Modern.az

Arif Əliyev: “Bu fikirləri səsləndirəndə deyirlər ki, sən Qarabağı satmağın tərəfdarısan...” (MÜSAHİBƏ)

Arif Əliyev: “Bu fikirləri səsləndirəndə deyirlər ki, sən Qarabağı satmağın tərəfdarısan...” (MÜSAHİBƏ)

5 İyul 2011, 17:13

Torpaqlarımızın işğaldan azad edilməsində hər birimizin üzərinə konkret yük düşür. Ancaq bəzən elə görünür ki, sanki bu məsələdə bir qatışıqlıq var. Sanki media ictimaiyyətin, ictimaiyyət hakimiyyətin vəzifəsini və s. yerinə yetirmək istəyir. Modern.az bu məsələ ilə bağlı media rəhbərləri, ictimai xadimlər və dövlət adamlarının fikirlərini dərc edəcək.

İlk müsahib “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevdir.  

- Arif bəy, bu gün Qarabağ məsələsndə media, ictimaiyyət və
hakimiyyətin üzərinə düşən yük sanki bəzən qarışdırılır. Sizcə, bu məsələdə medianın yükü, vəzifəsi nədir və onun öhdəsindən gələ bilirmi?

 - Yox, gələ bilmir. Mən sizinlə tamamilə razıyam ki, əslində medianın Qarabağ probleminin həlli istiqamətində səyləri ilə hakimiyyətin vəzifələri, öhdəlikləri arasında ciddi fərq var. Amma biz bilirik ki, Azərbaycanda media dövlət sturukturlarının və hakimiyyətin çox güclü təsiri altındadır. Faktiki olaraq, medianın Qarabağ taktikası, siyasəti hakimiyyətin taktikasının, siyasətinin sadəcə, təkrarıdır.

Biz Qarabağla bağlı 1999-cu ildən bu yana medianın fəaliyyətini diqqətlə izləyirik. Bu müddət ərzində 800 minə yaxın material və TV süjet təhlil olunub. Bu işləri yaxşı bilirik. Bir şeyi də biz müşahidə edirik ki, Qarabağla bağlı aiddiyyatı olan çox mühüm bir proses baş verir. Məsələn, Türkiyə-Ermənistan danışıqları başlayır. Bütün mətbuat tora düşmüş balıq kimi bu mövzu ilə bağlı bu və digər istiqamətdə çabalayır. Bu o deməkdir ki, Kütləvi İnformasiya Vasitələri ən böyük media orqanlarının şəxsində siyasi oriyentasiya və siyasi istiqamətin ona göstərilməsini gözləyir. Bu, bir misaldır.

Azərbaycan mediası həqiqətən faktiki olaraq dövlət siyasətinin kölgəsi rolunda çıxış edir. İndi sual qoyaq ki, Azərbaycan mediasının hakimiyyətdən fərqli, özünün hansı öhdəlikləri var? Qarbağ məsələsinin həllində özünün hansı spesifik vəzifələri var?
Ən böyük spesifik vəzifə mövcud vəziyyəti, faktları olduğu kimi insanlara çatdırmaqdır. Konkret söhbət nədən gedir? Məsələn, dövlətin bu istiqamətdə elə bir vəzifəsi yoxdur, dövlətin fəaliyyətində həmişə təbliğat və mövqe müharibəsi həmişə mühüm cəhətlərdən biridir. Faktlar da buna uyğun olaraq verilir. Amma media vətəndaşlarına, cəmiyyətə və bəlkə də öz dövlətinə açıq şəkildə göstərməlidir ki, real vəziyyət Ermənistanda, Dağlıq Qarabağda necədir, danişılqlarda real mövqelər necədir və bununla bağlı real proseslər necə gedir.

Təəssüf ki, bu vəzifənin öhdəsindən media çox zaman gəlmir, media çox zaman cəmiyyətə sadəcə hakimiyyətin eşitmək istədiyini söyləyir, müəyyən faktları təhrif edir və daha çox qarşı tərəflə informasiya müharibəsi ilə məşğul olur. Amma daha çox öz tərəfilə informasiya mübadiləsi ilə məşğul olmaq lazımdır. Bax, bu güzgü kimi üzdə görünən məsələdir.

