Modern.az

Azərbaycan səfiri: "Əfqanıstanda təyyarəmizi "Taliban" vurub"

Azərbaycan səfiri: "Əfqanıstanda təyyarəmizi "Taliban" vurub"

7 İyul 2011, 12:17

"Taliban"ın məlumatına görə, Azərbaycan təyyarəsi hərəkatın üzvləri tərəfindən vurulub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov deyib.

"İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı olub, onlardan 4-ü azərbaycanlı idi, - Şikarov bildirib, - digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar".

"Bütün ekipaj üzvləri həlak olub", - səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.

Diplomatın sözlərinə görə, təyyarədə texniki qüsurla bağlı versiya həqiqətəuyğun deyil. "Texniki baxımdan təyyarə bütün zəruri tələblərə cavab verib və təyyarəni təcrübəli ekipaj idarə edib", - o qeyd edib.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xüsusi komissiyanın nümayəndələri Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarəsinin qəzaya uğrama səbəblərini araşdırmaq üçün Əfqanıstandadırlar və hadisənin baş verdiyi yerə getməyə hazırlaşırlar. Bu barədə cümə axşamı Trend-ə hadisənin araşdırılması üzrə komissiyanın üzvü, "Silk Way" aviaşirkəti direktorunun müşaviri Adil Qasımov deyib.

Onun sözlərinə görə, komissiyanın işinə Əfqanıstanda Beynəlxalq Koalisiya Qüvvələri (ISAF) və Əfqanıstanın Dövlət Administrasiyası dəstək verir.

Komissiyanın tərkibinə Azərbaycan Mülki Aviasiya Administrasiyasının nümayəndələri və "Silk Way"in mütəxəssisləri daxildir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?