Modern.az

Məhv edilmiş 8 ailəBir ailədən 7 ölü - Xocalı DƏHŞƏTİ  

Məhv edilmiş 8 ailə: Bir ailədən 7 ölü - Xocalı DƏHŞƏTİ  

16 Fevral 2018, 08:47

Bir neçə gündən sonra ermənilərin Xocalıda törətdiyi soyqırımının 26-cı ili tamam olacaq.

Emənistanın insanlığa qarşı törətdiyi bu vəhşi cinayət zamanı 8 ailə yer üzündən silinib.

Modern.az saytı soyqırımının növbəti ildönümü ərəfəsində Xocalıda son nəfərinədək qətlə yetirilmiş 8 ailənin yaxınları iləəlaqə saxlamağa çalışıb.  

“Qətl edilmiş 8 ailə”dən daha birindən - Qəmbərovlar ailəsindən bəhs edirik. Dəhşətli qətliam gecəsi Qənbərov Qarsalanın ailəsinə divan tutulub. Belə ki, onun özü, həyat yoldaşı Qənbərova Validə, oğlanları Qənbərov Nadir, Qənbərov Səfər, gəlini Qənbərova Mətanət və nəvələri Emin, Esmira (Səfərin uşaqları) hamılıqla məhv ediliblər.


Qəmbərovlar ailəsindən sağ qalan yeganə övladı Rauf Qəmbərov o qanlı-qadalı hadisələrin ürək ağrısı ilə xatırlayır.


“Kaş ki...”

“1992-ci ilin 25-26-27 fevralını dərin ağrı ilə xatırlayıram. Həmin vaxt yaşım da az idi. Həyatın bizə necə mürəkkəb sürprizlər edəcəyindən xəbərsiz idik.Həmin gecə qardaşlarım Nadir və Səfərlə postda idik. Ermənistan silahlı qüvvələrinə qarşı müqavimət göstərirdik. Xocalıda gərginlik hər gün baş verdiyindən  xüsusi hadisənin olacağındən xəbərsiz idik. Demək olar ki, atışma səsləri hər gün eşidildiyindən, artıq bizə adi gəlirdi. Fevralın 25-dən 26-na keçən gecədə postda idik, bir neçə saatdan sonra faciə yaşayacağımızı gözləmirdik. Faciə gecəsi ailəmizi Xocalıdan çıxartmamışdıq. Həmin gecə vəziyyətin nəsə yaxşı olmadığını gördük.  Ehtiyat tədbiri kimi qadınları aparıb zirzəmidə yerləşdirdik və yenidən posta qayıtdıq”.


“Tofiq Hüseynov bizə dedi ki...”


Xocalı soyqırımının şahidi deyir ki, əliyalın insanlar bir neçə saatın içində vəhşi qətliamın qurbanı olublar:

“Xocalı aeroportu tərəfdən qayıdıb gələndə gördük ki, ermənilər qadınları, uşaqları mühasirəyə alıblar. Qadınlar, uşaqlar bir-bir güllələnmişdi. İçində sağ olanı qalmamışdı. Biz zirzəmidən xeyli aralı idik. Qəfil qışqırıq səslərinə tərəf hərəkət etdik. O zamankomandir Tofiq Hüseynov(Milli Qəhrəman) bizə dedi ki,“narahat olmayın. Bir yolunu tapacağıq”.Tofiq Hüseynov pulemyotla düşməni atəşə tutdu,  ermənilər həmin ərazidən dağılışdı. Ancaq qadınlarımızı, uşaqlarımızı qana bulanmış vəziyyətdə görəndə çarəsiz olduğumuzun fərqində idik”.

 

“Hamısı gözümün qabağında qanına boyanmışdı”

Rauf Qəmbərov 26 il bundan əvvəl baş vermiş faciədən danışdıqca, səsi titrəyirdi:

“Biz əslən Xankəndidənik. Xankəndi hadisələrindən sonra 1988-ci ildə Xocalıya gəldik və orada məskunlaşdıq.O vaxtlar 30 yaşım olardı. Faciəni içdən, yana-yana yaşadıq. Qardaşlarım Xocalı faciəsi zamanı gedən döyüşlərdə şəhid oldu. Düzdü,Xocalıda gedən döyüşlər deyirik, hansı ki, əliyalın idik. Bir-iki silah ancaq tapmaq olardı. O dəhşətli gecədə atam, anam, 2 qardaşım, qardaşımın yoldaşı və 2 azyaşlı uşağı şəhid oldu. Hamısı qucağımda, gözümün qabağında qanlarına boyandılar. Onların heç birinin cəsədini Xocalıdan çıxarda bilmədim. Bu mümkün deyildi.Qəribə idi, Xankəndidən də ən son bizim ailə çıxmışdı, elə Xocalıda da bu dəhşəti bizim ailəyaşadı. Xankəndidə yaşayanda məhəlləmizdə cəmi 3 Azərbaycan ailəsi vardı. Qalanları erməni ailəsi idi”.


“Ana musiqisinə oynaya bilmədim”

Rauf Qəmbərov Xocalı faciəsini xatırlayarkən, ata-anası ilə bağlı xatirələrini də bölüşüb:

“Anamı elə yaşımda itirdim ki... Nə deyim.. necə deyim...Özü də itirmək varha!. Belə itkini heç kəsə arzu etmirəm. Anamın arzuları vardı. Mənim toyumu görəcəkdi. Qismət olmadı. Ailə quranda ata-anamın xeyir-duasını ala bilmədim. Anamla birgə qol qaldırıb oynamalıydım, oynaya bilmədim. Yaşımın ən gözəl çağında ata itkisini yaşadım. Atam yaxşı aşpaz idi. Hələ Xankəndidə olanda bu sənəti çox gözəl bacarırdı. Xocalıda isə atam bir kafedə çayçı işləyirdi. O qədər səmimi insan idi ki! Öz sənətini çox sevirdi və zövq alırdı. Atamın bir sözü həmişə qulaqlarımdadır. Biz Xankəndidən Xocalıya gəlib məskunlaşanda atam deyirdi ki, “Xankəndi bizimdir. Biz ora mütləq qayıdacağıq”. Nə vaxtsa qayıdacağıq. Atam isə o günləri görməyəcək”.


“Atanın da, ananın da, qardaşın da öz yeri var”

Ailə üzvlərinin qətl olunmasından danışdıqca, Rauf Qəmbərov köks ötürür:

“Böyük qardaşım Yol idarəsində çalışırdı. Ekskovatorçu idi. Qardaşımın yoldaşı isə Xocalı rayon İcra Hakimiyyətində işləyirdi. Mən də aşpazlığın sirlərini atamdan öyrənmişdim. Xocalıda olanda aşpaz kimi fəaliyyət göstərirdim. Xocalının ən çətin vaxtlarında Bakıdan Xocalıya gəlmiş“OMON”çular (xüsusi təyinatlı polis dəstəsi)üçün yeməkləri mən bişirirdim. İndi elə yaşımdır ki, doğmalarımla keçirdiyim günləri yada salanda bir başqa əhvalda oluram. Ailəmin xiffətini çəkirəm. Hər birinin öz yeri var. Danışdıqca, həmin hadisələr kino lenti kimi gözlərimin önündən keçir. Hadisənin şahidi və iştirakçısı olmayan adama asan gəlir. Hadisəni yaşayan adama isə... dəhşətlidir...Danışa bilmirəm. Faciədən sonra 25 gün xəstəxanada qalmışam. Ayılandan sonra hadisələri bir-bir xatırladım. Elə ən böyük ağrını da o vaxtdan yaşamağa başladım”.
 

“Həmin gün hava da ağlayırdı”


Soyqırımının şahidi deyir ki, ermənilərin qaniçən üzünü xatırladıqca,az qala dəli olur:

“1992-ci ilin 26 fevralında ermənilər Xocalını mühasirəyə almışdı. Həmin vaxt pərən-pərən düşən mülki insanlar meşələrə üz tutmuşdular. Başqa çıxış yoluda yox idi. Xocalıya hücum edən ermənilərin arasında xaricdən gələn qaradərili döyüşçülər də vardı.
Biz mühasirədən çətinliklə çıxıb Naxçıvanik tərəfə gəlib çıxdıq. Xocalını viran qoyan qana susamış erməni cəlladları isə qətliam sonrası yeyib-içib kef edirdilər. “Xocalını aldıq, bunu bacardıq” deyib, bir acıq verirdilər. Bizim o vaxtkı  vəziyyətimizi sözlə ifadə etmək çox çətindir. Həmin gün hava da ağlayırdı. Havanın üzündə nisgil toplanmışdı”.

Kişi olduğum üçün susuram”

Rauf Qəmbərov doğmalarının məzarının olmamasından çox təəssüflənir:

“Faciənin üstündən 26 il keçməsinə baxmayaraq, bir kişiyə o hadisələr barədə  danışmaq çox çətindir. Ən ağrılısı odur ki, atam, anam, doğmalarım gözümün qabağında erməni vəhşiliklərinin qurbanına çevrildi. O acıları görmək və o ağrını yaşamaq çətindir. Ailənin 7 üzvü bir gecədə qətlə yetirilə, bu ağırdır, həm də çox ağırdır. Həyatının ən gözəl çağlarını atasız, anasız, qardaşsız yaşayasan. Təbii, bu yaşamaq deyil. Doğmalarımın heç birinin məzarı belə yoxdur. Heç olmasa gedib təsəlli tapardım. O faciədə meyit götürmək qeyri-mümkün idi. Mən Xocalını tərk edəndə gözüm doğmalarımın inildəyən cəsədinə baxa-baxa qalmışdı. Qardaşımın azyaşlı uşaqları qollarımın arasında qanına boyanmışdı. Bunu yaşamaq çox çətindir. Ələlxsus da, bunu bir kişi yaşayırsa.... Qeyrətin, namusun erməninin əlində qalıbsa... Susuram, sadəcə susuram. Kişi olduğum üçün yanımdakı doğmalarımın qətl edilməsinə susuram. İçimdə tənha olaraq hayqırıram. Yaşa dolduqca, gözlərim hər birini axtarır. Axı necə axtarmasın... Yaşımın ən gözəl çağında onlarala birgə nə yaşadım ki! Heç nə.. Heç nə...”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi