Modern.az

Hüseyn Cavid varlığına bir köynək yaxın ADAM – Polkovnik Həmid Cəfərov

Hüseyn Cavid varlığına bir köynək yaxın ADAM – Polkovnik Həmid Cəfərov

7 Fevral 2018, 21:13

Əslində o, nə filoloq, nə də ki, cavidşünasdır. Amma Hüseyn Cavid varlığına bir köynək yaxın adamdır. Ömrünün 80-ci ilini arxada qoyan Həmid Cəfərovun ömür yollarından Cavid qoxusu, Cavid ətri gəlir. Yubilyarla bu günkü söhbətimizdə nə qədər kənara, ailə, məişət, cəmiyyət mövzularına toxunmaq istəsəm də, söhbətimiz yenə də Hüseyn Cavid ruhunun üzərində köklənir.

 

Qısa tanışlıq: Həmid Qara oğlu Cəfərov 1938-ci ildə Naxçıvanda, Qaraxanbəyli kəndində anadan olub. O, orta təhsilini Naxçıvanın Qaraxanbəyli kənd, Naxçıvan Dəmir Yolu 23 saylı, Bakı şəhərinin Artyom - indiki Pirallahı rayonundakı Maksim Qorki adına 186 saylı məktəblərdə alıb. 1958-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətindən sonra Artyomda neft mədənlərində çilingər kimi əmək fəaliyyətinə başlayıb. Fərqli bir gənc kimi Artyom rayon komsomol təşkilatında komsomol komitəsində təlimatçı vəzifəsinə irəli çəkilib. Daha sonra Həmid Cəfərov Azərbaycan Dövlət Universitetində ( indiki BDU ) ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra respublikanın ayrı-ayrı rayonlarında komsomol və partiya orqanlarında çalışıb. Bacarığı, işgüzarlığı nəzərə alınaraq Həmid Cəfərov 1976-cı ildə Naxçıvan Vilayət Partiya Komitəsinə işləməyə göndərilib. O, 1976-1978-ci illərdə təbliğat və təşviqat, partiya işi şöbələrinin müdiri vəzifələrində çalışıb. Həmid müəllim bu ərəfədə təhsilinini də artıraraq Moskvada Sov.İKP MK-nın yanında İctimai Elmlər Akademiyasının dinləyicisi olub. Məhsuldarlığı, iş keyfiyyəti nəzərə alınaraq Həmid Cəfərova daha yüksək vəzifələr həvalə edilib. O, 1980-ci ildə X çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı, Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro və plenum üzvü, ideoloji iş üzrə vilayət partiya komitəsinin katibi seçilib.

 

Həmid Cəfərovu bütün fəaliyyəti dövründə fərqləndirən cəhətlər olub. Məlum dövrdə ideologiya sahəsində bütün tövsiyələr, proqram xarakterli göstərişlər bir mərkəzdən, Moskvadan ünvanlandığı vaxtlar, Həmid müəllim bu göstərişlərə, fəaliyyət proqramına öz əlavələrini də edib. Bu riskli əlavələrdə əsasən millilik, azərbaycançılıq öz əksini tapıb. Həmid müəllim bütün fəaliyyətində milli dəyərlərə üstünlük verib. Təbii ki, bu da onun vətənə bağlılığı, Azərbaycana sevgisi ilə bağlı olub. Və bütün bunlar Azərbaycan rəhbərliyinə, həmin dövrdə Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevə də məlum idi. Bəlkə də elə bunun nəticəsi idi ki, Heydər Əliyev uzaq Sibirdən Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsinə çox çətinliklə nail olduqdan, Kreml kabinetlərində razılıq aldıqdan sonra bu məsələnin icrasını məhz Həmid Cəfərova etibar etmişdi...

 

Sibir səfərini ömrünün ən şərəfli və dəyərli cağları kimi dəyərləndirən Həmid müəllim yubiley görüşümüzdə bir daha həmin günləri xatırladı:

- 1982-ci il  oktyabrın 3-də Heydər Əliyev  Naxçıvanda səfərdə olarkən şərəfli bir işə xeyir-dua verdi. Cavidsevərlərin  müqəddəs bir arzusunun reallaşmasına geniş imkanlar açıldı. Belə ki, 1956-cı  il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması  müşkülə çevrildiyindən, soyuq Sibirdəki dəmir seyflərin açılması, “sovsekretno” sənədlərin öyrənilməsi, Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə axtarılıb-tapılması və nəhayət, onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı. Ancaq Heydər Əliyev bütün imkanlardan istifadə edərək bu məsələnin həllinə nail oldu.

Beləliklə,  onun göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan  Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının  Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi və bu işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi  mənə  həvalə olundu. Naxçıvan Vilayət Partiya Komitəsinin qərarından sonra  muxtar respublikanın  daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirovla Sibirə yollandıq...

 

Qərarın icrası məsuliyyətli və çətin olsa da, məhz  onun arxasında Heydər Əliyevin adı durduğu üçün heç bir müşküllükdən söhbət  gedə bilməzdi. Əksinə, ulu öndərimizin adı, şərəfli bir işə dəstək durması Cavidin mənəvi övladları olaraq bizə qol-qanad verirdi. Çünki bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü  rəhbərlik edirdi.  Heydər Əliyev “Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o, Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin “birinci şəxsinə” - Sov.İKP MK-nın Baş katibi Brejnevə, həmçinin, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Andropova müraciət etmişdi. Bəli, bu məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi. Təbii ki, həmin dövrdə bütün bunları yalnız Heydər Əliyev edə bilərdi.

 

Sibirə səfərimizin ilk günündən başlayaraq Cavidlə bağlı  bir sıra arxiv sənədləri öyrənildi. Müəyyən edildi ki,  Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə torpağa tapşırılıb. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsində görüş zamanı Cavidin məzarının  yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərancam verildi.

 

Sibirdə olarkən Cavidin “sakini olduğu” əlillər evinin 1956-cı ildə  dağıdılması, Sibirin sıx meşələrindəki  Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni zamanda bildirirdilər ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüzdür, həm də təhlükəlidir. Lakin bu məlumatlar bizi yolumuzdan döndərə bilməzdi. Məzarlıq tapıldı.  İki saat axtarışdan sonra isə Şevçenko rayon prokuroru Yelena  Xaritinova 59 saylı qəbiri tapdı və qəbrin açılması üçün sanksiya imzalandı və nəhayət, Cavidin qəbri qazıldı…Heç nə hədər getməmişdi, Hüseyn Cavid “59”-da uyuyurdu. Hüseyn Cavid “tapılmışdı...”

 

 

Həmid müəllim söhbətində daha maraqlı bir məqamı xatırladır:

-  Əvvəlcədən planlaşdırdığımız kimi Hüseyn Cavid Şevçenko-Tayşet- İrkutsk- Moskva-Yerevan-Naxçıvan marşrutu ilə doğma yurduna “qayıtmalı” idi. İrkutskdan Moskvaya uçarkən stüardessa mənə Bakıdan gələn tapşırığı çatdırdı: “Heydər Əliyevin göstərişi ilə siz  oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız”. Azərbaycan rəhbərinin - Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Bu, adi bir tapşırıq deyildi və bir tale yazısı idi. Cavidin “ayağı” İrəvana dəyməməliydi, Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmalıydı…”.

 

Həmid müəllimin söhbətlərini, Hüseyn Cavid sevgisini bir həmsöhbət kimi qibtəediləcək dərəcədə qəbul edirəm. Bütün varlığına Cavid sevgisi hopan polkovnikin ali hisslərini qiymətləndirməyə heç gücüm də çatmır. Əlavə suallara cavab verməyə də həvəs göstərmir. Çünki onun həvəs göstərdiyi başqa mənalar, başqa məqamlar var. Polkovnik ömrünün 80-ci aşırımında rahatlığını, mənəvi zövqünü Hüseyn Cavid parkında, Cavidlə bağlı tədbirlərdə tapır...

Ömrünüzün Cavid ətirli 80-ci ili mübarək, cənab polkovnik...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi