Modern.az

Cəbrayıl gülməcələri (XI)

Cəbrayıl gülməcələri (XI)

16 İyul 2011, 11:13

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif öncə Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını davam etdirir.


Fərəməzin “Qıl körpüsü”ndən yıxılması əhvalatı


Bir adamın xeyir işi olanda o, dostlarına qonaqlıq verər - bu adət Azərbaycanın hər yerində var, amma Cəbrayılda bir ayrı adət də var: adamın yaman günündə dostları tez bir yerə toplaşar, atışıb qonaqlıq eləyərlər – çətinlik çəkən dostu bulaq başına aparıb yedirdib-içirdər, dərdinə şərik olar, könlünü alarlar... bir sözlə, dərdin altında təkbaşına əzilməyə qoymazlar.


Xanlar oğlu Fərəməz, İsmayıl oğlu Tahir, bir də Şəhriyar oğlu Fikrət möhkəm dost idilər. Qarabağlılar arasında bunu xüsusi qeyd eləməyə ehtiyac olmasa da, deyim ki, hər üçü əla musiqiçi idi – Fərəməzlə Fikrət usta gitaraçalan, Tahir isə oxuyan idi. Onları bir ucu Dağıstan, bir ucu Orta Asiyaya qədər toylara çağırırdılar. Hər toydan sonra da dostlar Papı-Çərəkən yolunun üstündəki “Təvərə” restoranında yeyib-içirdilər.


Fikrət rayonun Bəyalılar məhləsində torpaq sahəsi alıb ev tikdiribmiş. Evinin çaylağa tərəf hissəsini çəpərləyib xeyli zəhmət bahasına yaxşı bir bağ da salıbmış. Yazda sel gəlib bağın bir hissəsini yuyub aparır... Xəbəri eşidən dostları – Fərəməzlə Tahir tez özlərini yetirib “canın sağ olsun” deyib Fikrəti götürüb aparırlar “Təvərə”yə - qaralmış qanını durultmağa. 


“Təvərə” restoranında Asif adlı bir çayçı-xörəkpaylayan uşaq varmış. Bu uşağın Fərəməzdən xoşu gəlməzmış. Niyə? Çünki Fərəməz, qarabağlılar demiş, “sofu” imiş, yəni yemək-içməkdə səliqə-sahmanı, təmizliyi həddən artıq xoşlayırmış. O, hər dəfə “Təvərə”yə gələndə çayçı Asif başını tuturmuş. “Çəngəli yaxşı sil!”, “stolun üstündə ləkə qalıb, təmizlə!”, “yemək soyuqdu, qızdır gətir!”, “araq istidi, soyut gətir!”, “çayın kəklikotusu azdı, qoy yaxşı dəmlənsin!”, “kələm turşusunu yetişməmiş çıxartmısınız, bunu apar, badımcan turşusu gətir”... bir sözlə, uşağı ütürmüş. Uşaq da neyləsin?! Gücü çatmır güc göstərsin, dili çatmır - cavab qaytarsın, eləcə için-için Fərəməzin qarasına deyinirmiş...


Bu dəfə də belə olur. Yemək-içmək ortalığa gəlincə Fərəməz Asifi yalan olmasın, əlli dəfə ora-bura göndərir. Axırda da uşağa gözünü ağardıb deyir:


- Bura bax, Asif, dur burda, süfrədə kəm-kəsir olanda səni axtarmayım, oldu?!


- Baş üstə, Fərəməz dayı, - Asif yarıkönül cavab verib stoldan bir neçə addım aralı dayanıb durub gözləyir.


Dostlar yeyib-içir, Fikrətə toxtaqlıq verir, onun gələcək uğurlarının sağlığına vururlar...


- Fikrət, - İsmayıl oğlu Tahir deyir, - sən torpaq sahəsi aldın, filan qədər sənəd-sünəd yığdın, yaxşı təcrübə topladın, o dünyaya məndən qabaq getsən, sən canın, mənimçün də babat bir yerdən – yaxşı olar ki, elə öz yanından beş-altı sot yer alarsan, ev tikdirib qonşu olarıq.


- Tahir dayı, - bayaqdan bir ayağını götürüb o bir ayağını qoymaqdan ayaqlarına su enmiş çayçı Asif söhbətə qarışır, - bəs Fərəməz dayıya öz yanınızda torpaq almaq istəmirsiniz?


Fərəməz çayçıya qanlı-qanlı baxır, uşağın sözündən pərt olsa da,  büruzə verməmək üçün deyir:


- Tahiri bilmirəm, amma Fikrətə etibar eləyə bilərəm, bir şərtlə ki, sot yeri çayqırağı olmasın.


- Fərəməz, - Tahir Fərəməzin atmacasına cavab olaraq deyir, - and olsun Allaha, mən səndən qabaq ölsəm, hər gün gedib kəsdirəcəm Qıl Körpüsünün yanını, səni gözləyəcəm. Elə ki, gördüm gəlirsən, ordakı əcinnələrin cibinə puldan-zaddan basıb keçəcəm qabağa. Sən gəlib Qıl Körpüsünün ən nazik yerinə, lap Qır Qazanının pıqqapıqla qaynayan yerinə çatan məqamda körpünü var gücümlə silkələyəcəm, düşüb qazanda bişəcəksən!


Dostlar xeyli gülüşürlər və o sağlığa yüz-yüz atırlar döşə.


Birdən görürlər ki, çayçı Asif onların stolunun altına girib nəsə qəribə əl-qol hərəkətləri eləyir. Hər üç dost başını stolun altına salıb soruşur:


- Ay uşaq, orda nağayrırsan?


- Heç, - Asif kefikök cavab verir, - Fərəməz dayının ayaqları Qır Qazanından çöldə qalıb, basıram qazanın içinə ki, yaxşı qaynasın!


Deyirlər bunu eşitcək Fərəməz Asifi Tulu dərəsinin dikinəcən qovalayıb, amma tuta biməyib. Gülməkdən qəşş eləyib döşəməyə sərilmiş Tahirlə Fikrəti isə restoranın işçiləri ustlərinə bir vedrə soyuq su tökməklə sakitləşdirə biliblər. 


***

Tinli verməyəcək!

Tərs adamlara çox rast gəlmişik, amma tərslikdə yer üzündə Tinli Kərbəlayi Bağır oğlu Qaraşa tay ola biləcək adam tapılmazdı! Əgər bütün dünyanın tərslərini bir yerə yığıb danışdırsaydın, Qaraş kişi İspaniyanın “Barselona” komandası kimi bütün kubokları başı üstünə qaldırardı! (“Real” (Madrid) azarkeşləri gərək məni bağışlasınlar! Təzə transferlərdən sonra, inşallah, onlar da çempion olar!).
Onun tərsliyi dillər əzbəri idi, ona görə də, nəinki Qaraş kişinin özü ilə, hətta uşaqları ilə də heç kim mübahisə eləməzdi, çünki bunun mənasızlığını hamı bilirdi.


1930-cü illərin ortaları imiş. Sovet hökumətinin hər yerində camaat bərk aclıq keçirirmiş. Mərkəzi hökumət nümayəndələr göndərib kəndlərdə təbliğat aparır, camaatın əlində olan azuqəni yarıxoş, yarızor alırmış. Hər kəndə norma qoyublarmış.


Hökumət Tinli, Qovşudlu, Daşbulaq, Niyazqullar, Göyərçin Veysəlli, Xanlıq və başqa on-on beş kəndin camaatını yığıb partiyanın qərarını onlara çatdırıb dəstək almaq istəyirmiş.


Açıq havada iclas olur. Elə ki hökumət adamı çıxışını yekunlaşdırır, Qaraş kişi qabağa çıxır:


- Tinli kəndi heç nə verməyəcək!


Hökumət nümayəndəsi tərs-tərs Qaraş kişiyə baxır, ağzını doldurub ona çəmkirmək istəyirmiş ki, yanındakı köməkçisi onun qulağına nəsə pıçıldayır.


- Ay uşaq, - hökumət adamı Bakıdan onunla gəlmiş və aralıda durub iclası izləyən yoldaşlarına müraciət eləyir, - aparın bu Qaraş kişiyə o tərəfdə bir stəkan çay verin!


Adamlardan biri yaxınlaşıb mehribanlıqla Qaraş kişinin qoluna girib ordan əlli addım aralı aparır, termosdan çay süzüb Qaraş kişiyə uzadır. Günün istisində tezdəndən dayanıb bərk susamış Qaraş kişi çayı içir, amma gözü elə çıxışçıda olur.


- Göyərçin Veysəllinin norması – 45 kisə buğda, - çıxışçı deyir, - Niyazqulların norması – 40 kisə buğda...


Qaraş kişi görür ki, siyahı yavaş-yavaş Tinliyə yaxınlaşır, stəkanı yarımçıq qaytarır köməkçiyə, cumur iclas olan yerə:


- Bax dedim ha, Tinli verməyəcək!!!


- Ay uşaq, hökumət adamı qeyzlə köməkçisinə işarə eləyir, - sənə demədim bu Qaraş kişiyə orda yaşxı bir süfrə aç?!


Köməkçi yenə Qaraş kişini birtəhər çəkib aparır ordan aralı, kölgətutan bir yer tapıb heybəsindəki pendir-çörəyi düzür süfrəyə...


Qaraş kişinin tərsliyinin iclası poza biləcəyindən ehtiyatlanıb həmin il Tinlinin adını siyahıdan çıxardırlar...


İndinin özundə də Gəyən düzü tərəflərdə bir adam o birisinin danışığına mane olanda deyərlər: “Ay uşaq, apar bu Qaraş kişiyə bir stıkan çay ver!”


Söhbət tərslikdən düşmüşkən, elə Qaraş kişinin nəvələrindən biri haqda olan əhvalatı burda danışsam, yerinə düşər. Qaraş kişinin nəvəsi Əli oğlu Yadigar əsgərliyə gedibmiş. Bir gün döşəmələri yumaq növbəsi Yadigara çatır. Rus serjant gəlib vedrəni, döşəməyuyan ağacı Yadigarın qabağına tullayıb deyir:


- Mıt vse polı...


- Bu nə qırıldadır ə, - Yadigar rus dilini bilən azərbaycanlı yoldaşlarından soruşur.


- Deyir ki, bütün döşəmələri yu! – yoldaşı tərcümə eləyir.


- Ona de, getsin tullansın! - Yadigar vedrəyə bir təpik vurub çıxıb gedir.


Serjant onun dalınca düşüb nə qədər təkid eləyir, Yadigara döşəmə yudurda bilmir.


Axırda serjant rəhbərliyə şikayət eləyir, iş böyüyür. Batalyon komandiri kapitan Jepişev Yadigarı yanına çağırtdırır. Vedrə ilə döşəmə ağacını onun qabağına atıb əmr eləyir:


- Prikazıvayu tebe, mıt polı!!!


- Nə deyirsən e, ə! Mıtmıram! Heç vaxt da mıtmıyacam!!!


Bu hadisən sonra Yadigarı xeyli incitsələr də, day ona bir də döşəmə yumağı tapşırmırlar.


O vaxtdan bu “mıtmıram” sözü tərslik meyarı kimi dillərə düşüb.    


***

Mirzə Müxtar yoxlamaya hazırdı!

Cəbrayılın Çərəkən kəndindən olan Mirzə Muxtar Çar Rusiyası dövründə rus-tatar məktəbini bitirmişdi. Ağsaqqal, hazırcavab bir adam olub. Uzun müddət rayon məktəblərində müəllim, direktor işləyib, nüfüzlü ziyalılardan biri kimi hörmət qazanıb.


Mirzə Müxtar Şükürbəyli kənd orta məktəbində direktor olan zaman məktəbin geniş həyətyanı sahəsində gül-çiçək, meyvə-tərəvəz becərməklə yanaşı xeyli toyuq-cücə, ətlik davar da saxlatdırırmış. O, qonaq-qara sevən imiş.


Bir gün rayon Xalq Maarif Şöbəsinin müdiri Fərhad Kərimov Maarif Nazirliyinin müfəttişi ilə məktəbdə təhsilin keyfiyyətini yoxlamağa gəlir. Onlar siniflərə baş çəkir, həyət-baca ilə tanış olur, müəllimlərlə, şagirdlərlə görüşüb söhbət eləyirlər. Bakıdan gələn müfəttiş Mirzə Müxtarı yanına çağırıb deyir:


- Yoldaş direktor, biz gedirik o biri məktəbləri yoxlamağa, sizin məktəbdə işlərimizi hələ qurtarmamışıq, gəlib sənəd-sünədə baxacağıq, ona görə də, zəhmət olmasa, hazırlaşın, qaydacağıq.


Fərhad müəllim əlavə eləyir:


- Mirzə, biz gələnə qədər İŞLƏRİ hazırlayın.


Yoxlama bir-iki saatdan sonra qayıdır. Gəlib görürlər ki, həyətdə ağacın altında ləzzətli bir süfrə açılıb, manqalda da kabab bişir.


- Bu nədi, Mirzə?! – Fərhad Kərimov təəccüblə soruşur.


- Fərhad müəllim, bəs gedəndə demədiniz ki ŞİŞLƏRİ hazırlayım?!


Fərhad müəllimlə Bakıdan gələn müfəttiş o ki var gülürlər. Keçib nahar eləyirlər. Sonrada sənədləri yoxlayıb gedirlər. Onu deyək ki, Şükürbəyli məktəbi verdiyi təhsilin keyfiyyətinə görə dövri-qədimdən Cəbrayılın qabaqcıl məktəblərindən olub, o baxımdan da məktəbin işlərinə irad tapmaq elə də asan iş deyildi və bu dəfə də yoxlama, kabab süfrəsinə görə yox, elə məktəbin yaxşı işinə görə, razı getmişdi.


O zamandan Cəbrayılda bir idarəyə yoxlama gələndə idarə müdiri əlbəəl soruşar: İşləri hazırlayaq, ya şişləri? 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı