Modern.az

Deputat Vahid Əhmədov deputatlığa namizəd Vahid Əhmədovun vədlərinə əməl edirmi?

Deputat Vahid Əhmədov deputatlığa namizəd Vahid Əhmədovun vədlərinə əməl edirmi?

Reportaj

25 Noyabr 2009, 11:00

52 SAYLI QUBA SEÇKİ DAİRƏSİNİN SEÇİCİLƏRİ DEPUTATLARININ FƏALİYYƏTİNDƏN DANIŞIRLAR

«525-ci qəzet» və Modern.az saytı «Deputat vədi» adlı yeni layihəyə start verir. Layihənin məqsədi deputatların parlament seçkiləri ərəfəsində seçicilərə verdikləri vədləri yerinə yetirib-yetirmədiklərini araşdırmaqdır. Layihə çərçivəsində millət vəkillərinin iştirakı olmadan onların deputat seçildikləri bölgələrdən reportajların hazırlanması nəzərdə tutulur. Layihənin ilk qonaqları Vahid Əhmədovun deputat seçildiyi 52 saylı Quba Seçki Dairəsinin seçiciləridir. 

 

Milli Məclisin deputatı Vahid Əhmədov 2005-ildə seçicilərinin qarşısına çoxlu vədlərlə çıxıb. Deputatın platformasında Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən tutmuş qubalı sahibkarların sosial problemlərinin aradan qaldırılmasınadək xeyli vəd öz əksini tapıb. Bu sıraya həmçinin Quba-Qonaqkənd-Şamaxı yolunun çəkilməsi, rayonda istehsal olunmuş meyvə-tərəvəz məhsullarının saxlanması üçün bir neçə bazanın tikilməsi, Qubaya şəhər statusunun verilməsi və sair məsələlər daxildir. Ötən dörd il müddətində V.Əhmədov bu vədlərin hansına əməl edib? Qubaya səfərimiz zamanı bu və digər məqamlara aydınlıq gətirməyə çalışdıq.

 

Əvvəlcə qeyd edək ki, V.Əhmədov Azərbaycanda sovet hökuməti qurulandan sonra hakimiyyət ierarxiyasında yüksək post tutmuş üç-dörd qubalıdan biridir. Aradan təxminən 17 il keçməsinə baxmayaraq, həmyerliləri hələ də V.Əhmədovu baş nazirin keçmiş birinci müavini kimi təqdim etməkdən xüsusi zövq alırlar. V.Əhmədova rəğbət bəsləyən qubalıların dilindən tez-tez bu sözləri eşitmək mümkündür: «Vahid müəllim vaxtilə ölkəni idarə edən üç-dörd nəfərdən biri olub». Amma bu o demək deyil ki, hamı deputatdan 100 faiz razıdır.

 

Dörd il əvvələ qısa ekskursiya

 

Vahid Əhmədov 2005-ci ildə 52 saylı Quba Seçki Dairəsindən Milli Məclisə deputat seçilib. Deputat mandatı uğrunda 14 nəfər mübarizə aparsa da, V.Əhmədov 19282 seçicidən 10311 nəfərin, yəni seçicilərin 53,47 faizinin səsini alaraq, həmyerlilərini qanunverici orqanda təmsil etmək hüququ qazanıb.

İkigünlük müşahidələrimiz nəticəsində deyə bilərik ki, Qubada uşaqdan-böyüyə hamı V.Əhmədovu tanıyır. Orta və yaşlı nəslin nümayəndələri deyirlər ki, Vahid müəllim baş nazirin birinci müavini işlədiyi dövrdə Qubanın tərəqqisi üçün əlindən gələni edib. Həmyerliləri ötən illərdən danışarkən daha çox V.Əhmədovun Quba-Şamaxı yolunun çəkilməsi üçün göstərdiyi səyləri xatırlayırlar. Qubalılar ümid edirlər ki, V.Əhmədov baş nazirin birinci müavini kimi başladığı işi deputat kimi başa çatdıracaq. Qeyd edək ki, bu yolun əsas hissəsinin - 47 kilometr uzunluğunda olan Quba-Qonaqkənd yolunun çəkilməsi nəzərdə tutulur. Təxminən 25 kilometr uzunluğunda olan Quba-Zərqava yolunun çəkilməsi də 2010-cu ildə reallaşa bilər. Gələn il ölkədə növbəti parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, V.Əhmədovun 4 il əvvəl verdiyi bu vədin reallaşacağı inandırıcı görünür.

 

Məscid abad, kitabxana bərbad

 

Rustov bələdiyyəsi 1200 təsərrüfatı əhatə edir. Kənd coğrafi şəraitinə görə, dağətəyi ərazidə yerləşdiyi üçün əhali əsasən meyvəçilik və heyvandarlıqla məşğul olur. Rustov bələdiyyəsinin sədri Səfərəli Əzizov deyir ki, həmkəndliləri 2005-ci ildə yekdilliklə V.Əhmədova səs veriblər. Bəs, Vahid müəllim necə, rustovluların etimadını doğruldurmu?

Bələdiyyə sədrinin sözlərinə görə, onların V.Əhmədovdan şikayət etmələri üçün heç bir əsas yoxdur: «Vahid müəllim sadə insandır. İstədiyimiz vaxt onunla görüşüb, dərdimizi deyə bilirik. Deputatımızla görüşmək üçün Bakıya getməyə ehtiyac yoxdur. Onun özü tez-tez seçicilərin görüşünə gəlir. Sağ olsun, seçki vaxtı bizə verdiyi vədləri yerinə yetirib».

 

Millət vəkilinin 2005-ci ildə seçicilərinə verdiyi hansı vədləri yerinə yetirdiyilə maraqlananda, məlum oldu ki, V.Əhmədov 19-cu əsrdə inşa olunmuş kənd məscidinin əsaslı təmir olunması üçün Mədəniyyət və Turizm Nazirliyinin qarşısında məsələ qaldırıb. Məhz onun səyi ilə məscid əsaslı təmir olunaraq, 2007-ci ilin aprelində rustovlu möminlərin ixtiyarına verilib. Bələdiyyə sədri deyir ki, bu məqsədlə dövlət büdcəsindən 100 min manatdan artıq vəsait ayrılıb.

Yeri gəlmişkən, qeyd etmək istəyirik ki, öz əzəməti ilə Rustovdakı bütün tikililəri kölgədə qoyan məscidin 20 addımlığında kənd kitabxanası yerləşir. Yastı-yapalaq kənd evlərindən fərqlənməyən kitabxananın qapısından iri bir qıfıl asılıb. Qıfılın paslı olması uzun illərdən bəri bu binaya insan ayağının dəymədiyini göstərir. Vahid müəllimin yolu Rustova tez-tez düşsə də, qəzalı vəziyyətdə olan kitabxananın nə vaxt təmir olunacağı ilə bağlı heç nə deməyib. Deyəsən, heç bunu ondan soruşan da olmayıb…

 

Seçicilərə bayram sovqatı

 

Rustovluların sözlərinə görə, V.Əhmədov seçicilərinə «görüm-baxım» eləməyi də unutmur. 85 yaşıl Nizaməddin Səmədov deyir ki, onların deputatı əliaçıq adamdır: «Ötən il mart ayında Vahid müəllim bizə Novruz sovqatı gətirdi. Onun gətirdiyi 7 ton ərzaq kənd camaatı arasında bərabər bölündü. Hər yerdə olduğu kimi, bizim kənddə də imkansız adamlar var. Sağ olsun, deputatımızın sayəsində bayram axşamı kənddə hamının evində qazan qaynadı».

80 yaşlı Nadirşah Mirzəyev isə V.Əhmədovu xeyirə-şərə yarayan adam kimi xarakterizə edir: «Vahid müəllim heç vaxt xeyirdən-şərdən qalmır. O, Rustovda dəfələrlə hüzr mərasimində, bir dəfə isə toyda iştirak edib. El-obanın sevincinə də, kədərinə də şərik olduğu üçün camaat onu çox istəyir».

V.Əhmədovdan ən çox razılıq edən isə I qrup əlil Əzizağa Musayev oldu. Əzizağa kişi deyir ki, ötən il deputatı qızının toyuna çağırıb. Dünya işığından məhrum olan seçicisinin sözünü yerə salmayan V.Əhmədov məclisdə həvəslə iştirak edib. Deputatın bu hərəkətindən razı qalan Ə.Musayev deyir ki, onu yayda oğlunun toyuna da çağıracaq.

Onu da qeyd edək ki, Rustov kəndinin su təchizatının yaxşılaşdırılmasında da V.Əhmədovun xidməti olub. Məhz millət vəkilinin səyi ilə kənddə 3 artezian quyusu qazılaraq, əhalinin istifadəsinə verilib. Adını yazmamağımızı xahiş edən sakinlərdən biri isə belə dedi: «İşıq olmayanda kənd susuz qalır. Vahid müəllimdən xahiş edirik ki, qış aylarında kəndimizin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasını nəzarətdə saxlasın».

 

Yəhudilər də deputatdan razıdırlar

 

Yəhudilərin kompakt yaşadığı Qırmızı qəsəbənin bir hissəsi də V.Əhmədovun deputat seçildiyi 52 saylı seçki dairəsinin ərazisinə daxildir. Yəhudilər deputatları barədə nə düşünürlər? Sualımıza cavab tapmaq üçün onlarla da görüşməyə qərar verdik. Amma Qubadakı yəhudi icmasının rəhbərlərindən də fərqli fikir eşitmədik. Qırmızı qəsəbədəki 1 saylı orta məktəbin direktoru Yavuşva Simanduyev soydaşlarının V.Əhmədovdan razı olduğunu bildirdi. Direktor dedi ki, Vahid müəllim tez-tez onun rəhbərlik etdiyi təhsil ocağına baş çəkir. Yavuşva müəllim hətta deputatın məktəblilərlə çəkdirdiyi xatirə şəklini də bizə göstərdi.

Məktəbdə sinif otaqlarının sayının az olduğunu isə şagirdlərdən öyrəndik. Yəqin ki, Vahid müəllimin bu problemdən xəbəri yoxdur. Məktəblilər deməsəydi, heç bizim də xəbərimiz olmaycaqdı. Hər halda bu yazıdan sonra hamının xəbəri olacaq. Hətta Təhsil Nazirliyinin də… 

«Deputata deyin ki…»

 

Zizik Qubanın barlı-bəhərli kəndlərindən biridir. Rustovlular kimi, ziziklilər də V.Əhmədovun ünvanına xoş sözlər söylədilər. Problemlərdən isə ancaq gənc Rəşad Bayramovun danışmağa cəsarəti çatdı.

R.Bayramov deyir ki, Quba gənclərinin ən böyük problemi işsizlikdir: «Ailəliyəm, bir övladım. Daimi işim olmadığı üçün özgə qapılarda günəmuzd işləyirəm. Vahid müəllimə deyin ki, məni Qubada münasib bir işə düzəltsin. Əmin olun ki, onun da, sizin də üzünüzü ağ edərəm».

Biz vədimizə əməl edib, Rəşad Bayramovun xahişini V.Əhmədovun diqqətinə çatdırırıq.

Ümid edirik ki, Vahid müəllim də işsiz seçicisini arzusuna çatdıracaq.  

Fermerlər deputatdan kömək gözləyir

 

Abdulla Muradov fermerdir. Bakı-Quba yolunun kənarında onun 1,5 hektar alma bağı var. A.Muradov deyir ki, bir illik zəhmətlərinin bəhrəsi olan almalar yağışın altında çürüyür: «Bir hektar bağdan təxminən 30 ton alma yığırıq. Amma min bir əziyyətlə becərdiyimiz məhsulu sata bilmirik. Yolun kənarında bir yeşik almanı güc-bəla ilə 6 manata satırıq. Bir yeşikdə isə 30 kq meyvə olur. Kilosu 20 qəpiyə alma olar? Yenə camaat insaflıdır. Xaçmaz konserv zavodu bir yeşik alma üçün 50 qəpik təklif edir. Bilirsiniz, bu nə deməkdir? Almanın bir kilosu 2 qəpikdən də ucuz düşür. Yazıq fermer başına haranın daşını töksün?»

A.Muradov deyir ki, yerli fermerlər deputat V.Əhmədovun bu problemi dəfələrlə Milli Məclisin tribunasından səsləndirməyindən xəbərdardırlar: «Vahid müəllim tələb edir ki, Qubada bir neçə saxlama soyuducu kamerası tikilsin. Bu, yaxşı təklifdir. Amma mən istərdim ki, deputat problemlərdən də danışsın. Əgər sərhəddə problem yaranmasa, fermerlər öz məhsullarını Rusiya bazarlarına çıxarıb, yaxşı gəlir əldə edə bilərlər. Vahid müəllimdən xahiş edirik ki, Rusiya bazarlarına çıxmaq üçün bizə kömək etsin».

 

«Onu televizorda görəndə ürəyim dağa dönür»

 

Başqa bir qubalı seçici Yaqub Ulubəyov taksi sürücüsüdür. 2005-ci ildə keçirilən parlament seçkilərində V.Əhmədova səs verib. Yaqubla aramızda belə bir dialoq oldu:

- Vahid Əhmədova səs verdiyin üçün peşiman deyilsən?

- Əlbəttə, yox.

- Gələn il kimə səs verəcəksən?

- Vahid müəllimə.

- Niyə?

- Yaxşı adamdır.

- Sənə hansı yaxşılığı dəyib?

- (Gülür) Müəllim, indi qardaş qardaşı yaxşılıq eləmir. Bir də ki, mən sürücü babayam. Heç kimdən təmənnam yoxdur. Sadəcə, onu televizorda görəndə ürəyim dağa dönür. Amma elə deputatlar var ki, indiyə kimi bir dəfə ağızlarını açıb, iki kəlmə danışmayıblar. Amma bizim deputatı hamı tanıyır. Vahid müəllimin quru adı bizə bəsdir.

 

Etiraf: «O, bizim hamımızdan bacarıqlıdır»

 

Elxan Əliyev Qubada fəaliyyət göstərən «Ay-Nur» kiçik müəssisəsinin rəhbəridir. 2005-ci ildə keçirilən parlament seçkilərində V.Əhmədovun rəqibi olub: «Dörd il əvvəl Vahid müəllim tam demokratik şəraitdə deputat seçildi. Rəqib olsaq da, mən onun qələbəsini etiraf etdim. O, uzun illər məsul vəzifələrdə işlədiyi üçün camaat Vahid Əhmədovu yaxşı tanıyır. Etiraf edim ki, Vahid müəllim məndən də, seçkidə ona rəqib olmuş digər namizədlərdən də bacarıqlı adamdır. Gələn il keçiriləcək parlament seçkilərində namizədliyimi irəli sürməyəcəyəm. Qubalıların Vahid Əhmədovdan başqa kiməsə səs verəcəyini ağlım kəsmir».

 

Son söz əvəzi

 

Qubada olduğum iki gün ərzində müxtəlif kateqoriyalara daxil olan çoxlu sayda insanla görüşdüm. Diktafonumun yaddaşında hələ də bir neçə nəfərin V.Əhmədov haqda dediyi xoş sözlər qalır. Mənim yaddaşımda ən çox qalan isə Qubanın palçıqlı yolları, bir də yolların kənarında üst-üstə qalaqlanmış meyvə yeşikləri oldu. İnsan əməyinin bəhrəsi olan bu «alma dağı» yavaş-yavaş göz dağına çevrilir… 

 Quba buradan başlayır
 Qubanın təbiəti hər zaman gözəldir
 Vahid Əhmədovun təşəbbüsü ilə inşa olunan məscid
 Deputatın diqqətindən kənarda qalan kitabxana
 İşsiz gənc millət vəkilindən kömək istəyir

Vahid Əhmədovun keçmiş rəqibi: "O, bizim hamımızdan bacarıqlıdır"

Taksi sürücüsü: "Onu televizorda görəndə ürəyimiz dağa dönür"

Əzizağa kişi deyir ki, deputatı oğlunun toyuna çağıracaq

Alma bağları

Alma bağının sahibi məhsulunu sata bilmir

Məhsul alıcı gözləyir

Qubanın ağ alması

Seymur VERDİZADƏ Bakı-Quba-Bakı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?