 - Bu nədən irəli gəlir?

- Hamımız başa düşürük ki, problemin iki həll yolu var, ya müharibə, ya sülh. Müharibə mövqeyi Ermənistan mətbuatında da bəzən önə çəkilir. Tutaq ki, o anlarda önə çəkilir ki, “bizə deyirlər torpaqları verin, qanla qazanılmış torpaq verilə bilməz, qaytarıla bilməz”. Bu, Ermənistan mətbuatında çox güclü steorotiplərdən biridir. Burdan da o ortaya çıxır ki, “əgər bizdən o torpaqları almaq istəsələr, yenə də müharibə ilə lazım olsa da, öz torpaqlarımızı qoruyacağıq, hətta Azərbaycandan əlavə torpaqlar da alacağıq”.

Azərbaycanda müharibə mövzusu Ermənistandan da daha intensiv şəkildə ortaya çıxır. Bunu da anlamaq mümkündür. Çünki Azərbaycanda revanşizm əhval-ruhiyyəsi daha böyükdür, çünki Azərbaycan bu baxımdan hələlik itirmiş mövqedədir. Amma ikinci yol da var, sülh yolu. Hansı ki haqqında Azərbaycan hakimiyyəti də daha çox danışır, bütün dünya dövlətləri də bu istiqamətdə yönəldilir.

Həqiqətən biz də istərdik ki, bu problem sülh ilə həll olunsun, hərb yolu ilə yox. Ərazi bütöblüyü də bərpa olunsun, əhalinin təhlükəsizliyi də Qarabağda və onun ətrafında təmin olunsun. Amma sülhün nə demək olduğu və bunun hansı yollarla əldə etmək mümkün olduğu haqqında faktiki nəinki bizim bir çox rəsmi dairələrimizdə, bütövlükdə cəmiyyətdə çox məlumat yoxdur. Məsələn, bunlarla bağlı ən çox işlədilən ifadə kompromisdir. Amma monitorinqin nəticələri bir daha göstərdi ki, jurnalistlər və media çox zaman işlətdiyi məfhumların mənasını bilmir. Əslində kompromisin nə demək olduğunu bilmirlər. Kompromis o demək deyil ki, bir tərəf digər tərəfin hesabına öz ideyalarından əl çəkir. Kompromis hər zaman qarşılıqlı hərəkət, qarşılıqlı çəkilmə tələb edir. Amma nə jurnalistikamız, nə də cəmiyyət, ümumiyyətlə təsəvvür edə bilmir ki, Azərbaycanın bu məsələdə çəkilməli ola biləcəyi, güzəştə gedə biləcəyi məsələlər nədir? Ümumiyyətlə, kompromis nədir? Kompromisi necə əldə etmək olar?- bu barədə müzakirələr və s. getmir. Yəni sülhə çağırışlar var, amma hazırlıq yoxdur, cəmiyyətin hazırlığı yoxdur. Sülhə hazırlıq heç də digər üsulların yaddan çıxarılması demək deyil. Əgər ordumuzu gücləndiririksə, bu o deməkdir hərbi variantın mümkünlüyü qəbul edilir və buna hazırlaşırıq. Amma biz sülh variantının da mümkünlüyünü qəbul edirik, deməli buna hazırlaşmaq lazımdır və buna hazırlığın ilk yolu ictimai rəydən, ictimai fikirdən keçir.

- Demək bu sahədə peşəkarlar yoxdur...

- Hətta bu mövzuda uzun müddət yazan jurnalsitlər də Qarabağ problemi ilə bağlı informasiyaları, sənədləri dəqiq bilmirlər. Onların nəinki mahiyyətini, hətta adlarını da çox zaman səhv salırlar. Terminlərin mənasını bilmirlər. Məsələn, siz Qarabağ mövzusunda yazan 6 və ya 10 jurnalisti seçib, onların arasında sorğu keçirsəniz ki, Madird, Paris, Praqa prinsipləri nədir və bunların arasında fərq nədir? Mən sizi inandırıram ki, onlardan 9-u sizi qane etməyən cavablar verəcək.

Mən dəfələrlə onun şahidi olmuşam ki, Qarabağ sahəsində bilikli olan ekspertlər deyirlər ki, jurnalistlərlə ünsiyyətdən çəkinirlər. Bunu belə izah edirlər ki, nə deyirlərsə, axırda baş-ayaq çıxır. Yaxud sualı verəndə başa düşürlər ki, bu jurnalist nə danışıqlar prosesini, nə də o beynəlxalq sənədlərin mahiyyətini, onun içərisində nə olduğunu bilir. Yəni bizim məlumatsızlığımız, jurnalsitlərin özlərinin bu məsələlərdə məlumatsızlığı, bax, mən bunu mediada problem kimi görürəm.

Qeyd etdiniz ki, ölkə mediasının hakimiyyətlə daha çox bağlılığı var. Torpaqlarımızın işğaldan azad edilməsi siyasətində mətbuatın hakimiyyətlə bir yerdə olmasının zərəri, xeyiri nədən ibarətdir?

- Təxminən bu o deməkdir ki, alma ağacı ilə armud ağacını calamağın zərəri və xeyiri nədədir? Bu ağacların hər ikisi olmalıdır ki, cəmiyyətin alması da olsun, armudu da... Amma bunları bir-birilərinə calayanda çox eybəcər,  anlaşılmaz meyvə ortaya qoyulur.

Media üçün hətta Qarabağla bağlı məsələlərdə hakimiyyətin özünü bəzən yığışdırması, bəzən özünün-özünə nəzarət etməsi, bəzən bilmədiyi şeyləri öyrənməsi üçün bir mənbə olmalıdır. Bu baxımdan medianın bu məsələrdə müstəqilliyini saxlaması və öz rolunu yerinə yetirməyə başlaması çox vacibdir. Faktiki olaraq Qarabağ siyasətində hakimiyyətin dediklərində mütləq təbliğat elementləri, cəmiyyəti psixoloji hazırlamağa yönəlmiş elementlər var. Bu belə də olmalıdır. Biz deyə bilmərik ki, bu düzgün deyil, bu niyə belə olur və s.

Bütün dövlətlər belə edir, çünki onun dövlət vəzifəsi var və o vəzifəni yerinə yetirmək üçün cəmiyyət yönləndirilməlidir. Medianın fəaliyyətində isə bunlar olmamalıdır. Medianın fəaliyyətində reallıq görsənməlidir, amma media həmin o təbliğat elemenlətirini, həqiqətə tam uyğun olmayan, bizim görmək istədiyimiz səhnəni canlandırmağa da başlayır. Nəticədə yanlış təsəvvürlər, yanlış informasiya yaranır. Yanlış təsəvvürlər, yanlış informasiyanın üzərində qəbul olunan qərarlar həmişə faciəyə aparır. Bizim bir neçə faciəmizdə, elə Qarabağ müharibəsi ilə bağlı gedən proseslərdə də bunun rolu olub. Bu fikirləri səsləndirəndə Azərbaycanda plüralizm və ümumiyyətlə bu məsələyə yanaşmada fikir spektrindəki müxtəliflik o qədər bəsit, zəifdir ki, belə fikir səsləndirəndə həmin dəqiqə deyirlər ki, "sən Qarabağı satmağın tərəfdarısan. Sən əleyhimizəsən, hamımız bir yumurq kimi bir olmalıyıq" və s.

Söhbət bu kateqoriyalardan getmir, bu mənim bir az öncə dediyim təbliğatı bir kateqoriyadır. Söhbət daha incə məqamlardan gedir. Mənim dediklərimin Qarbağın verilsin, verilməsin dilemmasına heç bir aidiyyatı yoxdur. Mənim dediklərim düzgün qərar qəbul olunması, düzgün təsəvvürlərin olması və sonda dayanıqlı sülhün yaradılması üçün görüləcək işlərdən ibarətdir.

-  Məsələdən çıxış yolunu nədə görürsüüz?

- Biz bununla bağlı olan təklifləri dəfələrlə səsləndirmişik. Bunu tövsiyyələr şəklində, yazılı formada Azərbaycanın dövlət sturkturlarına, media təşkilatlarına da çatdırmışıq. Bir qismini hətta həyata keçirmişik. Tutaq ki, səfərlə bağlı dediklərimiz ki, var biz onları vaxtaşırı təşkil edirik, bununla əlaqədar müəyyən problemlər də yaşanıb. Amma mən yenə də hesab edirəm ki, onlar olduqca vacib istiqamətdir və biz özümüzü sadəcə olaraq məhdudlaşdırırıq, müəyyən ideoloji təşkilatların, hökmlərin sadəcə qurbanına çevrilirik.

Əgər biz güzümüzü açıb dünyaya bir az da geniş gözlə baxsaq, görərik ki, nəinki tüstüləyən mühairəbələr dövründə, hətta alışan müharibələr dövründə də bir dövlətin jurnalistləri düşmənçilik etdiyi başqa dövlətin ərazisində fəaliyyət göstərir. İndi də elədir. Amerika jurnalistləri Amerikanın müharibə apardığı ölkələrdə sağdan sola, soldan da sağa gəzirlər. Rusiya, Avropa jurnalistləri də elədir. Çünki real informasiyanın əldə olunması və s. çox mühüm vəzifədir və niyə Azərbaycan jurnalistləri belə etməməlidir? Niyə bir jurnalist Çeçenistana  gedəndə satqına çevrilmir, amma Azərbaycandan jurnalist Ermənistana gedən kimi o saat satqına çevrilir.

Fikrimcə, Azərbaycan jurnalistikası mediada bununla bağlı daha ciddi müzakirələrə yer ayrımalıdır. Ümumiyyətlə, cəmiyyətdə də bu dərəcədə ciddi məsəslələr, müzakirələr getmir, xüsusilə fikirlərin toqquşması, yeni ideaların ortaya çıxamsı ilə bağlı...

Qarabağ sanki var, sanki yoxdur.  Çoxlarının da, cəmiyyətin də, ictimaiyyətin də özündə belə fikir yaranıb. Nə qədər eyni fikri səsləndirmək olar ki, “lazım gələrsə”. Mən sizi inandıram ki, bəzi dairələrdə bunla bağlı lətifələr yaranıb: “lazım gəlsə, biz azad edərik”.

20 ildir bu təkrar olunur. Eyni ifadə, eyni yanaşma tərzi: “bizə əmr etsələr, biz azad edərik”. Bax, bu ifadənin sonradan stereotipə keçirilib, beyinləri qurd kimi yeməsi və öz təsir dairəsini itirib artıq əks-təsir qüvvəsinin almasının niyə biz jurnalıstlər fərqində olmuruq. Buna onlarla misallar çəkmək olar. Bu cür beyinləri stereotipləşdirməkdən və onunla bağlı faktiki olaraq psixoloji Qarabağı bizdən uzaqlaşdırmaqdansa, mən düşünürəm ki, yeni fikirlərin, yeni ideyaların ortaya qoyulması daha təsirli ola bilər.

Biz Qarabağla bağlı məsələlərin həllində, xüsusilə informasiya mübadiləsi prosesində bir sıra yeni texnologiyaların tətbiqini təklif edirdik. Bu gün fikirin, sözün çatması onun özündən daha çox, onun çatdırılması üçün istifadə olunan texnologiyadan asılıdır. Yəni bu cür təkliflər, hətta çox xırdalanmış qaydada təkliflər çoxdur. Lap xırdalarını deyim. Biz Qarabağla bağlı ifadələr, terminlərlə bağlı lüğət hazırlamışdıq ki, bu jurnalistlərin əlinin altında olsun və yazı yazanda görsün ki, faktaraşdırıcı missiyanın adi diplomatik missiyadan fərqi nədədir. Bu nə cür işləyir və s. Yaxud dondurulmuş münaqişə ilə adi münaqişənin fərqi nədədir. Praqa prinsiplərinin Madrid prinsiplərindən fərqi nədədir və s. Xırdalığına getsək bax, bu məsələlər bağlı bu cür təkliflər də var.

Aytən ƏLIYEVA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı