Modern.az

Nigar Rəfibəylinin nazir atasından sonra yaşadığı əzablar, qardaşının acı məktubu

Nigar Rəfibəylinin nazir atasından sonra yaşadığı əzablar, qardaşının acı məktubu

16 Yanvar 2018, 00:54

Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

 

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.

 

Bu dəfə Cümhuriyyət dövründə iki vəzifəni yerinə yetirən böyük şəxsiyyət, həkim Xudadat bəy Rəfibəylidən, daha doğrusu, ölümündən sonra ailəsinin çəkdiyi əzablardan danışacağıq. O, həm Azərbaycan Cümhuriyyətinin səhiyyə naziri, həm də Gəncə qubernatoru olub.

 

X.Rəfibəyli haqqında bir dəfə bu silsilədə söhbət açmışıq. Amma indi konkret olaraq, bu fədakar insanın öldürülməsindən sonrakı dövr barəsində danışacağıq: 

 

DOSYE - Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1877-ci il yanvarın 12-də Rusiyanın işğalından sonra adı dəyişilərək Yelzavetpol edilən Gəncə şəhərində əsilzadə ailəsində doğulub.

Gəncə gimnasiyasını bitirdikdən sonra təhsilini Xarkov İmperator Universitetinin Tibb fakültəsində davam etdirən Xudadat bəy Rəfibəyli 1904-cü ildə oranı uğurla bitirsə də, vətənə dönməyə tələsmir. Həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyərək peşəkar cərrah kimi formalaşır.

Xarkovda oxuyarkən tələbə dostları ilə birlikdə "Həmyerlilər" dərnəyini qurur. Bu dərnəkdəki ictimai fəaliyyəti ona gələcəkdə də lazım olur. 1907-ci ildə Gəncəyə qayıtdıqda o, Yelizavetpol qubernatorun əmri ilə şəhər xəstəxanasına rəhbər təyin edilir. 1909-cu ildə səmərəli fəaliyyəti, peşəkarlığı və qüsursuz xidməti nəzərə alınaraq titulyar müşavir,  1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri  rütbələri verilib və 1909-cu  ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.

 

Sondan sonrakı dövrün əzabları

 

1920-ci il mayın 12-də bolşeviklər onu həbs edib Bakıya aparırlar. Qısa sürən istintaqdan sonra vətənsevər millət fədaisi Xudadat bəy Rəfibəyli iyunun 1-də Xəzərin kiçik bir adasına aparılaraq güllələnir. Xudadat bəy  Rəfibəylinin xanımı Cəvahir 3 kiçik yaşlı  uşaqla birlikdə taleyin ümidinə qalır. Ataları qətlə yetiriləndə Kamilin 11, Rəşidin 9, Nigarın isə 7 yaşı vardı.

 

 Xudadat bəyin aralarında gələcəyin xalq şairi olan Nigar xanımın da olduğu ailəsi onun ölümündən sonra çox əzab çəkir:

“1930-cu  ilin oktyabrında Gəncə şəhər Soveti Rəyasət Heyəti Cəvahir xanımın ailəsi ilə birlikdə, əmlakı müsadirə olunmaqla keçmiş Gəncə dairəsi hüdudlarından çıxarılması haqqında qərar qəbul edir. Xudadat bəy Rəfıbəylinin böyük oğlu Kamil bəy təqiblərdən yaxa qurtarıb  Türkiyəyə sığına bilir və ömrünün sonuna kimi Türkiyədə həkimlik edir.

 

 

Xudadat bəy güllələndikdən sonra uzun illər onun iki övladının, başqa simsarların və dostların taleyindən bixəbər qaldılar. Onlar Vətən həsrəti ilə qovruldular, vətəndə isə bir çox yaxın qohumlar kütləvi repressiyalara məruz qaldılar. Xudadat bəyin qızı Nigar xanım, başqa yaxın qohum-əqraba isə sovet rejiminin təqibləri, nəzarəti altında yaşamağa məcbur edildilər. Bu əzab-əziyyətlərdən, sıxmaboğmalardan şairə Nigar xanımla yanaşı, böyük şair Rəsul Rzanın da payına az düşmədi. Şair ömrünün bəlkə də bir on ili bahasına başa gəldi Rəfıbəyovlarla bu qohumluq. Ancaq bu adi seçim yox, tale qisməti idi. Vətənin bir addımlığında isə Əyyub bəy, Səməd bəy kimi say-seçmə oğullar mühacirət həyatı yaşamaqda idilər. Qanlı rejimin ömrü bitmirdi ki, siyasi mühacir adıyla KQB-nin qara siyahılarına düşən bu insanlar heç olmasa ölüm ayağında geriyə - Azərbaycana dönsünlər. İçində Vətən boyda qürbət gəzdirən bu insanlar “Azərbaycan, mənim tacım, taxtım, oy!” (Almas İldınm),-deyərək həyata gözlərini yumdular. Əksərinin nə əlləri Vətənə çatdı, nə ünlərini eşidən oldu. Qanlı rejimin ömrü bitəndə artıq onlar həyatda deyildilər.

 

Ömrünün cəmi iyirmi ilini Vətəndə, doğmalan ilə birlikdə keçirmiş, sonra qardaş Türkiyədə mühacirətdə yaşamış və gözlərini əbədi yumduğu günədək doğma yurdun, əzizlərinin həsrətindən dərdli-dərdli qovrulan Kamil Arranın anası Cəvahir xanımın ölümünə yazdığı və 1955-ci il fevralın 21-də Əlaziqdə çıxan “Turan” qəzetində dərc etdirdiyi “Ağlaya bilməzsən” adlı rekviyemindən kiçik bir parçanı oxuculara təqdim etmək istəyirik. Qeyd edək ki, Kamil Arran Nigar Rəfibəylinin qardaşı, Xalq yazıçısı Anarın dayısıdır. (Mənbə: Lətif Şüküroğlu: “Cümhuriyyət hökuməti repressiya məngənəsində”).

 

“Xeyr, əziz ana, 25 ilin həsrəti, quruduğunu zənn etdiyim və inandığım göz yaşlarımı axıtdı. Ağladım çox, həm də çox ağladım. Hıçqırmadım, səssiz göz yaşlarımı içimə axıdaraq ağladım. Bəli, payızın çürüməyə məhkum saralmış bir yarpağı olduğum üçün kimsəni rahatsız etməməyim lazımdı. Yalnız sənin həsrətinlə və bir daha o gözəl, nurlu üzünü görmək ümidimin aldığı üçün için-için ağladım... Artıq hər şey bitdi. Təsəlli mənbələrindən daha heç nə axmır. Fəzada dolaşan tozlar kimi bizi qoyub getdin, əziz ana! Bunlara görə ağladım, bunlara görə ağlayıram, əziz ana!

 

Bunları niyə yazdım? Xatirə və xəyalları əbədiləşdirən yazı elmini mənə ilkin olaraq öyrətdiyin üçün yazdım. Əlifbanı yanlış yazdığım zaman ufacıq əllərimə vurduğun günlərin xatirəsini unutmamaq üçün yazdım. Çəkik gözlərinin, incə dodaqlarının ifadəsini qeyb etməmək üçün yazdım. Mənə öyrətmiş olduğun bu sənəti yenə sənə ithaf etmək üçün yazdım”.

 

E. Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi