Modern.az

“Ümid edirəm səfirliyimizlə münasibətlərdə olan problemlər tezliklə aradan qalxacaq” - diaspor rəhbəri

“Ümid edirəm səfirliyimizlə münasibətlərdə olan problemlər tezliklə aradan qalxacaq” - diaspor rəhbəri

9 İyul 2011, 09:00

Müsahibimiz Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi idarə heyətinin sədri, Özbəkistandakı Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədovdur. 

- Mobil müəllim, dünya azərbaycanlılarının qurultayından hansı təəssüratlarınız var?

- Çox böyük təəssüratlarım var. Bu qurultay dünyada yaşayan azərbaycanlıların birliyini göstərən mühüm bir tədbir oldu. Mən də bu qurultayda iştirak etməklə böyük qurur hissi keçirirəm. Birinci ona görə ki,  doğulduğum ölkənin, Azərbaycanın müxtəlif ölkələrdə yaşayan öz soydaşlarının taleyi ilə maraqlanması, onların vəziyyətlərinin daima diqqətdə saxlaması məni xüsusi ilə sevindirir. İkincisi də bu qurultay dünyada yaşayan 50 milyondan artıq azərbaycanlılara özünü vahid bir xalq kimi hiss etməyə bir daha imkan verdi.  Vətəndən kənarda yaşayan azərbaycanlılar üçün bu xüsusi ilə vacib bir məsələdir.  O cümlədən Özbəkistanda yaşayan azərbaycanlılar bu qurultayın nəticələrindən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bir növ tapşırıq aldı. Özbəkistanda fəaliyyət göstərən diaspora təşkilatı bundan sonra da fəaliyyətində qurultayda irəli sürülmüş tezisləri işində əsas tutacaq. Bu ali tədbirdə dünyada yaşayan soydaşlarımıza önəmli mesajlar verildi. Prezident İlham Əliyevin əhatəli çıxışı deyərdm ki, həm də diaspor üçün bir proqram çıxışı idi.
Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının bir yerə toplanmaları işgüzar fikir mübadiləsinin aparılması üçün əla fürsətdir. Hesab edirəm ki, bu qurultay xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının mövcud problemlərinin həllinə yardımçı olacaq. Bu baxımdan diaspor təşkilatları təmsilçilərinin və dünyada nüfuz sahibi olan azərbaycanlıların Bakıda bir araya gəlməsi Azərbaycan üçün çox mühüm hadisədir. Bizim, vətənimiz olan Azərbaycanın paytaxtında yenidən görüşməyimiz bu mötəbər tədbirə daha bir gözəllik əlavə edir.

- Yeri gəlmişkən, Prezident diaspor ilə səfirliklər arasında əlaqələrin yaxşılaşmasını vacib saydı. Bu tezisi vacib edən hansı məqamlar var?

- Bu məncə vacib bir çağırış idi. Çünki hər bir ölkənin diasporu o  ölkədə yaşayan soydaşları vətənlə mənəvi bağlılığını həyata keçirən bir təşkilatdır. Odur ki, diplomatik qurumla diaspora arasında isti və yaxşı münasibətlər o ölkədə yaşayan soydaşlarımızın problemlərini həll etməkdə, onlara xeyli kömək edir.  Burada hər şeydən əvvəl Azərbaycan həqiqətlərinin  cəmiyyətə  çatdırılmasında səfirlik və diasporun birgə əməkdaşlığı böyük rol oynayır.  Azərbaycan səfirliyi bizim üçün vətənimizin kiçik bir parçasıdır. Azərbaycan Respublikası səfirliyi ilə sıx və işgüzar əlaqələrimiz var, dövlət bayramlarını, başqa  əlamətdar günləri birlikdə qeyd edirik. Bundan başqa, hər iki tərəfdən olan təşəbbüslər müzakirə olunur və həyata keçirilir.

-Prezident öz çıxışında səfiriliklərə diaspor arasında vaxtaşırı ortaya çıxan xoşagəlməz hallara da toxundu. Bəs Özbəkistandakı diaspor təşkilatı ilə səfirliyin münasibəti necədir?

- Təbii ki, birgə fəaliyyət göstərəndə daha güclü oluruq. Təşkilatımızın qayəsi birgə fəaliyyət göstərməkdən ibarətdir. Ortaya çıxan problemlərin həllinə bu yolla nail ola bilərik. Biz təşkilat olaraq səfirilklə əlaqələrimizin yaxşılaşdırılması üçün bütün lazım olan addımları atırıq. Buna baxmayaraq etiraf edim ki, səfirliklə müəyyən problemlər var. Amma hesab edirəm ki, Prezident İlham Əliyevin  qurultaydakı çıxışından sonra bu məsələ həll olunacaq. Çünki hesab edirəm ki, Prezident özünün çıxışında hər bir azərbaycanlı üzərində məsuliyyət qoydu.

- Özbəkistandakı səfirimiz əvvələr milli təhlukəsizlik naziri olub. O milli düşüncəli Azərbaycan ziyalısı kimi tanınıb. İnanmaq olmur ki, belə fikirli səfirin diasporla əlaqələrində problemlər olsun..

- Biz də cənab səfirin milli, Azərbaycana bağlılığı barədə deyilənlərə həmfikirik. Görünür cənab səfirə bəzi məlumatlar düzgün çatdırılımır.  Ola bilsin ayrı-ayrı şəxslərin səfirə verdiyi yanlış məlumatların nəticəsində ortaya belə xoşagəlməz mənəzərə çıxıb. İnanıram ki, Prezidentin çıxışından sonra vəziyyət yaxşılaşacaq. Biz Azərbaycanın səfirini öz ağsaqqalımız kimi qəbul edirik. Bütün deyilənlərə rəğmən diaspor təşkilatı olaraq onun yanındayıq. Görünür bir müddətdən sonra bəzilərinin yalanları üzə çıxacaq.

- Qurultayda Prezident həmçinin Azərbaycan Mədəniyyət Mərkəzlərinin və Ticarət Evlərinin yaradılacağını açıqladı.. Özbəkistanda olan diasporun ofis problemi necə həll olunub? Bizim məlumata görə, Daşkənddə soydaşlarımızın maliyyə köməyi ilə tikilmiş Azərbaycan Mədəniyyət Mərkəzinin binasında fəaliyyət göstərmisiniz. Yenə oradasınız?

- Bu çox mühüm məsələdir. Məlum olduğu kimi səfirlik daha çox diplomatik münasibətlərə cavabdehdir. Mədəniyyətlərarası münasibətlər ölkələrin bir-birinə yaxımlaşmasında mühüm rol oynayır. Qeyd edim ki, Azərbaycanın Özbəkistandakı keçmiş səfirinin rəhbərliyi altında orada yaşayan soydaşlarımızın köməyi ilə belə Mədəniyyət Mərkəzi tikilmişdi.  Bu Mədəniyyət Mərkəzinin açılışında Prezident də iştirak edib. Sonradan o binada müəyyən yenidənqurma işlərinə ehtiyac yarandı. Biz Azərbaycan dövlətinə müraciət etdik. Dövlətimizin köməyi ilə orada müasir standartlara uyğun, nəfis şəkildə təmir işləri aparıldı.  Amma bundan sonra bizim təşkilat müəmmalı şəkildə Mədəniyyət Mərkəzindən uzaqlaşdırıldı. Hazırda icarəyə götürdüyümüz ofisdə fəaliyyətimizi davam etdiririk.  Ümid edirik ki, Prezidentin çıxışından sonra biz yenidən Azərbaycan Mədəniyyət Mərkəzinin binasında fəaliyyətimizi davam etdirə biləcəyik. Azərbaycan isə qədim mədəniyyətə malik olan bir ölkə olaraq danyada öz sözünü deyən ölkələrdəndir. Təbliğ ediləsi xeyli sərvətimiz var. İstər musiqi, incəsənət sahəsində... Odur ki, vətənin mədəniyyət töhfələrinin təbliğində Mədəniyyət mərkəzlərinin işi böyük ola bilər. Biz diaspor təşkilatı olaraq Mədəniyyət Mərkəzinin işində iştirak etməyə həmişə hazırıq.

- Prezident qurultayda iştirak edən soydaşlarımız qarşısında ölkə qarşısında duran ən ağrılı problemin Dağlıq Qarabağ münaqişəsi olduğunu bir daha vurğuladı... Bu problemin Özbəkistan cəmiyyətinə çatdırmaq üçün hansı işlər aparılır?

- İlk əvvəl qeyd edim ki, Azərbaycan və Özbəkistan arasında hələ sovet dövründə çox gözəl dostluq və qardaşlıq münasibətləri olub.  Odur ki, özbəklər azərbaycanlıları yaxşı tanıyırlar. Onlar bizim problemlərdən xəbərdardırlar.  Diaspor təşkilatı olaraq biz keçirdiyimiz bütün görüşlərdə Azərbaycanın ədalətli mübarizəsini, işğal olunmuş torğaqlarımızla bağlı məsələni daim qaldırırq.  Özbək cəmiyyəti Dağlıq Qarabağ münaqişəsilə bağlı məlumatlıdır və Azərbaycanın haqq mövqeyini dəstəkləyirlər.

- Diasporun möhkəmliyində və işguzarlığında Özbəkistandakı soydaşlarımızın fəallığı da mühüm əhəmiyyət daşıyır.. Bu istiqamətdə işləri necə qurmaq fikrindəsiniz?

- Azərbaycan diasporunun müasir Özbəkistandaki vəziyyəti iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən qaynaqlanır. Təsadüfi deyil ki, Orta Asiyada ilk səfirlik Özbəkistanda ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə 19 iyun 1997-çi il tarixində açılıb. Bu, diasporumuzun inkişafına böyük təkan olub. Özbəkistanda yaşayan azərbayçanlı gənclər olduqca fəaldırlar. Onlar  respublikanın 50-dən cox ali təsil müəssisəsində biliklərə yiyələnirlər. Gənclərin öz dilimizə, mədəniyyətimizə, tariximəzə olan marağı  sürətlə  artır. Keçirilən tədbirlərin təşkilində bizə yardım edirlər. Diasporun  gənc üzvləri dövlət və içtimai təşkilatlarda öz yerlərini tapırlar və ixtisasları üzrə çalışırlar. Bu isə onu göstərir ki, diasporumuzun gələcəyi etibarlı əllərdədir. Özbəkistanda yaşayan diaspor üzvləri öz fəaliyyəti ilə ayrı-ayrı sahələrdə müəyyən nailiyyətlər qazanırlar, özəl, birgə və başqa  təşkilatlar yaradırlar. Yaratdığı təşkilatlara Azərbaycan  adları verirlər. Bütün bunları həyata keçirmək bizim azərbaycanlı olmaq kimi böyük məsuliyyət hissimizin olduğunu deməyə əsas verir. Eyni zamanda azərbaycanlı adını layıqıncə doğrultmaq həm Özbəkistan,  həm də müstəqil Azərdaycan qarşısında ən ümdə bir vəzifədir. Dünya azərbaycanlılarının I və II qurultayı bizə ümumi  məqsədlər ətrafinda birləşmək, təşkilatlanmaq, yaşadığımız dövlətdə qurumlar, cəmiyyətlər şəklində biri-birimizlə sıx təmas qurmaq, siyasi və mədəni həyatda fəal iştirak etmək kimi vəzifələr verib. Özbəkistandakı diaspor daha da güclənib. Təşkilatlanma səviyyəsi yüksəkdir, Azərbaycan dilinin, milli dəyərlərin qorunması, təhsil və tərbiyənin lazımı səviyyədə olması üçün güclü bir Mədəniyyət Mərkəzi var. Məncə bunlar Qurultay üçün gözəl töhfədir.

Xaqani Səfəroğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər