Modern.az

REAL-dan AXCP-yə İTTİHAM: “Bununla bağlı  bir dəfə də siyasi qərarlarını görməmişik” – MÜSAHİBƏ

REAL-dan AXCP-yə İTTİHAM: “Bununla bağlı  bir dəfə də siyasi qərarlarını görməmişik” – MÜSAHİBƏ

22 Yanvar 2018, 15:00

2018-ci ildə ölkəmizdə baş tutacaq ən mühüm hadisə prezident seçkiləridir. Bununla əlaqədar son bir neçə gündür, sosial şəbəkədə (“Facebook”)  bir sıra müxalifət nümayəndələri qarşı-qarşıya qoyulur,  səsvermə  keçirilir. Bu da tərəflərin mənsub olduğu siyasi təşkilat üzvləri arasında mübahisəyə səbəb olur. O cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Respublikaçı Alternativ Hərəkatı (REAL) mübahisələrin mərkəzində dayanan siyasi təşkilatlardır. Zaman-zaman  hər iki təşkilat arasında problemlərin şahidi oluruq.

Bununla bağlı  Modern.az saytı REAL-ın icraçı Natiq Cəfərli ilə həmsöhbət olub.

 

- Natiq bəy, bir neçə gündür sosial şəbəkələrdə təşkil olunan "seçki" müzakirə obyektinə çevrilib. Xüsusilə Əli Kərimli və İlqar Məmmədovun səsverməsindən sonra tərəflər arasında qarşıdurma müşahidə edildi. Zaman-zaman REAL-la AXCP arasında bu cür problemlər yaranır. Səbəb nədir?

 

- Qarşıdurma deməzdim. Sadəcə qarşı tərəfin ciddi  “ittihamlar”ı oldu ki, bu səsvermədə hökumət tərəfindən dəstəklənən bloqqerlər, sosial şəbəkə istifadəçiləri YAP vasitəsilə istiqamətləndirilərək İlqar Məmmədova səsverməyə təşviq olunublar. Bu, çox absurd və İlqar Məmmədovun şəxsiyyətinə, REAL-ın mövqeyinə kölgə salan iddiadır. Biz dəfələrlə çox mədəni şəkildə müraciət etdik. Çünki AXCP rəhbərliyi ilə də  bir neçə dəfə görüşmüşük, normal münasibətlərimiz var, müzakirələr də olub. Düzdür, zaman-zaman  müxtəlif ideoloji problemlər də yaşamışıq. Əgər hökuməti tənqid edən bir mövqedən  çıxış ediriksə,  müxalif partiyaların səhvləri haqqında fikir bildirməyi özümüzə borc bilirik. Yəni bu, normal bir siyasi praktikadır. Təəssüf ki, bu,  həmişə qarşı tərəfdən aqressiya ilə qarşılanıb. Həmin tənqid edən qurumlar və şəxslər bir çox ittihamlara tuş gəliblər. Hətta onların fikrinə zidd fikir səsləndirənlər həmən “satqın” adlandırılır. Yəni onlar çox bəsit ritorikadan istifadə ediblər. Bu dəfə də belə iddiaların səslənməsi, açığı, REAL-ın və İlqar Məmmədovun nüfuzuna kölgə salmaq məqsədi daşıyırdı. 5 ildir həbsdə yatan və müxtəlif məhrumiyyətlərə düçar qalan, iki dəfə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olmasına baxmayaraq azadlığa buraxılmayan bir insana hökumət niyə kömək etsinki?! Yəni çox absurd ittihamdır  və buna cavab olaraq məcbur qalıb biz də öz fikirlərimizi bildirdik. Təəssüf ki, yenidən qarşı tərəfin aqressiyası, səviyyəsiz, aşağılayıcı sözləri ilə üzbəüz qaldıq.

 

- Qarşı tərəfin aqressiya nümayiş etdirməsi  nə ilə bağlıdır?

 

- Məncə, iki önəmli məsələ var. Əslində ənənəvi müxalif partiyalar da anlayır ki, REAL-ın güclənməsi, İlqar Məmmədovun nüfuzunun artması ölkədə ümumi siyasi konfiqurasiyanın dəyişməsinə gətirib çıxaracaq. Ölkədə normal müxalifətçilik institutunun formalaşmasına səbəb ola bilər və onlar tarixin arxivinə qovuşa bilərlər. Aqressiyanın kökündə duran əsas səbəb öz mövqelərini itirmək qorxusudur. Sanki müxalifətin iqtidarı olmaq  iddia və həvəsindədirlər. Bu həvəslərinə mane ola biləcək, onlara rəqabət yarada biləcək hər hansı yeni qüvvənin ortaya çıxmasına qısqanc yanaşırlar.

 

- Digər tərəfdən  AXCP və REAL-ın birləşməsini istəyənlər də kifayət qədərdir. Lakin bunun əksini müşahidə edirik.

 

- REAL yeganə təşkilat idi ki, 2013-cü ildə Milli Şura yaradılarkən 7 dəfə danışıqlar aparıb. Lakin uzlaşma olmadığı üçün Milli Şuraya daxil olmaqdan imtina etdik. Birləşmə üçün hansı kriteriyaların  önəmli olduğunu o zamandan açıq bildirmişik. Siyasi partiyaların birləşməsi şəxslər üzərindən ola bilməz. Belə olan zaman bu, dayanıqlı olmur. İndiyə qədər Azərbaycanda müxalifətin 11 birlik modeli olub və hamısı dağılıb. Birləşmə yalnız  ideoloji platformada, qırmızı cizgilər , dəyərlər vasitəsilə ola bilər. Biz də öz platformamızı, 70 səhifəlik proqramımızı 5 ildir açıq ictimaiyyətə bəyan etmişik. Əgər o dəyərlər, prinsiplər çərçivəsində  hər hansı birliyə meyl  edəcəklərsə, qapılarımız  hamıya-istənilən siyasi təşkilata açıqdır. Yox əgər siyasi təşkilat məhz mənim liderliyimdə, bir şəxs ətrafında birlik təklif edəcəksə, biz təbii ki, o cür birliklərə qarşıyıq və qapımız da bağlıdır.

 

- Ümumiyyətlə maraqlıdır, Əli Kərimlinin getdiyi yolu, siyasi fəaliyyətini nə zamansa dəstəkləmisiniz?

 

- Əslində Azərbaycanda siyasi vəziyyət elədir ki, istənilən danışıqlara, əməkdaşlığa həmişə qapı açıq olmalıdır. Bu istəyir iqtidar, istəyir müxalifət olsun, fərq etməz. Söhbət dövlətin gələcəyindən gedirsə, istənilən formatda açıq müzakirələrə biz həmişə normal baxmışıq. Gələcəkdə elə bir şərait yaranacaqsa və Əli Kərimli, onun partiyası REAL-ın dəyərlərini, prinsiplərini, qarşıya qoyduğu hədəfləri  qəbul edib müəyyən addım atmaq istəyəcəksə, niyə də yox?! Bu barədə müəyyən müzakirələr apara bilərik. Amma bizim çox ciddi qırmızı cizgilərimiz var. Məsələn, bunlardan biri Azərbaycanın parlament respublikasına keçidi məsələsidir. Bu günə qədər biz AXCP-dən bununla bağlı  bir dəfə də olsun mövqe sənədi  və ya siyasi qərar görməmişik. Lakin bu bizim üçün çox ciddi məsələdir. Yəni parlament respublikasına keçid REAL-ın bəlkə də ən əsas hədəflərindən biridir.

 

- Son olaraq, sizcə, sosial şəbəkədə keçirilən  “seçkilər”də  nə qədər reallıq payı var?

 

- İstənilən ölkədə, o cümlədən Azərbaycan şəraitində olan ölkələrdə elmi əsaslarla sorğu keçirilsə belə, ən azı 5 faiz civarında səhv nəticələrə gəlib çatmaq mümkündür. Sosial şəbəkələr üzərindən aparılan sorğular isə ümumiyyətlə elmi əsası yoxdur və bu sorğular istənilən manipulasiyalara açıqdır. Biz hətta son bir neçə gündə dəfələrlə bəyan etdik ki, buna ciddi önəm vermirik. Çox təəssüf ki, buna önəm verən, qıcıq olan, sosial şəbəkələrdə belə  məğlub olmağı qəbul etməyən insanlar və siyasi təşkilatlar var imiş. Bu təəssüf doğuran haldır. Çünki sosial şəbəkələrdə aparılan sorğular ən azı ümumi mənzərəni görmək üçün bəlkə də yaxşıdır. Amma bunun nə elmi, ciddi sosioloji, siyasi nəticələri yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu