Modern.az

14 ölkə, 21 səfər

14 ölkə, 21 səfər

9 Yanvar 2018, 09:03

Prezident İlham Əliyevin ötən il intensivləşən xarici səfərləri Azərbaycan diplomatiyasının uğurlu səhifələri oldu

 

2017-ci il Azərbaycan üçün mühüm nailiyyətlərlə yadda qaldı. Ötən il ölkəmizin xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından da kifayət qədər uğurlu dövr oldu. Bu zaman kəsiyində Azərbaycan beynəlxalq əlaqələrini daha da genişləndirdi, həmçinin regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı.
Prezident İlham Əliyevin 2017-ci il ərzində etdiyi xarici səfərlər Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətimizin və xalqımızın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verdi.

 

Dünya İqtisadi Forumunda Azərbaycana maraq böyükdür

 

Azərbaycan Prezidentinin ötən il ilk xarici səfəri Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına olub. Yanvarın 16-dan başlayan işgüzar səfəri zamanı dövlət başçısı bir neçə tanınmış şirkətin rəhbərlərini, o cümlədən dövlət başçılarını qəbul edib. Belə ki, yanvarın 17-də Davosda Azərbaycan Prezidenti İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Löythardla görüşüb. İsveçrə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbriklərini çatdıraraq iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini bildirib. Azərbaycanla İsveçrə arasında əməkdaşlığın yeni sahələri əhatə etdiyini deyən xanım Doris Löythard maliyyə sektorunda artıq uğurlu əlaqələrin qurulduğunu vurğulayıb, ölkələrimizin enerji sahəsində də səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Xanım Doris Löythardın Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkəmizlə İsveçrə arasında uğurlu tərəfdaşlıq əlaqələrinin olduğunu bildirib. Dövlət başçısı Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlardan, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin təsirlərinin aradan qaldırılması və iqtisadiyyatın inkişaf etdirilməsi, həmçinin iqtisadiyyatın və ixracatın şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışıb. Prezident İlham Əliyev ölkəmizin böyük tranzit imkanlarının olduğunu, Azərbaycanın bu istiqamətdə mühüm mərkəzə çevrildiyini bildirdi.
Görüşdə ölkələrimiz arasında dəmir yolu sahəsində yaxşı əməkdaşlığın yaradıldığı vurğulanıb, TAP və TANAP layihələri, investisiya, maliyyə-kredit, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Yanvarın 18-də isə Prezident İlham Əliyev Davosda Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib, Ukrayna Prezidentinin Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olunub. Ölkələrimizin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi, daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb, investisiya, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Davosa səfəri çərçivəsində Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya İqtisadi Forumu kimi mötəbər təşkilatların rəhbərləri ilə də görüşüb.

 

Qərb dövlətləri və təsisatları ilə uğurlu əməkdaşlıq

 

Fevral ayında Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfər edib. Əvvəlcə fevralın 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Belçika Kralı Filipin görüşü olub. Görüşdə Azərbaycan ilə Belçika Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Bu səfərin həm Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin genişlənməsi, həm də ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirilib. 
Həmin gün Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə də görüşüb. Görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluq və əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Prezident İlham Əliyev 53-cü Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-da Almaniyaya işgüzar səfər edib. Bu səfər zamanı dövlət başçısı konfransda iştirakla yanaşı, ayrı-ayrı ölkələrin rəhbərləri ilə də görüşüb. Belə ki, fevralın 17-də Münxendə Azərbaycan Prezidentinin Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb. Görüşlərdə əlaqələrin uğurla inkişaf edərək müxtəlif sahələri əhatə etdiyi, ikitərəfli münasibətlərin daha da genişlənməsi üçün imkanların olduğu bildirilib.
Prezident İlham Əliyev fevralın 18-də Münxendə BMT-nin Baş katibi Antonio Quterreş ilə də görüşüb. Söhbət zamanı Prezident İlham Əliyev Antonio Quterreşi BMT-nin Baş katibi seçilməsi münasibətilə bir daha təbrik edib, onun Bakıya səfərini məmnunluqla xatırlayıb.

 

Müsəlman dünyası ilə əlaqələr prioritetlərdən biridir

 

Fevralın 26-da Prezident İlham Əliyev Qətər Dövlətinə rəsmi səfər edib. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan Prezidentinin səfərinin əlaqələrimizin daha da genişləndirilməsi və əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından əhəmiyyəti qeyd edilib. 
Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Qətər Limanları İdarəetmə Şirkəti “MWANİ Qatar” arasında, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası və Qətər Dövləti Mülki Aviasiya Administrasiyası arasında, “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair” anlaşma memorandumları, “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair” Sazişə əlavə Protokol imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Pakistan İslam Respublikasına səfər edib. Həmin gün Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynlə görüşüb. Görüşdə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin 2015-ci ildə Azərbaycana səfəri məmnunluqla xatırlanıb. Pakistan Prezidenti Azərbaycana bu səfərindən xoş təəssüratlarla ayrıldığını bildirib. Söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı iki ölkənin bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulanıb.
Martın 1-də Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilib. Sammitdə iştirak edən Prezident İlham Əliyev İslamabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb. 
Martın 5-də Prezident İlham Əliyev İrana rəsmi səfər edib. İran Prezidenti Həsən Ruhani ilə görüşdə Prezident İlham Əliyevin İrana rəsmi səfərinin əlaqələrimizin inkişafında böyük rolu olduğu qeyd edilib. Əməkdaşlığın inkişafında yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Səfər zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmir yolu əlaqəsinin birləşdirilməsinə dair anlaşma memorandumları imzalanıb.

 

Aİ üzvü olan ölkələrlə münasibətlər strateji səviyyəyə yüksəlir

 

Mart ayında Prezident İlham Əliyev Fransaya rəsmi səfər edib. Səfər zamanı Prezident İlham Əliyev martın 14-də Fransa Milli Assambleyasının sədri Klod Bartolon və Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb. Həmin gün Prezident İlham Əliyev Prezident Fransua Ollandla da görüşüb. 
Səfər zamanı “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fransa Respublikasının Ətraf Mühit, Enerji, Dəniz və İqlim üzrə Beynəlxalq Əlaqələr Nazirliyi arasında Anlaşma Memorandumu”, “Fransanın İnkişaf Agentliyi ilə Azərbaycan Respublikası arasında Kredit Müqaviləsi”, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat, Sənaye və Rəqəmsal Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fransa Respublikasının Mənzil və Davamlı Yaşayış Nazirliyi arasında Niyyət Protokolu” imzalanıb. 
Mayın 20-də Prezident İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığına səfər edib. 
İyunun 26-da Prezident İlham Əliyev Polşa Respublikasına rəsmi səfər edib. İyunun 27-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Prezident Andjey Duda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə” daxil olmaqla iki ölkə arasında 6 sənəd imzalayıblar.

 

ABŞ Azərbaycanın təşəbbüslərini dəstəkləyir

 

Prezident İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün iyulun 9-da Türkiyə Respublikasına səfər edib. Həmin gün Prezident İlham Əliyev İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.
İyulun 10-da isə Prezident İlham Əliyev İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşüb. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, “Cənub qaz dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlər müzakirə edilib. Reks Tillerson qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.
Prezident İlham Əliyev XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ Prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş edib. Dövlət başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə “Cənub qaz dəhlizi” layihəsinə dəstəyi kimi dəyərləndirdi.
ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, eyni zamanda, ölkəmizin bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirib.
Prezident İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfər edib. İyulun 17-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Raymonds Veyonisin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb. “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında anlaşma memorandumu, tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq və təhsil sahəsində əməkdaşlıq haqqında sazişlər iki ölkə arasındakı əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirib.

 

Rusiya və İranla dostluq münasibətləri möhkəmlənir

 

İyulun 21-də Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfər edib. Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşdə iki ölkə arasında əlaqələrdən söhbət açılıb, müxtəlif sahələrdə əməkdaşlığın səviyyəsindən razılıq ifadə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Elm və texnologiya üzrə birinci Sammitində iştirak etmək üçün sentyabrın 9-da Qazaxıstana işgüzar səfər edib. Səfər zamanı Astanada Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdə Prezident İlham Əliyev Həsən Ruhanini yenidən İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Söhbət zamanı əlaqələrin inkişafından, o cümlədən nəqliyyat sahəsində əməkdaşlıqdan söz açılıb, Azərbaycan-İran dostluğunun bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Sentyabr ayında Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edib. Sentyabrın 19-da Nyu Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar təşkil olunan qəbulda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Nyu Yorkda BMT-nin Baş katibi Antonio Quterreş ilə də görüşüb.
Oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub. İclasda iştirak etmək üçün Prezident İlham Əliyev bu ölkəyə səfər edib.
Oktyabrın 16-da isə Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil edilmiş görüş keçirilib.
Oktyabrın 20-də İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində zirvə görüşündə iştirak edib.
Noyabrın 1-də Tehranda Azərbaycan Prezidenti İlham Əliyevin, İran Prezidenti Həsən Ruhaninin və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib. Bundan başqa, Prezident İlham Əliyevlə Rusiya və İran prezidentləri arasında ayrı-ayrılıqda görüş keçirilib.
Noyabr ayında Prezident İlham Əliyev Belçika Krallığına işgüzar səfər edib. Noyabrın 23-də Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Həmçinin NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.
Noyabrın 24-də isə Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib. 
Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə zirvə toplantısında iştirak edib.

 

Azərbaycanın xarici siyasəti çoxşaxəli olub

 

Dekabrın 26-da Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
2017-ci il ərzində Prezident İlham Əliyev 14 ölkəyə (İsveçrə, Belçika Krallığı, Almaniya, Qətər, Pakistan, İran, Fransa, Səudiyyə Ərəbistanı, Polşa, Türkiyə, Latviya, Rusiya, Qazaxıstan, ABŞ) 21 dəfə səfər edib. Bu səfərlər zamanı Prezident İlham Əliyev 15 ölkənin, o cümlədən BMT, Avropa İttifaqı, NATO, Avropa Komissiyası kimi nüfuzlu təşkilatların rəhbərləri ilə görüşüb. Bütün bunlar Azərbaycanın xarici siyasətinin kifayət qədər geniş, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.


“Azərbaycan”

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?