Modern.az

Cəbrayıl gülməcələri (XII)

Cəbrayıl gülməcələri (XII)

Ədəbi̇yyat

23 İyul 2011, 15:09

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. 


Hürüşən quzular

Cəbrayılın Kənd Mahmudlu kəndində Məstalı adlı baməzə bir kişi varmış. O, qonşu Maralyan (o kəndə “Maraylan” da deyirik - Aşıq Pərinin kəndi olub) kəndinin kolxozunda quyunçuluq fermasının müdiri işləyirmiş. Məstalı kişi səxavətli adam olduğundan, hər dəfə dost-tanışı gələndə onlara fermanın quzularından birini kəsib kabab elətdirirmiş. Maralyanlılar bir vaxt gözlərini açıb görürlər ki, fermada qoyun-quzu yavaş-yavaş seyrəlir. Yığışıb yuxarı təşkilata “material” yazırlar (o vaxt adsız şikayətlərə belə deyirdilər). Şikayət ərizəsi gedir çıxır Bakiya, Kənd Təsərrüfatı Nazirliyinə. Maralyana yoxlama göndərirlər.


Məstalı kişini duyuq salırlar ki, a kişi, bəs durma, tədbir gör, gəlirlər. Məstalı kişi də quzuları sayır, görür 28 dənə çatmır. Ora quzu, bura quzu, qohuma, tanış-bilişə boğaz çəkir, bir az toplayıb qatır kolxozun sürüsünə, amma altı quzu yenə kəm gəlir. Xərəb gəlir ki, yoxlama Horadizi keçib, yarım saata Maralyanda olacaq. Məstalı kişi hövlang qaçır qonşusunun həyətinə, qonşunun təzə balalamış itinin küçüklərini səbətə yığıb gətirib qatır sürüyə. Bu xəbər ildırım sürətilə yayılır kəndə. Hamı, o cümlədən şikayət yazanlar, nə olacağını öz gözləri ilə görmək üçün fermanın həyətinə toplaşirlar.


Yoxlama gəlir. Sürüdəki quzuları sayırlar... və küçükləri də quzu bilib siyahıya əlavə eləyirlər. Yoxlamanın rəhbəri akt bağlayıb materialın yalan olduğunu təsdıqləyir və “kişi, şikayət böhtan imiş” deyib əlini Məstalı kişinin çiyninə vuranda camaat arasında pıqqıldaşma düşür. İnsafən, maralyanlılar Məstalı kişinin paxırını açıb yoxlamaya demirlər.


Sabahı gün Məstalı kişi bazardan 28 quzu alıb kolxozun sürüsünə qatır.


O vaxtdan Cəbrayılda “küçük kababı” quzu kababının sinoniminə dönüb.


İndinin özündə də yolunuz Bakıda cəbrayıllıların işlətdiyi kafe-restorana düşəndə sorüşsanız “qağa, küçük kababı varmı?”, gülüb deyərlər: “Var, özüdə lap Məstalı kişinin küçüklərindəndi!”. 

***

Su bilər...

Horovlu kəndinin “Aşağı bağlar” deyilən yerində ensiz bir dərə var. “Var” ona görə deyirəm ki, kəndin ağaclarını, daşını, taxta-şalbanını ermənilərlə ruslar qoşalaşıb daşıyıb aparsalar da, dərənı apara bilməyiblər, durur...


Dərənin bir tərəfində kəhriz var, o biri tərəfi isə əkin sahələridi. Kəndin başbilənləri neçə dəfə yığışıb kəhrizin suyunu dərənin o biri tərəfinə - əkin sahələrinə keçirmək istəyiblər, alınmayıb. O vaxtı indiki kimi texnika yox idi. Olaydı, nə çətin iş idi ki?! Kəhrizin yanına işıq çəkərdin, susoran (“bizim dildə” ona “nasos” da deyirlər-:)) qurardın, suyu boru ilə vurardın o taya... 


Horovlular kəhrizin boşboşuna axmasına dözməyib axırda Bakıdan bir su “inciner”i çağırırlar. Mühəndis gəlib ölçüb-biçir, kənd cavanlarından beş-altı nəfər yığıb başlayır iri ağacları kəsib gövdəsindən novdan düzəltməyə (Borunu tən ortadan dikinə iki yerə bölsən, nov, ya novdan alınar. Ağac kiçik olanda alınan yarımboruya novalça deyirlər). Onun ağlına görə, ağac gövdələrinin içini oyub uc-uca pərçimləyib, altına dirək dirəyib suyu dərənin o üzünə aparmaq olarmış.  


Məşədi Bəbir oğlu Həsən eşidir ki, incinar neçə ilin ağaclarını kəsdirib yan üstə yıxır, sırıqlısını geyib gedir ora. Gəlib mühəndisin gah-guhla gördüyü işə baxır, qayğılı-qayğılı başını bulayır.


- Nədi, ağsaqqal, işimizi bəyənmirsən?! – mühəndis qeyzlə soruşur.


- Ağaclara hayıfım gəlir, a bala, - Həsən kişi yenə başını bulayıb cavab verir.


- Eybi yox, suyu apararıq o tərəfə, orda bu ağacların əvəzinə təzələrini əkərik, - mühəndis əllərini bir-birinə şappıldadıb arxayınlıqla deyir.


- Apara bilsən demirsən?!


- Aparacam, hələ canını da alacam!!!


Həsən kişi əvvəllər də suyun o tərəfə keçirilməsinin mümkünsüz oldüğunu neçə dəfə desə də, ona fikir verən olmurdu. O bilirdi ki, əkin sahələri kəhrizdən ən azı iyirmi qarış yuxarıdadı. Düzdü, təcrübəsiz adam baxanda bunu deyə bilməzdi. Həm də Həsən kişinin eşitdiyinə görə keçmişdə köhnə kişilər dərənin bu başindan o biri başina ip tutub yumaq yomalayıb görmüşdülər ki, bu düzələn iş deyil. Su da ki bərəkətinə qurban, at deyil, dəvə deyil dırmaşıb dağa çıxsın!

O baxımdan da Həsən kişi novdanlara tərəf gedən mühəndisin dalınca yavaş səslə deyir:  

- Nə bilim, a bala, onu SU BİLƏR.

- “Su bilər” nə deməkdi, Həsən kişi?, - kənd cavanlarından biri ondan soruşur.

- Heç, a bala, düzün, qoşun, özünüz görəcəksiniz.

Bir həftəlik gərgin işdən sonra muhəndis işi yekunlaşdırır. Kənd camaatı suyun novdanlarla dərənin bu başından o başına necə axacağını öz gözləri ilə görmək üçün tamaşaya yığışıb maraqla gözləyirlər.


Suyu buraxırlar...


Bir neçə dəqiqədən sonra novdan dolub daşır, su novdanın ortasından o yana getmir.


Mühəndis dilxor halda bir daşın üstündə çömüb başını əlləri arasına alır.


- Bu niyə belə oldu?! – cavanlardan biri mühəndisdən sorüşür.


- Nə bilim eee!!! - mühəndis acıqla ona çəmkirir, - odey o kişi demişkən, onu su bilər, get sudan soruş!

O vaxtdan cəbrayıllılar arasında kimsə tərslik eləyib düzəlməyən bir işi ağılla yox, zor gücünə aşırmaq istəyirsə, belə deyərlər: “Tay mənim sənə məsləhətim bura qədər, qalanını SU BİLƏR!”

***

Yekə şey nə imiş?

Cəbrayılın Süleymanlı kəndində doğulmuş dünya şöhrətli riyaziyyatçı Oqtay Əliş oğlu Vəliyev 90-cı illərin əvvəllərində “Müstəqil Azərbaycan Riyaziyyatçıları Cəmiyyəti” adlı bir qurum təsis eləyir. Qurumun yaradılması haqda məlumat AzTV-də elan olunur. Oqtay müəllimdən müsahibə götürürlər, o da, məlum məsələdi ki, cəmiyyətin məramı, gələcəyi, Avropa, Amerika ilə əlaqələri, perspektivi haqda məlumat verir.


Süleymanlı kəndində İldırım adlı bir çoban varmış. Onu tanıyanlar deyir ki, İldırım kişi maraqlı bir söhbət eşidən kimi qoyun-quzunu tərgidib o söhbəti axıra kimi dinləməsə, getməzmiş. Çobanlıq etməyə məcbur olsa da, canında elmə, elm adamlarına ərəsət maraq varmış. İldırım kişi AzTV-də gedən məlumatı eşidib xeyli sevinir, Oqtay müəllimi şəxsən tanıdığı üçün fəxr eləyir! Yapıncısını çıyninə salıb durub gedir Oqtay müəllimin qayınatası Misir oğlu İbrahim müəllimi muştuluqlamağa. (İbrahim müəllim Qışlaq kəndində məktəb direktoru işləyirdi)


- Ay İrbaham müəllim, ay İrbaham müəllim! – İldırım kişi çəpərin başından İbrahim müəllimi səsləyir.


- Bəri gəl, ay İldırım kişi, qorxma, it bağlıdı, - İbrahim müəllim onu evə çağırır.


İldırım kişi gəlib xoş-beş eləyir, bir stəkan çay içir.


- İrbaham müəllim, televizorda dedilər ki, yeznən nəysə bir şey qurub. Eşitdin?


- Yox, İldırım kişi, nə qurub?


- Vallah yaxşı anışdırmadım nə idi, amma yaman yekə şeyə oxşayırdı. Özü danışanda heylə dedi.


İbrahim müəllimin yadına düşür ki, Oqtay müəllim “Riyaziyyatçılar Cəmiyyəti” təsis eləmək üçün sənəd yığırdı, yəqin o cəmiyyəti qeydə alıblar. Ona görə də deyir:


- İldırım kişi, yəqin cəmiyyət qurub.


- Əşi yox e! – İldırım kişi əlini yelləyib etiraz eləyir, - nə cəmiyyət a kişi?! Deyirəm yekə şey idi, - o, əllərini yana açır, - belə çox yekə idi e!!! Maa elə gəldi ki, vallah deyəsən ya KOLXOZ idi, ya SOVXOZ!!! 


O vaxtdan Cəbyalıda ev tikənlər evin yerini yekə götürəndə deyərdilər: “Qağa, koxoz tikirsən, ya sovxoz?”

***

Gözümü hara qoyum?!

50-ci illərin ortaları imiş. Tinli Məmmədhəsən oğlu Həbib (Quliyev) Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universitetində) oxuyurmuş. Başqa tələbə yoldaşları kimi Həbibə də hər ayın başı rayondan ərzaq zənbili yollayırmışlar. Zənbili rayondan gələn olanda gələnlə, olmayanda qatarla göndərirmişlər. Ona görə də o vaxtlar hər ayın axırı dəmiryol vağzalında zənbil gözləyən tələbələrin vurnuxmasını görərdin...  


Bir dəfə necə olursa Həbibin zənbili gecikir. O və onunla birlikdə dəmiryol vağzalına getmiş otaq yoldaşı vağzaldan həm əliboş, həm də bərk dilxor qayıdıb Lenin (indiki Azadlıq) prospekti ilə üzüyuxarı qalxıb kirayə tutduqları evə tərəf gedirlərmiş. Bir az gedib yolun qırağında bir ağacın kölgəsində dayanıb nə edəcəklərini düşünürmüşlər. Hər ikisinin qanı o qədər qaralıbmış ki, başlarını aşağı salıb bir kəlmə də kəsmirmişlər.


Bu zaman prospektlə uzüaşağı iki “mamlımatan” qız gəlir. Qızlar həm çox qəşəng imişlər, həm həddən artıq açıq-saçıq geyiniblərmiş. Həbib biixtiyar gözlərinin üstünə tökulmüş uzun dalğalı saçları arasından qızları süzür. Onlar yaxınlaşıb düz Həbibgilin tuşuna çatanda, qızlardan biri iki barmağını haçalayıb Həbibin gözlərinə tərəf uzadır və acıqla deyir:   


- Nə var alə, nöş baxırsan?!


- Nağayrım aaaz, - Həbib avtomat kimi cavab verir, - gözümü qoltuğuma vurum?!


Cavab qızlara elə ləzzət eləyir ki, onlar dəmiryol vağzalına tərəf burulub gözdən itənəcən qəhqəhələri eşidilir.    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?