Modern.az

Bu gün onun ad günüdür, özü həyatda olmasa da...

Bu gün onun ad günüdür, özü həyatda olmasa da...

6 İyul 2011, 11:55

“Həmişə deyirdi ki, mən 39 yaşımda öləcəyəm. 40 yaşı tamam olanda o qədər sevinmişdim ki... Fikirləşirdim ki, daha bu təhlükəni keçdik. Ağlıma belə gəlməzdi ki, tale bizimlə belə acı zarafat edə bilər”...

Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün böyük işlər görmüş Qoşqar Qarayevin həyat yoldaşı Mahirə xanım təmkinini itirməmək, qəhərini boğmaq üçün dərindən nəfəs alır. Arabir bizdən azca aralıda uşaqlarla oynayan oğluna nəzər salmaqla sanki özünü toxtadır.

“Həyat yoldaşım olduğuna görə demirəm, Qoşqar doğurdan gözəl insan idi. Cavanlıqdan nəşriyyat işiylə məşğul olmuşdu. Bu işin fanatı idi. Elə böyük bir qazancı da yox idi. Amma bu işdən zövq alırdı. Azərbaycanda ilk özəl nəşriyyatı Qoşqar yaradıb. Əziyyətlə, çətinliklə...

Əvvəlcə “İsmayıl”, sonra  "QAPP-POLIQRAF", daha sonra “Beşik” nəşriyyatını yaratdı. Milyonlarla kitablar çap olunub bu nəşriyyatlarda. Heç kimə sirr deyil ki, naşirlik, kitab çapı Azərbaycanda gəlir gətirən sahə deyil. Hərdən deyirdim ki, niyə özünə bu qədər əziyyət verirsən? Deyirdi ki, eybi yox, adımız qalacaq”.

“Molla Nəsrəddin”ə yeni nəfəs verdi. Üzülmüş, cırılmış vərəqlərdən bir kitab ortaya qoydu.

Yeddi cilddə buraxdı onu. Onun yaratdığı nəşriyyatlarda milyonlarla kitablar nəşr olundu. Dövlət sifarişi ilə Cəfər Cabbarlının, Məmməd Cəfərin, İlyas Əfəndiyevin, Sabit Rəhmanın, Aşıq Ələsgərin seçilmiş əsərlərini çap etmişdi. Öz təşəbbüsü ilə Səməd Vurğunun Qazaxdan tutmuş Naxçıvana qədər yayılan nəslinə, şəcərəsinə həsr olunmuş "Vəkil oğulları" kitabını çap etmişdi.

Yəni Qoşqar işinə yaradıcılıqla, sevgiylə yanaşırdı.

...Sonuncu yaratdığı nəşriyyatı “Beşik” adlandırmışdı. Bu da onun növbəti missiyası idi. Yeni nağılların yaranmadığı, köhnələrin unudulduğu bir vaxtda nə zamanlarsa uşaqlar üçün yazmış yazıçıları tapır, kimini hansısa bölgədən gətirtdirir, kiminin kitablarını arxivdən qaldırtdırır, hansısa gənc və ya müasir yazıçılara uşaqlar üçün yazmağı təklif edirdi.  

Cəmi iki il içərisində “Beşik”də yüz əlliyə yaxın kitab çap olundu. Azərbaycanın tarixi nağıllarını yenidən oxuculara təqdim etdi. Yəqin Azərbaycanda kitab satışıyla bağlı vəziyyəti bilənlər təxmin edərlər ki, bu kitablara qoyulan xərcin heç yarısı da xərc sahibinə çatmır, gəlir gətirmir.

Amma o bunları bilə-bilə çalışırdı. «Bizim nə etdiymizi hələ dərk etmirlər, amma nə zamansa mütləq edəcəklər» - deyirdi.  

Müsahibə verməyi xoşlamazdı. Gözə girməyi sevməzdi. Hərdən onun yerinə mən yorulurdum. Deyirdim, neynirsən belə ağır işi? Deyirdi, eybi yox, adımız qalacaq.

Atası-yazıçı İsmayıl Qarayevin əlyazmalarını toplayib kitab halına salmışdı. 20-yə yaxın kitabını nəşr etdi. Axırıncı kitabın adı “Getmə, oğul” oldu”.

Mahirə xanım susur. “Onun qəbrini ziyarət etməyə heç vaxt sürücü ilə getmirəm. Tək gedirəm. Deyirəm, qoy Qoşqar görməsin ki, mən kiminsə gözü qarşısında göz yaşı tökürəm. O belə şeyə razı olmazdı”.

...Hiss edirəm ki, növbəti sualım, müdaxiləm Mahirə xanımın göz yaşlarını saxlaya bilməməsinə səbəb olacaq. O tutulub, dolub. Bəlkə də ona həmdəm olmaq üçün danışdırmaq, ürəyini boşaltmasına şərait yaratmaq lazım idi. Amma mən bunu etmədim. Qoy Qoşqar müəllimin ruhu inciməsin...    

...Çiynimdə ağır bir yük varmış kimi ayrıldım Mahirə xanımdan. Qoşqar müəllim haqqında yazının gerisini onun haqqında yazılanlarla davam etdirəcəkdim

Bu da Qoşqar Qarayevin yeganə müsahibəsindən.  

“Bir layihəm var. Bəlkə də biznes nöqteyi-nəzərindən mən uduzuram. Amma nəşriyyatın yarısı satılmalı olsa belə, mən bu layihəni gerçəkləşdirəcəyəm.... Doğrusu, bu barədə hələlik danışmaq istəmirdim. Nə isə. Azərbaycanı bütöv şəkildə əks etdirən köhnə xəritə əsasında bölgələr üzrə nağıl və əfsanələri toplamaq istəyirəm. Bu, təxminən, "1001 gecə nağılı" tipində olacaq. Burada baba, Güvənc adlı nəvəsinə bölgələrə uyğun bildiyi əfsanələri, rəvayətləri danışacaq. Məsələn, Şuşadan söhbət gedirsə, burada olan yer adları, onların tarixi, yaranma mənşəyi, çay adları, yaxın-uzaq kəndlərilə bağlı, tarixi əsasları olan rəvayətlər toplanacaq. Təbii ki, uşaqların başa düşəcəyi dildə, üslubda. Əgər bu, mən istədiyim kimi gerçəkləşsə, biz bu işi yüksək səviyyədə başa çatdırsaq, Azərbaycan tarixi nağıllar əsasında uşaqlar üçün, demək olar ki, hazır olacaq.

...Gizli bir tender elan eləmişik. Müəyyən adamlar cəlb etmişik, yenə da axtarırıq. Çox güman ki, yaxın vaxtlarda reklam kampaniyasına da başlayacağıq, müəyyən mükafatlar təyin edəcəyik. Təbii ki, alimlərimizin, folklorşünaslarımızın köməyindən də istifadə olunacaq”.

Bu isə “Beşik” nəşriyyatının direktoru, istedadlı jurnalist Nərgiz Cabbarlının Qoşqar Qarayevlə bağlı xatirələri:
“Nə zamanlarsa uşaqlar üçün yazmış yazıçıları tapır, kimini hansısa bölgədən gətirtdirir, kiminin kitablarını arxivdən qaldırtdırır, hansısa gənc və ya müasir yazıçılara (təklifi edən və onlarla danışıqları aparan özüm olduğumdan şahidəm) uşaqlar üçün yazmağı (əlbəttə ki, qonararla) təklif edirdik. Hələ bundan sonra ən azı on il işləyə biləcək bir nəşriyyatın tematik planı ilə çalışırdıq. Deməli, hələ bundan sonra bir on il də çap edəcəyimiz kitabların nəinki adı, hətta mətni, müəllifi, rəssamı da bəlli idi.
İki il hələ tamam deyil. Amma nəşriyyatımızda yüz əlliyə yaxın kitab çap olunub.... İki il hələ tamam deyil, amma çap olunası yüzə yaxın kitab sırasını gözləyir... Və kim də olmasa, direktor kimi mən bilirəm ki, iki il tamam deyil, amma bu kitablara qoyulan xərcin heç yarısı da xərc sahibinə çatmayıb, gəlir gətirməyib... Çünki bizdə kitab alan azdır, kitaba dəyər verən də onun kimi...
Və iki il tamam deyil, amma Arzuların «Stop» düyməsi artıq basılıb... Çünki artıq O yoxdur. Gerçək nağıllar dünyamızın gerçək itkisi bax, beləcə baş verib...”

Tanınmış jurnalist Müsəllim Həsənovun Qoşqar Qarayevə həsr olunmuş yazısı da ürək ağrıdır: 

“Nə qədər qəribə olsa da, Qoşqarın, tanınmış naşir – “Çinar-Çap” nəşriyyatının baş direktoru Qoşqar İsmayıl oğlu Qarayevin ölüm xəbərini çox gec eşitdim. Sonradan dedilər ki, Novruz günlərində dünyasını dəyişib və həmin günlər də qəzetlər çıxmadığından bu hüznlü xəbər geniş yayılmayıb. Görünür, bu da bir tale yazısı imiş. “Naşiri Qoşqar İsmayıloğlu” yazılan kitablar minlərlə evə yol tapdığı halda “Qoşqar İsmayıloğlu vəfat edib” cümləsini xəbər verən bir qəzet tapılmayıb...

Mənə elə gəlir ki, Qoşqarın ölüm xəbəri qapı-qapı gəzməli, çox qapıları döyməli idi. Ən azı, ziyalı qapılarını, ən azı, kitab oxunan, kitab saxlanan mənzillərin qapısını... Xüsusən o evlərin qapısını döyməli idi ki, orada “naşiri Qoşqar İsmayıloğlu” yazılmış bircə kitab var. Belə evlər isə indi Azərbaycanda çoxdur, lap çoxdur...”.

...Beləcə, Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün böyük işlər görmüş Qoşqar Qarayev haqqında yazılanları vərəqləyirəm. Bu gün onun 41 yaşı tamam olacaqdı. Açığını deyim elə vaxtlar olub ki, belə cünmlələri şablon kimi oxuyub, üstündən keçmişəm. Amma indi, yəqin Mahirə xanımla – kəndli sadəliyini saxlamış Göyçəli qızı ilə tanışlığımdan ona qarşı duyduğum daxili yaxınlıq hissinin təsirindəndir... bu cümlələrin altında yatan dərdin dağ kimi ağırlığını hiss edirəm. Müsəllim Həsənovun istedadlı qələmindən göz yaşı kimi sıçramış cümləsindəki acı təskinlik də dərdi ovutmağa yetmir: “Hələ yetkinlik yaşına çatmamış övladlarının xatirəsində isə Qoşqar elə bu yaşda, bu görkəmdə – gülərüz qalacaq”.

Qızılgül Abdinova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir