsəyən sifətinə baxıb xorla:

- Hə??? Qımıldan görək!!!

Mirzəcan dərindən nəfəs alır:

- Bu nədi əəə! Həzrət Abbas haqqı bu tək adam işi deyil!!! 

Deyilənə görə, Mirzəcanın dostları bu sözə səhər açılana qədər gülüblər. Yalan-gerçək, deyirlər gülməkdən ürəyi getmiş bir nəfərə hətta təcili yardım da çağırıblar.

Bu hadısədən sonra Cəbrayılda çətin bir iş görüb əldən düşəndə deyirlər: “Həzrət Abbas haqqı bu tək adam işi deyil!”

***

Qasan cigit, Medvedev cigit?

Keçən əsrin 30-cu illərində Cəbrayıldakı Alıkeyxalı sərhəd zastavasının rəisi Medvedev soyadlı bir polkovnik olub. Zastava Soltanlı, Alıkeyxalı, Araz Maşanlı və başqa kəndləri əhatə eləyirmiş. 

Medvedev köhlən ata minər, yavəri ilə kəndləri gəzər, camaata qan uddurarmış. O, kəndlərdə qabağına çıxan itləri güllələyər, bununla da camaatı qorxu içində saxlayarmış.

O vaxtlar Arazın hər iki tərəfində adı dillərə düşmüş, əslən Soltanlı kəndindən olan Qaçaq Həsən (ağır xasiyyətinə görə ona “daşdəmir Həsən” də deyərmişlər) hökumət əleyhinə vuruşurmuş. Medvedev hər dəfə Soltanlıya gələndə silahını qabağına çıxanın alnına tuşlayıb Qaçaq Həsənin bu tərəflərə gəlib-gəlmədiyini soruşarmuş. Heç kim də ona cavab verməzmış. Medvedev tüfəng lüləsi altında saxladığı adamın üstünə bağırarmış: “Kto cigit – Qasan cigit, ili Medvedev cigit?”. Sonra da gülüb deyərmiş: “Koneçno, Medvedev cigit!”

Medvedevin zülmkarlığı və bir də dediyi bu söz gedib Qaçaq Həsənə çatır. Günün birində o, soltanlı Məşədi Balakişinin tut bağından keçən yolda pusqu qurub Medvedevi gözləyir. Medvedev və yavəri ordan keçəndə hücum eləyib onları tərkisilah eləyir, hər ikisini alt paltarınadək soyundurur. Qəməsini Medvedevin boğazına dirəyib deyir:

- Skaji, svoloç, kto cigit, Qasan cigit, ili Medvedev cigit?

- Klyanus, Qasan cigit! - Medvedev ona yalvara-yalvara cavab verir.

Qaçaq Həsən onların hər ikisini yaxşıca əzişdirib buraxır.

Bu əhvalatdan sonra arazqırağı kəndlərdə Medvedevi görən uşaqlar onun dalınca qışqırarmışlar: “Kto cigit – Qasan cigit, ili Medvedev cigit?”.
Medvedev də həmişə cavab verərmiş: Qasan cigit! Qasan cigit! 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu