Modern.az

“Putin Trampla ingiliscə danışıb” – Rusiya liderinin dostu ilə MÜSAHİBƏ

“Putin Trampla ingiliscə danışıb” – Rusiya liderinin dostu ilə MÜSAHİBƏ

Müsahibə

12 Fevral 2018, 13:58

Sergey Çemezov: “ABŞ elə düşünür ki, kim bu siyahıya düşdü, məyus olacaq və gəlib amerikalılara deyəcək: “Bəli, biz sizin tərəfinizdəyik, gəlin Putini devirək””.

 

Sergey Çemezov – Rusiya biznesinin və siyasətinin harmoniyasında qərar tutan nüfuzlu insanlardan biridir. O, nüfuzlu  “Rostex” korporasiyasının rəhbəridir.

 

Çemezov həmçinin Rusiya prezidenti Vladimir Putinin silahdaşıdır, onlar Drezdendə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı kimi birgə işləyiblər.

 

Rusiyanın Krımı zəbt etməsindən sonra ABŞ Maliyyə Nazirliyi onu “Prezident Putinin etibarlı müttəfiqi” adlandıraraq sanksiya siyahısına daxil edib.

 

Çemezov bu yaxınlarda ABŞ-ın nüfuzlu “Washington Post” nəşrinə müsahibə verib.

 

O, müsahibəsində ABŞ-a S-400 hava hücumundan müdafiə sistemlərini satmağı təklif edib.  

 

Modern.az saytı müsahibəni ixtisarla təqdim edir.

 

- Sizcə, Rusiyanın müdafiə xərcləri necə olacaq?

 

- Düşünmürəm ki, Rusiyanın müdafiə xərcləri artacaq. Mən güman edirəm ki, müdafiə xərcləri indiki səviyyədə qalacaq. Rusiya şirkətlərinin inkişafı üçün onlara əlavə məhsul istehsal etmək lazımdır. Bu məhsullar təkcə ütü və tava olmamalıdır, bizdə belə kədərli təcrübə 1990-cı illərdə var idi. Bu gün biz yüksək texnologiyalarla məhsullar istehsal edirik. Bu məhsullara təkcə Rusiya bazarlarında deyil, xaricdə də tələbat var. Bizdə çox nümunə var: rəqabətə davamlı tibbi məhsul və tibbi avadanlıqları Avropa və Asiya ölkələrinə satırıq.

 

- ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına necə baxırsınız?

 

- Biz siyasətçi deyilik, sənaye sahibləriyik. Biznes nöqteyi-nəzərdən bu, haqsız rəqabətin sadə nümunəsidir. Biz məhsul istehsal edirik. Bu məhsullar texniki xarakteristikalarına görə Amerika və Avropa analoqlarını qabaqlayır. Bu səbəbdən ABŞ mümkün olan hər şeyi edir ki, bizi sıxışdırsın. Onlar bazarlarda bizi sıxışdırmaqdan ötrü çalışırlar ki, özlərini həmin bazarlarda daha rahat hiss etsinlər.

 

- Görünür, S-400 zenit raket komplekslərinə böyük tələbat var.

 

- Dünyada siyasi vəziyyət gərgin olan zamanlarda istənilən ölkə öz təhlükəsizliyini təmin etməyə çalışır. Əlbəttə ki, öz hava məkanının müdafiəsini təmin etmək də prioritetdir. Buna görə də, raket əleyhinə müdafiə sistemlərinə tələbat yüksək olaraq qalır. Çox ölkələr bu sistemləri almaq istəyir və bizə buna görə çox sifariş olunur. Mən demirəm ki, Amerika ilə rəqabət aparmaq lazım deyil, əlbəttə ki, bu rəqabət var. Amma məndə olan informasiyalara görə, bizim sistemlərimiz daha yaxşıdır.

 

- Türkiyə və Səudiyyə Ərəbistanı sizin növbəti alıcılarınız oldu.

 

- Bəli elədir. Biz Türkiyə ilə müqavilə imzaladıq. Biz artıq istehsala başladıq və ilk çatdırılmaları 2019-cu ildə başlamalıyıq. Səudiyyə Ərəbistanına gəlincə, o, indi bizimlə danışıqlar prosesindədir. Hələ qəti qərar qəbul edilməyib.

 

- Başqa ölkələrlə belə müqavilələrin bağlanması üçün danışıqlar aparılırmı?

 

- Bəli, aparılır. Amma mən bu haqda danışa bilmərəm.

 

- Siz normal münasibətlərin qurulması haqqında danışırsınız. Siz həmçinin Strateji Hücum Silahlarının məhdudlaşdırılması barədə yeni müqaviləni nəzərdə tutursunuz?

 

- Bəli. Nə qədər ki, Rusiya ilə Amerika arasında münasibətlər kəskin olacaq, bu zaman daha çox silahın ləğvi gündəmə gələcək. İlk növbədə də nüvə silahları. Bəs biz indi nə görürük? ABŞ yeni proqram qəbul edib. Bu isə dünyada vəziyyətinə yaxşılaşmasına gətirib çıxarmayacaq.

 

- Bəs nə olacaq?

 

- Bu, yeni qızğın silahlanmaya gətirib çıxaracaq. Vəziyyət gərginləşəcək və bir qığılcım kifayət edəcək. Bu gün dünyada silahın miqdarını nəzərə alsaq, deyə bilərik ki, burada qaliblər olmayacaq. Sadəcə dünya məhv ediləcək.

 

- Tramp deyirdi ki, o, münasibətləri qaydaya salmaq istəyir.

 

- Bəli, o danışırdı. Amma heç nə etmir. Əslində hər şey əksinə oldu. Yeni siyahı çıxdı. Bu nədir? Bu, münasibətləri yaxşılaşdıra bilərmi? Şübhə ilə yanaşıram. Mən onu anlayıram ki, bu siyahı (“Kreml hesabatı”nı nəzərdə tutur – A.K) bir növ qorxutmaq cəhdidir.

 

Bu, “Baxın, biz hər şeyi bilirik, istədiyimiz zaman sizi qarmağa sala bilərik” mesajıdır. Onlar elə düşünür ki, kim bu siyahıya düşdü, məyus olacaq və gəlib amerikalılara deyəcəklər: “Bəli, biz sizin tərəfinizdəyik, gəlin Putini devirək”. Amma bu cür yanaşma axmaqlıqdır. Əslində isə bu əks effekt verəcək. Siyahıya düşən hamı Putini dəstəkləyir. Mən əminəm ki, Rusiyada bu ilin martında keçiriləcək prezident seçkilərində Vladimir Putin qalib gələcək.

 

Sergey Çemezov Vladimir Putinlə əlaqələrindən də danışıb.

 

- Putin o insanlardan biridir ki, daim öyrənir -  təkcə öz təcrübəsindən yox, başqalarından da. Bu səbəbdən onun peşəkarlığının səviyyəsi daim artır.

 

- Məsələn?

 

- Drezdendə bizim tanışlığımızdan sonra o, dil biliklərini təkmilləşdirməyə davam edirdi. O, almanca öyrənməyə davam edirdi. Amma Rusiyaya qayıdandan sonra ingiliscə öyrənməyə başladı.

 

Əlbəttə ki, onun ingiliscəsi almancasından yaxşı deyil. Amma o ingilis dilində kifayət qədər yaxşı ünsiyyət saxlamaq qabiliyyətinə malikdir. Məsələn, mən bilirəm ki, o, Trampla ingilis dilində danışıb...

 

Putin sakitdir, qabaqcadan hər şeyi götür-qoy edib qərarlar qəbul edir. O qərar qəbulu üçün heç zaman bir fikir dinləmir. O, hər şeyi neçə dəfə yoxlayır, həmişə müxtəlif insanların fikirlərini dinləyir.

 

Hazırladı: Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı