Modern.az

Cəbrayıl gülməcələri (X)

Cəbrayıl gülməcələri (X)

9 İyul 2011, 22:41

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif öncə Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını davam etdirir.


Qarın ağrısı əhvalatı

Bu əhvalatı mənə bir cəbrayıllı müəllim danışıb. Danışmağına danışdı, amma rica elədi ki, nəbadə adını çəkəm, çünki müştərilərindən bu söhbəti eşidən-bilən olar, bir də ömür-billah maşınına oturmazlar.

Əhvalatı onun dilindən danışıram.

...Qaçqınlıq düşdü, ailəmi görürüb gəlib Sahil qəsəbəsində uzaq qohumlarımdan birinin yanında məskunlaşdım. Təqaüd yaşıma hələ xeyli var idi deyə, iş axtarmağa başladım. Cəbrayılda müəllim işləyirdim, adım-sanım vardı, ona görə də bəzi işlərə girişməyi adıma sığışdırmadım. Ən çox tələbələrimdən utanırdım... Allah canını sağ eləsin, özü kasıb olsa da, qohumum bizə elə canıyananlıq eləyirdi ki, ömür olalı borcundan çıxa bilməyəcəm...

Nəysə, çox ora-bura vurnuxdum, gördüm yox e, günləri uc-uca düyə bilmirəm, evdə arvadla məslətləşdik, atasına rəhmət, gətirib bir-iki xırda-para qızılı vardı, qoydu ortaya, dedi sat, bir maşın al, başla “taksovatlıq” eləməyə. Ağlıma batdı. Döy-toqqac eləyib köhnə bir “Jiquli” aldim, başladım Sahil-Bakı işləməyə.

Bir dəfə taksi işlədən tanışlarım məsləhət elədi ki, rayonlara işlə, orda pul burdakından həm çoxdu, həm də yol sürmək şəhərə nisbətən rahatdı. Uzun sözün qısası, başladım Bakı-Bərdə yolu işləməyə. (Bərdəni ona görə seçdim ki, orda həmkəndlilərimdən bir neçəsi məskunlaşmışdi, gecəyə düşsəm, onlara pənah apararam). Beləcə, oldum peşəkar taksi sürücüsü!

... Yay vaxti idi. Tezdən Bakıdan dörd nəfər götürüb Bərdəyə apardım. Müştərilər cavan uşaqlar idi. Yolboyu maqnitofonda özləri ilə gətirdikləri kasetdəki “upsa-upsa” mahnılara qulaq asdıb baş-qulağımı dəng elədikləri kəkillərinə qurban, amma pəncərələrin hamısını açmışdılar deyə, Bərdəyə yaxınlaşanda hiss elədim ki, kürəklərim qovuşur, qarnımı da sancı tutub. Düşündüm ki, Bərdəyə çatım, day Bakıya qayıtmayım, gedim həmkəndlilərimdən birinin evində qalıb rahatlanım, səhəri bir də yola çıxaram. Müştəriləri aparıb Bərdə univermağının yanında düşürtdüm. Elə təzəcə maşını döndərib uzaqlaşmaq istəyirdim, orta yaşlı bir kişi əl elədi. Kişinin yanında iki kiçik uşaq, bir də həyat yoldaşı vardı.

- Eloğlu, təcili Bakıya getməliyik, axşam saat 6-da toya çatmalıyıq, neçəyə apararsan? – kişi başını pəncərəyə yaxınlaşdırıb suruşdu.

- Vallah nə deyim... – mən bunu elə-belə, vaxt qazanmaq uçün dedim, çünki Bakıya qayıdası halım yox idi, amma başqa tərəfdən də tamah zəhrimar mənə güc gəlirdi, axı göydəndüşmə müştərilər idi! Ayrı vaxt belə müştərini saatlarla gözləməli olurdum – həm ikisi uşaq idi, maşına yük düşməzdi, həm də tələsirdilər, o baxımdan da nə qədər desəm verəcəkdilər, - bu yolu 60 manata gedirik, müəllim, gücünüz çatar?

- Oldu, razılaşdıq! – o, arxa qapını açıb uşaqları, sonra da yoldaşını oturdub qapını bağladı. Özü də gəlib qabaqda oturdu. “Ya Əli!” deyib kəməri bağladı.

- Eloğlu, çalış bir az becid sür maşını, qorxuram çatmayaq.

- Çatarıq inşallah! – deyib yolda düşdük.

Dərd məni götürmüşdü. Günorta yeməyini yeyə bilməmişdim. Düzdü, yeməyə heç iştahim da yox idi, qabırğalarımı soyuq elə almışdı ki, ağzımda elə bil siçan ölmüşdü. Dilimə bir şey dəysəydi, yəqin içim tamam qarışardı. Bir yandan qarnımın sancısı! Bu vəziyyətdə Bakıya necə çatacağımı fikirləşəndə məni soyuq tər basırdi.. Yevlağı keçəndə hiss elədim ki, futbol şərhçiləri demişkən, durum çox qəlizdi -qarnım sancıdan doğranır. Bir əlimlə sukanı tutmuşdum, o biri əlimlə qarnımı ovuşdururdum, amma xeyri olmurdu ki olmurdu. Qarnıma çoxlu qaz yığılmışdı. Allaha yalvarırdım ki, maşındakılardan biri ya mağazadan bir şey almaq, ya da ayaqyoluna çıxmaq üçün maşını saxlatdırsanlar, mən də heç olmasa qarnımdakı qazdan azad olum. Amma yox! Heç kim dinmirdi. Arabir kişi saatına baxır, “eloğlu, bir az tez sür!” deyib məni tələsdirirdi. Tərslikdən, yol cal-çuxurla dolu idi (bu hadisə İpək Yolu çəkilməzdən qabaq olub). Maşın hər dəfə çalaya düşəndə özümü var gücümlə sıxırdım, amma faydası olmurdu...uzr istəyirəm,  “zaart”... qarnımdakı qaz özünə zorla yol tapıb çıxırdı.

“Bu nə iş idi mən düşdüm, ay dədə! Qələt eləyərəm əbəjdadımla bir də naxoş halda maşına oturaram!” deyib özümə söyürdüm... Hər dəfə çalaya düşüb cıxandan sonra öğrun-oğrun güzgüdən maşındakılara baxırdım ki, görüm hiss elədilər, ya yox.

- Ata, mən işəmək istəyirəm, - uşaqlardan biri dedi.

Tez maşının əyləcini basdım. Gözlərimə işıq gəldi! “Ay sənin işəməyinə qurban olum, quzubala!!!” – bunu mən ürəyimdə dedim.

- Qabaqda tualet var, orda saxlayarıq, duşub işini görərsən! – atası uşağa acıqlandı.

- Yox! Mən indi istəyirəm! – uşaq elə bil mənim ürəyimi oxuyurdu.

- Rauf, - iki dəqiqə ilə dünya dağılmaz, - xanim da uşağın sözünü dedi, - düşək, qoy işini görsün, tualetə çatana kimi üst-başını batırar, başımıza iş açar.

- Yaxşı, - kişi qapını açıb düşdü, amma tez olun, gecikirik!

Sukanı buraxıb hər iki əlimlə gücüm yetdikcə qarnımı sıxıb gözlərimi yumdum. Arxa qapılar acılıb tappılti ilə çırpıldı. Başımı sükana söykəyib bir neçə saniyə gözlədim. Gözlədim ki, hamı maşından aralaşsın. Aralaşdıqlarına əmin olan kimi yanımı azacıq qaldırdım. Kursk döyüşündə tankların partıltısı mənim yanımda yalan idi!!! Qarnımdakı qazdan canım tam qurtuldu. Gözüyumulu vəziyyətdə pəncərəni aşağı saldım ki, hava təmizlənsin. Bədənimə rahat bir istilik gəldi. Elə beləcə - başımı sükana söykəyib nə yatardım! Amma, əfsus ki, yol sürməli idim.
Maşının qapıları açılanda başımı qaldırdım. Kişi ilə uşaqlar maşına oturdu, xanim isə yox idi.

-Yolçu yolda gərək, sür gedək, - kişi dedi.

-Qoy baci da gəlsin də - mən mühərriki işə salıb gözlədim.

- BACI MAŞINDAN DÜŞMƏMİŞDİ HA! – o, əli ilə arxa oturacaqdakı xanımı göstərdi. 
   
İnanmazsız, yer yarılsaydı özümü maşınlı-zadlı atardım ora, üstümü də elə özüm torpaqlayardım!

Bakıya qədər bədənimdən bıldır-bıldır tər axdı. Utandığımdan yolboyu bircə dəfə də güzgüyə baxmadım. Gözüm xanımın baxışları ilə toqquşmaqdanıydısa, arxadan gələn və ötmək üçün yol vermədiyim maşın sahiblərinin yeddiqat söyüşlərini qəbul eləmək xoş idi... 


***

Yorğan-döşək davası

Horovlu kəndindən Məşədi Bəbir oğlu Həsən kişinin evi həmişə qonaq-qaralı olub. Hər dəfə qonaq gələndə Həsən kişinin arvadı Mahmud qızı Tutu yorğan-döşəyi o evdən bu evə, bu evdən o evə daşıyıb onlara yer salırmış (kasıbçılığın üzü qara olsun, pul olaydı, alıb hər evə bir yorğan-döşək yükü vuraydın!). Əlqərəz, bu iş Tutu arvadı tamam bezdirir.

- A kişi, mənə yazığın gəlsin! Yorğan-döşək daşımaqdan canım çıxdı axı! İnsafın olsun, bir az yun al, qonaq-qara üçün yatacaq düzəldim.

Həsən kişi hər dəfə arvadına “Oldu, alaram” deyib söz versə də, sözü elə orda da unudurmuş.

Tutu arvad bir həftə gözləyir, iki həftə gözləyir, görür ərindən səs çıxmır, istəyini bir də dilə gətirir.

- Yaxşı, dedim ki, alaram! – deyib Həsən kişi söhbəti kəsir.

Tutu arvad bir ay da gözləyir. Yunun gəlib çıxmadığını görüb məsələni dübarə ərinin yadına salmaq qərarına gəlir. Tərslikdən həmin gün Həsən kişi evə bərk dilxor gəlibmiş.

- A kişi, bəs bu yun harda qaldı?! Neçə aydı söz vermisən...

Tutu arvad dediyinə peşman olur. Həsən kişi pencəyini soyunub hirslə çarpayının üstünə vızıldadır:

- A Mahmudun qızı! Nə yapışmısan bu yundan!? Neynirsən qonaq üçün ayrıca yorğan-döşəyi?! Rəhmətliyin qızı, qonaq arvad olsa mənimlə, kişi olsa səninlə yatar!!! Məsələ bitdi?!

İndi kimsə bir sözü çox çevirəndə biz tərəfdə bəziləri belə deyər: “Bəsdi də! arvad olsa mənimlə, kişi olsa səninlə yatar!”


***

Tinli Məmmədhəsənlə Behbudun yağmalanması

Keçən əsrin əvvəllərində Arazqırağı qaçaq-quldurla dolu olub. Hökumət çox zəif olduğundan soyğunçuluq baş alıb gedirmiş. Ona görə də, camaat ürək eləyib bir kənddən o biri kəndə belə gedə bilmirmiş.

Bir dəfə fərasətlilikləri ilə bütün Gəyən çölündə ad çıxartmış Tinli Nəcəfqulu oğlu Məmmədhəsənlə Qaraş oğlu Behbud cavanlıq eləyib Soltanlıdan Tinli kəndinəcən iyirmi kilometrlik yolu payi-piyada qayıdırmışlar. Qış olduğundan hava tez toran vurur. Yolda qəflətən bir dəstə əlisilahlı quldur onları dövrəyə alır.

- Tez olun, nəyiniz varsa, çıxardın verin! – quldurlardan biri silahı onlara tuşlayıb əmr eləyir.

- Heç nəyimiz yoxdu, alaçağımız var idi, onu da ala bilmədik, - deyə Məmmədhəsənlə Behbud ciblərinin astarını çevirib quldurlara göstərirlər, - pulumuz olsaydı bu boyda yolu piyada niyə gəlirdik?!

- Həəə? Heç nəyiniz yoxdu?! Nəcəfqulu ilə Qaraşın hərəsinin əlli baş cöngəsi var, deyirsiz yəni sizi pulsuz yola salıblar?!
Uşaqlar dinmir.

– Düş atdan, bunların üst-başını əməlli yoxla, - tüfəngini hələ də uşaqlara tərəf tuşlamış quldur yanındakı atlıya başı ilə işarə eləyib deyir.
Basqınçılar Məmmədhəsənin pencəyinin gizlinc cibindən beş manat tapıb götürürlər (o vaxt beş manat yaxşı pul idi, ona saz bir toğlu almaq olardı), Behbudun əyin-başını isə nə qədər axtarsalar da, bir şey tapa bilmirlər.

- Gedin, dilinizi dinc qoyun ha! Şikayət-filan eləsəniz dilinizi kəsərik! – qənimətdən narazı qalan quldurbaşı uşaqların üstünə çəmkirib atların başını çəkib sürüb gedirlər.

Quldurlar bir az aralaşan kimi Behbud əlini kefi tamam pozulmuş Məmmədhəsənin çiyninə qoyub avazla bir bayatı quraşdırır:


Əzizim yavaş bizlə,
Qatırı yavaş bizlə. 
Qaçaq-quldur gələndə,
Pulunu möhkəm gizlə!

Sonra da əlavə eləyir:

- Məmmədhəsən, qorxma, canın üçün kənddə heç kimə demərəm.

Məmmədhəsən bilir ki, Behbud onun başının altına yastıq qoyur, əslində, kəndə çatan kimi heç səhəri gözləməyib cavanlara qıy vurub “mən quldurlara kəf gəldim, amma Məmmədhəsəni yoldular!” deyib onu lağa qoyacaq. Aman-aman, Tinli kəndinin də “hoydu-hoydu”suna düşdün, ayrı əlac yoxdu, gərək kənddən köçəsən. Odur ki, Məmmədhəsən cəld təpəyə qalxır, barmaqlarını ağzına soxub quldurlar gedən tərəfə fit çalıb onları geri çağırır. İki quldur çapa-çapa onların yanına qayıdır.

- Yoldaşımı yaxşı axtarmamısınız, hər yerini yoxladınız, amma ayaqqabıları qaldı, - Məmmədhəsən quldurlara deyir.

Quldurlardan biri atdan düşüb qəməsini Behbudun üstünə çəkir, ayaqqabılarını çıxartdırb orda gizlətdiyi üç manatı götürüb çapıb gedirlər.

-  Həə, indi arxayın oldum ki, kənddə heç kimə deməyəcəksən! - quldurların uzaqlaşdığını görən Məmmədhəsən gülə-gülə Behbuda deyir. Üstündən o da bir bayatı quraşdırıb oxuyur:

Əzizim dərin elə,    
Dostluğu dərin elə.
Yoldaşı quldur soysa,
Dilini şirin elə.

Bu əhvalatdan sonra Məmmədhəsənlə Behbud uzun müddət bir-birindən gen gəzirlər. Əhvalatın üstündən on il keçir, həmin quldurları başqa bir iş üstündə tutub damlayırlar. Kimsə qazamatda bu söhbəti eşidib yoldaşına, yoldaşı da başqa yoldaşına danışır, beləcə söhbət firlanıb gəlıb Tinliyə çatır. Məmmədhəsənlə Behbud uzun illər birləşib belə bir hadisənin yerli-dibli olmadığını sübut eləmək istəsələr də alınmayıb, axırda boyunlarına alıblar.

Çox sonralar, Qaraş oğlu Behbud yaşlaşıb dünyasını dəyişəndə Nəcəfqulu oğlu Məmmədhəsən (o, 108 yaşında rəhmətə gedib: 1873-1981) ona deyərmiş: “Məndən qabaq köçürsən, bu dunyada dil-ağıza düşdük, heç olmasa o dünyada heç kimə danışma, mən gələndə başım dinc olsun”.    


Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?